BMT-nin Sivilizasiyalararası Alyansının III Qlobal Forumunda çoxsaylı məsələlər müzakirə olunmuşdur

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyətinin qatıldığı BMT-nin Sivilizasiyalararası Alyansının III Qlobal Forumu öz işini başa çatdırmışdır.
Mayın 27-dən 29-dək Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən forumun işində 130 ölkədən, həmçinin beynəlxalq, regional və digər təşkilatlardan çoxsaylı nümayəndələr iştirak etmişlər. On iki aktual mövzu üzrə keçirilmiş beynəlxalq tədbirdə Braziliya Federasiyasının Prezidenti Lula da Silva, BMT-nin Baş katibi Pan Gi Mun, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, İspaniyanın xarici işlər naziri Migel Angel Moratinos, Sivilizasiyalararası Alyansın yüksək nümayəndəsi, Portuqaliyanın keçmiş Prezidenti Xorxe Sampayo və Qətər əmirinin xanımı Seyxa Moza bint Nasir əl-Misnəd və başqa rəsmi şəxslər çıxış etmişlər.
Azərbaycan nümayəndə heyətinin başçısı Hidayət Orucov "Nazirlərin görüşü" adlı əsas geniş iclasda çıxış etmiş, respublikamız barədə həqiqətləri və dövlətimizin başçısı İlham Əliyevin apardığı siyasətin prioritet istiqamətlərini toplantı iştirakçılarının diqqətinə çatdırmış, dünyada özgə torpaqlarını işğal edən təcavüzkar ölkələrə haqq qazandırmaq meyillərini tənqid etmişdir.
Beynəlxalq tədbirdə Sivilizasiyaların Alyansı Uğrunda Qlobal Gənclər Hərəkatının fəaliyyətini müəyyənləşdirən konsepsiya qəbul olunmuş və bu ilin oktyabrında Bakıda onun birinci konqresinin keçirilməsi qərarlaşdırılmışdır.
Sivilizasiyalararası Alyansın fəaliyyətinə maraq ildən-ilə artır, onun coğrafiyası və sıralarına qoşulan ölkələrin sayı çoxalır. Bu ildən ABŞ da Alyansın işinə qoşulmuşdur. Son iki ildə BMT-nin Sivilizasiyalararası Alyansının forumlarında respublikamızın iştirak təcrübəsinə əsasən, bu formatda əməkdaşlığı davam etdirmək və genişləndirmək zərurəti duyulur.
Nümayəndə heyəti səfər çərçivəsində bir sıra digər görüşlər də keçirərək, bugünkü Azərbaycanın reallıqları barədə Latın Amerikası və Karib dənizi hövzəsi, habelə digər ölkələrin nümayəndələri ilə fikir mübadiləsi aparmışdır.
Sivilizasiyalararası Alyansın III Qlobal Forumunun yekun sənədində mədəniyyətlərarası münasibətlərin daha da yaxşılaşdırılması, dünyada uzunmüddətli sülhə şərait yaratmaq üçün birgə əməkdaşlıq barədə ümumi razılıq əldə olunduğu qeyd edilmişdir.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında