Milli Məclisdə "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanunu ilə bağlı dinləmələr olmuşdur

İyunun 7-də Milli Məclisdə "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanunu ilə bağlı dinləmələr keçirilmişdir.
Müzakirələrdə Milli Məclisin deputatları, qanun layihəsi ilə bağlı ölkəmizdə səfərdə olan xarici ekspertlər, əlaqədar dövlət qurumlarının nümayəndələri və ATƏT-in təmsilçiləri iştirak etmişlər.
Parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov demişdir ki, qanun layihəsi Milli Məclisdə iki oxunuşda müzakirə olunmuşdur. İşçi qrupu həmin müzakirələr zamanı səslənmiş rəy və təklifləri, eləcə də inkişaf etmiş ölkələrin qanunvericilik bazasını və beynəlxalq təcrübəni diqqətlə öyrənmişdir. Komitə sədri demişdir ki, bu Konstitusiya Qanunu normativ hüquqi aktların hazırlanması, rəsmiləşdirilməsi, qəbul olunması, dərc edilməsi, qüvvədə olması, şərhi və sistemləşdirilməsi qaydalarını müəyyən edəcəkdir.
Sonra Milli Məclis Aparatının dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynov qanunun müddəalarını geniş şərh etmişdir. O demişdir ki, bu layihəyə Azərbaycan parlamenti ilə Tvinniq Proqramı çərçivəsində əməkdaşlıq edən Litva ekspertləri və Avropa Şurasının Venesiya Komissiyası müsbət rəy vermişlər.
Sənədin mühüm, fundamental məqamlarını qeyd edən L.Hüseynov bildirmişdir ki, Venesiya Komissiyasının rəyində layihənin müfəssəl hazırlandığı göstərilmişdir. Layihənin qəbulu qanunvericilik sahəsinə böyük fayda verəcəkdir. Xüsusilə də qanun layihəsinin dövlət orqanlarının və ya vəzifəli şəxslərin səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar sui-istifadə amilləri ilə bağlı maddələrində dövlət orqanları və səlahiyyətli şəxslər qarşısında ciddi tələblər qoyulmuşdur. Qanunun qəbulundan sonra hazırlanacaq qanun layihələrinin qəbulu və icrası məhz bu Konstitusiya Qanununun tələblərinə uyğun həyata keçiriləcəkdir. Qanun layihəsində qanunyaratma işinin bütün vacib aspektləri əhatə olunmuşdur.
Sonra Milli Məclisin deputatları, Ədliyyə Nazirliyinin, Bakı Dövlət Universitetinin nümayəndələri, eləcə də Litvadan olan ekspertlər layihə ilə bağlı fikirlərini bölüşmüş, rəy və təkliflərini bildirmişlər. Qeyd olunmuşdur ki, bu cür ictimai müzakirələr təkcə qanun yaradıcılığı sahəsində deyil, bütövlükdə demokratiyanın və cəmiyyətin inkişafında, hüquqi dövlət quruculuğu işində olduqca səmərəlidir.
Sonda rəy və təkliflər nəzərə alınmaqla, layihə üçüncü oxunuşda Milli Məclisin müzakirəsinə tövsiyə olunmuşdur.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında