Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi BMT Təhlükəsizlik Şurasında sədrliyin ölkəmizə keçməsi ilə bağlı bəyanat yaymışdır

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) mayın 1-dən BMT Təhlükəsizlik Şurasında sədrliyin Azərbaycana keçməsi ilə bağlı bəyanat yaymışdır.
XİN-in mətbuat xidmətindən daxil olmuş bəyanatda bildirilir: "Azərbaycan 2011-ci il oktyabrın 24-də böyük diplomatik uğura imza ataraq, BMT Təhlükəsizlik Şurasına 2012-2013-cü illər üçün qeyri-daimi üzv seçilmişdir. Yüksək rəqabət şəraitində keçən 17 turdan sonra ölkəmiz beynəlxalq ictimaiyyətin etimadını qazanaraq, BMT-nin 155 üzv dövlətinin dəstəyini əldə edə bilmişdir.
Müstəqilliyimizin 20 illiyinə təsadüf edən bu qələbəmiz ölkəmizin qısa müddət ərzində balanslaşdırılmış, çoxşaxəli və məqsədyönlü xarici siyasətinin həyata keçirilməsi nəticəsində əldə etdiyi yüksək nailiyyətlərinin əsl göstəricisidir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi onun həm regionda, həm də beynəlxalq arenada artan nüfuzunun, dünyada cərəyan edən beynəlxalq proseslərdə yaxından iştirakının və eyni zamanda, sülhün və əmin-amanlığın bərpa edilməsinə verdiyi töhfəsinin bariz nümunəsidir.
Bu gündən etibarən Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olaraq bir ay müddətinə bu mötəbər quruma sədrlik edəcəkdir. Sədrlik müddəti ərzində Azərbaycan Yaxın Şərq, Afrika və Balkan regionlarında cərəyan edən proseslər, o cümlədən dünya ictimaiyyətinin diqqət mərkəzində olan sülh və beynəlxalq təhlükəsizlik, terrorizmə qarşı mübarizə və münaqişələrin həll edilməsi kimi digər qlobal əhəmiyyətli məsələləri Təhlükəsizlik Şurasının gündəliyi çərçivəsində müzakirələrə çıxaracaqdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi "Biz Təhlükəsizlik Şurasında, ilk növbədə, beynəlxalq hüququ və ədaləti müdafiə edəcəyik və müdafiə edirik".
Təhlükəsizlik Şurasının sədri olaraq, terrordan əziyyət çəkmiş bir ölkə kimi Azərbaycan "Terror aktları ilə beynəlxalq sülh və təhlükəsizliyə yaradılan təhdidlər" mövzusunda yüksək səviyyəli iclas keçirməyi planlaşdırır. Bununla yanaşı, Azərbaycan Təhlükəsizlik Şurasındakı sədrliyi müddətində beynəlxalq ictimaiyyətin qarşısında duran əsas problemlərin müzakirələrə çıxarılması məqsədilə müxtəlif məsələlərlə bağlı iclasların keçirilməsini planlaşdırır".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında