Azərbaycanlı deputat AŞPA-nın yay sessiyasında Avropada İslam mövzusu barədə məruzə edəcəkdir

Ən müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurası çərçivəsində Azərbaycan dəfələrlə ikili standartlar, fərqli yanaşmalarla rastlaşmış, həqiqətlərimizin irəliləməsinə ciddi maneə törədən belə hallara qarşı ikiqat səylə mübarizə aparmağa məcbur olmuşdur. Hətta ayrı-ayrı avropalı deputatlar da bəzən Avropa Şurası tribunasından bu ziyankar mövqeyi dilə gətirməyə cəsarət etmiş, lakin məhz xristian dövləti olduğuna görə Ermənistanı müdafiə etməyin lazımlı olduğunu söyləmişlər. Məhz bu qəbil xəstə təfəkkürlü insanlar son illərdə dinlər arasında süni qarşıdurmalar yaratmaq üçün müxtəlif fitnəkarlıqlar törətmişlər.
Dinlər və mədəniyyətlər arasında dialoq mövzusunu axırıncı bir neçə ildə daim diqqətində saxlamış Avropa Şurası bu fəaliyyəti ilə tolerantlığın qitədə daha artıq bərqərar olması üçün töhfəsini verməyə can atır. Elə Parlament Assambleyasının yay sessiyasında müzakirəyə çıxarılacaq "Avropada İslam, islamizm və islamofobiya" adlı məruzə də həmin niyyətə xidmət edir. Məqsəd İslamla bağlı yanlış baxışları islah etmək, həm Şərq, həm Qərbin məqbul sayacağı ortaq məxrəcə gəlməkdir. Lakin hətta belə xoş məramın həyata keçirilməsi yolunda da arzuolunmaz ikili yanaşmalar təzahür edir.
AŞPA-nın Hüquqi İşlər və İnsan Haqları Komitəsinin Parisdə keçirilən iclasında qarşıdakı sessiyada bu mövzu ilə bağlı komitə tərəfindən məruzəçi təyin edilməsi məsələsinə baxılmışdır. Problemlə bağlı Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynovun məruzəçi kimi namizədliyi qabaqcadan irəli sürülsə də, ölkəmizə münasibətdə daim qərəzli mövqe nümayiş etdirən, hazırda Hüquqi İşlər və İnsan Hüquqları Komitəsinə sədrlik edən kiprli deputat Xristos Purqorides yenə suyu bulandırmağa çalışmışdır.
Rafael Hüseynovun komitə üzvləri qarşısında İslamın tarixi və müasir dünyada yeri, Avropanın ikinci böyük dini olan İslama sağlam münasibətin yerbəyer edilməsindən ötrü icrası gərək olan işlər barədə çıxışından sonra qəfildən Monakodan olan deputat Cin-Çarles Qardettonun məruzəçi kimi namizədliyi fikri səslənmişdir. Lakin Avropa naminə Liberal Demokratların Alyansı siyasi qrupunun rəhbəri, Lüksemburqdan olan deputat Anne Brasser azərbaycanlı deputatın namizədliyini müdafiə edərək demişdir: "Mən xeyli müddət Mədəniyyət, Elm, Təhsil Komitəsinin rəhbəri olduğumdan Rafael Hüseynovun fəaliyyətini yaxından müşahidə etmişəm. O, yaxşı siyasətçi olmaqdan əlavə, yüksək peşəkarlığa malik şərqşünas alimdir. Buna görə də Hüquqi İşlər və İnsan Hüquqları Komitəsinin üzvləri arasında Avropada islam problemləri ilə bağlı mövzuda məruzə hazırlamaq üçün ondan daha uyğun namizəd təsəvvür etmirəm. Digər tərəfdən, bu məsələ ilə əlaqədar Rafael Hüseynovun komitəmiz tərəfindən məruzəçi təyin edilməsində təkid etməyimin digər bir ciddi səbəbi də vardır. Assambleyanın yay sessiyasında həmin mövzuda məruzələrini təqdim edəcək Mogens Yensen Danimarkadan, Siyasi İşlər Komitəsi adından məruzəçi Maykl Hənkok Böyük Britaniyadandır. Bu incə mövzu ilə bağlı yalnız təqdim olunan məruzələrin mətnlərində deyil, məruzəçilərin hansı ölkədən təyin edilməsində də balansı mütləq gözləmək lazımdır. Bütün parametrləri nəzərə alanda Rafael Hüseynov "Avropada İslam, islamizm və islamofobiya" mövzusunda Hüquqi İşlər Komitəsi tərəfindən məruzəçi təyin edilməyə ən layiqli şəxsdir".
Məsələnin bu şəkildə qoyuluşundan sonra da iclasa sədrlik edən X.Purqorides yenə istiqaməti dəyişməyə çalışmış, C.Qardettonun namizədliyinin keçmədiyini gördükdə Hollandiyadan olan Piter Omtziqtin namizdliyini müzakirəyə çıxarmış, niderlandlılar üçün də İslam məsələlərinin çox əhəmiyyət daşıdığını vurğulamışdır.
Rusiya Federasiyasından olan deputat İlyas Umaxanov çıxış edərək belə yanaşmaya təəccübünü ifadə etmiş, R.Hüseynovun bütün mənalarda daha sanballı və obyektiv məruzə hazırlayacağına inamını ifadə etmişdir. O, belə bir faktı da qeyd etmişdir ki, bu yaxınlarda Bakıda dünya dini liderlərinin zirvə toplantısının keçirilməsi bu ölkədə dini tolerantlıq ənənələrinin uğurla davam etdirildiyinin növbəti ifadəsidir və tarixən dini dözümlülüyü ilə seçilmiş Azərbaycanın təmsilçisinin belə bir mövzuda məruzəçi təyin edilməsi daha məqsədəuyğun və daha məntiqlidir. Üstəlik də, Rafael Hüseynov digər təklif olunan namizədlərdən fərqli olaraq, həm də İslam Şərqi üzrə tanınmış mütəxəssisdir.
Vəziyyətin belə şəkil aldığını görən inadkar komitə sədri məsələni başqa şəkildə çözməkdən ötrü növbəti cəhdini etmiş, məruzəçini təklif olunan namizədlər arasından gizli səsvermə yolu ilə müəyyənləşdirmək təklifini irəli sürmüşdür. Lakin komitə üzvləri bu təklifi də etirazla qarşılamış, məsələni heç bir şübhəyə və təhrif ehtimalına yer qoymayan açıq səsvermə yolu ilə həll etməyin zəruriliyində israrlı olmuşlar.
Açıq səsvermənin nəticələrinə görə isə azərbaycanlı deputat mütləq əksəriyyətlə Parlament Assambleyasının yay sessiyasında "Avropada İslam, islamizm və islamofobiya" mövzusunda Hüquqi İşlər və İnsan Hüquqları Komitəsinin məruzəçisi təyin edilmişdir.
R.Hüseynovun həmin məruzəsi assambleyanın qarşıdakı sessiyasının 3-cü iş günündə, iyunun 23-də səslənəcəkdir.

{nl}

Əsgər ƏLİYEV, AzərTAc-ın xüsusi müxbiri
Paris


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında