Müstəqilliyinin iyirmi birinci ilini yaşayan Azərbaycanda son on beş ildə möhtəşəm işlər görülüb. Ölkənin sosial-iqtisadi inkişafı ildən-ilə sürətlənir. Həyata keçirilən bütün makroiqtisadi tədbirlər ciddi nəzarət altında olduğu üçün dünyada cövlan edən maliyyə böhranı respublikamızda bir o qədər də hiss olunmur. Bunu 2012-ci ilin birinci rübünün sosial-iqtisadi göstəriciləri də təsdiqləyir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə aprelin 16-da keçirilmiş Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısı qeyd etmişdir ki, ölkəmizdə bütün istiqamətlərdə işlər plan üzrə, proqramlar üzrə gedir. Dövlət İnvestisiya Proqramı icra edilir və çalışmaq lazımdır ki, ilin sonuna qədər tam şəkildə icra edilsin. İndi son illərin reallıqları bundan ibarətdir ki, biz bəzi hallarda Dövlət İnvestisiya Proqramını tam şəkildə icra edə bilmirik. Çünki bəzi hallarda vəsait bizim texniki imkanlardan artıqdır. Yaxud da ki, bəzi hallarda müvafiq nazirliklər və dövlət qurumlarının hökumətə verdikləri sifarişlər o qədər böyük olur ki, onların icrasını il ərzində təmin edə bilmirlər. Biz buna da diqqət yetirməliyik. Real sifarişlər verilməlidir. Hər bir nazirlik, hər bir dövlət qurumu öz imkanlarını ölçüb-biçməlidir, qeyri-real təkliflər verməməlidir. Hər bir qurum, hər bir nazirlik istəyir ki, onun sahəsində daha da sürətli işlər getsin və beləliklə, Dövlət İnvestisiya Proqramı formalaşdıqda daha da böyük təkliflər irəli sürürlər. Ancaq bu təkliflər reallıqlara əsaslanmalıdır.
Həmişə olduğu kimi, yenə də Prezident İlham Əliyev əhalinin sosial problemlərinin həllinə geniş yer ayırdı. Qeyd olundu ki, birinci rübdə sosial məsələlərin həllində vacib addımlar atılmışdır. Bu sahə daim diqqət mərkəzindədir. Azərbaycanın siyasətinin mərkəzində insan amili dayanır. Sosial məsələlərin həlli üçün bundan sonra da səylərimizi əsirgəməyəcəyik.
Birinci rübdə sovet dövründən qalan əmanətlərin qaytarılması təşəbbüsü irəli sürülmüşdür. Bu, çox ədalətli və müsbət təşəbbüsdür. Respublika rəhbərinin fikrincə, müstəqil Azərbaycan dövləti sovet dövründə yığılan əmanətlərə cavabdehlik, məsuliyyət daşımır. Buna baxmayaraq, Azərbaycan dövlətinin güclü sosial siyasətini və insan amilinin diqqət mərkəzində olduğunu bir daha nəzərə alaraq qərar verildi və Prezident tərəfindən sərəncam imzalandı ki, batmış əmanətlərə görə kompensasiya ödənilsin. Deyə bilərəm ki, bu, çox əhəmiyyətli kompensasiyadır. Postsovet məkanında bir neçə ölkədə buna oxşar təşəbbüslər irəli sürülmüşdür. Ancaq Azərbaycandan başqa heç bir yerdə cəmi iki il ərzində bu məbləğ qaytarılmayıb. Hökumət kompensasiya üçün təxminən bir milyard manat həcmində vəsait nəzərdə tutub və iki il ərzində bu vəsaitin insanlara verilməsi prosesi təşkil edilməlidir.
Ancaq fakt budur ki, heç bir yerdə bizim qədər yüksək əmsal tətbiq edilmir. Müqayisə üçün deyə bilərik ki, bizdə bu barədə kifayət qədər məlumatlar verilmişdir, mətbuatda da dərc edilmişdir. Bir daha xatırlatmaq istəyirəm ki, hələ 1992-ci ildə milli valyutaya keçid dövründə on sovet rublu bir Azərbaycan manatı nisbətində əvəz olunmuşdur - birə on. 2006-cı il yanvarın 1-də manatın denominasiyası həyata keçirilmişdir. Beləliklə, beş min Azərbaycan manatı - köhnə manat bir yeni manata bərabər olmuşdur. Buna baxmayaraq, hazırda min rublu olan əmanətçiyə 150 manat, yaxud da ki, 180 dollara yaxın kompensasiya ödənilir. İki min rublu olan 300 manat, yaxud da ki, 400 dollar alacaqdır. Bu cədvəli davam etdirmək olar. Yəni, bu, özlüyündə onu göstərir ki, ən yüksək əmsal və ən qısa dövr Azərbaycandadır. Bu, bir daha Azərbaycan dövlətinin həmin məsələyə nə qədər həssas olduğunu göstərir. Azərbaycan vətəndaşları bu təşəbbüsü alqışlayırlar. Əlbəttə ki, bunun insanların yaşayış səviyyəsinə müsbət təsiri olacaqdır. Bir də ki, biz bir növ ədaləti bərpa edirik. Bütövlükdə, sovet dövründə 2 milyon 400 şəxsi hesab olmuşdur. İndi bizi böyük texniki işlər gözləyir ki, bu vəsait vaxtında və tam dəqiqliklə verilsin. Müzakirələrdə çıxış edən natiqlər də insan amilindən, sosial məsələlərin vaxtında həll edilməsindən danışaraq konkret faktlar göstərdilər. Vergilər naziri Fazil Məmmədov dedi ki, bu ilin birinci rübü ərzində Azərbaycan iqtisadiyyatının inkişaf tendensiyasının davamı nəticəsində ümumi daxili məhsulun həcminin artımı ilə yanaşı, qeyri-neft sektorunda 7,7 faizlik artıma nail olunmuş, ölkədə muzdla işləyənlərin orta aylıq əməkhaqqı ötən ilin müvafiq dövrünə nisbətən 8,5 faiz yüksələrək 368,5 manat, əhalinin gəlirləri 13,9 faiz artaraq 7 milyard 231,6 milyon manat təşkil etmiş, hər nəfərə düşən gəlirlər isə 12,3 faiz artmışdır. Milli valyutanın sabit kursunun saxlanılması və əhalinin ümumi gəlirlərinin yüksəlməsi fonunda inflyasiyanın cəmi 3,1 faiz təşkil etməsi hesabat rübündə banklara qoyulan əmanətlərin həcminin 4,3 faiz artmasına səbəb olmuşdur.
Azərbaycan vətəndaşlarının keçmiş SSRİ Əmanət Bankında olan əmanətlərinin fərdi qaydada birdəfəlik ödəmələr şəklində qaytarılması üçün möhtərəm Prezidentin imzaladığı fərman hesabat dövrünün ən mühüm hadisələrindən biridir. Bu fərman xalqımızın rifah halının yüksəldilməsinə xidmət edən dövlət siyasətinin bariz nümunəsidir. Fərmanın icrası üçün ilkin olaraq 1 milyard manata yaxın vəsait nəzərdə tutulur ki, bu da 2 milyon 400 min şəxsi əhatə edəcəkdir. Səhiyyə naziri Oqtay Şirəliyev isə çıxışında qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən strateji siyasəti sayəsində ölkəmiz öz tarixinin qüdrətlənmə və xalqa qayğı illərini yaşayır.
İnsanların sağlamlığının qorunması dövlət başçısının daim diqqət mərkəzindədir, bu istiqamətdə mühüm addımlar atılmışdır.
İldən-ilə səhiyyəyə ayrılan büdcə vəsaitinin və yatırılan investisiyaların artırılması, Azərbaycan Prezidentinin Ehtiyat Fondundan verilən vəsait səhiyyənin ən aktual problemlərinin həlli üçün geniş imkanlar açır. Belə ki, son bir neçə ildə ölkəmizdə 417 səhiyyə müəssisəsində tikinti və yenidənqurma işləri aparılmış, onlar müasir tibbi avadanlıq və cihazlarla təchiz olunmuşdur. Xüsusilə əlamətdardır ki, onların böyük bir qismi dövlət rəhbərinin bilavasitə iştirakı və xeyir-duası ilə açılıb istifadəyə verilmişdir.
Yeni səhiyyə ocaqlarının yaradılması prosesi bu il də davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına hazırda Bakı şəhərində müasir çoxprofilli klinikanın - Bakı Sağlamlıq Mərkəzinin, Respublika Uşaq Vərəm Xəstəlikləri Sanatoriyasının, Ağsu və Yevlax rayonlarında yeni xəstəxanaların tikintisi gedir.
Səhiyyə sahəsində qəbul edilmiş dövlət proqramları da uğurla icra olunur. Onların arasında ana və uşaq sağlamlığı üzrə proqram xüsusi əhəmiyyət daşıyır. Perinatal mərkəzlərin yaradılması, doğuşayardım xidmətinin təkmilləşdirilməsi, əcnəbi mütəxəssislərin iştirakı ilə keçirilən təlimlərin nəticəsi olaraq ölkədə uşaq və ana ölümü göstəriciləri son illərdə dinamik şəkildə ilbəil azalır. 2006-cı illə müqayisədə 2011-ci ildə ölkəmizdə ana ölümü əmsalı 34,2-dən 15,2-yə enmiş, uşaq ölümü göstəricisi 12,7-dən 10,8-dək azalmışdır.
Dövlət proqramları çərçivəsində səhiyyənin strateji əhəmiyyətli sahələrindən olan donor qanı ilə təminat və qanın təhlükəsizliyi məsələlərinə də böyük diqqət yetirilir. Qan xidmətinin strukturunun təkmilləşdirilməsi, səkkiz regional qan bankının yaradılması, ölkə başçısının xüsusi sərəncamı ilə bu xidmətdə çalışan işçilərin əməkhaqlarının iki dəfə artırılması ümumilikdə bu sahənin inkişafına xidmət edəcəkdir.
Məhz belə tədbirlərin nəticəsidir ki, ölkəmizdə müalicəsi mümkün olmayan bir çox mürəkkəb xəstəliklər bu gün dövlət klinikalarında müalicə edilir. Son illərədək Azərbaycanda ürək əməliyyatları yalnız ödənişli əsaslarla, Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə xaricdən dəvət edilən mütəxəssislər tərəfindən həyata keçirilirdi. İndi isə Uşaq Kardiocərrahiyyə Mərkəzində öz həkimlərimiz hətta körpə uşaqlar üzərində çox çətin kardiocərrahiyyə əməliyyatları aparırlar.
Yeri gəlmişkən, bir məsələni də qeyd etmək lazımdır. Vaxtilə Bakı keçmiş SSRİ-də böyrəkköçürmə əməliyyatlarının həyata keçirildiyi ilk şəhərlərdən biri olub. İndi çox böyük fasilədən sonra Azərbaycanda dövlət xəstəxanalarında yerli mütəxəssislər tərəfindən orqan transplantasiyası üzrə uğurlu əməliyyatlar aparılır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yığıncağı yekunlaşdırarkən demişdir:
- İkinci rüb ilə bağlı bütün vəzifələr bəllidir, bütün göstərişlər verilibdir, bütün proqramlar vardır. Makroiqtisadi sabitlik qorunmalıdır, 3,1 faiz inflyasiya bayaq dediyim kimi, yaxşı göstəricidir. Çalışmalıyıq ki, inflyasiyanı ilin sonuna qədər birrəqəmli səviyyədə saxlayaq. Əlbəttə, əhalinin pul gəlirləri daim inflyasiyadan üstün olmalıdır.
Nəzərə alsaq ki, bu il və gələn il əmanətlərin qaytarılması prosesi aparılacaqdır, əlbəttə, inflyasiyaya daha da böyük təkan verə biləcək amillər də olacaqdır. Əlavə yükdür, 1 milyard manata yaxın vəsait dövriyyəyə buraxılacaqdır. Elə etməliyik ki, istehsal qiymətlərinə nəzarət daha da güclü olsun. Bu nəzarət güclənir, istehsal qiymətlərinin səviyyəsi, demək olar ki, sabitdir. Hətta ənənəvi bayramlarımız ərəfəsində də bizim müvafiq qurumlar çalışırlar ki, qiymətləri sabit saxlasınlar. Çünki əvvəlki illərdə bayram ərəfəsində qiymətlər qaldırılırdı və bayramdan sonra da qiymətlər enmirdi. Beləliklə, hər il ildə iki dəfə - ən azı iki dəfə qiymətlər süni şəkildə şişirdilir. Biz bu xoşagəlməz meyillərlə ciddi mübarizə aparırıq və aparacağıq. Qiymətləri süni şəkildə şişirtmək istəyənlərə qarşı mübarizə daha da ciddi olmalıdır. Onlara qarşı cəza tədbirləri daha da təsirli olmalıdır.
{nl}
Telman ƏLİYEV, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.