Azərbaycan Venesiya Komissiyası ilə əməkdaşlığa böyük önəm verir

İtaliyada səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iyunun 5-də Qanundan demokratiyaya doğru Avropa Komissiyasının (Venesiya Komissiyası) 20-ci ildönümünə həsr olunmuş mərasimdə çıxış etmişdir.
Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirmişlər ki, nazir E.Məmmədyarov çıxışında Avropa qitəsində baş vermiş mühüm dəyişikliklər nəticəsində 1990-cı illərin ortalarında yaradılmış komissiyanın milli konstitusiyaların, qanunların ahəngliliyində və qəbulunda Avropa Şurasının standartlarına uyğunlaşdırılmasında həlledici rol oynadığını vurğulamışdır.
Azərbaycanın həmişə Venesiya Komissiyası ilə əməkdaşlığa böyük önəm verdiyini qeyd edən nazir qanunvericiliyimizin inkişafında bu qurumun dəyərli işinə görə minnətdarlığını bildirmişdir.
E.Məmmədyarov Venesiya Komissiyasının Avropa hüquqi məkanından kənara çıxaraq, zəngin təcrübəsi, şəffaflığı, yüksək nüfuzu və çox peşəkar heyəti ilə Latın Amerikası və Yaponiya kimi ölkələrə də çatmasını müsbət hal adlandırmışdır. Nazir vurğulamışdır ki, hazırda beynəlxalq səviyyədə tanınmış qurum kimi, Venesiya Komissiyası Avropa konstitusiya irsinin Avropanın daxilində və kənarında yayılmasına yardım etməsini müvəffəqiyyətlə davam edir, münaqişələrin qarşısının alınmasının və böhranların idarə olunmasının hüquqi aspektlərində nadir rol oynayır.
Münaqişələrin qitəmizin sabitliyinə və təhlükəsizliyinə təhdid olduğunu və Avropa Şurasının əsas prinsip və məqsədlərini sual altına qoyduğunu vurğulayan nazir, onların region ölkələri arasında normal münasibətləri, davamlı inkişafı və insan təhlükəsizliyini də təhlükəyə məruz qoyduğunu diqqətə çatdırmışdır.
E.Məmmədyarov vurğulamışdır ki, Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyini qoruyur və məhz bunun əsasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli istiqamətində ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqları davam etdirmək niyyətindədir. Avropa dəyərlərinə sadiq olan Azərbaycan münaqişənin həlli prosesini, erməni qoşunlarının işğal etdiyi bütün Azərbaycan torpaqlarından çıxarılması, doğma torpaqlarından didərgin düşmüş, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ regionunda məskunlaşmış əhalinin geri qayıtması, Dağlıq Qarabağda erməni və azərbaycanlı icmalarının sülh içərisində birgə yaşamaları üçün demokratik standartlar əsasında əlverişli şəraitin yaradılmasında görür. Bütün bunlar hüquqi və demokratik proseslər çərçivəsində, erməni və azərbaycanlı icmalarının birbaşa və bərabər şəkildə iştirakı ilə Dağlıq Qarabağın Azərbaycanın daxilində özünüidarəetmə hüquqi statusunun müəyyən edilməsi üçün əlverişli şərait yarada bilər.
Azərbaycanın cəmiyyətin demokratikləşdirilməsi və insan hüquqlarının qorunması, dəstəklənməsi yolunda mühüm addımlar atan ölkə olduğunu qeyd edən E.Məmmədyarov bildirmişdir ki, ölkəmizdə aparılan islahatlar nəticəsində məhkəmə və qanun sahəsinin inkişaf etdirilməsində daha çox uğur əldə olunmuşdur. Yeni, xüsusən də gənc nəslin nümayəndələri olan hakimlər, yeni məhkəmə binaları, keçirilən treninq və seminarlar, müasir penitensiar xidmətlər və s. bu göstəricilərin yalnız bir hissəsidir.
Nazir vurğulamışdır ki, Avropa Şurasının, o cümlədən Venesiya Komissiyasının, Avropa İttifaqının və ATƏT kimi digər beynəlxalq tərəfdaşların dəstəyi ilə Ədliyyə Nazirliyi, Baş Prokurorluq və Azərbaycanın məhkəmə strukturları ilə bir sıra proqramlar da həyata keçirilməkdədir. Bu, insan hüquq və azadlıqlarına dəstək verir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında