Avropa Parlamentinin Azərbaycan ilə bağlı qəbul etdiyi qərar qeyri-obyektivdir, qərəzlidir və reallığı əks etdirmir

Avropa Parlamentinin bu il mayın 24-də Azərbaycanla bağlı qəbul etdiyi "İnsan hüquqları, demokratiya və hüququn aliliyinin pozulmasına dair" qətnamə Milli Məclisin deputatlarının kəskin etirazına səbəb olmuşdur. 
Milli Məclis sədrinin müavini, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin həmsədri Valeh Ələsgərov jurnalistlərə müsahibəsində demişdir ki, Avropa Parlamentinin bu qərarı ölkəmizdə təəssüf və narahatlıq hissləri doğurmuşdur.
İlk növbədə sənədin heç bir zərurət olmadan təcili çağırılmış iclasda qəbul olunması məni çox təəccübləndirmişdir. Bir ay əvvəl Avronest Parlament Asambleyasının Bakıda keçirilmiş iclasında insan haqları, söz azadlığı ilə bağlı məsələlər geniş müzakirə olunmuş, Azərbaycanda insan hüquqlarının vəziyyəti qənaətbəxş qiymətləndirilmiş və müvafiq sənədlər qəbul olunmuşdur. Lakin bundan bir ay keçməmiş, Avropa Parlamentinin 754 deputatından yalnız 56 nəfərin iştirakı ilə təcili toplantı keçirilmiş və onların da 49 nəfərinin lehinə səsverməsi ilə Azərbaycan əleyhinə qətnamə qəbul edilmişdir.
İyunun 20-21-də Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin iclası keçirilməlidir. Bizim əməkdaşlığımız hərtərəfli, qarşılıqlı hörmət, qanunvericiliyin təkmilləşdirilməsi və digər məsələləri əhatə etməlidir. Lakin buna baxmayaraq, Avropa Parlamentinin başqa dairələrin təsiri altında olan bir qrup deputatının Azərbaycanın əleyhinə qərar qəbul etməsi bizdə dərin təəssüf hissi doğurur. Əgər bu qərar birgə komitənin iclasında, çoxluğun iştirakı ilə qəbul olunsaydı, heç bir təəssüf və təəccüb doğurmazdı. Ona görə də, hesab edirik ki, bu qərar birmənalı şəkildə Azərbaycana qarşı qeyri-obyektivliyin bariz nümunəsidir. Xüsusən də "Eurovision" mahnı müsabiqəsinin Bakıda yüksək səviyyədə təşkil olunduğu bir vaxtda belə bir qərarın qəbul olunması antiazərbaycan təbliğatından başqa bir şey deyildir. Onu da qeyd edək ki, "Eurovision" mahnı müsabiqəsinin yüksək səviyyədə, xüsusi zövqlə təşkil olunduğunu, Azərbaycanın qonaqpərvərliyini, demokratik inkişafını, tolerantlığını müsabiqə iştirakçılarının hamısı, xüsusən xarici qonaqlar öz müsahibələrində təsdiq edirlər.
V.Ələsgərov demişdir ki, sanki kimlərsə Azərbaycanı Avropaya buraxmamağı qarşısına məqsəd qoymuşdur. Onlar Azərbaycanın inkişafından, Avropaya inteqrasiyasından, daha böyük uğurlar qazanmasından qorxurlar. Düşünürəm ki, bunun da kökündə bir qaranlıq məqam var. Hamıya məlumdur ki, Azərbaycan sözün əsl mənasında tam müstəqil bir dövlətdir. Prezident İlham Əliyevin xalqın və millətin milli maraqlarına cavab verən, müstəqil siyasət həyata keçirməsi nəticəsində Azərbaycan təkcə regionda deyil, dünyada söz sahibinə çevrilmişdir. Bütün bunlar və Azərbaycanın son illər əldə etdiyi digər uğurlar, regionda həyata keçirdiyi irimiqyaslı layihələr bəzi qüvvələrin qısqanclığına səbəb olmuşdur. Görünür, onlar müstəqil, güclü Azərbaycan görmək istəmirlər və məhz çirkin əməllərlə, çirkin yollarla onun inkişafına mane olmağa çalışır, dünyada artan müsbət imicinə zərbə vurmaq istəyirlər.
Milli Məclis sədrinin müavini müqayisə üçün onu da bildirmişdir ki, bu cür siyasət təkcə Azərbaycana qarşı deyil, bəzən Avropaya inteqrasiya yolu tutmuş digər ölkələrə qarşı da həyata keçirilir. Bir vaxtlar Ukraynanı Avropaya ən sürətlə inteqrasiya edən ölkə adlandıranlar indi hətta orada futbol üzrə Avropa çempionatının keçirilməsinə belə etiraz edirlər.
Valeh Ələsgərov həmçinin qeyd etmişdir ki, bu məsələ Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin iyunun 20-21-də Brüsseldə keçiriləcək iclasında ciddi şəkildə qaldırılacaq və Azərbaycan nümayəndə heyəti Avropa Parlamentinin qəbul etdiyi bu qərara qəti etirazını bildirəcəkdir.
Milli Məclis sədrinin müavini onu da vurğulamışdır ki, bütün bunlara baxmayaraq, Azərbaycan Avropaya inteqrasiya, demokratik inkişaf yolundan dönməyəcək, ölkədə insan hüquqlarının müdafiəsi istiqamətində islahatlar davam etdiriləcəkdir.
Qeyd edək ki, məsələyə Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov da münasibət bildirmişdir. O demişdir ki, bu qərar qeyri-obyektivdir, qərəzlidir və reallığı əks etdirmir. Eyni zamanda, Azərbaycanın Avropa Parlamenti ilə ikitərəfli münasibətlərinə xələl gətirir. Müstəqilliyini bərpa etdikdən sonra Avratlantik məkana inteqrasiya Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir. Biz 2000-ci ildən AŞPA, ATƏT PA, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlarla faydalı əməkdaşlıq edirik. Bu gün Azərbaycan 155 ölkənin səsini qazanmaqla BMT Təhlükəsizlik Şurasının tribunasından çıxış edir. Bütün bunlar güclü, müstəqil Azərbaycanı sevməyənləri narahat edir. Qeyd etməliyəm ki, əslində biz bu cür əks qüvvələrlə müstəqilliyimizin ilk illərindən üzləşirik, lakin onlara qarşı həmişə dözümlülük nümayiş etdirmişik, səbirlə, təmkinlə cavab vermişik.
Bəzi qüvvələr hesab edirlər ki, islam və demokratiya bir biri ilə ziddiyyət təşkil edir. Əhalisinin 80-85 faizi müsəlmanlardan ibarət olan Azərbaycanda demokratik cəmiyyət inkişaf edə bilməz. Lakin Azərbaycandakı demokratik inkişaf, ailə dəyərlərinə verilən yüksək qiymət, müxtəlif dinlərin nümayəndələrinin birgə yaşayışı və inkişafı təkzibolunmaz faktlarla sübut olunmuşdur.
S.Seyidov qeyd etmişdir ki, bu gün Avropa İttifaqına üzv olan ölkələrin bir çoxunda insan haqları kobud şəkildə pozulur və elə ölkələr var ki, onlardan Avropa İnsan Haqları Məhkəməsinə ildə 7000 müraciət daxil olur. Azərbaycandan bu məhkəməyə daxil olan məktubların sayı isə 1000-ə qədərdir. Bu da öz növbəsində hansı ölkədə demokratiyanın inkişaf etdiyinin, insan hüquq və azadlıqlarının qorunduğunun göstəricisidir.
Komitə sədri demişdir ki, Avropa Parlamentinin bu qətnaməsi bizə həmin qurumla münasibətlərimizə yenidən baxmaq zərurəti yaradır və biz bir daha öz mövqelərimizə aydınlıq gətirməliyik.
S.Seyidov qeyd etmişdir ki, mayın sonlarında Parisdə AŞPA-nın monitorinq, həmçinin siyasi məsələlər və daimi komitələrinin iclasları keçiriləcəkdir. Azərbaycan nümayəndə heyəti bu iclaslarda həmin məsələni qaldıracaq və Avropa Parlamentinin qeyri-obyektiv qərar qəbul etdiyini onların diqqətinə çatdıracaqdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında