Azərbaycanlı deputat: Avropa Şurasının üzvləri qaçqın və məcburi köçkünlərin əzab-əziyyətlərini anlamaq üçün özlərini onların yerində təsəvvür etməlidirlər

Avropa Şurası Parlament Assambleyası (AŞPA) yaz sessiyasının dördüncü iş günündə dinlənilən "Şimali Qafqaz regionunda qaçqın və məcburi köçkünlərim vəziyyəti" adlı məruzə deputatların geniş müzakirələrinə səbəb olmuş, bu kontekstdə Avropadakı qaçqınlıq faciəsinin ayrı-ayrı aspektləri nəzərdən keçirilmişdir. 
Yunanıstanlı deputat Nikolas Dendiasın hazırladığı həmin məruzə ilə bağlı müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov da çıxış etmiş və Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində yaranmış qaçqınlar və məcburi köçkünlər probleminin fəsadları barədə təfərrüatları avropalı deputatların diqqətinə çatdırmışdır.
R.Hüseynov Avropa Şurası üzvlərini ümumi sözlərdən əl çəkərək bu ağır problemin həlli üçün əməli kömək göstərməkdən ötrü hərəkətə gəlməyə, deputatları bir anlığa özlərini qaçqınların yerində təsəvvür etməyə çağıraraq demişdir: "Hər dəfə qaçqınlardan, məcburi köçkünlərdən söz açmaq, miqyasları böyük olan humanitar faciədən bəhs etmək deməkdir. Həm siyasi, həm fiziki cəhətdən dəyişən yeni dünyada son on illər içərisində qlobal fəlakətlər tez-tez baş verir. Haradasa sunami, haradasa zəlzələ, haradasa daşqınlar, haradasa yanğınlar olur və dünya dərhal onlara kömək etmək üçün tələsir. Çadırlar göndərirlər, geyim, yemək, dərman yollayırlar. Onlara kömək etməyi hər ölkə, hər xalq bir insanlıq borcu hesab edir. Lakin qaçqın həyatı həmin müxtəlif faciə və fəlakətlərin hamısını eyni anda yaşamağa bərabərdir. Ona görə də qaçqın və məcburi köçkünə bu cür sadə üsullarla yardım göstərməklə, hansısa maddi problemlərini həll etməklə onların yarasını sağaltmaq mümkün deyildir. Qaçqın və məcburi köçkünə çarə onu öz yurduna, öz doğma ev-eşiyinə qaytarmaqdır. Azərbaycan artıq 20 ildən çoxdur ki, bu fəlakətin bütün ağrılarını hər gün yaşayır. Ölkədə 1 milyondan çox qaçqın və məcburi köçkün vardır. Hazırda Azərbaycan əhalisinin ümumi sayı 9 milyondur. Demək, ölkədə hər 9 nəfərdən biri qaçqın və məcburi köçkündür. Ermənistan və ona havadarlıq edən qüvvələr 1980-ci illərin sonlarında tarixən Azərbaycana məxsus olmuş, amma sovet hakimiyyəti dövründəki inzibati bölgüdə Ermənistanın ərazisinə daxil edilmiş həmin torpaqlarda yığcam yaşayan 300 mindən artıq azərbaycanlını sərt qış günlərində qovaraq ölkədən çıxardılar. Minlərlə insan dağlarda soyuqdan donub öldü. Dünya bu fəlakətə vaxtında sərt reaksiya vermədi və nəticədə tədricən həmin faciəyə düçar olan azərbaycanlıların sayı 1 milyona çatdı.
Qaçqınlıq faciəsinin mahiyyətini duymaq, anlamaq üçün sadəcə bir anlığa özümüzü onların yerinə qoymağı bacarmalıyıq. Təsəvvür edin ki, sessiya bitir və biz öz ölkəmizə, öz şəhərimizə, öz evimizə qayıtmalıyıq və hər şeyimiz orada qaldığı halda ora geri dönə bilmirik, bizi ora buraxmırlar və biz həyatımızı sıfırdan başlamalı, bu yaşda hər şeyi yenidən qurmalıyıq. Əgər həqiqətən biz bunu təsəvvür edə, həmin faciəni xəyalən olsa belə yaşaya bilsəydik, heç vaxt qaçqınlar və məcburi köçkünlərlə bağlı ümumi sözlər danışmaz, onları düşdükləri bu vəziyyətdən xilas etmək üçün ciddi, əməli tədbirlər görərdik.
Ermənistan ərazisində yaşamış 300 mindən artıq azərbaycanlının orada tarixi abidələri vardı, yaşı 800-1000 ili ötən məzarları, yazılı daşları vardı. İndi Ermənistanda onlardan biri də qalmayıb. Ora tarixən Azərbaycan torpaqları olduğundan təbii ki, həmin həqiqət coğrafiyada da əksini tapmışdı. Erməni təcavüzü və azərbaycanlıların son deportasiyasına qədər nə qədər dəyişdirilmiş olsa da, 25-30 il bundan əvvəl Ermənistan ərazisində minlərlə Azərbaycan toponimi vardı. İndi biri də yoxdur. Hamısını rəsmən, dövlət səviyyəsində ləğv ediblər. Tarixi süni yolla dəyişmək mümkün deyil. O abidələrin də, o tarixi daşların da hamısının fotoları, təsvirləri alimlərin 30, 40, 50, 100 il əvvəl nəşr olunmuş əsərlərində qalır. XX əsrin əvvəllərində buraxılmış topoqrafik xəritələr arxivlərdə qalır və reallığı aydın göstərir.
Ermənistandan qovulmuş 300 mindən artıq insan və Azərbaycanda erməni təcavüzü nəticəsində məcburi köçkünə çevrilmiş 700 minə yaxın vətəndaş əsasən kənd rayonlarında məskunlaşmışdılar. Onlar torpağın dilini bilirdilər. 20 ildən artıqdır ki, onlarsız qalan bu torpaqlar əkilib-becərilmir, şoranlaşır, eroziyaya uğrayır. Həmin ərazilərdə yaşayaraq kənd təsərrüfatı vərdişlərini, təcrübələrini nəsil-nəsil ötürmək ənənəsi itir. Deməli, Ermənistanın Azərbaycana qarşı işğalı, dünyanın bütün digər yerlərindəki, o cümlədən Şimali Qafqazdakı oxşar faciələr, qaçqın və məcburi köçkün problemi yalnız keçmişə, bu günə vurulan zərbə deyil, gələcəyi də məhv edən dəhşətdir, tarixin içərisinə basdırılmış minadır. O mina gec-tez bizim hamımızı partladacaqdır.
Nə qədər ki, gec deyil, qaçqınları, məcburi köçkünləri və özümüzü xilas etmək üçün ümumi sözlərdən əl çəkərək əməli addımlar atmalıyıq!".
Azərbaycanlı deputatın qaldırdığı məsələlər sessiya iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.

{nl}

Əsgər ƏLİYEV, AzərTAc-ın xüsusi müxbiri
Strasburq


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında