"Dünən Azərbaycanın BMT Təhlükəsizlik Şurasına Prezident İlham Əliyevin sədrliyi ilə rəhbərliyi başladı və 1 ay müddətində Azərbaycan BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək.
Ondan sonra qrafikə müvafiq olaraq 2013-cü ilin sentyabr ayında Azərbaycan daha bir ay bu quruma sədrlik edəcək". APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov demişdir.Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasına üzv seçilmək və ona sədrlik etmək Azərbaycan üçün çox qürurverici bir haldır: "Biz bunu dünyanın Azərbaycana etimadı kimi qəbul edirik. Düşünürük ki, Azərbaycan ilk növbədə dünyanın etimadını doğrultmalıdır. Obyektiv şəkildə dünyanın qlobal məsələlərinin həllində iştirak etməli, dünyada baş verən hadisələrə obyektiv yanaşmalıyıq. Çalışmalıyıq ki, BMT dünyanın idarəçiliyində ən optimal yolları seçsin, beynəlxalq hüququn normalarına əməl etsin".
Ə.Həsənov demişdir ki, beynəlxalq hüququn pozulmuş normalarından biri də Dağlıq Qarabağ problemidir: "Azərbaycan 20 ilə yaxındır ki, bu istiqamətdə öz səylərini davam etdirir. BMT Təhlükəsizlik Şurasına üzv seçilmək və ona sədrlik etmək Azərbaycana əlavə imkan verir ki, Ermənistanın işğalına dair BMT-nin əməl olunmamış qətnamələrinə əməl edilməsi məsələsini qaldırsın və dünyada bundan sonra da bu tipli hallara yol verilməməsi üçün mexanizmlər qəbul olunsun".
* * *
"Biz bu düzəliş çərçivəsində ABŞ-dan heç bir maliyyə, iqtisadi yardım gözləmirik".
"Azərbaycan 20 ilə yaxındır, ABŞ-ın dövlət siyasətini həyata keçirən bütün instansiyalara çatdırmaq istəyir ki, bu məsələdə bizim haqqımız pozulub.
907-ci düzəliş ədalətsiz qərardır. Azərbaycan bu qərara layiq deyil. Bu, erməni lobbisinin təzyiqi ilə 1992-ci ildə Azərbaycana qarşı qəbul edilmiş qərardır və onu aradan qaldırmaq lazımdır". APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
Ə.Həsənov bildirib ki, bu qərarın ədalətsiz qəbul edildiyini Azərbaycan ötən dövr ərzində öz fəaliyyəti ilə də sübut edib: "Bütün dünyaya göstərmişik ki, Azərbaycan Ermənistanı blokadaya salmayıb, Ermənistan özü-özünü blokadaya salıb. Ermənistanla Azərbaycan arasında ərazini işğal eləyən Ermənistandır".
Bununla belə, şöbə müdiri hazırda rəsmi Bakı üçün 907-ci düzəlişin heç bir aktuallığının olmadığını qeyd edib: "Biz ABŞ-dan heç bir maliyyə, iqtisadi yardım gözləmirik. Buna ehtiyacımız da yoxdur. Azərbaycan ABŞ-la bərabər hüquqlu tərəfdaşdır. Əgər bu ölkənin siyasət planlaşma mərkəzləri hesab etsələr ki, bu düzəlişi aradan qaldırmaq bundan sonra ABŞ-ın maraqlarına cavab verir, qaldırarlar. Əks halda, biz bunun üzərinə getməyəcəyik. Bizim 907-ci düzəliş çərçivəsində ABŞ-dan hər hansı qrant almağa ehtiyacımız yoxdur".
***
"Azərbaycan bölgədə özünün siyasətini müəyyən etmişdir.
Bu, bloklara qoşulmamaq və neytral dövlət olaraq davam etmək siyasətidir. Amma bir dövlətin öz siyasətini müəyyən etməsi Quran ayəsi deyil ki, onu dəyişmək mümkün olmasın".
APA-nın xəbərinə görə, bunu Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə açıqlamasında bildirmişdir.
O qeyd etmişdir ki, hər bir dövlətin daxili və xarici siyasəti, onun prioritetlərinin müəyyən olunması xalqının milli maraqlarına, suveren dövlət maraqlarına və təhlükəsizlik maraqlarına uyğunlaşdırılmışdır: "Azərbaycanın hazırkı siyasəti öz maraqlarına uyğun şəkildə bölgədə tarazlı, neytral siyasət yürütmək, qarşı duran bloklara qoşulmamaq, Azərbaycanı və Cənubi Qafqazı qarşıdurma bölgəsi kimi deyil, əməkdaşlıq, tərəfdaşlıq bölgəsi kimi görməkdir və bu istiqamətdə də ölkəmiz siyasətini davam etdirir".
Bununla belə, Ə.Həsənov Azərbaycanın gələcəkdə hansısa bloka qoşulacağını istisna etmir: "Gələcəkdə hesab etsək ki, hansısa bloka qoşulmaq doğrudan da Azərbaycanın həm müstəqilliyinə, suveren dövlət hüquqlarının bərpasına, ərazi bütövlüyünün bərpa olunmasına, onun gələcək təhlükəsizliyinin təmin olunmasına xidmət göstərəcək, Azərbaycan dövləti, Azərbaycan xalqı və Azərbaycan xalqının siyasətini müəyyən edən qurumlar mütləq şəkildə buna baxacaqlar".
* * *
"Təəssüflər olsun ki, son vaxtlar Qərb mətbuatında Azərbaycanın həddən artıq qeyri-demokratik, siyasi plüralizmin olmadığı, insan hüquqlarının pozulduğu, mətbuat, söz azadlığının təzyiq altında olduğu barədə rəy yaradılır. Mayın 2-də bununla bağlı Cenevrədə çox ciddi müzakirələr keçirdik".
Bu fikri jurnalistlərə açıqlamasında Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov demişdir. Onun sözlərinə görə, Avropa Yayım Birliyinə Azərbaycana təzyiqlər göstərməklə bağlı çox ciddi basqılar var: "Bununla istəyirlər ki, illərlə-aylarla xarici təşkilatların, daxildə bəzi qüvvələrin, siyasi partiyaların, QHT-lərin, jurnalistlərin Azərbaycanla bağlı təzyiqlərinin reallaşmasına yardım göstərilsin, Azərbaycana təzyiq göstərərək, bu və digər məsələlərdə onu güzəştə sövq etmək mümkün olsun".
Ə.Həsənov bildirmişdir ki, Cenevrədə çıxışları zamanı tədbir iştirakçılarını Azərbaycanda söz-mətbuat azadlığının, vətəndaş cəmiyyətinin, insan hüquqlarının vəziyyətinin Avropa ölkələrinin heç birindən geridə olmadığına inandırmağa çalışmışdır: "Lakin bəzi hallar var ki, heç bir cəmiyyət onlardan sığortalanmayıb. Belə hallara qarşı mübarizə aparmaqda Azərbaycan hakimiyyəti də qərarlıdır, mübarizə aparır, bundan sonra da aparacaq. Dünyanın hər yerində qətlə yetirilən və təzyiq göstərilən jurnalistlər var, amma dövlətin iradəsi demokratiya, insan haqlarına istiqamətlənibsə, bu dövlətdə söz-mətbuat azadlığının vəziyyəti normal olmalıdır".
Cenevrədə ümumi qənaət ondan ibarət olmuşdur ki, Azərbaycanda keçiriləcək "Eurovision" yarışması siyasiləşdirilməsin, bu müsabiqə hansısa proseslə əlaqələndirilməsin: "Azərbaycan hakimiyyəti də söz verir ki, "Eurovision"u işıqlandırmaq üçün ölkəyə gələn bütün jurnalistlərə normal şərait yaradacaq. Burada söz, mətbuat azadlığı necə təmin olunubsa, bundan sonra da təmin olunacaq. Bundan sonra da Azərbaycan hakimiyyəti qərb ölkələri ilə qarşılıqlı əməkdaşlığı davam etdirəcək. Eyni zamanda, jurnalistlərin peşəkarlığının artırılması istiqamətində də səylərimizi davam etdirəcəyik".
* * *
APA-nın məlumatına görə, Prezident Administrasiyasının ictimai- siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirmişdir ki, Azərbaycan müxalifəti Azərbaycan cəmiyyətinin ayrılmaz tərkib hissəsidir, ictimai institutdur: "Burada təmsil olunan insanlar yüksək səviyyəli dövlət siyasətinə, Azərbaycanı idarə etməyə iddialıdırlar. Burada qəbul edilən qərarlar da Azərbaycan dövlətinə və onun yürütdüyü dövlət siyasətinə adekvat olmalıdır".
Ə.Həsənov hər şeyin qanun çərçivəsində olmasına tərəfdar olduğunu söyləmişdir: "Müxalifətin qanun çərçivəsində olan istənilən addımı bizim üçün məqbuldur, qəbulolunandır. Qeyri-qanuni istənilən addımları isə məqbul deyil. Bizim funksiyamız qeyri-qanuni addımların qarşısını almaqdan ibarətdir".
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.