İranın Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirilmişdir

Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının bir qrup fəalı mayın 11-də İran İslam Respublikasının Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçirmişdir.
Mayın 8-də Azərbaycanın Təbrizdəki konsulluğunun binası qarşısında təşkil olunmuş piketə cavab olaraq keçirilən aksiyada 500-dən çox gənc iştirak etmiş, İranda bəzi antiazərbaycan qüvvələrinin ölkəmizə qarşı apardığı çirkin siyasəti qətiyyətlə pisləmiş, kəskin etirazlarını bildirmişlər.
Demokratik, dünyəvi dövlət olan Azərbaycan Respublikasına qarşı təhdidlərin, təxribatların yolverilməz olduğunu vurğulayan gənclər İran hakimiyyətinə etiraz bildirən şüarlar səsləndirmişlər. Aksiya iştirakçıları bildirmişlər ki, İranın Azərbaycana qarşı bu cür münasibəti yolverilməzdir.
Aksiyada qeyd olunmuşdur ki, İslam həmrəyliyindən, dini təəssübkeşlikdən dəm vuran qüvvələr yalan və iftiralarla Azərbaycanın beynəlxalq aləmdə gündən-günə artan nüfuzuna xələl gətirə bilməyəcəklər. İndi Azərbaycanın səsi dünyanın ən mötəbər qurumlarının tribunalarından eşidilir. Azərbaycan Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının üzvüdür, hazırda bu quruma sədrlik edir. Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatdır. Azərbaycan dünyanın 20 güclü dövlətinin (G-20) sammitində iştirak etmək üçün dəvət alır. Azərbaycan bölgənin inkişafına töhfələr verən regional layihələri reallaşdırır. Azərbaycanın xarici siyasətində qonşuları, o cümlədən İran ilə sülh və mehribanlıq şəraitində yaşamaq prioritet təşkil edir. Azərbaycan da qonşularından özünə qarşı bu cür münasibət gözləyir.
Gənclər bildirmişlər ki, Azərbaycan dövlətinə qarşı həqarətlər yağdırılmasını, dövlət atributlarının təhqirini, ölkəmizin rəhbərliyinin ünvanına İranın bəzi din xadimləri tərəfindən təhqiramiz ifadələr işlədilməsini, rəsmi Bakı ilə ultimativ dildə danışılmasını, dövlətçiliyimizin təhdid edilməsini qətiyyətlə pisləyir, bu cür hərəkətlərə son qoyulmasını tələb edirik.
Aksiyada xüsusi vurğulanmışdır ki, dəfələrlə rəsmi səviyyədə Azərbaycan ərazisindən İran dövlətinə qarşı hər hansı təcavüzə yol verilməyəcəyinin bəyan edilməsinə baxmayaraq, Təbrizdə ölkəmizin əleyhinə toplantı keçirib əsassız tələblər irəli sürmək, radikal çağırışlar səsləndirmək qərəz və məkrdən başqa bir şey deyildir. İslami həmrəylikdən, qardaşlıqdan dəm vuran İranın din xadimlərinin bu cür hərəkətləri birmənalı olaraq Azərbaycanda sabitliyin pozulmasına yönəlmişdir. Onlar hansı İslami həmrəylikdən danışırlar ki, bir milyondan artıq din qardaşları 20 ildir ki, İranın davamlı olaraq maddi və mənəvi dəstək göstərdiyi təcavüzkar Ermənistan tərəfindən doğma yurd-yuvalarından didərgin salınmışlar, yüzlərlə İslam məbədgahı erməni vandallar tərəfindən dağıdılmış və talan edilmişdir. Bütün bunlar sübut edir ki, İranda Azərbaycana qarşı bu cür aksiyalar heç də dini təəssübkeşlik mahiyyəti daşımır, ədavətə, təhrikçiliyə, milli mənəvi dəyərlərimizə hörmətsizliyə xidmət edir. İranda Azərbaycana qarşı çıxış edən qüvvələrin məntiqə və bölgəmizin siyasi reallıqlarına sığmayan hərəkətləri sonda bu dövlətin özünə ziyan gətirəcəkdir.
Heç bir insidentin baş vermədiyi aksiyanın sonunda gənclər qətnamə oxudular. İranın Azərbaycana qarşı qərəzli mövqe tutmasının, təcavüzkar Ermənistanla dostluq əlaqələri qurmasının, İranda yaşayan 30 milyonluq azərbaycanlıya qarşı mədəni soyqırımının həyata keçirilməsinin qətiyyətlə pisləndiyi qətnamədə deyilir: "İran hakimiyyəti Azərbaycanın əldə etdiyi uğurları görmək istəmir. İndiyə qədər bir dəfə də olsun Qarabağda ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımını dilinə gətirməyən İran rəsmiləri Ermənistana səfərləri zamanı qondarma "erməni soyqırımı" abidəsinin qarşısına əklil qoyurlar. Biz Azərbaycan gəncləri ölkəmizdə İranın təxribatlarına yol verməyəcəyik".
Aksiya iştirakçıları Azərbaycanın dövlət himnini oxuyaraq ərazini tərk etmişlər.

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında