Artıq müsabiqə ilə əlaqədar ölkəmizə 20 mindən çox qonaq gəlmişdir və Bakıya turist axını davam edir
{nl}
Dünən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayevlə birgə "Eurovision-2012" mahnı müsabiqəsi ilə bağlı mətbuat konfransı keçirdi.
Azərbaycandakı xarici jurnalistlərin ölkəmizin ictimai-siyasi, iqtisadi həyatı, xarici və daxili siyasəti ilə bağlı suallarını cavablandırmaq məqsədiylə keçirilən mətbuat konfransında çıxış edən professor Əli Həsənov bildirdi ki, Azərbaycanın bir ildə əldə etdiyi iki böyük nailiyyət - 155 ölkənin etimadını qazanaraq BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi, ona rəhbərlik etməsi, digər tərəfdən "Eurovision" mahnı yarışmasında qalib gəlməsi qısa müddətdə respublikamızı dünya ictimaiyyətinin maraq mərkəzinə çevirmişdir. Bu günlərdə isə ölkəmizdə, ümumiyyətlə, Cənubi Qafqaz regionunun tarixində mühüm mədəniyyət hadisəsi baş verir. Aparılan möhtəşəm hazırlıq işlərindən sonra mədəniyyətlərin qovuşduğu məkan olan Bakıda "Eurovision - 2012" mahnı müsabiqəsi keçirilir, Azərbaycan bu əlamətdar hadisəyə ev sahibliyi edir.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri qeyd etmişdir ki, artıq "Eurovision - 2012" ilə əlaqədar ölkəmizə 20 mindən çox qonaq gəlmişdir: "Ölkəyə gələnlər arasında mahnı müsabiqəsinə tamaşa etmək istəyən turistlər, yarışmanı işıqlandırmağa gələn KİV nümayəndələri və digər qonaqlar var. Azərbaycan dövləti bütün sahələrdə bu yarışmaya ciddi hazırlaşıb, bütün lazımi tədbirləri görüb. Azərbaycan dövləti ölkəyə gələn xarici vətəndaşların təhlükəsizliyinin tam təmin olunması üçün bütün qabaqlayıcı tədbirləri görür və bundan sonra da görəcəkdir. Bu, təkcə "Eurovision - 2012" mahnı müsabiqəsi ilə bağlı deyil. Azərbaycan dövləti ilboyu öz vətəndaşlarının təhlükəsizliyinin təmin olunması üçün lazımı addımlar atır. Sadəcə olaraq, bu mahnı müsabiqəsi ilə əlaqədar təhlükəsizlik tədbirləri daha da gücləndirilib". Professor Əli Həsənov onu da bildirdi ki, "Eurovison-2012" mahnı müsabiqəsi ərəfəsində bəzi radikal dini çağırış və təhdidlər olub. Azərbaycana qarşı ünvanlanan təhdidlər məqsədli şəkildə bir sıra dairələr tərəfindən hazırlanıb. Ancaq Azərbaycan hökuməti təhlükəsizlik istiqamətində lazım olan bütün tədbirləri gördüyü üçün tam əminliklə demək olar ki, biz Bakıya gələn turistlərin təhlükəsizliyinə zəmanət veririk.
Son illər Azərbaycanda hər sahədə inkişaf müşahidə olunur. Ölkəmiz iqtisadi cəhətdən daha da güclənir, respublikamızda demokratik cəmiyyət müasir meyarlar çərçivəsində formalaşır, demokratik institutlar möhkəmlənir. Buna baxmayaraq, bəzi üzdəniraq beynəlxalq təşkilatlar bütün bu irəliləyişləri görməzdən gələrək qeyri-obyektiv hesabatlar yayırlar. Həmin qüvvələr Azərbaycanın ünvanına şər və böhtan kampaniyası aparan erməni lobbisinin çirkin niyyətlərinə xidmət edirlər. Bu məsələyə toxunan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirdi ki, "Amnesty İnternational" və "Human Rights" təşkilatları Azərbaycana qarşı radikal, qərəzli mövqe nümayiş etdirirlər. Belə mövqe yalnız bu il deyil, əvvəllər də sözügedən təşkilatlar tərəfindən mövcud olub. Əgər onlar Azərbaycandakı vəziyyəti obyektiv dəyərləndirməsələr, o zaman Azərbaycan cəmiyyətinin həmin təşkilatlara etimadı tamamilə itə bilər.
