Vaşinqtonda "Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 20 illiyi: nailiyyətlər və perspektivlər" mövzusunda ikigünlük konfrans keçirilmişdir.
Aprelin 26-da işini ABŞ paytaxtının tarixi "The Williard" mehmanxanasında "Gələcəyə baxış" devizi altında davam etdirən konfransı Oklahoma ştatının keçmiş dövlət katibi Süzen Savic açaraq, tədbirin mühüm əhəmiyyət kəsb etdiyini vurğulamış, ABŞ-Azərbaycan münasibətlərinin inkişaf yolundan söz açmışdır.
Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ABŞ ilə Azərbaycanın yalnız tərəfdaş deyil, əsl dostlar olduğunu deyərək qeyd etmişdir ki, konfransın başlıca məqsədlərindən biri mövcud dostluq münasibətlərinin inkişaf etdirilməsindən ibarətdir.
Missisipi ştatından olan senator Rocer Uilker iki ölkə arasında beynəlxalq təhlükəsizlik, o cümlədən enerji təhlükəsizliyi sahəsində yaranmış və möhkəmlənməkdə olan tərəfdaşlıq münasibətlərinin strateji əhəmiyyətini qeyd etmiş, Azərbaycanın qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələrdən danışmışdır.
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov konfransda Amerikanın yüksək səviyyəli ictimai və siyasi xadimlərinin iştirak etdiyini bildirmiş və onlara təşəkkürlərini çatdırmışdır. ABŞ ilə Azərbaycan arasında bir çox oxşarlıqların olduğunu deyən səfir bu amillər sırasında tolerantlığı xüsusi vurğulamışdır. O, ötən 20 ildə böyük əməkdaşlıq yolu keçildiyini qeyd etmiş, irəlidə daha böyük işlərin olduğunu vurğulamışdır.
Tennessi ştatından Konqres üzvü Stiv Koen Azərbaycanın yerləşdiyi bölgənin əhəmiyyətindən danışaraq, bu ölkənin mürəkkəb regionda ABŞ-ın mühüm müttəfiqinə çevrildiyini söyləmişdir.
Luizianadan olan konqresmen Bill Kassidi beynəlxalq təhlükəsizliyin əsasını təşkil edən enerji təhlükəsizliyi üzərində xüsusi dayanaraq, Azərbaycanın bu baxımdan geostrateji önəm kəsb etdiyini bildirmişdir.
Sonra Azərbaycan-ABŞ diplomatik əlaqələri tarixindən, Azərbaycanın müstəqillik yolunda mübarizəsindən, ölkənin son dövrdə əldə etdiyi uğurlardan bəhs edən film nümayiş olunmuşdur.
Konqresmen Ted Po bu tədbirdə iştirakdan məmnunluğunu bildirmiş və təmsil etdiyi Texas ştatının da Azərbaycan kimi, böyük neft tarixinə malik olduğunu nəzərə çatdırmışdır. Azərbaycanın XX əsrin əvvəllərində bölgəyə siyasi və iqtisadi azadlıqlar gətirdiyini qeyd edən konqresmen xalqımızın müstəqillik uğrunda mübarizə yolundan danışmış, ötən əsrin 90-cı illərində dövlət müstəqilliyinin bərpa olunduğunu xatırladaraq, həmin dövrdən ABŞ ilə siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin inkişaf etdirildiyini diqqətə çatdırmış, Azərbaycanı öz enerji resurslarından düzgün və səmərəli istifadə edən az ölkələrdən biri olduğunu vurğulamışdır. O, Azərbaycanın ABŞ ilə dost olduğunu sözdə deyil, əməldə sübut etdiyini vurğulayaraq, bunun özünü beynəlxalq təhlükəsizlik sahəsində əməkdaşlıqda əyani şəkildə göstərdiyini bildirmişdir.
Sonra konfrans işini sessiyalarla davam etdirmişdir.
ABŞ-ın Alman Marşal Fondunun bölgəmiz üzrə mütəxəssisi Coşua Uolkerin moderatorluğu ilə keçən "ABŞ-Azərbaycan tərəfdaşlığının iki onilliyi: 20 illik birgə fəaliyyətin dərsləri" adlanan birinci sessiyada Birləşmiş Ştatların dövlət katibinin Avrasiya məsələləri üzrə müavini Erik Rubin Azərbaycana iqtisadi uğurlarla yanaşı, demokratik islahatlar baxımından böyük önəm verildiyini deyərək ötən 20 ildə ikitərəfli münasibətlərdə əldə olunan uğurlardan danışmış, gələcək əməkdaşlıqla bağlı ABŞ tərəfindən böyük gözləntilərin olduğunu söyləmişdir.
Atlantik Şurasının Dini Patrisiu Avrasiya Mərkəzinin direktoru Ros Uilson Azərbaycanda ABŞ-ın səfiri vəzifəsində çalışdığı dövrdə Birləşmiş Ştatların ölkəmizlə bağlı həyata keçirdiyi humanitar proqramları xatırlatmış, eyni zamanda, 11 sentyabr hadisələrindən sonra Azərbaycanın ABŞ-a verdiyi dəstəkdən geniş söz açmış, bu dəstəyin mürəkkəb beynəlxalq münasibətlər dövründə əhəmiyyətini vurğulamışdır.
Azərbaycanın xarici işlər nazirinin müavini, respublikamızın ABŞ-dakı sabiq səfiri Hafiz Paşayev iki ölkə arasında diplomatik münasibətlərin ilkin dövrlərdə çətinliklərlə müşayiət olunduğundan danışmış, lakin ikitərəfli əlaqələrin bugünkü yüksək səviyyəyə çatacağına daim inandığını dilə gətirmişdir. Respublikamızın iqtisadi uğurlarından söz açan Hafiz Paşayev Azərbaycanın artıq xarici ölkələrdə sərmayə proqramları həyata keçirən dövlətə çevrildiyini məmnunluqla qeyd etmişdir. İraq və Əfqanıstandakı əməliyyatlar zamanı Azərbaycanın ABŞ-a böyük dəstək verdiyini söyləyən H.Paşayev təhlükəsizlik sahəsində iki dövlət arasında əlaqələri yüksək qiymətləndirmişdir. Ölkənin beynəlxalq münasibətlərdə əldə etdiyi uğurlardan bəhs edən diplomat Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini beynəlxalq birlik tərəfindən dövlətimizin əhəmiyyətinin təsdiqlənməsi kimi qiymətləndirmişdir. ABŞ-la Azərbaycan arasında münasibətlərin müttəfiqlik səviyyəsinə qalxdığını deyən H.Paşayev bunun ABŞ-dakı erməni lobbisinin təsirini xeyli azaltdığını da diqqətə çatdırmışdır. Rektoru olduğu Azərbaycan Diplomatik Akademiyasının fəaliyyəti haqqında məlumat verən H.Paşayev bu ali təhsil ocağının ABŞ-dan olan çox sayda professor və müəllimlərlə əməkdaşlıq etdiyini söyləmişdir.
Milli Təhlükəsizlik Şurasının Avropa və Asiya məsələləri üzrə direktoru və dövlət katibinin sabiq müavini Devid Merkel ABŞ ilə Azərbaycan arasındakı əlaqələrə kölgə salan "Azadlığa Dəstək Aktı"na 907-ci düzəliş barədə söz açaraq həmin layihənin qəbul edildiyi dövrdə konqresmenlərin Azərbaycanın yerləşdiyi bölgə haqqında məlumatlarının "utancverici" olduğunu demişdir. Çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan D.Merkel ATƏT-in Minsk qrupunun fəaliyyətinin səmərəliliyin artırılmasının və münaqişənin həllinin sürətləndirilməsinin vacibliyini söyləmişdir.
"Heritage" Fondunun baş tədqiqatçısı Ariel Koen Azərbaycanın ötən 20 ildə möhtəşəm uğurlar əldə etdiyini söyləmiş, son illərdə ümumi daxili məhsulun 3 dəfə artmasını xüsusi qeyd edərək bunu inanılmaz nailiyyət adlandırmışdır. Azərbaycan hərbçilərinin İraq və Əfqanıstanda aparılan əməliyyatlarda iştirakını vurğulayan A.Koen Dağlıq Qarabağ münaqişəsinin həllində ABŞ-ın ölkəmizə dəstəyinin vacibliyini qeyd etmişdir. Cənubi Qafqaz bölgəsinə fövqəldövlətlərin ciddi maraq göstərdiyini deyən A.Koen regionun ən vacib dövləti olan Azərbaycana ABŞ-ın dəstəyinin artırılmasının zəruriliyini vurğulamışdır. Enerji nəqli layihələrinin uğurla həyata keçirildiyini deyən A.Koen həmin layihələrin davamı olaraq "Transanadolu" və Mərkəzi Asiya enerji resurslarının Qərbə nəqli layihələrinin əhəmiyyətindən söz açmışdır. Eyni zamanda, əmin olduğunu bildirmişdir ki, Azərbaycanın iqtisadi nailiyyətləri yaxın gələcəkdə onun İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv olmasını mümkün edir.
Nyu-York ştatından konqresmen Qreqori Miks Azərbaycanın uğurlarının səbəblərini anlamaq üçün bu ölkəyə səfər etməyin vacibliyini bildirmişdir.
Arizonalı konqresmen Trent Franks da təhlükəsizlik sahəsində ABŞ-Azərbaycan əməkdaşlığından geniş bəhs etmişdir.
Konqresmen Qreq Harper təmsil etdiyi Missisipi ştatı ilə Azərbaycan arasında olan oxşarlıqlardan bəhs edərək enerji layihələri üzərində xüsusi olaraq dayanmışdır. Bu layihələrin yeni iş yerləri açdığını və qlobal enerji təhlükəsizliyinə töhfələr verdiyini bildirən konqresmen Azərbaycanın təkcə regionun deyil, bütün dünyanın iqtisadiyyatına müsbət təsir göstərdiyini demişdir.
Sonra məruzəçilər konfrans iştirakçılarının suallarını cavablandırmışlar.
Konfransın "ABŞ-Azərbaycan tərəfdaşlığının əsas aspektləri: Xəzər hövzəsində enerji təhlükəsizliyi" adlı ikinci sessiyanı açan moderator Ceymstaun Fondunun Avrasiya Proqramının baş tədqiqatçısı Vladimir Sokor Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin işləyib hazırladığı yeni neft strategiyasının ölkəyə qazandırdığı nailiyyətlərdən danışmışdır.
bp şirkətinin beynəlxalq məsələlər üzrə baş direktoru Qreq Senders Azərbaycanın enerji siyasətindən danışaraq qeyd etmişdir ki, əgər bir neçə il öncə bu siyasətin əsasında neft amili dayanırdısa, bu gün söhbət artıq təbii qazın hasilatı və ixracından gedir. O, hazırkı mürəkkəb beynəlxalq siyasi şəraitdə yeni qaz yataqlarının kəşf edilməsi, işlənilməsi, hasil olunması və ixracı istiqamətində Azərbaycanın mühüm rol oynadığını söyləmiş, bu prosesləri daim nəzarətində saxlayan Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyətini vurğulamışdır.
ABŞ Ordusu Kollecində Strateji Araşdırmalar İnstitutunun professoru, milli təhlükəsizlik sahəsində tanınmış mütəxəssis Stefen Blank Azərbaycanın mürəkkəb geosiyasi məkanda yerləşdiyini nəzərə çatdıraraq ölkənin təhlükəsizliyinə böyük önəm verilməli olduğunu söyləmişdir. O, Qafqazda təhlükəsizlik yaradılmadan Avropanın təhlükəsizliyindən danışmağın mümkünsüz olduğunu söyləmişdir. S.Blank demişdir: "Azərbaycan ABŞ-ın vacib müttəfiqidir. ABŞ-ın enerji təhlükəsizliyi məsələsində Azərbaycana ehtiyacı nə qədərdirsə, Azərbaycanın da təhlükəsizliyinin qorunmasında ABŞ-ın dəstəyinə ehtiyacı o qədərdir".
ARDNŞ-in vitse-prezidenti Elşad Nəsirov Azərbaycanın neft-qaz sənayesinin zəngin tarixə malik olduğunu söyləmiş, qeyd etmişdir ki, dünya neft sənayesinin mühüm mərhələləri ölkəmizlə bağlı olmuşdur. Daha sonra o, Azərbaycanın müasir enerji təhlükəsizliyi sistemində mühüm yer tutduğunu söyləmiş, son dövrdə həyata keçirilən uğurlu enerji ixracı layihələrindən danışaraq Avropa İttifaqı ilə enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın perspektivlərindən söz açmışdır. ABŞ və Azərbaycanın bir çox sahələrdə tərəfdaşlığından danışan E.Nəsirov bu dostluq və əməkdaşlığın uzunmüddətli olacağına inandığını demişdir.
Sessiya çərçivəsində müzakirələrə yekun vuran moderator V.Sokor Azərbaycanın bugünkü nailiyyətlərinin Prezident İlham Əliyevin sabitlik və qərbyönümlü siyasəti ilə sıx bağlı olduğunu vurğulamışdır.
Sonda dinləyicilərin sualları cavablandırılmışdır.
Konfransın üçüncü sessiyası "Tolerantlığın və mədəniyyətlərarası dialoqun inkişafı: Azərbaycan modeli" mövzusuna həsr edilmişdir.
Sessiyanı açan Çikaqonun Katolik İlahiyyat Universitetinin professoru Skot Aleksandr Azərbaycan xalqına xas olan etnik və dini tolerantlıq ənənələrindən danışmışdır. O, Azərbaycanın əsas dini icmalarının rəhbərlərinin konfransda iştirak etdiyini müsbət hal kimi qiymətləndirərək, onlara toplantıya qatıldıqlarına görə minnətdarlığını bildirmişdir.
Azərbaycan katolik icmasının rəhbəri Vladimir Fekete, Azərbaycan dağ yəhudiləri icmasının rəhbəri Milix Yevdayev, Azərbaycan Pravoslav Yeparxiyasının rəhbəri İşeyn Aleksandr çıxış edərək respublikamızda hökm sürən dini tolerantlıqdan söz açmış, insanların burada yüz illərlə dözümlülük şəraitində yaşayaraq milli və dini mədəniyyətlərini inkişaf etdiklərini, bunun dünya dövlətləri üçün nümunə olduğunu qeyd etmişlər. Dini icmaların rəhbərləri bunu Azərbaycanın ən böyük nailiyyətlərindən biri kimi qiymətləndirmişdilər.
Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə müstəqil Azərbaycanın bütün dinlərə eyni şəkildə diqqət göstərdiyini qeyd etməklə belə münasibətdən fəxr hissi duyduğunu söyləmişdir. Şeyxülislam Sovet İttifaqının süqutundan sonra Azərbaycanda müxtəlif etiqadlara aid məbədlərin sayının artdığını deyərək bunun ölkədə həyata keçirilən humanitar siyasətin uğurlarının bariz nümunəsi olduğunu bildirmişdir. A.Paşazadə demişdir ki, dünya dini liderləri forumunun Azərbaycanda keçirilməsi beynəlxalq birlik tərəfindən dövlətimizin bütün etiqadlara olan ehtiramının göstəricisidir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyindən danışan şeyxülislam problem aradan qalxandan sonra işğal edilmiş torpaqlarda yerləşən və dağıdılmış bütün dini məbədlərin bərpa olunacağını söyləmişdir.
Daha sonra sessiyada çıxış edən Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş oğul və qızlarımızın xatirəsini yad etmiş, onların arasında ölkədə yaşayan müxtəlif xalqların təmsilçilərinin olduğunu nəzərə çatdırmışdır. S.Seyidov Azərbaycanda hökm sürən milli və dini tolerantlığın dövlət siyasətinin ayrılmaz tərkib hissəsi olduğunu bildirmişdir.
Con Hopkins Universiteti Mərkəzi Asiya və Qafqaz Araşdırmaları İnstitutunun tədqiqatçı direktoru Svante Kornell də Azərbaycana xas olan etnik dözümlülükdən söz açaraq, ölkədə etnik mənsubiyyət anlayışından daha çox vətəndaş anlayışının inkişaf etdiyini məmnunluq hissi ilə vurğulamışdır.
Hayfa Universitetinin siyasi elmlər üzrə professoru Brenda Şaffer Azərbaycanın orada yaşayan xalqların hər birinin Vətəni olduğunu qeyd edərək, ölkəmizin üzləşdiyi müharibə ilə bağlı bütün itkilərə baxmayaraq, zor və terror yoluna əl atılmadığını vurğulamışdır. Xanım Şaffer ABŞ və Azərbaycan arasında dostluq münasibətlərini məmnuniyyətlə qeyd edərək Konqresi bu dostluq müqabilində erməni lobbisinin təzyiqi altında Azərbaycan və ABŞ maraqlarına zidd olan addımlar atmamağa çağırmışdır. Professor Şaffer, həmçinin ABŞ hakimiyyətini tezliklə Azərbaycana səfir göndərməyə çağırmışdır.
Milli Məclisin deputatı Asim Mollazadə Azərbaycanın bir çox sahələrdə "ilk"lərə imza atdığını deyərək bunun səbəblərinin tolerantlıqla da bağlı olduğunu söyləmişdir. Onun sözlərinə görə, Azərbaycanda böyük nailiyyətlər əldə edən müxtəlif etnik mənşələrə aid istedadlı insanlar digər ölkələrdən məhz oradakı etnik dözümsüzlük şəraitinə görə Azərbaycana gəlmişlər. Dünyəvi dövlətimizin dəyərlərinin köklərindən danışan A.Mollazadə bunun əsasının XX əsrin əvvəllərində Avropa və Rusiyanın ali təhsil ocaqlarına oxumağa göndərilmiş gənc azərbaycanlılar tərəfindən qoyulduğunu bildirmişdir. Ölkədəki qadın azadlıqlarına diqqəti cəlb edən deputat Azərbaycan və ABŞ icmalarına məxsus "çoxmədəniyyətlilik" anlayışının yaranma tarixinə nəzər salmışdır.
ABŞ Nümayəndələr Palatasının sabiq üzvü Maykl MakMahon isə Azərbaycanı "dini harmoniya ölkəsi" adlandırmış, ölkəmizlə yüksək səviyyəli əlaqələrin ABŞ-ın milli maraqlarına cavab verdiyini demişdir.
Konfrans çərçivəsində ziyafət təşkil edilmişdir. İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-ABŞ Hökumətlərarası Komissiyasının sədri, maliyyə naziri Samir Şərifov çıxış edərək, ötən 20 il ərzində ölkələrimiz arasında münasibətlərin inkişafından, əldə olunmuş uğurlardan və qarşıda duran vəzifələrdən danışmışdır. İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-ABŞ Hökumətlərarası Komissiyasının aprelin 18-də Vaşinqtonda keçirilmiş 3-cü iclası çərçivəsində geniş müzakirələr aparıldığını və yekunda aviasiya sahəsində qrant razılaşması imzalandığını diqqətə çatdıran nazir ABŞ ilə Azərbaycan arasında münasibətlərin inkişaf etdirilməsi üçün imkanların genişləndirilməsinin vacib olduğunu, bu baxımdan "Azadlığa dəstək Aktı"na edilmiş 907-ci düzəlişin strateji münasibətlərin ruhunu əks etdirmədiyini və əməkdaşlığa əngəl törətdiyini bildirmişdir. S.Şərifov, eyni zamanda, ABŞ Konqresi tərəfindən Dağlıq Qarabağa humanitar yardım ayrılmasının Birləşmiş Ştatların rəsmi mövqeyi ilə uzlaşmadığını vurğulamış, humanitar məqsədlə ayrılan yardımda birtərəfli qaydada deyil, Dağlıq Qarabağın azərbaycanlı icmasının da nəzərə alınmasının vacibliyini bildirmişdir.
Nyu-Yorku təmsil edən senator Kristen Gillibrand Azərbaycanla münasibətlərin əhəmiyyətindən bəhs edərək, enerji sahəsində əməkdaşlığı xüsusi vurğulamış, ölkəmizin ABŞ-ın antiterror əməliyyatlarında uğurla iştirak etdiyini nəzərə çatdırmışdır. O, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsini mühüm nailiyyət olduğunu söyləmiş və bu vəzifənin öhdəsindən layiqincə gələcəyinə, dünyada sülh və əmin-amanlığa yeni töhfələr verəcəyinə əminliyini ifadə etmişdir.
Konqresin Nümayəndələr Palatasının Xarici Məsələlər üzrə Komitəsinin sədri xanım İleana Ros-Lehtinen Azərbaycanın müsəlman Şərqində ilk demokratik respublika quran, insan hüquqları və demokratik prinsiplərin dərin kök saldığı, ABŞ ilə eyni dəyərləri paylaşan bir ölkə olduğunu vurğulamışdır. Xanım Ros-Lehtinen Azərbaycanın ABŞ üçün çox vacib tərəfdaş olduğunu və bu tərəfdaşlığın dərinləşdirilməsinin Birləşmiş Ştatların milli maraqlarına uyğun olduğunu qeyd etmişdir. Komitə sədri Azərbaycanın həssas coğrafi məkanda yerləşdiyini, onun qlobal enerji təhlükəsizliyinə töhfələrini və ABŞ ilə ortaq dəyərləri paylaşdığını nəzərə alaraq, ikitərəfli əməkdaşlığın böyük perspektivlərinin olduğunu söyləmişdir. O, Konqresdə ABŞ-Azərbaycan tərəfdaşlığının inkişaf etdirilməsi üçün əlindən gələni edəcəyini bildirmişdir.
Missisipi ştatının sabiq qubernatoru Heyli Barbur isə bu ştatın enerji təcrübəsindən söhbət açmış, Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyində mühüm yeri olduğunu söyləmiş, bu yaxınlarda Azərbaycan nümayəndə heyətinin Missisipiyə səfər etdiyini və bunun tərəflər arasında anlaşmanın genişləndirilməsində rolundan danışmışdır.
Ziyafət iştirakçıları Azərbaycan aşpazları tərəfindən hazırlanmış ləziz milli mətbəx nümunələrimizdən dadmış, Emil Əfrasiyabın başçılığı ilə etno-caz musiqi qrupunun ifasını dinləmişlər.
Bununla da, Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 20 illiyinə həsr edilən konfrans başa çatmışdır.
{nl}
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.