Vaşinqtonda Ağ Evin yaxınlığında yerləşən tarixi "The Williard" mehmanxanasında aprelin 25-də ikigünlük Azərbaycan-ABŞ konfransı işə başlamışdır.
Konfransda ABŞ Konqresinin və Senatının 80-ə yaxın üzvü, Birləşmiş Ştatların biznes dairələrinin nümayəndələri, ölkədə yaşayan türkdilli və digər etnik icmaların liderləri, bölgəmiz üzrə Amerikanın aparıcı beyin mərkəzlərinin başçıları, Azərbaycan Prezidenti Administrasiyasının, Milli Məclisin, Dövlət Neft Şirkətinin, Dövlət Neft Fondunun və bir sıra digər nazirliklərin nümayəndələri Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 20 illik tarixinə nəzər salır, strateji əməkdaşlığın perspektivlərini müzakirə edirlər.
Azərbaycan ilə ABŞ arasında ilk belə genişmiqyaslı konfrans amerikalılar və avrasiyalıların "Turquoise" Şurası, ABŞ Azərbaycanlıları Şəbəkəsi, "Caspian Strategy" İnstitutu və nüfuzlu Con Hopkins Universitetinin Aparıcı və Beynəlxalq Araşdırmalar Məktəbinin birgə təşkilatçılığı ilə keçirilir.
Ziyafətlə açılan konfransın ilk günündə ABŞ-ın Luiziana ştatının qubernatoru Bobbi Cindal çıxış etmişdir.
Tədbir çərçivəsində, həmçinin qubernator B.Cindalla görüş keçirilmişdir. Azərbaycan və ABŞ xalqlarını konfrans münasibətilə təbrik edən qubernator ötən müddətdə iki ölkə arasında çoxşaxəli əlaqələrin inkişaf etdiyini bildirmiş, xüsusən enerji sahəsində Azərbaycanın əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirmişdir.
Azərbaycan ilə ABŞ arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulduğunu və inkişaf etdiyini söyləyən qubernator B.Cindal iki ölkə arasında beynəlxalq təhlükəsizlik sahəsində yüksək səviyyəli münasibətlərin olduğunu diqqətə çatdırmışdır. Enerji sektoruna qoyulan sərmayələrin əhəmiyyətini qeyd edən Luiziana ştatının qubernatoru bunun yeni iş yerlərinin açılmasında, iqtisadiyyatın yüksəlişində böyük rol oynadığını demişdir. Luiziana ştatında bu sahədə həyata keçirilən işlərdən söz açan B.Cindal Azərbaycan kimi Luiziana ştatının da enerji təhlükəsizliyinə xüsusi önəm verdiyini qeyd etmişdir. O, başçılıq etdiyi ştatla Azərbaycanın oxşarlığına diqqət çəkərək, digər ştat və dövlətlərin dünyada enerji təchizatına verdiyi töhfələrin də əhəmiyyətini vurğulamışdır.
Konfransdakı çıxışından sonra AzərTAc-a müsahibəsində qubernator B.Cindal vurğulamışdır ki, neft və qaz istehsalı sənayesində kifayət qədər uzunmüddətli təcrübəyə malik Luiziana ştatı Azərbaycan ilə də təcrübəsini bölüşməyə hazırdır. O demişdir: "Son iyirmi il ərzində bizim ölkələr ümumi maraq doğuran sahələrdə birgə işləmişlər. Ümid edirəm ki, növbəti iyirmi il ərzində də biz, bu və digər yeni sahələr üzrə əməkdaşlığı davam etdirib münasibətlərimizi daha da möhkəmlədəcəyik."
Tədbir çərçivəsində keçirilən görüşlərdə ABŞ-ın federal, ştat və yerli idarəçilik orqanlarının təmsilçiləri, vətəndaş cəmiyyətlərinin üzvləri, həmçinin Azərbaycanın nümayəndə heyəti ölkələrimiz arasında strateji münasibətlərin genişləndirilməsinə dair fikir mübadiləsi aparmışlar.
AzərTAc-ın xüsusi müxbiri ilk günün təəssüratları haqda toplantı iştirakçıları ilə söhbət etmişdir.
ABŞ-ın "Heritage" Fondunun Rusiya və Avrasiya Araşdırmaları və Beynəlxalq Enerji Siyasəti üzrə aparıcı tədqiqatçısı Ariel Koen demişdir: "Zənnimcə, Azərbaycan-ABŞ konfransının münasibətlərimizə böyük təsiri olacaqdır. Çünki burada, gördüyünüz kimi, həm biznes, həm də hökumət dairələrinin təmsilçiləri bir araya gələrək münasibətlərin genişləndirilməsi üzərində birgə işləmək niyyətindədirlər. Luiziana qubernatoru B.Cindalın konfransın açılışındakı çıxışı ondan xəbər verir ki, Azərbaycanın ABŞ ilə münasibətləri artıq Vaşinqton çərçivəsindən çıxmışdır. Ölkəniz artıq ştatlarla birbaşa münasibətlər qurub, onların təcrübəsindən istifadə edir. Məncə, bu, Azərbaycanın yalnız xeyrinədir. Son zamanlar onun şahidi oluruq ki, ABŞ ilə iqtisadi əməkdaşlıq təkcə enerji üzrə deyil, həmçinin aviasiya, maliyyə və digər sahələr üzrə baş verir. ABŞ iqtisadi böhrandan yavaş-yavaş çıxdıqca və Azərbaycan iqtisadi cəhətdən qüdrətləndikcə, Amerikaya daha çox sərmayə qoya bilər. Həmçinin Azərbaycan öz inkişafı üçün lazımi sahələrdə ABŞ ilə əlaqələri daha da genişləndirə bilər. Münasibətlərin bu yeni formaları Azərbaycanı, sözün əsl mənasında, Vaşinqtonun diqqət mərkəzinə gətirəcəkdir. Amerika siyasətçiləri ölkənizə yeni gözlə baxacaqlar. Mən, münasibətlərimizin gələcəyinə nikbinliklə yanaşıram".
ABŞ-ın "Chevron" şirkətinin Beynəlxalq münasibətlər üzrə meneceri Diana Sedni: "ABŞ-Azərbaycan münasibətlərini belə tədbirlər vasitəsilə irəli aparmaq olduqca sevindirici haldır. "Chevron" Azərbaycanda uzun zamandır işləyir. Mən Amerika şirkətlərinə Azərbaycanda biznes qurmağı məsləhət görərdim. Çünki ölkənizin böyük potensiala malik bazarı ilə yanaşı, coğrafi yerləşməsi də bölgədəki digər dövlətlərə əlverişli çıxış təmin edir. Azərbaycan qlobal enerji təhlükəsizliyində əhəmiyyətli yer tutur, ABŞ ilə uğurlu enerji əməkdaşlığı qurmuşdur. Zənnimcə, bunlara Vaşinqtonda kifayət qədər diqqət yetirilmir. Ticarət və biznes münasibətləri ölkələrarası əməkdaşlığın vacib hissəsidir. Çünki məhz bu münasibətlər siyasi mühitdəki dəyişikliklərə rəğmən sabit qalır. Ümid edirəm, konfransda iqtisadi əməkdaşlığımızın genişləndirilməsi üzrə yaxşı müzakirələr aparacağıq".
Texas ştatı Nümayəndələr Palatasının üzvü Alma Allen: "Texas ştatında mənim təmsil etdiyim dairədə çoxlu azərbaycanlı yaşayır. Biz, bir-birimizi yeni tanısaq da, onlarla yaxşı münasibətlər qurmuşuq. Mən Hyuston-Bakı qardaşlaşmış şəhərlər münasibətləri haqqında çox eşitmişəm. Bilirəm ki, Hyuston meri Azərbaycan icmasının üzvləri ilə yaxından işləyərək münasibətləri daha da inkişaf etdirir. Ümid edirəm ki, bu konfransda Azərbaycan haqqında yeni biliklər əldə edəcəyəm. Biz hər dəfə bu formatda toplaşanda həm bir-birimiz haqqında öyrənir, həm də birgə inkişaf etmək və birgə uğurlar qazanmaq yollarını daha aydın təsəvvür edirik".
ABŞ Ordu Kollecinin nəzdində Strateji Araşdırmalar İnstitutunun tədqiqatçısı Stifen Blank: "Belə konfranslar hər iki tərəfdən insan təmaslarının sayı ilə yanaşı, biliyi də artırır. Burada azərbaycanlılar və amerikalılar qarşılıqlı anlaşma və qarşılıqlı maraqlar haqqında daha çox öyrənə bilirlər. Bu da, öz növbəsində, daha möhkəm əməkdaşlığa gətirib çıxarır. Azərbaycan bu gün qeyd olunduğu kimi, terrora qarşı mübarizədə, ABŞ-ın maraqları üçün vacib olan Avropa bölgəsinin enerji təhlükəsizliyinin təmin edilməsində və beynəlxalq ictimaiyyəti narahat edən digər məsələlərdə vacib rol oynayır. Düşünmürəm ki, bölgəniz üzrə mütəxəssislərdən başqa amerikalılar Azərbaycan haqqında, xüsusilə də Dağlıq Qarabağ məsələsi barədə geniş məlumata malikdirlər. Ona görə vacibdir ki, ciddi təhlükəsizlik problemləri olan kiçik dövlətlər bu problemlərin nədən ibarət olduğu, onların həlli yollarını necə gördükləri barədə daim bizləri məlumatlandırsınlar. Bu, təkcə onlar üçün deyil, bizim də daha yaxşı qərarlar qəbul etməyimiz üçün lazımdır".
Azərbaycan-ABŞ parlamentlərarası dostluq qrupunun sədri Səməd Seyidov: "Azərbaycan-ABŞ münasibətləri ildən-ilə inkişaf edərək, iki ölkə arasında adi münasibətlər çərçivəsindən çıxaraq strateji tərəfdaşlıq, dostluq və qarşılıqlı hörmət səviyyəsinə qalxmaqdadır. Qalxmaqdadır ona görə ki, bizim hələ birgə görəcəyimiz işlər öndədir. Gələcək əməkdaşlığın fəlsəfəsi isə bu cür toplantılarda müəyyənləşir. Konfransda ABŞ-ın, demək olar ki, bütün ştatlarından nümayəndələr, siyasətçilər, iş adamları iştirak edərək, dünyanı narahat edən məsələlər üzrə Azərbaycan ilə əməkdaşlıq perspektivlərini müzakirə edirlər. Müasir dünya kommunikasiya üzərində qurulmuşdur. Biz də, bu konfrans vasitəsilə dünyanın ən güclü ölkəsi ilə kommunikasiyamızı artıraraq, Dağlıq Qarabağ məsələsi başda olmaqla, həm özümüz barədə həqiqətləri çatdırmaq, həm də amerikalıları daha yaxından tanımaq imkanı əldə etmiş oluruq. Əminəm ki, iki gün davam edəcək konfrans münasibətlərimizdə öz müsbət nəticələrini göstərəcəkdir. Bu, birdəfəlik konfrans deyil, müntəzəm, ardıcıl və məntiqli işin başlanğıcıdır. Hamımıza uğurlar arzu edirəm".
{nl}
Şəfəq AKİFQIZI, AzərTAc-ın xüsusi müxbiri
Vaşiqnton
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.