Xarici KİV-lərin Azərbaycanda çalışan yerli bölmələrinin fəaliyyəti ilə bağlı suala cavab verən şöbə müdiri hazırda ölkəmizdə 35 xarici müxbir məntəqəsinin olduğunu diqqətə çatdırmışdır. Azərbaycanda akkreditasiyadan keçmiş hər bir xarici KİV əməkdaşının yerli jurnalistlərin istifadə etdiyi bütün hüquqlardan yararlandığı, onların fəaliyyəti ilə bağlı hər hansı narahatlığın olmadığı diqqətə çatdırılmışdır.
Azərbaycanın və beynəlxalq təşkilatların götürdükləri qarşılıqlı öhdəliklərlə bağlı sualı cavablandıran Əli Həsənov dedi ki, indiyədək ölkəmizə bu öhdəliklərin yerinə yetirilməməsi ilə bağlı ciddi iradlar tutulmamışdır. Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş, nəticədə yüzlərlə insan vəhşicəsinə qətlə yetirilmiş, soyqırımına məruz qalmışdır. Bu gün ölkəmizdə hər doqquz nəfərdən biri qaçqın və məcburi köçkün vəziyyətində yaşayır, Ermənistanın işğal etdiyi əraziləri tərk etməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi vardır. Lakin Ermənistan bu tələbləri yerinə yetirmir. Beynəlxalq təşkilatlar isə hələ də buna susurlar. Bu gün beynəlxalq təşkilatlar tərəfindən öhdəliklərin yerinə yetirilməməsi Ermənistana qarşı təzyiqlərin olmamasında da özünü göstərir. Azərbaycan ictimaiyyətini ən çox narahat edən məsələ də budur.
Bəzi beynəlxalq təşkilatlar və Qərb ölkələrindəki bəzi kütləvi informasiya vasitələri Azərbaycan xalqının bu faciəsini, problemini görməzdən gəlir, bir milyonadək insanın hüquqlarının pozulmasına dair heç bir məlumat yaymır, əksinə, antiazərbaycan təbliğatı aparırlar. Ancaq Azərbaycanın ictimai-siyasi həyatı ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayırlar. Əli Həsənov bildirdi ki, bütün bunlar məqsədli şəkildə həyata keçirilir : "Son vaxtlar bir sıra hüquq-müdafiə təşkilatları ilə yanaşı Almaniyanın bəzi mətbuat orqanları, hətta "Guardian" və "BBC" kimi kütləvi informasiya vasitələri Azərbaycanın imicinə zərər verən, həqiqətə uyğun olmayan bəyanatlar yayır, materiallar dərc edirlər. Bu işlər mərkəzləşdirilmiş təbliğat xarakteri daşıyır.
Son zamanlar "Eurovision-2012" mahnı müsabiqəsi ilə bağlı Azərbaycana qarşı əks-təbliğat əsasən iki yerdən aparılır. Bu təbliğatın bir mərkəzi İrandır. Bu ölkədə Azərbaycanda olmayan şeylərdən danışırlar, məsələn deyirlər ki, Bakıda cinsi azlıqların paradını keçirirlər. Bununla bağlı biz İranı dəfələrlə xəbərdar etmişik. Münasibətlərimizin mehriban qonşuluq siyasəti çərçivəsində davam etdirilməsi məqsədiylə müzakirələr aparmaq üçün İrana səfər də etdim. Bizim məqsədimiz Azərbaycanda "Eurovision-2012" mahnı yarışmasının yüksək səviyyədə baş tutmasını təmin etməkdir və bu, belə də olacaqdır". Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri onu da bildirdi ki, Azərbaycan dövləti yalnız öz milli maraqlarına əsaslanan müstəqil siyasət yürüdür. Mehriban qonşuluq siyasəti yürüdən rəsmi Bakı öz ərazisindən başqa bir ölkəyə qarşı istifadə olunmasına imkan verməyəcəkdir.
Professor Əli Həsənov qeyd etdi ki, hər bir dövlətin özünün siyasi-ideoloji sistemi, dostları və ya yumşaq desək, əleyhdarları var. Ancaq İran istəyir ki, Azərbaycan onun dostları ilə dost, düşmənləri ilə düşmən olsun: "Bizim isə öz müstəqil xarici siyasətimiz var. İranın dostunun bizim dostumuz, düşməninin bizim düşmənimiz olması mütləq deyil. Eyni zamanda biz Qərbin də antiiran siyasətində iştirak etmirik. Həmçinin, Azərbaycan İranın, İran da Azərbaycanın hədəfində ola bilməz. İran müsəlman ölkəsidir, orada bizim 30 milyon soydaşımız yaşayır". Əli Həsənov həmçinin Azərbaycanın gənc şairlərinin İranda saxlanılması məsələsinə də aydınlıq gətirdi. Qeyd etdi ki, bu gün yüzlərlə, minlərlə İran vətəndaşı Azərbaycana səfər edir. Biz onların hər birini casus, ölkənin təhlükəsizliyinə təhdid obyekti kimi görsək, bu, artıq qonşuluq, dostluq münasibəti olmazdı.
Azərbaycanın gənc şairlərinin İranda saxlanılması məsələsinin gündəlik şəkildə diqqətdə saxlanıldığını deyən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev dedi ki, Azərbaycanın Təbrizdəki Baş konsulluğu, eyni zamanda Tehrandakı səfirlik gündə bir neçə dəfə görüşlər keçirir, bütün instansiyalara məktublar göndərilib: "Təəssüflər olsun ki, İran tərəfi nəinki o şəxslərin qaytarılması, həbsi ilə bağlı da məlumat vermir. Lakin bütün bunlara baxmayaraq bu istiqamətdə iş aparılır və ən yuxarı instansiyalara məlumat veriləcək". Mətbuat katibi dedi ki, bu məsələ İranın dövlət strukturlarının bir-biri ilə əlaqəsinin olmadığını göstərdi.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri onu da dedi ki, təzadlı olsa da "Eurovision-2012" müsabiqəsi ilə bağlı Azərbaycana qarşı qərəzli mövqe tutan digər mərkəz bəzi qərbyönümlü təşkilatlardır: "Bu yaxınlarda Almaniyada səfərdə oldum və görüşlər keçirdim. Avropalıların masasında erməni lobbisinin sifarişi ilə hazırlanmış və Azərbaycan müxalifətinin bu vaxta kimi hakimiyyətlə bağlı yazdığı qərəzli məlumatların linkləri var idi. Bu, bir daha onu göstərir ki, həmin təşkilatlar bir mərkəzdən idarə olunur və əsas məqsədləri Azərbaycan dövlətinin inkişafına mane olmaq və ölkəni nüfuzdan salmaqdır. Amma nə etsələr də Azərbaycanın imicinə zərbə vura bilməyəcəklər".
Prezident Administrasiyasının şöbə müdiri son illərdə Azərbaycanda, xüsusilə paytaxt Bakıda tikinti-quruculuq, abadlıq işlərinin şəhərin mövcud infrastrukturunun yenidən qurulması istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərin "Eurovision" mahnı müsabiqəsi və insan hüquqlarının pozulması ilə əlaqələndirilməsi sualına cavab verərək bu mötəbər yarışmanın reallaşdırılması üçün hökumətimiz tərəfindən 50 milyon manat vəsait ayrıldığını vurğulamışdır. "Baku Crystal Hall"un inşası, Bakı bulvarının genişləndirilməsi, yolların çəkilməsi və digər tədbirlərin Azərbaycanda aparılan genişmiqyaslı quruculuq-abadlıq işlərinin tərkib hissəsi olduğu diqqətə çatdırılmışdır. Qeyd olunmuşdur ki, Bakıda aparılan quruculuq işləri zamanı evlərindən köçürülən insanların bütün hüquqları qorunur. Onlara ya kompensasiya ödənilir, ya da daha rahat mənzillər verilir. Çox təəssüf ki, bu məsələdə Avropa Yayım Birliyinə də ciddi təzyiqlər göstərilir.
Son zamanlar Gürcüstanda Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı sualları cavablandıran Əli Həsənov dedi ki, bəzi qüvvələr Cənubi Qafqazda Gürcüstan - Azərbaycan tərəfdaşlıq münasibətlərindən narahatdırlar və onu pozmağa çalışırlar. Şöbə müdiri hər iki ölkənin bir-birinin ATƏT çərçivəsində qəbul olunmuş sərhədlərini tanıdığını və heç bir ərazi dəyişdirilməsindən söhbətin belə getmədiyini bildirdi. Qeyd etdi ki, Azərbaycan ilə Gürcüstan arasında SSRİ zamanı məlum sərhədlər var idi, müstəqillik illərində isə bu sərhədlərin delimitasiyası işləri aparılıb. Həmin kilsənin ərazisinin Azərbaycana aid olduğu, Azərbaycan tərəfdən həmin ərazinin qorunmalı olduğu artıq təsdiqlənib. Bunu Gürcüstanın bir sıra dini qrupları gündəmə gətirib və bu məsələni şişirtməyə çalışırlar. Bəzən Azərbaycanda da bir qrup şəxs Borçalı məsələsini dilə gətirir. Lakin biz BMT tərəfindən təsdiq olunmuş ərazi vahidlərinə sadiq qalırıq. Heç bir ərazi dəyişməsindən söhbət gedə bilməz. Biz Gürcüstanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşırıq.
Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev isə bildirdi ki, Azərbaycanla Gürcüstan arasında heç bir mübahisəli məsələ və ya problem yoxdur: "Keşikçi dağ məbədi ilə bağlı məsələ hökumətlərarası komissiya tərəfindən həll olunmalıdır. Monastırla bağlı məsələ Azərbaycan - Gürcüstan sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə Komissiyanın fəaliyyəti çərçivəsində həll olunur və tam normativ-hüquqi məsələdir. Bu məsələyə Azərbaycan və Gürcüstan XİN başçıları Elmar Məmmədyarov və Qriqol Vaşadzenin Çikaqoda NATO sammiti çərçivəsində keçirdikləri görüşdə də toxunulacaq. Çikaqo görüşündə nazirlər ikitərəfli münasibətlərin inkişaf etdirilməsini və regional məsələləri müzakirə edəcəklər".
Professor Əli Həsənov onu da qeyd etdi ki, ölkəmiz Avropaya inteqrasiya siyasətini özünün prioriteti hesab edir. Bu mənada Azərbaycan regional sülhün formalaşmasında, Cənubi Qafqaz dövlətləri arasında təhlükəsizliyin təmin olunmasında NATO ilə də əməkdaşlıq edir. Bununla belə, Ermənistanın qeyri-konstruktiv mövqeyi üzündən bu gün münaqişənin həllində real nəticələr yoxdur. Şöbə müdiri bu məsələnin həllində NATO-dan böyük gözləntilərin olduğunu dedi. Bütün bunlarla yanaşı, Azərbaycan müasir dünyanın tələbləri çərçivəsində dövlət quruluşundan və missiyasından asılı olmayaraq, bütün tərəflərlə, dövlətlərlə əməkdaşlığa üstünlük verir, əlaqələrini özünün milli maraqları çərçivəsində genişləndirir. Təsadüfi deyil ki, Şərqlə Qərbin qovşağında yerləşən, regional lider ölkə rolunu oynayan Azərbaycan bu gün beynəlxalq əməkdaşlıq məkanına çerilmişdir.
{nl}
Rauf KƏNGƏRLİ, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.