Şriftin ölçüsü:
09.06.2010 05:13 | Oxunma sayı: 357
İyunun 8-də Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası keçirilmişdir. Milli Məclisin sədri Oqtay Əsədov sessiyanı açıq elan etdikdən sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir.
İclasda cari məsələlərə baxılmış, Oqtay Əsədov deputatların qaldırdıqları məsələlərə münasibət bildirmişdir.
Milli Məclisin sədri növbədənkənar sessiyanın iclasında iştirak edən İtaliya parlamentinin deputatlarına Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərinə görə minnətdarlıq etmişdir.
Sonra gündəlikdəki qanun layihələrinin müzakirəsi başlanmışdır. Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov "Azərbaycan Respublikası Hökuməti və Böyük Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsi arasında diplomatik, xidməti və xüsusi pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə" qanun layihəsini müzakirəyə təqdim etmişdir. O demişdir ki, Memorandum hər iki tərəfdə təsdiq edildikdən sonra diplomatik, xüsusi və xidməti pasportlara malik olan Azərbaycan vətəndaşları Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsinə, eləcə də liviyalılar Azərbaycana vizasız gedib-gələ biləcəklər. Sənəddə deyilir ki, razılığa gələn tərəflərdən birinin dövlətinin etibarlı diplomatik, xidməti və xüsusi pasportlara malik vətəndaşları, habelə onlarla birlikdə yaşayan ailə üzvləri digər razılığa gələn tərəfin dövlətinin ərazisinə vizasız daxil ola, orada 90 günədək qala bilər, oranı tərk edə və oradan tranzit keçə bilərlər.
İclasda "Asiyada Qarşılıqlı Əlaqə və Etimadyaratma Tədbirlərinə dair Konfransın Katibliyinin Nizamnaməsində dəyişiklik edilməsi haqqında" Protokolun təsdiq edilməsi barədə", "Azərbaycan Respublikası Prezidentinin və Estoniya Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında", Azərbaycan hökuməti ilə Estoniya və Yunanıstan hökumətləri arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması, təbii fəlakətlərin və texnogen qəzaların qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı sazişlər təsdiq olunmuşdur. Bildirilmişdir ki, bu beynəlxalq sənədlərin təsdiqi ölkəmizin xarici əlaqələrinin inkişaf etdirilməsinə, mövqelərinin daha da möhkəmlənməsinə xidmət edəcəkdir. İclasda, həmçinin Mərkəzi Seçki Komissiyasının yeni üzvü təyin olunmuşdur.
Daha sonra "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" qanun layihəsi birinci oxunuşda müzakirə olunmuşdur. Sənəd barədə məlumat verən Milli Məclis sədrinin birinci müavini, parlamentin təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov bildirmişdir ki, bu qanun layihəsinin qəbulunda məqsəd fövqəladə hallar orqanlarında xidmətkeçmənin qaydalarını və şərtlərini, həmin orqanlarda xidmət keçən şəxslərin hüquqi vəziyyətinin əsaslarını müəyyən etməkdir.
Sənəd qüvvəyə mindikdən sonra fövqəladə hallar orqanlarının fəaliyyəti üçün mükəmməl hüquqi baza yaranacaqdır.
Z.Əsgərov layihənin çox mükəmməl hazırlandığını, fövqəladə hallar orqanlarının fəaliyyəti üçün bütün məsələlərin burada öz əksini tapdığını demişdir.
Qanun layihəsində fövqəladə hallar orqanlarına xidmətə qəbulun qaydaları, xidmətkeçmənin şərtləri, fövqəladə hallar orqanları əməkdaşlarının xüsusi rütbələri, həmçinin onların hüquqi və sosial müdafiəsi, maddi təminatı, həvəsləndirilməsi, məsuliyyəti, xidmətkeçməyə xitam verilmə və bərpa edilmə ilə bağlı məsələlər öz əksini tapmışdır.
Müzakirələr zamanı deputatlar belə bir qanun layihəsinin hazırlanmasının sırf zərurətdən irəli gəldiyini bildirdilər. Deputatlar qanun layihəsinin mükəmməl və təkmil olduğunu qeyd etmişlər.
Müzakirələrin sonunda qanun layihəsi birinci oxunuşda qəbul olunmuşdur.
Axşam iclasında Azərbaycan Respublikasının Hərbi Doktrinası müzakirə olunmuşdur. Milli Məclis sədrinin birinci müavini, parlamentin təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov demişdir ki, Prezident İlham Əliyevin Sərəncam və tapşırıqlarına əsasən Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası hazırlanmış, milli təhlükəsizliyə dair qanun qəbul edilmişdir. Hərbi Doktrina da dövlətimizin başçısının birbaşa tapşırığına əsasən Milli Təhlükəsizlik Konsepsiyasına və qanuna uyğun hazırlanmışdır. Zəruri və səmərəli müdafiə yetərliyi prinsipinə əsaslanan bu sənəddə təkcə hərbi sahədə deyil, siyasi, iqtisadi, humanitar sahələrdə də müdafiə sisteminin əsasları əksini tapmışdır.
Sənəddə əks olunan əsas məqamlardan biri şəxsiyyət, cəmiyyət və dövlətin vəhdət şəklində mühafizəsinin təmin olunmasıdır. Bununla yanaşı, Doktrinada Ermənistan işğalçı dövlət kimi göstərilmişdir. Diqqət çəkən digər maraqlı cəhət isə Azərbaycanın beynəlxalq əməkdaşlığının əsas istiqamətlərinin və prinsiplərinin aydın əks etdirilməsidir. Ümumilikdə isə Doktrina müdafiə xarakterlidir.
Sonra sənəd geniş müzakirə olunmuş, deputatlar çıxış edərək sənədin əhəmiyyətindən danışmışlar.
Bildirilmişdir ki, bir neçə qanunun bazasında hazırlanmış Doktrina Azərbaycanın milli təhlükəsizliyi, müdafiəsi, daxili və xarici təhdidlərin qarşısının alınması üçün bütün müddəaları özündə əks etdirir.
Sonda sənəd səsə qoyularaq qəbul olunmuşdur.{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.