Şriftin ölçüsü:
25.04.2012 10:10 | Oxunma sayı: 537
Aprelin 24-də "Park İnn" otelində Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə qondarma "erməni soyqırımı" ilə bağlı "dəyirmi masa" keçirilmişdir.
YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov hər il qondarma "erməni soyqırımı"nın ildönümü ərəfəsində hakim partiyanın ənənəvi olaraq belə konfranslar keçirdiyini bildirmişdir.
İcra katibi tədbirin mahiyyətinin qondarma "erməni soyqırımı" iddialarının tamamilə yalan və iftira əsasında qurulduğunu bir daha bəyan etmək olduğunu demişdir. Tarixdə çox yalanların olduğunu diqqətə çatdıran Ə.Əhmədov bildirmişdir ki, yaşadığımız regionun həyatında ən böyük iftira və ədalətsizlik isə qondarma "erməni soyqırımı"dır. O qeyd etmişdir ki, yüz ildir ki, yaşadığımız bölgədəki narahatçılıqlar, təlatümlər, müharibələr, xalqlar arasındakı düşmənçiliklər bu ideologiyadan qaynaqlanır və xalqlara, insanlara əzab-əziyyət gətirir. Hesab edirəm ki, bəşəriyyət nəhayət, bu ideologiyanın yalan üzərində qurulduğunu birdəfəlik dərk edərək ona son qoymaq üçün ciddi addımlar atmaqdadır.
Ə.Əhmədov qondarma "erməni soyqırımı" yalanlarının kökündə insanlar arasında nifrət yaymaq istəyinin dayandığını və antitürk, antiazərbaycan məqsədi daşıdığını bildirmişdir.
İcra katibi qeyd etmişdir ki, Türkiyənin və Azərbaycanın hər bir vətəndaşının müqəddəs vəzifəsi bu yalanların qarşısını almaq olmalıdır. O bildirmişdir ki, istər türklər, istər azərbaycanlılar, istərsə də digər millətlər, kimliyindən asılı olmayaraq bütün dünya ictimaiyyəti bu uydurma, insanlığa qarşı çevrilmiş ideologiyaya sinə gərməli və ona yox deməlidir.
Milli Məclisin deputatları Fəzail Ağamalı, İlyas İsmayılov, Gövhər Baxşəliyeva, Məlahət İbrahimqızı, YAP Səbail rayon təşkilatının sədri Zahid Qaralov və başqaları qondarma "erməni soyqırımı"nın ifşası istiqamətində atılan addımlardan danışmış, bu sahədə həyata keçirilən tədbirlərin artıq öz nəticəsini verdiyini bildirmişlər. Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı İstanbulun Taksim meydanında keçirilən aksiyanın və paytaxt Bakıdakı Xocalı yürüşünün bunun bariz nümunəsi olduğu diqqətə çatdırılmış, bu istiqamətdə aparılan mübarizələrin davam etdirildiyi qeyd olunmuşdur.
Qondarma "erməni soyqırımı" məsələsinin təkcə ermənilərin deyil, müəyyən xarici qüvvələrin də marağında olduğu bildirilmiş, tarixin saxtalaşdırılmasına bəzi dövlətlər tərəfindən dəstəyin əslində bundan sonra da bu istiqamətdə həyata keçiriləcək tədbirlərə kimlərisə həvəsləndirmək funksiyasını yerinə yetirdiyi vurğulanmışdır.
"Dəyirmi masa"da çıxış edənlər demişlər ki, ermənilər 100 il əvvəl müharibə, xəstəlik və digər fövqəladə hallar zamanı həlak olmuş insanları "soyqırımı" aktı kimi dünyaya təqdim etməyə çalışırlar.
"Dəyirmi masa"da alim və tədqiqatçıların araşdırmalarında "erməni soyqırımı"nın baş vermədiyinin tam sübuta yetirildiyi bildirilmişdir. Qeyd edilmişdir ki, soyqırımı termininin dəqiq tərifi var və o zaman baş verən hadisələr heç cür bu tərifə uyğun gəlmir.
Tədbirdə Osmanlı İmperiyası tərəfindən etnik mənsubiyyətinə görə insanları məhv etmək siyasətinin olmadığı vurğulanmışdır. O zaman Van ətrafında cəmi 150 min erməninin yaşamasına baxmayaraq, hazırda o vaxt həlak olanların sayının 1,5 milyon olduğunu deməklə ermənilərin qondarma "erməni soyqırımı" iddialarının yalan və iftira üzərində qurulduğunun bir daha təsdiq edildiyi bildirilmişdir.
Tədbirdə çıxış edənlər demişlər ki, tarix boyu saxtakarlığı və satqınlığı ilə tanınan ermənilərin bu yalan iddialarına qarşı yalnız birlikdə mübarizə aparılmalıdır. Qeyd edilmişdir ki, uydurma məsələnin hansısa ölkənin parlamentində qəbul olunması nə qədər Türkiyəyə qarşıdırsa, o qədər də Azərbaycana qarşı yönəlmişdir. Vurğulanmışdır ki, Azərbaycanın qardaşına və dostuna qarşı çevrilmiş qərar həm də Azərbaycana qarşı yönəlmiş qərardır. Məhz buna görə də, saxtakarlara və onların havadarlarına qarşı mübarizə hər iki qardaş xalqın qüvvələrini birləşdirərək aparılmalıdır.
"Dəyirmi masa"da çıxış edən Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç erməni saxtakarlığına qarşı aparılan mübarizədə göstərdiyi dəstəyə görə bütün Azərbaycan xalqına minnətdarlığını bildirmişdir. Türkiyənin 2005-ci ildə arxivlərin açılması və müştərək komissiyanın yaradılması təklifi ilə çıxış etdiyini xatırladan səfir Ermənistanın hələ də bundan imtina etdiyini diqqətə çatdırmışdır. Biz öz tariximizlə qürur duyuruq deyən H.Kılıç Türkiyə və Azərbaycanın bu məsələdə birgə mübarizə apardığını vurğulamış, tədbirdə irəli sürülən təklifləri yüksək qiymətləndirdiyini demişdir.
Sonda Ə.Əhmədov aparılan müzakirələrin gələcək fəaliyyətə töhfə verəcəyini, ermənilərin ifşası üçün bundan sonra da davamlı mübarizənin aparılacağını bildirmişdir. O, Türkiyənin getdikcə güclənməsinin bəzi qüvvələri narahat etdiyini vurğulamışdır. Qondarma "erməni soyqırımı"nın ideya deyil, saxtakarlıq olduğunu bildirən Ə.Əhmədov Türkiyə və Azərbaycanın bu saxtakarlığa qarşı qətiyyətli mübarizəsinin erməni yalanlarını dünyada ifşa edəcəyini demişdir.
{nl}
AzərTAc
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.