Mayın 10-da ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da geniş qeyd edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov xalqımızın böyük oğlu, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül qoymuş, ulu öndərin xatirəsini ehtiramla yad etmişdir.
Azərbaycan Respublikasının dövlət himni səslənmişdir.
Nazirlik, komitə, baş idarə və müəssisələrin rəhbərləri, hərbi hissələrin komandirləri, elm, təhsil müəssisələrinin və ictimaiyyətin nümayəndələri də abidə önünə tər güllər düzmüşlər.
Bildirilmişdir ki, ümummilli liderimiz Heydər Əliyevin çətin, məsuliyyətli, lakin şərəfli və mənalı ömür yolu, zəngin ictimai-siyasi fəaliyyəti müstəqil Azərbaycanın bütün vətəndaşları üçün əsl həyat məktəbi, xalqa və dövlətçilik ideallarına sədaqət və məhəbbətin parlaq nümunəsidir. Ulu öndərimiz Azərbaycan dövlətinin, xalqımızın tərəqqi və inkişaf yolunu böyük uzaqgörənliklə müəyyənləşdirmiş, azərbaycançılığın, milli ruhun və milli ideologiyanın yüksəlişinə təkan vermişdir. Xalqımız qarşısında müstəsna xidmətlərinə görə dahi şəxsiyyət hələ sağlığında hər bir azərbaycanlının qəlbində özünə əbədi abidə ucaltmış, Azərbaycan xalqının ümummilli lideri adını qazanmışdır.
Müdriklərin belə bir kəlamı var: "Dövlətlərin tarixi əslində onları yaradan şəxsiyyətlərin tərcümeyi-halıdır". Bu mənada ulu öndər Heydər Əliyevin tərcümeyi-halını vərəqləsək, orada yalnız bir məqsəd, bir amal görmək mümkündür: Azərbaycan naminə çalışmaq, Azərbaycan xalqının xoşbəxtliyi naminə fəaliyyət göstərmək.
Azərbaycanda 1969-cu il iyulun 14-dən başlanan Heydər Əliyev idarəçilik fəlsəfəsinin əsas ideya-siyasi istiqamətini xalqın tarixi yaddaşının bərpası, sürətli inkişaf strategiyasının gerçəkləşməsi kimi mühüm amillər təşkil etmişdir. O, dahiyanə uzaqgörənliklə ölkənin uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks proqramın həyata keçirilməsinə nail olmuş, respublikanın böyük şəhərlərindən tutmuş ən ucqar dağlıq rayonlarını da əhatə etməklə çoxlu sayda zavod, fabrik, istehsal sahələri tikilib istifadəyə verilmiş, yeni iş yerləri açılmış, əhalinin sosial-məişət şəraiti xeyli yaxşılaşmışdır.
Bu inkişaf və tərəqqi salnaməsinin yazıldığı illər ötən əsrin 90-cı illərinin əvvəllərində öz yerini dağıdıcılıq, təsərrüfatsızlıq dövrünə buraxmışdı. Həmin dövrdə cərəyan edən ölkədaxili və regional siyasi proseslər Azərbaycanı uçurumun bir addımlığına gətirib çıxarmış, Ermənistanın əsassız torpaq iddialarına rəvac vermişdi. Belə bir şəraitdə ulu öndərin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı tarixi zərurətə çevrilmişdi. Çünki xalqımız qəti əmin idi ki, ölkəni düşdüyü ağır siyasi böhrandan çıxarmağın, torpaqları itirmək təhlükəsindən xilas etməyin bir yolu var: o da ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışıdır.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi 10 il ərzində ölkənin beynəlxalq aləmdə nüfuzu yüksəlmiş, bütün sahələrdə böyük uğurlar qazanılmışdı.
Bu dövrdə Naxçıvanda da yeni inkişaf erası başlanmışdı. Muxtar respublikamızda Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi nəticəsində əsl intibaha nail olunmuşdur. Ümummilli liderimiz deyirdi: "Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin". Bu gün Heydər Əliyev yolu ilə gedərək gündən-günə inkişaf edən, tərəqqiyə qovuşan Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında əldə olunan bütün nailiyyətlərdə ümummilli liderimizin işi və əməlləri yaşayır. Zaman etibarilə o qədər də böyük olmayan bu dövrdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatı dinamik inkişaf etmiş, sosial proqramlar qəbul edilərək icra olunmuş, bir sözlə, ulu öndərin arzuları gerçəkləşdirilərək inkişafın "Naxçıvan modeli" yaradılmışdır.
Tədbir iştirakçıları Heydər Əliyev muzeyinə gələrək Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin həyat yolunu, çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxmışlar.
Heydər Əliyev muzeyi ulu öndərin həyat və fəaliyyətinin, siyasi nəzəri irsinin, azərbaycançılıq ideologiyasının öyrənilməsi, təbliği və gələcək nəsillərə çatdırılması kimi şərəfli missiyanı yerinə yetirir. Muzeydə nümayiş etdirilən eksponatlar ulu öndərin ictimai-siyasi fəaliyyətini, keçdiyi şərəfli həyat yolunu özündə əks etdirən kitab, qəzet və jurnallardan, 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və Ali Məclisin sədri kimi işləyib hazırladığı, qəbul etdiyi tarixi qərar və sərəncamlardan, imzalanmış protokol və müqavilələrdən, məktub və teleqramlardan, istifadə etdiyi xatirə əşyalarından, çəkilmiş portretlərdən, tarixi fotolardan və sənədli filmlərdən ibarətdir. Muzeyin fondunda 4154 eksponat toplanmışdır ki, onların da əksəriyyəti ilk dəfə olaraq məhz burada nümayiş etdirilir.
Muzeydə kitabxana da fəaliyyət göstərir. Həmçinin muzey eksponatlarını internet vasitəsilə izləmək də mümkündür.
Xalqımız bütün varlığı ilə inanır ki, bu gün ölkədə həyata keçirilən siyasi xətt - Heydər Əliyev yolu Azərbaycanı daha böyük zəfərlərə qovuşduracaqdır. İndi ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi altında bu yolla inamla irəliləyir, regionda və beynəlxalq aləmdə böyük iqtisadi və siyasi uğurlara imza atır. Ötən ilin oktyabrında Azərbaycan Respublikasının 155 ölkənin dəstəyini alaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi ulu öndərimiz tərəfindən əsası qoyulan dövlətçilik ənənələrinin, daxili və xarici siyasi xəttin təntənəsinin daha bir göstəricisidir.
Həmin gün Naxçıvan Muxtar Respublikasının bütün rayon mərkəzlərində dahi rəhbər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə tədbirlər keçirilmiş, Heydər Əliyev mədəniyyət və istirahət parklarında konsertlər verilmiş, xalq gəzintiləri təşkil olunmuşdur.
{nl}
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.