Yan Ola SAND: "Eurovision" musiqi yarışmasıdır, belə bir tədbirdə siyasətə yer yoxdur!
Bu günlərdə Azərbaycan dünyanın ciddi diqqət mərkəzindədir. Bakıda keçirilən "Eurovsion-2012" mahnı müsabiqəsi bütün Avropa tərəfindən, dünya musiqisevərləri tərəfindən maraqla izlənilir. Diqqətlərin paytaxtımıza yönəldiyi, hər kəsin bayram əhval-ruhiyyəsində olduğu bir vaxtda, bəzi xarici və daxili anti-Azərbaycan qüvvələri böyük mədəniyyət tədbiri olan musiqi yarışmasını siyasiləşdirməyə cəhd göstərirlər. Dünya diplomatiya təcrübəsində uğurları, xidmətləri olmuş bəzi ölkələrin Azərbaycandakı səfirliklərinin və musabiqəyə qatılan bir-iki təmsilçinin də bu çirkin oyunlara alət edilməsinə cəhd göstərilməsi Azərbaycan ictimaiyyəti tərəfindən kəskin etirazlarla qarşılanır.
Bəzi informasiya agentliklərinin yaydığı məlumatlardan belə anlaşılır ki, bu günlərdə həmin anti-Azərbaycan qüvvələri İsveçin Azərbaycandakı səfiri Mikael Eriksson və "Eurovision-2012" musiqi yarışmasında İsveçi təmsil edən müğənni Lorinin timsalında özlərinə "müttəfiq" tapmışlar. Dünən müğənni Lorin İsveçin "Civil Rights Defenders" təşkilatının və Norveç İnsan Haqları Evinin dəstəyi ilə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində keçirilən təbirdə iştirak edib. Görüşdə Lorinə Azərbaycanda insan hüquq və azadlıqları, sərbəst toplaşmaq, söz azadlığı və mülkiyyət hüquqlarının "durumu" barədə dezinformasiyalardan ibarət məlumat verilib, onun sualları cavablandırılıb. "Civil Rights Defenders" təşkilatının nümayəndəsi Robert Hardsın da iştirakı ilə baş tutan görüş, guya, "Demokratiya naminə oxu" (Sing for Democracy) hərəkatına dəstək xarakterli olub. Buradakı üzdəniraq hüquq müdafiəçiləri müğənniyə xaricdəki erməni lobbisinin və anti-Azərbaycan dairələrin sifarişini də çatdırıblar. Lorindən xahiş ediblər ki, "Eurovision-2012" mahnı musabiqəsinin yarımfinalında və final konsertində Azərbaycanda insan haqlarının müdafiəsinə hər hansı formada "dəstək çağırışı" etsin.
Maraqlıdır ki, bir gün bundan əvvəl yayılan məlumatlarda qeyd olunurdu ki, mayın 22-də Bakıdakı "Villa Petroleum"da yerləşən restoranda İsveçin Azərbaycandakı səfiri Mikael Eriksson Lorinlə görüşərək yuxarıda qeyd olunan məsələ ilə bağlı onunla söhbət etmiş, razılığını almağa çalışmışdır. Görüşdə harda aş, orda baş olan, xaricdəki erməni lobbisinin, anti-Azərbaycan qüvvələrin köləsinə çevrilən qondarma "İctimai palata" adlı qurumun təmsilçiləri - İsa Qəmbər və Əli Kərimli də iştirak etmişlər. Məlumatlı mənbələr bildirib ki, Lorin bu görüşdən narahatlıq keçirdiyini gizlətməmiş, çirkin oyunlara alət olmayacağını, siyasətə müdaxilə etməyəcəyini açıq şəkildə söyləyərək təklifdən imtina etmişdir. O deyib ki, "Eurovision-2012" mədəni tədbirdir və səsinin siyasi proseslərə vasitə edilməsinə çalışılması yolverilməzdir. Bu məlumatların yayılmasından bir gün sonra isə aydın olur ki, müğənni "Demokratiya naminə oxu" adlı qondarma hərəkatın nümayəndələri ilə görüşüb, onlara dəstək vəd edib. Bu qədər ziddiyətli məqamların ortaya çıxması, məlumatların yayılması, görəsən, nədən qaynaqlanır?
Məsələni təhlil edəndə, istər istəməz belə qənatə gəlmək olar ki, "Eurovision-2012" musiqi yarışmasında İsveçi təmsil edən müğənni Lorin səfirin və dağıdıcı müxalifət liderlərinin təklifini əvvəlcə həqiqətən də rədd edib. Daha sonra yəqin ki, ona ciddi təyziqlər göstərilib, xəbərdarlıq edilib və ya yağlı vədlər verilib və bundan sonra müğənni deyilənlərlə razılaşmaq məcburiyyətində qalıb. İsveçin Azərbaycandakı səfiri heç bir diplomatik qaydalara sığmayan hərəkətini ört-basdır etmək üçün isə görün hansı yola əl atıb. RATİ-də keçirilən görüşdə bir qrup xarici jurnalist də iştirak edib və həmin jurnalistlərdən birinin informasiya agentliklərimizə verdiyi məlumata görə, görüş İsveçin Azərbaycandakı səfirinin təşəbbüsü ilə baş tutsa da, hətta Lorin İsveçin Azərbaycandakı səfirinin təlimatı və onun özünün müşayiəti ilə tədbir məkanına gəlsə də, diplomat tədbir zalında görünməməyə çalışıb. Onu da deyək ki, İsveçin Azərbaycandakı səfirliyi hələ fəaliyyətə başlamadığından səfir daimi olaraq ölkəmizdə yaşamır. O, məhz bu tədbirlərlə bağlı Bakıya gəlib. Xəbərdə o da bildirilir ki, hüquq müdafiəçiləri ilə görüşdə Lorinə "Demokratiya naminə oxu" hərakatının əvvəlki tədbirlərinin video sujetləri göstərilib, müğənni foto sərgi ilə tanış edilib və ona "Eurovision" səhnəsində səsləndirəcəyi bəyanatla bağlı tezislər deyilib. Yəni erməni lobbisinin bütün sifarişləri müğənniyə İsveçdə, Avropada deyil, məhz paytaxtımız Bakıda, ölkəmizə qarşı düşmənçilik mövqeyini sərgiləyən "sapı bizdən olan baltalar" tərəfindən çatdırılıb. Məlumatlara görə, məhz İsveç səfirinin və "sapı bizdən olan baltalar"ın canfəşanlığı nəticəsində Lorin istəməyərək də olsa, təklifi qəbul edib və həmişə insan haqlarının qorunmasına, müdafiəsinə çalışacağını, bu sırada Azərbaycanın da yer alacağını deyib. Beləliklə, bir ölkənin diplomatik missiyasını yerinə yetirməli olan səfir diplomatik və etik normaları pozaraq daxili işlərimizə qarışmağa çalışır, bir ölkənin Avropa və dünya səviyyəli mədəni tədbirdə təmsil edən müğənnisi isə öz amalına, məqsədinə zidd olaraq anti-Azərbaycan kampaniyasında alətə çevrilir. Bu, qəbuledilməzdir.
Azərbaycan Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri, professor Əli Həsənov müsahibəsində yayılan məlumatlara münasibətini açıqlayıb. O bildirib ki, əgər deyilən faktlar doğrudursa, bu, qəbuledilməzdir: "İstər diplomatik nümayəndələrlə bağlı olsun, istər onların ətrafındakı siyasi qruplar olsun, musiqi yarışmasını siyasiləşdirmək olmaz. Bu və ya digər partiya nümayəndələri ilə musiqi yarışması arasındakı ünsiyyətləri quraraq belə beynəlxalq nüfuzlu tədbirlərə xələl gətirmək cəhdi həmişə pislənilib, bundan sonra da pisləniləcək".
Maraqlıdır ki, indiyədək Avropanın müxtəlif ölkələrində keçirilən 56 "Eurovision" musiqi müsabiqəsinin heç birində tədbirin siyasiləşdirilməsi istiqamətində cəhdlər olmamışdır. Nəyə görə "Eurovision-2012" mahnı yarışı belə cəhdlərə səhnə olur? Ağıl və məntiqin yolu bir olduğu kimi, cavab da birdir: Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı, bütün göstəricilər üzrə regionda və dünyada öncül yerlərdə qərar tutması, xüsusən, 193 dövlətdən 155-nin dəstəyi ilə BMT Təhlükəsizlik Şurası kimi nüfuzlu bir quruma qeyri-daimi üzv seçilməsi, bu ay isə mötəbər təşkilata sədrlik etməsi, ölkəmizdə cəmiyyətin daha da demokratikləşdirilməsi istiqamətində postsovet ölkələrinin heç birində müşahidə edilməyən addımların atılması, nəhayət, "Eurovsion-2012" mahnı müsabiqəsi kimi böyük mədəni tədbirin Bakıda keçirilməsi dünyanın müxtəlif yerlərində baş qaldıran anti-Azərbaycan qüvvələrini hədsiz dərəcədə narahat edir, onların yuxusuna haram qatır. Bu qüvvələr öncə xaricdəki bəzi qeyri-hökumət təşkilatlarının hazırladığı müxtəlif hesabatlarla respublikamızın imicinə zərbə vurmağa çalışır, buna nail olmadıqda yenidən ölkəmizin daxilindəki kölələrindən faydalanaraq iyrənc əməllərə qol qoyurlar.
Qaragüruhçu beynəlxalq şəbəkənin Azərbaycana qarşı törətdiyi bəd əməllər silsiləsinin növbəti mərhələsi isə 2011-ci ilin mayın 14-də Almaniyanın Düsseldorf şəhərində keçirilən, 43 ölkənin iştirak etdiyi 56-cı "Eurovision-2011" mahnı musabiqəsində Azərbaycanın möhtəşəm qələbə qazanmasından sonra başlanmışdı. Xaricdəki erməni lobbisi və anti-Azərbaycan dairələr Bakıda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsinin baş tutmaması üçün hər cür vasitəyə əl atsalar da, nəticə əldə edə bilmədilər. Bu məqsədlə hətta bu il martın 6-da Ermənistan tərəfi müsabiqədə iştirakdan imtina etdi. Göstərilən səbəb isə müsabiqənin təşkilatçıları, beynəlxalq ictimaiyyət tərəfindən də ironiya ilə qarşılandı. Guya, tolerantlıqdan uzaq olan Azərbaycan Ermənistana və dünya erməniliyinə qarşı düşmənçilik edir. Onlara cavab Avropadan gəldi. Avropa Yayımları Birliyindən verilən açıqlamada qeyd olundu ki, çoxmillətli və çoxkonfessiyalı Azərbaycan tolerantlıqda, milli və dini dözümlülükdə nümunə təşkil edən ölkələrdəndir.
Ölkəmizdəki radikal müxalifət düşərgəsi və xaricdəki bəzi kütləvi informasiya vasitələri Azərbaycana qarşı təbliğat kampaniyasına qoşulsalar da yenə nəticə əldə olunmadı. Nəhayət, dünya qeyri-adi gözəllik simvoluna çevrilən paytaxtımızda qısa müddətdə ərsəyə gətirilən möhtəşəm "Baku Crytal Hall"da keçirilən "Eurovision-2012" mahnı müsabiqəsini maraqla izləməyə başladı. Ancaq təəssüf ki, tədbiri siyasiləşdirmə cəhdləri bu gün də davam edir. Həmin ssenarilərin mühüm tərkib hissələrindən biri isə ən şərəfsiz variant olan ölkənin daxili işlərinə müdaxilə edilməsi kimi qəbuledilməz bir tendensiyadır.
Məsələyə sərt reaksiya verən "Eurovision-2012" müsabiqəsinin icraçı rəhbəri Yan Ola Sandın bəyanatına nəzər yetirək. O deyib: "Eurovision" mahnı müsabiqəsi ilə əlaqədar istənilən siyasi mesajın əleyhinəyəm. Bu, tamamilə musiqi və mədəniyyət yarışmasıdır və belə bir tədbirdə siyasətə yer yoxdur". Göründüyü kimi, əlavə şərhə ehtiyac yoxdur.
{nl}
Rauf KƏNGƏRLİ, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.