Siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi

Dünya ölkələrinin təcrübəsi

{nl}

Politoloji elm siyasi partiyanın izahını verərkən göstərir ki, "siyasi partiyalar vətəndaşların şəxsi təşəbbüsü ilə könüllü özünüidarəetmə birliyi kimi yaradılır, məqsədləri, məram və vəzifələrini reallaşdırmaq, cəmiyyətin inkişafı ilə bağlı öz təsəvvürlərini müdafiə etməkdir". Siyasi partiyalar yarandıqları ilk dövrlərdə ictimai təşkilat kimi meydana gəlib fəaliyyət göstərməyə başlamışlar. Onların yaradılmasının təşəbbüskarı cəmiyyət olmuşdur. Bununla belə, partiyalar həm də siyasi elitanın yaranmasına və rotasiyasına yardım edən, cəmiyyətin siyasi sisteminin bazis institutlarından biridir. Siyasi partiyalar dövlət hakimiyyətinin daşıyıcısı olmasalar da funksional olaraq hakimiyyət- vətəndaş münasibətləri sisteminə daxildirlər və dövlətlə vətəndaş arasında əlaqələndirici vasitədirlər, həmçinin siyasi sistemin bütövlüyünü və dayanıqlığını təmin edirlər. Aydın məsələdir ki, siyasi partiyaların varlığı cəmiyyət və onun çoxsaylı maraqları olmadan, eyni dərəcədə cəmiyyətdə hakimiyyəti təcəssüm etdirən dövlət olmadan mümkün deyil.
Siyasi partiyaların maliyyə resurslarını dəqiq tənzimləmədən partiya funksionerlərinin və aparatının, təbliğat və təşviqat işlərinin fəallığını dəstəkləmək, yeni üzvlərin cəlb olunması və siyasi bazarda rəqabətqabiliyyətliliyi yüksəltmək barədə düşünmək belə doğru olmazdı. Təşkilatın ideologiyası necə olur olsun, kütlələr üçün nə qədər cəlbedici olur olsun, bu ideya daha çox maliyyələşdirilməlidir. Bu gün elitarist parlament partiyaları üçün də maliyyə çox böyük əhəmiyyət daşıyır. Xüsusilə bu, nəhəng sahibkarların hər hansı siqmentinin təsərrüfat maraqlarını səlahiyyətli orqanlarda qoruyarkən yaranır. Partiyaların lobbiçilik fəaliyyətlərinin səmərəsi də birbaşa onun maliyyə imkanları ilə bağlı olur.
Bütün bunları yazmaqda məqsəd heç də siyasi partiyalar haqqında yeni nəzəri araşdırmalar aparmaq yox, demokratik cəmiyyətlərin mühüm institutuna çevrilən bu birliklərin maliyyələşdirilməsi ilə bağlı parlamentimizdə, siyasi kuluarlarda gedən diskussiyalara rəğmən düşüncələrimizi bölüşmək, dünya ölkələrinin təcrübəsini ortaya qoymaq, bu sistemdə gedən proseslərə münasibət bildirməkdir.
Tarixin ən müxtəlif dövrlərində, dövlətçiliyin bütün inkişaf mərhələlərində siyasətlə pul arasında qarşılıqlı əlaqə olmuşdur. Müasir cəmiyyətin inkişafı ilə siyasət və pul əlaqələri daha da güclənmişdir. Dünyanın indiki dönəmində isə siyasəti partiyalarsız təsəvvür etmək belə mümkün deyil. Pulsuz isə siyasi fəaliyyətin nə qədər səmərəli olacağını izah etməyə ehtiyac qalmır. Belə isə siyasi partiyalar necə maliyyələşməlidir? Qanun bu əlaqələri necə tənzimləməlidir?
XIX əsrin 60-cı illərində siyasi partiyaların maliyyə fəaliyyəti nə hüquqi tənzimlənmənin obyekti, nə də siyasi diskussiyların mövzusu idi. İkinci Dünya müharibəsindən sonra şərait tamamilə dəyişdi. Bu ilk növbədə siyasi partiyaların fəaliyyətinin miqyasının sürətlə genişlənməsi ilə bağlı idi. Fəaliyyətin genişlənməsi isə öz növbəsində daimi aparatın şaxələnməsini, partiyaların özlərinin maarifləndirmə və tədqiqat institutlarını, fondlarını, nəşrlərini, kütləvi informasiya vasitələrinin yaradılması zərurətini ortaya çıxardı. Bu miqyasda fəaliyyətin maliyyələşdirilməsi isə ciddi vəsait tələb etdiyindən, onların yerinə yetirilməsi, təkcə partiyaları deyil, bütövlükdə demokratiyanı da nüfuzdan salan maliyyə fırıldaqları və siyasi qalmaqallarla müşahidə olunurdu. Daha ciddi məsələ isə ondan ibarətdir ki, siyasi partiyaların bərabər olmayan maliyyə imkanları siyasi rəqabətdə də onların qeyri-bərabərliyinə gətirib çıxarır. Digər tərəfdən, ayrı-ayrı liderlər "siyasi investisiyaların" köməyi ilə siyasi partiyalardan şəxsi maraqlarında olan qərarların qəbul edilməsi üçün istifadə edirlər.
Ümumiyyətlə, dünyanın əksər ölkələrinin siyasi partiyaları bir çox göstəricilərə görə yeni minilliyə tamamilə yeni keyfiyyətdə qədəm qoydular. Tanınmış siyasi analitiklər qeyd edirlər ki, indi hər hansı siyasi partiya haqqında, onun həmfikirlərin vahid təşkilatı, vətəndaş cəmiyyətinin struktur elementi və ya kütləvi ictimai təşkilat olması kimi rəylər vermək o qədər də asan deyil. Partiya sistemlərinin fəaliyyətlərinin maliyyə xərclərinin birdən-birə artması xüsusi təsir bağışlayır. Bu göstəricinin artan dinamikası siyasi partiyaların inkişafında yeni tendensiyalar üzə çıxarmağa başlamışdır.
Özünün indiki vəziyyətində siyasi partiyaların maliyyələşməsi beş mənbədən həyata keçirilir;
- qəbulolma və üzvlük haqqı;
- partiyaların sahibkarlıq fəaliyyəti;
- institusional ianəçilik;
- dövlət maliyyələşməsi;
- şəxsi maliyyələşmə.
Müşahidələr göstərir ki, bir neçə mənbədən partiya büdcəsinə daxil olan məbləğlər azaldıqda digər mənbələrdən daxil olan vəsait birdən-birə artır.
Əslində ilk iki mənbə siyasi partiyaların özünümaliyyələşdirməsini təşkil edir və etməlidir. Tarixən də bu iki mənbə digər üç mənbədən daha erkən meydana gəlmişdir və partiyalar müəyyən inkişaf dövründə bu mənbələr hesabına maddi cəhətdən müstəqil olmuşlar. Çünki maliyyə müstəqilliyinin başlıca mənbəyi qəbulolma və üzvlük haqları olmuşdur.
Hazırkı dövrdə yaxşı məlum olan faktlardan biri partiyaların maliyyə sərbəstliyinin olmamasıdır. Bu praktik olaraq bütün dövlətlərin partiya sistemlərinə şamil olunur. Partiya büdcələrini təşkil edən başlıca struktur tərkiblərdən olan üzvlük haqlarının azalması ötən əsrin son iyirmi beş ilində eyni vaxtda meydana gələn bir sıra səbəblərlə izah olunur. Politoloqlar bunlardan biri kimi dünyanın hər yerində siyasi partiyaların kütləvilik xarakterini itirmələrini göstərirlər.
İndiki şəraitdə demokratik dünyada say tərkibinə görə "rekordçular" siyahısına alman partiyalarını daxil edirlər: SDPQ-nin 800 minə, XDS-in 700 minə yaxın üzvü var. Rusiyada bu siyahıya 670 min üzvü olan "Vahid Rusiya" və 500 min üzvü olan RFKP partiyaları başçılıq edirlər. Azərbaycanda isə təbii ki, 560 mindən yuxarı üzvü olan Yeni Azərbaycan Partiyası siyahıya başçılıq edir və bu nəinki Azərbaycanda, bütün dünyada çox böyük göstəricidir.
Siyasi partiyaların üzv heyətinin azalması tendensiyası əhəmiyyətli dərəcədə əhalinin onlara inamının azalması ilə bağlıdır. Azərbaycanda müasir siyasi partiyaların elə də çox yaşı yoxdur və demək olar ki, əksəriyyəti 20 il bundan əvvəl yaranıb. Lakin buna baxmayaraq, YAP istisna olmaqla digər partiyaların kütləviliyi haqqında söhbət belə gedə bilməz. Çünki əhalinin böyük əksəriyyəti belə düşünür ki, siyasi partiyalar problemləri həll etməkdən çox onları daha da dolaşdırır və əslində cəmiyyət arasında mövcud olan münaqişələri daha da dərinləşdirirlər. Bu ciddi siyasi polemikanın mövzusu olduğundan ona başqa bir məqaləmizdə geniş yer ayıracağıq.
Əksər demokratik ölkələrdə olduğu kimi Azərbaycanda da elektoratın yarıdan çoxu, ölkəyə iki və ya üç partiyanın lazım olduğunu düşünür. Digər tərəfdən, xarici ölkələrin təcrübəsi göstərir ki, siyasi partiyaların rəhbərləri partiya üzvlərinin sayının artmasında maraqlı deyillər.
Son 15-20 il ərzində siyasi partiyaların başlıca vəzifələri seçicilərin inteqrasiyası və mobilizasiyası, tərəfdarlarının sayının artması kimi məsələləri həll etmək olmuşdur. Bunun üçün partiyaya kütləvi olması çox da vacib deyil. Mühüm olan onların tərəfdarlarının say tərkibinin kütləvi olmasıdır. Amma digər tərəfdən partiyanın kütləvilik xarakterini itirməsi onun üzvlük haqlarının da ixtisarına səbəb olur.
İndiki şəraitdə siyasi partiyaların say tərkibinin aşağı düşməsi həm də əhəmiyyətli dərəcədə ona güclü rəqibin meydana çıxması ilə bağlıdır. Bu rəqib isə vətəndaş cəmiyyətidir ki, qərb ölkələrində onun formalaşması istiqamətində çox mühüm addımlar atılmışdır. Etiraf etmək lazımdır ki, vətəndaş cəmiyyəti təşkilatları vətəndaşların - sosial, iqtisadi, mədəni, peşəkar maraqlarının təmin olunmasına daha çox qabil olduqlarını nümayiş etdirməkdədirlər. Nəticədə cəmiyyətin maraqlarının ifadəçisi kimi siyasi partiyaların rolu, eyni şəkildə onlara inam zəifləyir.
Sadalanan bütün bu məsələlər partiyaların əsas maliyyə mənbəyi olan üzvlük haqlarının rolunun da aşağa düşməsinə təsir göstərmişdir. Bu mənbə uzun illər, nəhəng sahibkarların dəstəyinə arxalana bilməyən, daha erkən formalaşan parlament partiyalarından fərqli olaraq, sol partiyalar üçün öz əhəmiyyətini qoruyub saxlayırdı. Lakin ötən əsrin 70-ci illərində bu partiyaların maliyyələşməsində də vəziyyət dəyişdi.
Qaydaya görə bu göstəriciləri həmişə şişirdən partiyaların rəsmi statistikasına görə partiyaların maliyyə təminatının ümumi məbləğində üzvlük haqlarının payı orta hesabla 25 faizdən çox deyil. Ona görə də müşahidələr göstərir ki, artıq yeni yaradılmış partiyalar bu gün maliyyə mənbəyi kimi üzvlük haqlarına deyil, vaxt itirmədən başqa mənbələrə, ilk növbədə böyük sponsorların vəsaitlərinə söykənirlər.
Bir sıra ölkələrdə əsas mənbəyi fiziki və hüquqi şəxslərin ianələri sayılan siyasi partiyaların şəxsi maliyyələşdirilməsi əhəmiyyətli yer tutur. Şəxsi maliyyələşmə reqlamentasiyasında ümumi məqamlar ianələrin mənbələrinin növlərinin, subyektlərinin və həcminin məhdudiyyətləridir. Bu da onunla əsaslandırılır ki, ianələr əksər hallarda siyasi partiyaların ayrı-ayrı maliyyə və sənaye kapitalı qruplarının maraqlarına tabe edilməsi vasitəsinə çevrilir.
Məsələn, "Ukraynada siyasi partiyalar haqqqında" qanunda fərdi maliyyələşmənin məhdudlaşdırılması ilə bağlı heç bir maddə yoxdur. Lakin bu məhdudiyyətlər seçki qanunvericiliyi ilə təsbit olunmuşdur. "Ukrayna xalq deputatlarının seçkisi haqqında" qanunda göstərilir ki, seçki fonduna könüllü vəsait keçirmək qadağandır: xarici vətəndaşlara və vətəndaşlığı olmayanlara; vəsaiti seçki fonduna keçirən gündə bütün səviyyələrdə dövlət büdcəsinə borcu olan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlərə - fiziki şəxslərə.
Siyasi partiyaların büdcələrində üzvlük haqlarının rolunun aşağı düşməsi ilə bərabər daha bir mənbədən daxil olan - uzun illərdən bəri siyasi hakimiyyətə siyasi partiyalar vastəsi ilə təsir göstərən nəhəng subyektlərin instutisional ianəçilik vəsaiti də azalır.
Tarixdən məlumdur ki, həmkarlar ittifaqları kimi təşkilatlar sosial-demokrat, həmçinin sosialist partiyalarına əhəmiyyətli dərəcədə dəstək vermişlər. Məsələn, ingilis tred-yunionları leyboristlərə maliyyə dəstəyi göstərmişlər. Eyni zamanda müxtəlif növ biznes təşkilatları, xüsusilə sahibkarlar ittifaqları konservativ partiyalara leqal maliyyə dəstəyi vermişlər.
Bu gün də praktik olaraq bütün dünyada müşahidə olunan siyasi partiyaların maliyyə mənbəyi kimi üzvlük haqlarının rolunun birdən-birə aşağı düşməsindən fərqli olaraq, bunu birmənalı şəkildə institusional ianəçiliyə şamil etmək olmaz. Elə ölkələr var ki, məsələn, İsveç, partiyanın maliyyələşdirilməsində həmkarlar ittifaqlarının rolu yüksək olaraq qalır. Lakin, son illər bütövlükdə bu mənbənin də rolunun aşağı düşməsi reallıqdır.
Haqqında danışdığımız iki mənbədən maliyyə vəsaitlərinin daxil olmasının əhəmiyyətli dərəcədə azalması siyasi partiyaların, xüsusilə partiya sistemlərində lider olanların büdcələrini heç də zəiflətməmişdir. Onu da qeyd edək ki, bu liderlik həm də onların fəaliyyət xərclərinin birdən-birə qalxması ilə yanaşı əldə edilmişdir.
İndi partiyaların miqyasına görə ənənəvi mənbələri əhəmiyyətli dərəcədə üstələyən yeni maliyyə mənbələri meydana gəlmişdir. Söhbət dövlət və şəxsi maliyyələşmədən, bir də siyasi partiyaların sahibkarlıq fəaliyyəti ilə bağlı yaranan yeni imkanlardan gedir.
Dövlətin siyasi partiyaların maliyyələşməsinə qoşulması qərb ölkələrində XX əsrin 60-70-ci illərindən başlamışdır. Ümumiyyətlə, hüquqi reqlamentasiyanın köməyi ilə, maliyyə münasibətləri sahəsindəki fəaliyyətlərinə görə siyasi partiyaları iki qrupa ayırmaq olar. Birinci qrupa demokratiyanın inkişaf etdiyi dövlətlər daxildir və onlar XX əsrin 60-cı illərindən başlayaraq vaxtaşırı siyasi partiyaların maliyyələşməsini reqlamentləşdirən normativ aktlar qəbul edir. Siyasi partiyaların dövlət maliyyələşməsini qanunvericilik qaydasında rəsmiləşdirən ilk ölkələrdən biri 1967-ci ildə Almaniya Federativ Respublikası olmuşdur. Sonra isə bu qanun Danimarka, İsveç, Avstriya, Finlandiyada, 70-ci illərdə isə İtaliya, Norveç, Kanada, ABŞ və Fransada da qəbul edildi.
İkinci qrupa isə birpartiyalı sistemlər daxildir. Doğrudur bu dövlətlərdə belə reqlamentasiya olmamışdır, çünki hakim partiyanın maliyyəsi və əmlakı dövlət maliyyəsindən və əmlakından ayrı idi. Bundan əlavə isə üçüncü dünya ölkələrinin bəzilərində, xüsusilə də Afrikada partiya təşkilatları eyni zamanda dövlət orqanları idi və ona görə də dövlət tərəfindən geniş maliyyələşdirilirdilər.
Əlbəttə, birinci qrupa daxil olan ölkələrdə maliyyələşmə diferensasiyalıdır - seçkilərdə qalib gələn, eləcə də geniş seçici dəstəyi qazanan partiyalar xüsusilə seçilirlər. Partiyalar dövlətdən daha çox maliyyə dəstəyi almağa imkan verən meyarlara uyğun gəlməyə çalışırlar.
Qonşu Rusiyada 2001-ci ildə qəbul edilmiş " Siyasi partiyalar haqqında" qanuna görə bu məqsədlə ayrılan dövlət subsidiyaları 160 milyon rubldan (5,5 milyon ABŞ dolları) az olmamalıdır.
Siyasi partiyalara dövlət dəstəyinin dünya təcrübəsi təkcə onların maliyyələşdirilməsi ilə məhdudlaşmır. Daha çox diqqətçəkən məqamlardan biri də partiyalara müxtəlif növ imtiyazların veriliməsidir; vergi güzəştləri, dövlət televiziya kanallarında pulsuz efir vaxtının verilməsi və s.
Bu maliyyə mənbələrindən daha çox diskussiya doğuranı siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsidir. Təbii ki, bu məsələyə münasibətlər əsasən dövlətin iqtisadi vəziyyəti ilə əlaqələndirilir.
Bəzi hallarda dövlət seçkiqabağı kampaniyanı maliyyələşdirir. Bu təcrübə şamil olunur ki, ancaq o partiyalara ki, onlar müəyyən standartlara uyğun gəlirlər və bəzi şərtlərə əməl edirlər. Məsələn, çoxpartiyalı sistemin mövcud olduğu Almaniyada siyasi partiyaların dövlət maliyyələşdirilməsi seçkilərin maliyyələşdirilməsi yolu ilə aparılır. Vəsaitin həcmi siyasi partiyaların federal torpaqlara seçkilərdə, Bundestaqa və Avroparlamentə seçkilərdə qazandıqları nəticələrə uyğun olur. İsveçdə də bu sistem mövcuddur. Partiyalar seçkilərdə topladıqları səslərə uyğun dövlətdən vəsait ala bilərlər. İtaliya və Norveçdə isə partiyalar dairələr üzrə irəli sürdükləri namizədlərin sayına görə subsidiya alırlar.
Əlbəttə, bu cür yanaşmanı iqtisadi cəhətdən möhkəm, dövlət büdcəsi sabit olan, müəyyən siyasi ənənələrə və demokratik inkişafa malik ölkələr özünə rəva görə bilərlər.
Azərbaycanda və MDB-nin bir çox ölkələrində siyasi partiyaların dövlət maliyyələşməsi məsələsi ciddi fikir ayrılığı yaradır, hətta bəzi siyasətçilər və ictimai xadimlər dövlət maliyyələşməsinin əleyhinə çıxırlar. Belə qənaətdə olanlar düşünürlər ki, qanunla ali dövlət hakimiyyətinin loyal olmasına təminat verildiyi halda siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi haqqında qərara dövlət mexanizminin bir hissəsi kimi baxıla bilər, partiyalar isə ictimai institutlardan dövlət institutlarına transformasiya olunacaqlar.
Dünya ölkələrinin təcrübəsinə diqqət etsək görərik ki, siyasi partiyaların maliyyələşdirilməsinin strukturundakı və miqyasındakı dəyişikliklər cəmiyyətin siyasi sisteminin mühüm həlqəsi olan siyasi partiyaların statusuna əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Ekspertlər qeyd edirlər ki, siyasi partiyaların hətta formal tərəfdən dövlət maliyyələşdirilməsi fenomeni onların ictimai təşkilat statusunu çox ciddi şəkildə nüfuzdan salır. Dövlət maliyyələşməsinin siyasi partiyalara gəlişi ilə onlar tədricən öz müstəqilliklərini itirməyə başlayırlar. Bununla da onlar təmsil etdikləri cəmiyyət təbəqələrinin maraqlarının ifadəsində sapınmalara və yanlışlıqlara yol verməyə başlayırlar.
Digər tərəfdən, dövlət maliyyələşməsi siyasi partiyaları ayrı-ayrı dövlətlərin təsiri altına düşməsindən, onların maraqlarına xidmət etməsindən uzaqlaşdırır. Bu məqam fikrimizcə ölkə üçün, müstəqil dövlətçilik üçün daha önəmli məsələlərdəndir.
Yeri gəlmişkən, bir faktı da unutmaq olmaz ki, dövlət maliyyələşməsi dedikdə heç də partiyaların maliyyələşməsinin tam həcmdə dövlət vəsaiti hesabına həyata keçirilməsi başa düşülməməlidir. Hətta siyasi rəqibi olmayan və yalnız bir partiyanın hakim olduğu, dövlətin özündən başqa heç bir digər maliyyə mənbəyinin nəzərdə tutulmadığı ölkələrdə belə bu təcrübə geniş açıqlanmır.
Partiyaların dövlət maliyyələşməsinin əhəmiyyəti ondadır ki, parlament seçkilərində qalib gəlmiş təşkilatlara pul bonusları və subsidiyalar ayırmaqla mövcud partiya sisteminin dayanıqlığını dəstəkləsin.
Qeyd etmək lazımdır ki, müxtəlif ölkələrin qanunvericilik aktlarında dövlət maliyyələşdirilməsinin iki əsas növü var: məqsədsiz-yəni bu zaman dövlət subsidiyaları əsasən siyasi partiyaların təşkilati xarakterli məsələləri üçün ayırılır (yığıncaqlar keçirmək, partiya aparatını saxlamaq, ofisin icarəsi üçün və s.). Eyni zamanda, bu göstərilən maliyyələşmə də bir neçə növə ayrılır. Yalnız parlamentdə təmsil olunan siyasi partiyalar maliyyələşdirilir, subsidiyalar isə mandatların sayına proporsional şəkildə onlar arasında bölünür (Bolqarıstanda) və ya hər bir mandata bərabər məbləğ verilir (Danimarka və Finlandiyada). Yenə də parlamentdə təmsil olunan siyasi partiyalar maliyyələşdirilir, subsidiyalar isə seçkidə qazanılan səslərin say hesabına görə (Belçika, İspaniya, Kipr) bölüşdürülür.
Məqsədli maliyyələşdirməyə gəldikdə isə, bu siyasi partiyaların ayrı-ayrı fəaliyyət istiqamətlərinin subsidiyalaşdırılmasıdır: seçki kampaniyasının keçirilməsi, parlament fraksiyasının fəaliyyəti, partiya mətbuatının, partiyanın yaratdığı gənclər təşkilatının maliyyələşdirilməsi. Siyasi partiyaların məqsədli və məqsədsiz maliyyələşdirilməsi dövlət büdcəsində ayrıca bənd kimi nəzərdə tutulur.
Etiraf etmək lazımdır ki, siyasi partiyaların maliyyələşdirilməsinin hüquqi reqlamentasiyası üzrə normativ qanunvericilik aktları hələ onların yerinə yetirilməsi demək deyil, çünki onların reallaşdırılması üçün dəqiq mexanizmlər əksər hallarda olmur.
Siyasi partiyaların dövlət maliyyələşdirilməsinin həlli açıq qalan suallarından biri də partiyaların xərclədiyi vəsaitə kimin maliyyə nəzarəti edəcəyidir. Müxtəlif ölkələrin seçki qanunvericiliyində maliyyə nəzarəti müxtəlifdir və elə buna görə də o cox əhəmiyyətli problemə çevrilmişdir.
Bütün bunlara baxmayaraq, bu gün maliyyə imkanları baxımından elə güclü partiyalar var ki, onların heç bir dövlət dəstəyinə ehtiyacı yoxdur. Bəzi ekspertlərin təhlilinə görə parlament seçkilərindəki hədləri aşmaq üçün partiya və ya bloklara iki milyondan artıq vəsait xərcləmək lazım gəlir.Təbii ki, bir çox ölkələrdə bu çirkli pullarla reallaşdırılır və onların mənbəyini seçicilər bilmir və heç vaxt da bilə bilməz. Maliyyələşmənin həqiqi mənbələri əksər hallarda hətta partiya üzvləri üçün belə sirr olaraq qalır. Və məhz mənşəyi məlum olmayan bu pullar hakimiyyətə elə bir qüvvə gətirə bilər ki, onun üçün Konstitutsiya, demokratiya, vətəndaş hüquq və azadlıqları heç bir dəyər və əhəmiyyət kəsb edə bilməz. Məhz bu baxımdan Azərbaycan parlamentinin bu günlərdə "Siyasi partiyalar haqqında" qanuna dəyişikliklər edərək onların maliyyələşməsi üçün dövlət büdcəsindən vəsait ayrılmasına qərar verməsi alqışlanmalıdır. Qanunla yaxından tanışlıqdan sonra aydın görunur ki, həmişə olduğu kimi Azərbaycanın qanunvericilik müstəvisinə hakimiyyət - vətəndaş münasibətləri sistemində xüsusi rol oynayan siyasi partiyaların fəaliyyətini yeni zamanın tələblərinə uyğun tənzimləyəcək bir qanun əlavə edilmişdir.

{nl}

Arzuman MURADLI, iqtisadiyyat üzrə fəlsəfə doktoru, politoloq


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında