NATO-nun Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli mövqedən çıxış etməsi əlaqələrimizin genişlənməsinə şərait yaradır
Regionda və beynəlxalq aləmdə böyük nüfuz qazanan Azərbaycan Respublikası müstəqilliyinin ilk illərindən başlayaraq iqtisadiyyatın inkişafı, ordunun formalaşması, xarici əlaqələrin ölkəmizin milli maraqlarını təmin edəcək şəkildə möhkəmləndirilməsi istiqamətində ardıcıl, məqsədyönlü daxili və xarici siyasət həyata keçirmişdir. Nəticədə, bu gün ölkəmiz Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilmiş, beynəlxalq ictimaiyyətin rəğbətini qazanmış, 193 dünya dövlətindən 155-nin dəstəyini qazanaraq BMT Təhlukəsizlik Şurası kimi mötəbər bir qurumda, həm də Şərqi Avropa ölkələrini təmsil etmək kimi böyük tarixi nailiyyət əldə etmişdir.
Bu gün birmənalı şəkildə deyə bilərik ki, regionda maraqları olan istənilən dövlət və ya beynəlxalq təşkilat Cənubi Qafqaza dair siyasətini rəsmi Bakının mövqeyinə uyğun formalaşdırır, bütün məsələlərdə Azərbaycan rəhbərliyinin fikrini əsas götürür. Bunun müqabilində respublikamız da həmin dövlətlərlə, beynəlxalq təşkilatlarla əlaqələrinin inkişafına, əməkdaşlığa əhəmiyyət verdiyini dəfələrlə bəyan etmişdir. Bu baxımdan, Azərbaycan Respublikası Qərb dövlətlərinin ümumi hərbi, siyasi və təhlükəsizlik maraqlarının təmsilçisi kimi çıxış edən Şimali Atlantika Alyansı ilə əməkdaşlığa böyük əhəmiyyət verir. Bu il mayın 21-də ABŞ-ın Çikaqo şəhərində keçirilən NATO-nun Sammitində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı da bunu təsdiq edir.
Qeyd edək ki, dünyanın 28 ölkəsinin dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdikləri toplantıda 2014-cü ilin sonunadək beynəlxalq qüvvələrin Əfqanıstandan çıxarılması və bundan sonra ölkədə vəziyyətə nəzarətin milli təhlükəsizlik qüvvələrinə verilməsi ilə bağlı hərəkət strategiyası müzakirə olunmuşdur. Sammitdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin ilk illərdən Əfqanıstanda sülhün və təhlükəsizliyin təmin olunmasında bütün səylərini ortaya qoyduğunu vurğulamışdır. Azərbaycanın bu sahədə alyansın ən fəal üzvlərindən biri olduğunu deyən dövlət başçımız bildirmişdir ki, ölkəmiz Əfqanıstanda öz hərbçilərinin iştirakı ilə sülhyaratma missiyasını davam etdirir. Eyni zamanda, Azərbaycan əfqan hərbçilərinin müxtəlif sahələrdə hazırlanması və treninqlərin keçirilməsi ilə Əfqanıstana öz töhfəsini verir. Prezident İlham Əliyev onu da vurğulamışdır ki, Azərbaycan Kabula yardımını 2014-cü ilədək davam etdirəcək, lazım gəldikdə ondan sonra da əlindən gələni əsirgəməyəcəkdir.
NATO-nun Çikaqoda keçirilən sammitinin gedişini yaxından izləyən beynəlxalq səviyyəli hərbi və siyasi ekspertlər belə hesab edirlər ki, Azərbaycan liderinin bu bəyanatı alyans üzvləri tərəfindən rəğbətlə qarşılanmışdır. Çünki Əfqanıstan məsələsində rəsmi Bakının tutduğu mövqe böyük önəmə sahibdir və birbaşa Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin fəaliyyətinə təsir göstərir. Bu həqiqətdir ki, Azərbaycan təkcə regional məsələlərdə deyil, həm də regiondan kənardakı mühüm əhəmiyyətə malik tədbirlərdə də NATO-nun yaxın tərəfdaşı kimi çıxış edir, təşkilata dəstəyini əsirgəmir. Bu gün Azərbaycan hərbçiləri dünyanın müxtəlif yerlərində, o cümlədən Əfqanıstanda NATO-nun apardığı hərbi əməliyyatlarda uğurla iştirak edirlər. Azərbaycan, həmçinin ölkəyə yükdaşımaların həyata keçirilməsində öz hava məkanından istifadəyə icazə vermişdir. Hazırda Əfqanıstana daşınan yüklər baxımından Azərbaycanın tranzit ölkə kimi əhəmiyyəti artmaqdadır. Qeyri-rəsmi məlumatlara görə artıq yüklərin 50 faizi ölkəmizin hava məkanından keçirilməklə Kabula aparılır. Azərbaycan bu sahədə əməkdaşlığın genişləndirilməsində yeni təklifləri müzakirə etməyə həmişə hazır olduğunu dəfələrlə bəyan etmişdir. Çikaqo sammitində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Əfqanıstana öz yardımını 2014-cü ilədək davam etdirəcəyi, lazım gəldikdə ondan sonra da əlindən gələni əsirgəməyəcəyi barədə bəyanatı da vədə sədaqətli olduğumuzun sübutudur.
Dövlət başçımız bu ilin fevral ayında Belçikaya səfəri çərçivəsində Brüsseldə NATO-nun mənzil-qərargahında olarkən də bəyan etmişdir ki, rəsmi Bakı Əfqanıstanın milli ordusunun qəyyumlar fonduna töhfə vermək məsələsini ciddi şəkildə nəzərdən keçirir. Gələcəkdə bu cür maliyyə töhfəsinin davam etdirilməsini də nəzərdən keçirə bilərik. Eyni zamanda, biz Diplomatik Akademiyamızda və Sərhəd Qoşunları Akademiyamızda əfqan diplomatları üçün təlim kursları təşkil edirik. Biz, həmçinin istehkamçı və digər humanitar məsələlər üzərində işləyirik və əməkdaşlığımızı genişləndirməyə hazırıq.
Sürətli iqtisadi inkişafa və böyük maliyyə mənbələrinə malik olan Azərbaycanın NATO-nun Əfqanıstandakı əməliyyatlarına hərbçilər, təlimlər və xüsusən də tranzit baxımından mühüm töhfələr verməsi ilə yanaşı Əfqanıstanın milli ordusunun qəyyumlar fonduna yardım göstərməyə hazır olduğunu bəyan etməsi, Şimali Atlantika Alyansında böyük əks-səda doğurmuşdu. Baş katib Anders Foq Rasmussen NATO-da ölkəmizə duyulan rəğbəti belə ifadə etmişdir: "Mən bu gün çox məmnun oldum ki, Azərbaycan Prezidenti ölkəsinin Əfqanıstanın təhlükəsizlik qüvvələrinin formalaşmasına maliyyə töhfəsini verəcəyini elan etdi. Bu, həmin qüvvələr üçün çox əhəmiyyətlidir. Mən bu gün verilən bəyanatı səmimi qəlbdən alqışlayıram. Mən Azərbaycan tərəfinin humanitar əməliyyatlara verdiyi töhfəni də yüksək dəyərləndirirəm. Bir sözlə, Azərbaycan öz hüdudlarından kənarda, Əfqanıstanda çox mühüm rol oynayır".
Bu ilin may ayının 21-də NATO-nun Çikaqoda keçirilən sayca 25-ci sammitində Əfqanıstan məsələsinin müzakirəsi ilə yanaşı, Azərbaycan üçün digər mühüm bir hadisəylə - Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Şimali Atlantika Alyansının ədalətli mövqeyinin növbəti dəfə bəyan edilməsi ilə də yadda qaldı. Sammitin yekununda qəbul olunan bəyannamədə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bir daha bu beynəlxalq təşkilat və ona üzv dövlətlər tərəfindən tanınmışdır. Bəyannamənin 47-ci bəndində qeyd olunur ki, NATO Cənubi Qafqazda və Moldovadakı həlli yubanan regional münaqişələr barədə narahatlığını bəyan edir: "Biz Azərbaycanın, Ermənistanın, Gürcüstanın və Moldovanın ərazi bütövlüyünün, müstəqilliyinin və suverenliyinin dəstəklənməsinə sadiq qalırıq və BMT-nin Nizamnaməsi və Yekun Helsinki sənədinə, bu prinsiplərə və beynəlxalq hüququn normalarına əsaslanan regional münaqişələrin sülh yolu ilə nizamlanmasına yönəldilmiş səyləri dəstəkləməkdə davam edirik".
Qeyd edək ki, Çikaqo sammitinin yekun bəyannaməsini beynəlxalq aləmdə böyük nüfuza malik ölkələr, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədri olar Fransa və ABŞ kimi nəhəng dövlətlər də imzalamışlar. Sənədi ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlərin imzalaması onu deməyə əsas verir ki, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həllinə vasitəçilik edən tərəflər ölkəmizin ərazi bütövlüyünü tanıdıqlarını bir daha qeyd etməklə yanaşı, münaqişənin də məhz ərazi bütövlüyü prinsipi əsasında həllinə tərəfdardırlar. Bu, Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycanın haqq işinin, həm də ümumilikdə, beynəlxalq ictimaiyyət tərəfindən ciddi şəkildə dəstəklənməsi deməkdir. Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov mətbuata açıqlamasında Çikaqo sammitinin yekun bəyannaməsini dəyərləndirərkən demişdir: "Biz bunu obyektiv, həm də müsbət dəyərləndiririk. Çünki NATO beynəlxalq sülhyaratma proseslərində iştirak edən əsas nüfuzlu qurumlardan biridir. Düşünürük ki, bu qurumun Cənubi Qafqazdakı münaqişələrə münasibət bildirməsi, dəyərləndirmə aparması, hər üç ölkənin ərazi bütövlüyünün pozulmaz olmasını təsdiqləməsi, gələcəkdə Dağlıq Qarabağ probleminin, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsinin həllində ATƏT-in digər prinsipləri ilə yanaşı istifadə olunan əsas beynəlxalq hüquq norması kimi qəbul oluna bilər. NATO əvvəlki illərdə, əvvəlki sammitlərdə də Azərbaycanın ərazi bütövlüyü və Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktını təsdiq etmişdi. Bu gün həmin faktı bir daha təsdiqləməsi onu göstərir ki, erməni tərəfi, yaxud onlara dəstək verən dairələrin iddia etdiyi kimi "Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilməz" yanaşması, uydurmaları yalandır və nüfuzlu beynəlxalq təşkilatların mövqeyi ilə üst-üstə düşmür".
Dünyanın nüfuzlu hərbi, siyasi təşkilatı olan Şimali Atlantika Alyansının Ermənistan ilə Azərbaycan arasındakı münaqişəyə yanaşmada ədalətli mövqedən çıxış etməsi rəsmi İrəvanda təlaşla qarşılanmışdır. Erməni mətbuatında yayılan məlumatlardan belə anlaşılır ki, Ermənistan prezidenti Serj Sarkisyan NATO-nun Çikaqo Sammitinin yekun bəyannaməsində qeyd olunan "Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi" məsələsi ilə razılaşmadığı üçün toplantıya qatılmayıb. Rəsmi İrəvan sənəddə "xalqların öz müqəddəratını təyin haqqı" məsələsinə toxunulmamasından da çox narahatdır. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bunun Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı tərkibində Dağlıq Qarabağ probleminin həlli üçün qurulan Minsk qrupunun fəaliyyəti ilə ziddiyyət təşkil etdiyini bildirib. Çikaqonun erməni icması ilə görüşən Nalbandyan deyib: "Bu fikirlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair son illər verilən bəyanatlarla uyğun gəlmir. Bu, təkcə danışıqlar prosesinə mənfi təsir göstərmir, həm də Azərbaycanın hərbi xərcləri inanılmaz dərəcədə artırması fonunda regionda onsuz da kövrək olan situasiyanı təhdid edir, bölgədəki qeyri-sabit vəziyyəti təhlükəyə atır".
Məsələyə operativ reaksiya verən Azərbaycan Xarici İşlər Nazirliyi bəyan etmişdir ki, NATO-nun Çikaqo Sammitinin yekun bəyannaməsinin 47-ci bəndi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gedən danışıqlar prosesinin gedişinə, onun ruhuna tamamilə uyğundur. XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirmişdir ki, Ermənistanın dövlət məmurunun belə bir açıqlaması tamamilə əsassızdır. Bu məntiqsiz bir yanaşmadır. Sözügedən maddə Akvill və Muskok bəyannamələrinə, danışıqlar prosesinə və yenilənmiş Madrid prinsiplərinə tamamilə uyğundur. Elman Abdullayev onu da qeyd etmişdir ki, Nalbandyanın bəyanatı qeyri-konstruktivdir və Ermənistan cəmiyyətini çaşdırmaq məqsədi güdür.
Onu da deyək ki, Şimali Atlantika Alyansı Cənubi Qafqaz regionunda ən təhlükəli münaqişənin - Dağlıq Qarabağ probleminin həllində maraqlı olduğunu dəfələrlə bəyan etmişdir. NATO Dağlıq Qarabağ probleminin həllində birbaşa rol oynamasa da təşkilata üzv olan dövlətlər münaqişə ətrafında aparılan danışıqları maraqla izləyir, bəzən isə konkret mövqe ortaya qoyurlar. Bugünədək Şimali Atlantika Alyansının rəhbərliyinin verdiyi bəyanatlardan isə məlum olur ki, təşkilat problemin həllində ölkələrin ərazi bütövlüyü prinsipinin əsas götürülməsi məsələsində daim qətiyyət nümayiş etdirmişdir. 2008-ci ildə NATO-nun Buxarestdə keçirilən sammitinin yekun bəyannaməsində də Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipi əsasında həllinin vacibliyi vurğulanmışdı.
Xatırlayırsınızsa, Ermənistanın ciddi etirazlarına baxmayaraq, 2010-cu il noyabrın 20-də Lissabonda keçirilən zirvə toplantısında qəbul edilən bəyanat rəsmi İrəvanı təşvişə salmışdı. Bəyanatın 35-ci maddəsində NATO Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini tanıdığını bir daha təsdiq etmişdi. Lissabon sammitində bir daha qeyd olunmuşdur ki, Azərbaycan sammitə beynəlxalq təhlükəsizliyə dəstək qüvvələrinin əhəmiyyətli bir üzvü, önəmli bir müttəfiqi kimi qatılıb. Bəyan edilmişdir ki, münaqişələrin qarşısının alınması və Avrasiya məkanında təhlükəsizliyin təminatında müttəfiqlik vacib rol oynayır.
Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu ildə aprelin 29-da Belçika Krallığına səfəri çərçivəsində NATO-nun o zamankı baş katibi Yaap de Hoop Sxefferlə görüşündə də bu məsələ müzakirə mövzusu olmuşdu. Görüşdən sonra keçirilən mətbuat konfransında Azərbaycanın dövlət başçısı Şimali Atlantika Alyansının ədalətli mövqeyinə görə təşkilat rəhbərliyinə təşəkkürünü bildirərək demişdir ki, biz Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ərazi bütövlüyü prinsipinə əsaslanan qəti mövqeyinə görə NATO-ya minnətdarıq. Bu, regiona çox yaxşı mesajdır. Hesab edirəm ki, biz həmin münaqişənin həlli istiqamətində yalnız bu prinsip əsasında irəliyə doğru gedə bilərik.
Dövlət başçımızın bu ilin fevral ayında Belçikaya səfərində də NATO-nun baş katibi Anders Foq Rasmussenlə alyansın Brüsseldəki mənzil-qərargahında keçirdiyi görüşdə bir daha regional təhlükəsizlik məsələləri, xüsusən də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı aparılan danışıqlar müzakirə olunmuşdur. Görüşdə bu münaqişənin mümkün qədər tez həll olunacağına və Azərbaycanın ərazi bütövlüyünün bərpa ediləcəyinə böyük ümid bəslənildiyi bir daha vurğulanmışdır. Bunun üçün yaxşı hüquqi əsas da vardır. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir. Əslində, həmin qətnamələrin yerinə yetirilməsində NATO da səy göstərə bilər. Belə bir təcrübə artıq mövcuddur. Belə ki, keçən il Liviyadakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarın icrasını Şimali Atlantika Alyansı öz üzərinə götürmüşdür və nəticə əldə olunmuşdur. Azərbaycanın 20 faiz torpağını işğal edən və BMT TŞ-nin 4 qətnaməsinə əhəmiyyət verməyən Ermənistana da bu təcrübə tətbiq oluna bilər.
Göründüyü kimi, Azərbaycanın dünyanın nüfuzlu dövlətləri və aparıcı beynəlxalq təşkilatları ilə əlaqələrini möhkəmləndirməsi və etibarlı tərəfdaş kimi özünü təsdiq etməsi ədalətin təmin olunması, milli maraqlarımızın yüksək səviyyədə qorunması baxımından əhəmiyyət kəsb edir. Bu mənada, NATO ilə əməkdaşlığın genişləndirilməsi təkcə Azərbaycan üçün deyil, bütövlükdə Cənubi Qafqaz regionu üçün əhəmiyyətlidir. Şimali Atlantika Alyansı da Azərbaycanın geostrateji mövqeyini, həm Cənubi Qafqaza, həm də ətraf regionlara təsir imkanlarını nəzərə alaraq, onunla əlaqələrə xüsusi əhəmiyyət verir. Bu ilin fevral ayında NATO-nun baş katibi Anders Foq Rasmussen Azərbaycan Prezidenti İlham Əliyev ilə qurumun mənzil qərargahında keçirdiyi görüşdə bu həqiqəti bir daha ifadə etmişdir. Azərbaycan - NATO tərəfdaşlığını yüksək qiymətləndirən baş katib keçən ilin dekabrında NATO-nun Fərdi Tərəfdaşlığın Əməliyyat Planının təsdiq olunmasının Azərbaycan -NATO əməkdaşlığının genişləndirilməsi baxımından əhəmiyyətini vurğulamış, bir çox siyasi prioritetlərimizin və təhlükəsizlik sahəsində maraqlarımızın üst-üstə düşdüyünü qeyd etmişdir. Cənab Rasmussen bildirmişdir ki, münasibətlərimiz Avropa və Avratlantik təhlükəsizliyinə töhfə verir. O, Azərbaycanı mühüm regionda əhəmiyyətli tərəfdaş adlandıraraq gələcəkdə əməkdaşlığı və dialoqu yüksək səviyyədə davam etdirəcəyimizə əminliyini bildirmişdir.
Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminində mühüm rol oynayır. Avropadakı istehlakçılarımız, həm də NATO-nun üzvü olan dövlətlərdirlər. Enerji məsələsi həm hasilatçı, həm istehlakçı ölkələrin milli təhlükəsizliyinin olduqca mühüm elementidir. Bu mövzu NATO ilə Azərbaycan arasında müzakirələrin və məsləhətləşmələrin mühüm bir hissəsini təşkil edir. Bugünədək əlaqələrin yüksək səviyyədə davam etdirilməsi isə, bizə zəmanət verir ki, əməkdaşlığımız həm bu sahədə, həm də digər sahələrdə uğurla davam etdiriləcəkdir.
{nl}
Rauf KƏNGƏRLİ, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.