Bahar MURADOVA: İranda bəzi dairələrin Azərbaycana qarşı təxribat xarakterli hərəkətləri yolverilməzdir

"İranın Azərbaycandakı səfirliyi qarşısında keçirilən aksiyalar İranda Azərbaycan əleyhinə atılan qərəzli addımlara cavabdır". Milli Məclis sədrinin müavini, hakim Yeni Azərbaycan Partiyasını təmsil edən deputat Bahar Muradova "Media forum" saytına belə deyib.
B.Muradova bildirib ki, Azərbaycanda İrana yalnız cavab aksiyaları keçirilir, İranı təhdid edən fikirlər səsləndirilmir: "İranda hər zaman Azərbaycan əleyhinə kampaniya gedir, təhdid xarakterli fikirlər səsləndirilir, hərəkətlər edilir. İndi isə Azərbaycanda buna cavab verilir. Hesab edirəm ki, ilk növbədə İran rəhbərliyi Azərbaycana qarşı yönələn hərəkətlərə cavab verməlidir. Hətta bizim Təbrizdəki baş konsuluğumuzu dağıtmaq hədələri olub. Rəsmi Tehran buna münasibət bildirməlidir".
İran səfirliyi qarşısında aksiyaları hakimiyyətin təşkil etməsi iddialarına gəlincə, B.Muradova bunu təkzib edib: "Azərbaycan demokratik ölkədir və sərbəst toplaşmaq, insanların öz fikrini sərbəst ifadə etmək azadlığı təmin olunur. Təəssüf ki, İranda bu yoxdur. Hakimiyyət, hökumət, rəsmi qurumlar və şəxslər Azərbaycan vətəndaşlarının İranın istər rəsmi, istərsə də qeyri-rəsmi dairələrinin fəaliyyəti haqda fikir bildirməsinin, bunun mətbuatda öz əksini tapmasının qarşısını ala bilməz. Hesab edirəm ki, vətəndaşların mövqeyi ölkənin rəsmi siyasəti deyil.
Azərbaycanın İranla bağlı rəsmi siyasəti, bu ölkəyə münasibəti məlumdur. Biz açıq şəkildə bəyan etmişik ki, Azərbaycan qonşu dövlət olan İranla dostluq, qardaşlıq, mehriban qonşuluq münasibətləri saxlamaqda maraqlıdır. Biz iki ölkə arasında normal əlaqələrin olmasını istəyirik. Azərbaycan onu da açıqlayıb ki, öz ərazisindən üçüncü ölkələrin İrana qarşı istifadə etməsinə heç zaman imkan verməyəcək. Bunlar dövlətin rəsmi mövqeyidir.
Ayrı-ayrı vətəndaşlar İranın qeyri-rəsmi dairələrinin, din xadimlərinin Azərbaycana qarşı təxribat xarakterli hərəkətlərinə münasibət bildirir. Mən bunun qarşısını almağa lüzum görmürəm. Çünki vətəndaşlar sərbəstdir. Necə ki, İran da yeri gələndə öz din xadimlərinin, hansısa dairələrin fəaliyyətinin rəsmi dövlət siyasəti olmadığını bəyan edir. Biz də belə deyirik. Çox istərdim ki, İran rəsmiləri üçüncü qüvvələrin, İranda olan bəzi dairələrin iki ölkə arasındakı münasibətlərin kəskinləşdirilməsi istiqamətində atılan addımlarını rəsmi dövlət siyasəti ilə qarışdırmasınlar və Azərbaycana bunun əsasında münasibət göstərməsinlər".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında