Konqresmen TED PO: "Azərbaycan Birləşmiş Ştatların sözdə deyil, əməldə dostudur"

Vaşinqtonda Azərbaycan-ABŞ münasibətlərinin 20 illiyinə həsr edilmiş konfrans keçirilmişdir. Konfrans çərçivəsində aparılan müzakirələrdə ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Ted Po çıxış edərək Azərbaycanı Birləşmiş Ştatların sözdə deyil, əməldə dostu olduğuna görə alqışlamışdır.
Konqresin Xarici Münasibətlər komitəsinin üzvü, respublikaçı siyasətçi çıxışında demişdir: "Burada olmaqdan məmnunluq duyuram. Birgə maraqlarımızla bağlı bəzi məsələlər barədə danışmaq üçün məni dəvət etdiyinizə görə minnətdarlığımı bildirirəm. Biz burada ABŞ ilə Azərbaycan arasında münasibətlərin 20 illiyini bayram edirik. Mən Konqresdə ABŞ-ın enerji paytaxtı hesab edilən Port-Artur şəhərini təmsil edirəm. 1901-ci ildə burada neft aşkarlanandan sonra təsis edilən bir sıra böyük neft şirkətləri ərazini kənd təsərrüfatı bölgəsindən neft və qaz mərkəzinə çevirmişdir. Ona görə, Texas ştatı neft və qaz hasilatını və onun faydasını yaxşı başa düşür.
Azərbaycan da Texas kimi neft və qaz hasil edən ölkədir. Məhz enerji istehlakına yanaşma Azərbaycanla yaxın münasibətlərimizin əsasında durur. Bakı XIX əsrin ilk neft bumunu yaşayan şəhərlərindən biridir. Lakin sovet hakimiyyəti burada kapitalizmin inkişafına imkan verməmişdir. İllərcə çıxarılan nefti daşıyıb aparmış, xalqın ondan faydalanmasına imkan verməmişdir.
Hesab edirəm ki, siyasi və iqtisadi azadlıqlar hər adama verilən bir hüquqdur. Mən Sovet İttifaqını onun süqutundan əvvəl ziyarət etmişdim. Azərbaycanın o illərdə nələr yaşadığını yaxşı anlayıram. Əsarətdən qurtularaq azad yaşamaq istəyinizi yaxşı başa düşürdüm. Müstəqilliyinizdən bəri ölkələrimiz bir-birinə çox yaxınlaşıb. İndi Azərbaycan həm siyasi, həm də iqtisadi cəhətdən tam müstəqildir. Biz aramızda mədəni və təhsil mübadilələrini daim davam etdirməliyik ki, hər iki tərəfdən tələbələrimizi bir-birimiz haqqında daha çox öyrədək və xalqlarımızı daha da yaxınlaşdıraq.
2006-cı ildə fəaliyyətə başlayan Bakı-Tbilisi-Ceyhan kəməri Azərbaycan neftini Türkiyəyə, oradan isə dünyaya nəql edir. Mən Türkiyə ilə Azərbaycan arasında yaxın münasibətləri dəstəkləyirəm. Bu tərəfdaşlıq həm ABŞ, həm də bütün bölgə üçün faydalıdır. Ötən il Azərbaycan ilə Türkiyə arasında imzalanan yeni tranzit marşrutu haqqında razılaşma bölgədə iqtisadi müstəqilliyin artdığına işarədir. Mən, rəqabətə inanıram. Alternativlər həm Azərbaycan, həm də bütün bölgə üçün yaxşıdır. Azərbaycan kimi, ABŞ da Avropa bazarlarını şaxələndirmək istəyir ki, bölgədəki enerji istehsalı və nəqlində inhisara inanan digər oyunçular heç kimi manipulyasiya edə bilməsinlər. Tikilən kəmərlər Azərbaycanın siyasi və iqtisadi təhlükəsizliyini artıraraq bölgənin və ABŞ-ın birgə maraqlarına xidmət edir. Lakin bütün bu inkişafla birgə unutmaq lazım deyil ki, hökumətlər öz təbii ehtiyatlarının gələcəyə necə təsir edəcəyi haqqında düşünmək və onları necə idarə etmək barədə məsuliyyət daşıyırlar.
1980-ci illərdə dünyanın təxminən 30 faizində demokratik cəmiyyətlər olduğu halda, bu gün bu rəqəm 60 faizdir. Azərbaycan təkcə neft istehsalına görə deyil, həm də demokratik təsisatlar qurmaq səylərinə görə alqışlanmalıdır. Bu dövlət öz neft ehtiyatlarının qeydinə qala bilir. Azərbaycan hökuməti təbii sərvətlərini düzgün şəkildə idarə edib bütün bölgənin təhlükəsizliyi haqqında düşünür.
Azərbaycandakı inkişaf bütün bölgəyə sabitlik gətirə bilər. ABŞ da daxil olmaqla, bütün demokratiyalar üçün insan haqlarının qorunması və genişləndirilməsi olduqca vacib məsələdir. Biz, bu mövzu barədə həm yerli, həm də beynəlxalq səviyyədə səmimi söhbətlər aparmalıyıq. Ölkəniz son 20 ildə böyük yol keçmişdir və Birləşmiş Ştatların sözdə deyil, əməldə dostudur. Siz ABŞ-ı hərbi münaqişələrdə təkcə danışmaqla deyil, döyüşə silahlı qüvvələr göndərməklə dəstəkləmisiniz. Döyüşdə birgə iştirak təkcə hərbi münasibətləri deyil, möhkəm dostluq da qurur. Hərbi münasibətlər kimi başlanan əlaqələr, hətta münaqişələr bitdikdən sonra da möhkəm tərəfdaşlığa çevrilir. Mən Azərbaycanı terrorla mübarizədə fəal iştirakına görə alqışlayıram. Azərbaycan beynəlxalq təhlükəsizlik prosesində iştirakına, bütün dünyada insan haqları, demokratiya və azadlığın yayılmasına töhfələrinə görə fəxr etməlidir. Sentyabrın 11-dən sonra siz ABŞ-a telefon açıb qeyd-şərtsiz hava ərazinizdən istifadə təklif edənlərdən biri idiniz. Bir xalq olaraq biz bunu yüksək qiymətləndiririk. Sizin hamınızı yüksək işinizə görə təbrik edir, ABŞ ilə qurduğunuz münasibətlərə görə minnətdarlığımı bildirirəm".

{nl}

Şəfəq AKİFQIZI, AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında