Azərbaycanın dünya birliyindəki reytinqi yüksəldikcə ölkəmizə düşmən olan qüvvələrin narahatlığı daha da artır. Onlar ən çirkin vasitələrlə ölkəmizin nüfuzuna xələl gətirmək, getdikcə genişlənən əlaqələrinin qarşısını almaq istəyirlər.
Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri - daimi üzv seçildikdən və beynəlxalq tədbirləri yüksək səviyyədə keçirmək iqtidarında olduğunu təsdiqlədikdən sonra düşmən qüvvələr bir qədər də fəallaşmış, öz çirkin məqsədlərini həyata keçirmək üçün hətta yerli antimilli qüvvələrdən də vasitəçi kimi istifadə etmişlər. Öz şəxsi məqsədlərini həmişə xalqın, millətin, Vətənin taleyüklü problemlərindən üstün tutan radikal müxalifət nümayəndələri belə anlarda erməni lobbisinin də sifarişlərini yerinə yetirməyə hazır olduğunu nümayiş etdirib. AXCP sədri Əli Kərimlinin bu günlərdə İran mollalarının müdafiəsinə qalxması heç kimi təəccübləndirmədi. Çünki çirkin yollarla siyasi divident qazanmaq onun köhnə peşəsidir.
AXCP sədrinin bu günlərdə mətbuat konfranslarının birində "İranda milyonlarla azərbaycanlının dini lider kimi qəbul etdiyi din xadiminin burada bu şəkildə tənqid və təhqir olunması milli maraqlarımıza ziddir və düzgün deyil" ifadəsini işlətməsi heç də təsadüfi deyil. Ə.Kərimli həmin mətbuat konfransında xarici jurnalistlərin, o cümlədən iranlı jurnalistin də iştirakını bildikdən sonra siyasi divident üçün əlverişli məqam yarandığını duyub və İran mollalarının müdafiəsinə qalxıb. Bu, AXCP sədrinin siyasi xal qazanmaq üçün birinci jesti deyil. Buna qədər erməni lobbisi ilə də danışıqlar aparmaq, hakimiyyətə gəlmək üçün onların da qüvvəsindən yararlanmağa cəhd etmişdir. Xatırlayırsınızsa, yeddi il əvvəl Ruslan Bəşirli adlı bir gənci aldadaraq Tbilisiyə ermənilərlə danışığa göndərmişdi. R.Bəşirli yaxın vaxtlarda dövlət başçısının əfv sərəncamı ilə azadlığa buraxıldı. İndi isə AXCP sədri ümidlərini İran mollalarına bağlayıb. O, hakimiyyətə gəlmək üçün İranın molla rejimindən yararlanmaq istəyir. Ona görə də İranla Azərbaycan arasında əlaqələrin gərginləşməsindən "narahat" olduğunu bildirib və bu iki ölkə arasında gərginliyin yaranmasında günahkar bizi hesab edir.
Bu gün az qala bütün dünya İranın sərt rejiminə qarşı kəskin etirazını bildirdiyi halda, Əli Kərimli İran mollalarını təmizə çıxarmağa çalışır, onlara haqq qazandırır. Maraqlıdır, görəsən, Əli Kərimli bilmirmi ki, hazırda İranda yaşayan 30 milyondan çox azərbaycanlıya öz ana dilində danışmaq yasaq olunub. Bu qədər azərbaycanlı yaşayan bir ölkədə ana dilində nə orta, nə də ali məktəb var. Azərbaycanlı uşaqlar fars dilində oxumağa məhkumdurlar. İranda insanların hüquq və azadlıqlarının kobud şəkildə pozulması bütün dünyaya bəllidir. Bu ölkədə yaşayan azərbaycanlıların isə hüquqları hər addımda pozulur. Bunu AXCP sədri Əli Kərimli də çox yaxşı bilir. Ancaq onu soydaşlarımızın pozulmuş hüquqları yox, siyasi divident qazanmaq daha çox maraqlandırır. Ona görə də "milyonların qəbul etdiyi din xadimi" olan iranlı din xadiminin müdafiəsinə qalxıb.
Ə.Kərimlinin müdafiəsinə qalxdığı din xadiminin himayədarlıq etdiyi kütləvi informasiya vasitələrində Azərbaycanın ünvanına təhqirlərlə dolu məqalələr dərc olunur, xalqımızın şərəf və ləyaqəti alçaldılır və torpaqlarımızın 20 faizini işğalda saxlayan Ermənistana qarşı isti münasibətlər açıq şəkildə nümayiş etdirilir. İran İslam Respublikasının prezidentinin Ermənistan prezidenti ilə tez - tez qucaqlaşıb doğma qardaş kimi öpüşməsi səhnələri də diqqətdən yayınmayıb. Ölkəmizin qazandığı uğurlara dözə bilməyən bəzi İran mollalarının din pərdəsi altında gizlənərək bizə qarşı aqressiv yol tutmaları, soydaşlarımıza zülm etmələri, açıq şəkildə daxili işlərimizə qarışmaları Əli Kərimlinin də gözləri önündə baş verir. Azacıq siyasi düşüncəsi olan, xalqını, millətini sevən hər bir kəs İranın ölkəmizə qarşı başladığı çirkin kampaniyaya öz etirazını bildirər, onları İslam qayda - qanunlarına, adət - ənənələrinə qarşı çıxmamağa çağırar. Adını islamçı qoyan din xadimlərinin İslam ənənələrinə qarşı çıxmaları böyük günah sayılır. Əgər Əli Kərimli də dinə, islama az da olsa, hörmət, etiqad olsaydı, o da İran mollalarına öz etirazını bildirər və onları din pərdəsi altında islamçılığa zidd əməllərə son qoymağa çağırardı.
Bütün dünyanın "Eurovision-2012" mahnı müsabiqəsinin çox yüksək səviyyədə təşkil olunduğunu və keçirildiyini alqışladığı bir vaxtda iranlı jurnalistin Azərbaycan bayrağına qarşı hörmətsizlik etməsi əcnəbi jurnalistləri də qəzəbləndirib. İranlı jurnalist öz yersiz və etikadan kənar hərəkətləri ilə tədbir iştirakçılarını təxribata çəkmək istəyib. Ancaq heç kim onun səviyyəsinə enmədi. Etirazlar sivil yolla, qanun çərçivəsində öz ünvanına çatdırıldı. Əgər Əli Kərimli bayrağımıza qarşı hörmətsizlik edən bu bədnam jurnalistin də müdafiəsinə qalxsa, təəccüblənməyin. Çünki o, növbəti prezident seçkilərində ümidlərini İran mollalarına bağlayıb. Onlar hansı havanı çalsalar, Əli Kərimli o havaya oynamağa hazırdır.
AXCP sədrinin İran mollalarının müdafiəsinə qalxması gənclərimizin hiddətinə səbəb olub. Bir qrup gənc AXCP sədrinin yaşadığı binanın qarşısına toplaşaraq müxtəlif şüarlar səsləndirmiş, ondan antimilli əməllərə son qoymağı tələb etmişlər.
Hər hansı bir insanı adət etdiyi vərdişdən çəkindirmək çox çətindir. Əli Kərimli də çətin ki, öz antimilli mövqeyindən əl çəksin. Axı, bu, onun qazanc, gəlir mənbəyidir. İyirmi ilə yaxındır ki, heç bir faydalı əməklə məşğul olmayan AXCP sədrinin gəlir mənbəyi öz xalqına, millətinə, Vətəninə böhtan və çamur atmaqdan çıxır. Belələri üçün deyiblər ki, "Qozbeli qəbir düzəldər".
{nl}
Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.