Vaşinqtonda 28 May - Respublika Günü münasibətilə ziyafət təşkil edilmişdir

Vaşinqtonun meri Vinsent Qreyin qərarına əsasən, bu il mayın 28-i şəhərdə "Azərbaycan milli günü" kimi qeyd edilmişdir. Bununla bağlı merin bəyannaməsini onun protokol və beynəlxalq əlaqələr üzrə nümayəndəsi Patrisia Elvud mayın 30-da Vaşinqtonda Azərbaycanın səfirliyi tərəfindən təşkil edilən rəsmi ziyafətdə səfir Elin Süleymanova təqdim etmişdir.
Bəyannamədə bildirilmişdir ki, 1918-ci ilin mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti müsəlman şərqində ilk dünyəvi demokratik parlament respublikası olmuş, ABŞ da daxil olmaqla o zamankı digər dövlətlər tərəfindən tanınmışdır və 28 May artıq 20 ildir ki, bütün dünyada yaşayan milyonlarla azərbaycanlı tərəfindən bayram edilir.
Bu il ABŞ ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinin qeyd olunmasını xatırladan mer Azərbaycanın ABŞ-ın vacib strateji tərəfdaşı olduğunu diqqətə çatdırmışdır. Bəyannamədə Azərbaycan səfirliyinin Vaşinqtonun mədəni həyatına töhfə verdiyi də əks olunmuşdur.
Azərbaycanın və ABŞ-ın dövlət himnlərinin canlı ifası ilə başlayan ziyafətdə çıxış edən səfir Elin Süleymanov 28 May - Respublika Gününün tarixi haqqında ətraflı məlumat vermişdir. Diplomat bildirmişdir ki, 20 il əvvəl müstəqilliyini bərpa edən Azərbaycanın bu qısa zamanda keçdiyi sürətli inkişaf yolu onun beynəlxalq arenada yerini möhkəmlətmiş və ölkəmiz 155 dövlətin səsi ilə BMT Təhlükəsizlik Şurasının üzvü seçilmişdir.
Ötən həftə Azərbaycanın "Eurovision" mahnı müsabiqəsinə yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayan E.Süleymanov bildirmişdir ki, ölkəmiz bütün dünyaya bu müsabiqəni hamıdan yaxşı keçirdiyini nümayiş etdirdi.
Oklahoma Milli Qvardiyasının komandanı general-mayor Maylz Dirinq qubernator Meri Folun adından Azərbaycan hökumətinə və xalqına təbriklərini çatdırmışdır. M.Dirinq Oklahoma ştatı ilə Azərbaycan arasındakı uğurlu əməkdaşlıq və müttəfiqlik münasibətlərindən danışmış, bu tərəfdaşlığın gələcəkdə də genişlənəcəyinə ümidvar olduğunu bildirmişdir.
Beş yüzə yaxın qonağın iştirak etdiyi rəsmi ziyafətə ABŞ dövlət katibinin iqtisadiyyat, biznes və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormats, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Erik Rubin, müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya üzrə müavini Selest Uollander, enerji nazirinin siyasət və beynəlxalq məsələlər üzrə müavini Conatan Elkaynd, Ağ evin protokol şöbəsinin müdiri Kaprisiya Marşal, Konqresin üzvü Cin Şmidt, Türkiyə, Gürcüstan və Özbəkistanın ABŞ-dakı səfirləri, eləcə də Vaşinqtonda akkreditə olunmuş diplomatik və xarici hərbi korpusun çoxsaylı nümayəndələri, Azərbaycan, türk, yəhudi, gürcü, özbək, Ukrayna və digər icmaların rəhbərləri, Vaşinqtonda fəaliyyət göstərən beynəlxalq qeyri-hökumət təşkilatları və nüfuzlu beyin mərkəzlərinin təmsilçiləri qatılmışlar.
Ohayo ştatından ABŞ Konqresinin üzvü Cin Şmidt 28 May - Respublika günü ilə bağlı AzərTAc-ın müxbirinə demişdir: "Azərbaycan xalqına bu günlə bağlı ən xoş arzularımı çatdırmaq istərdim. Siz, bu dünyada ən parlaq yerlərdən birisiniz. Qısa bir zamanda bu qədər inkişaf etməyinizi görmək çox sevindiricidir. Təbii ehtiyatlarınız beynəlxalq enerji tələbatının təmin edilməsində vacib rol oynayır. Zənnimcə, Azərbaycan bundan sonra da inkişaf edəcək və iqtisadi baxımdan qüdrətlənəcəkdir. Şadam ki, ABŞ ölkənizlə müstəqilliyinin ilk illərindən tərəfdaşlıq qurmuşdur. Hesab edirəm ki, bu əməkdaşlığın yaradılması hər iki tərəfdən atılan müdrik bir addım idi. İnanıram ki, ölkələrimiz arasında uğurlu tərəfdaşlıq uzunmüddətli olacaqdır".
Müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya üzrə müavini Selest Uollander demişdir: "Azərbaycanı Respublika Günü münasibətilə təbrik etmək imkanından məmnunluq duyuruq. Əməkdaşlığımız, xüsusilə də Pentaqonun Azərbaycanın Müdafiə Nazirliyindəki tərəfdaşları ilə əlaqələri çox güclüdür. Bildiyiniz kimi, Azərbaycan beynəlxalq təhlükəsizlik səylərinə fəal şəkildə töhfələr verir və ABŞ-ın bölgədə ən etibarlı tərəfdaşlarından biridir. Prezident İlham Əliyevin liderliyi ilə inkişaf edən bu münasibətləri yüksək qiymətləndiririk. Gələcəkdə əlaqələrimizin daha da genişlənəcəyinə inanıram, çünki biz hər gün ümumi maraq doğuran yeni sahələr, yeni əməkdaşlıq potensialını üzə çıxarırıq. Hesab edirəm ki, Avrasiya bölgəsi ABŞ-ın qlobal təhlükəsizlik maraqlarının təmin edilməsində aparıcı rol oynayır. Ona görə də, bu mənada Azərbaycanla tərəfdaşlıq bizim üçün çox vacibdir".
Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Erik Rubin isə belə demişdir: "Azərbaycanın son iyirmi ildə uğurlarına baxarkən, biz də sevinirik. ABŞ-Azərbaycan münasibətləri bu müddət ərzində həm iqtisadi, həm mədəni, həm də təhlükəsizlik məsələləri baxımından formalaşmış əməkdaşlığa çevrilmişdir. Biz Azərbaycan hökumətinə təhlükəsizlik sahəsində yüksək tərəfdaşlığa görə minnətdarlığımızı bildiririk. Bu günlərdə dövlət katibi Hillari Klintonun Bakıya baş tutacaq səfəri zamanı bütün bu məsələlər müzakirə ediləcəkdir".

{nl}

Şəfəq AKİFQIZI, AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında