Naxçıvan şəhərində yeni binanın açılışı, quruculuq işləri ilə tanışlıq

Aprelin 19-da Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Pasport-Qeydiyyat və Miqrasiya Şöbəsinin yeni inzibati binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov binanın açılışı münasibətilə kollektivi təbrik edərək demişdir: "Azərbaycan Respublikası vətəndaşlarına pasportların verilməsi "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Qanunla tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 fevral tarixli Fərmanına uyğun olaraq, 2014-cü il yanvarın 1-dən vətəndaşlarımıza yeni nəsil şəxsiyyət vəsiqələri veriləcəkdir. Biometrik texnologiyaların tətbiqi ilə ölkə vətəndaşlarına yeni nəsil şəxsiyyət vəsiqəsinin verilməsi pasport-viza və şəxsiyyəti təsdiq edən digər sənədlərin mühafizə dərəcəsinin gücləndirilməsini və müxtəlif informasiya resurslarında şəxslər barədə fərdi məlumatların kompleks əlaqələndirilməsini təmin edəcəkdir".
Artıq ölkəmizdə biometrik pasportların verilməsinə hazırlıq işlərinə başlanılıb. Bu sahədə fəaliyyət göstərən qurumların maddi-texniki bazası möhkəmləndirilir, onlar üçün yüksək iş şəraiti yaradılır. İstifadəyə verilən yeni inzibati bina da bu istiqamətdə həyata keçirilən işlərin tərkib hissəsidir. Burada perspektiv nəzərə alınmaqla əməkdaşlar üçün yüksək iş şəraiti yaradılıb, onların istifadəsinə müasir texniki avadanlıqlar verilir.
Ali Məclisin sədri daha sonra demişdir ki, ölkəmizdə qəbul edilən dövlət proqramlarına uyğun olaraq, daxili işlər orqanlarının və onların yerli qurumlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Yeni inzibati binalar tikilir, müasir texniki vasitələr alınır, bu sahədə çalışanların əməkhaqları artırılır, fərqlənənlərin əməyi qiymətləndirilir. Muxtar respublikada daxili işlər orqanları üçün yaradılan şərait onu göstərir ki, ölkəmizdə bu sahəyə xüsusi qayğı vardır. Belə yüksək dövlət qayğısının müqabilində muxtar respublika Daxili İşlər Nazirliyinin əməkdaşları işə məsuliyyətlə yanaşmalı, göstərilən qayğıya öz səmərəli fəaliyyətləri ilə cavab verməlidirlər.
Ali Məclisin sədri əmin olduğunu bildirmişdir ki, muxtar respublikanın daxili işlər orqanları, eyni zamanda Pasport-Qeydiyyat və Miqrasiya Şöbəsinin əməkdaşları üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək, vətəndaşlara nümunəvi xidmət göstərəcəklər.
Sonra Ali Məclisin sədri binanın açılışını bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, 2011-ci ildə tikintisinə başlanan bina zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarətdir. Burada ümumvətəndaş pasportlarının verilməsi, 90 günə qədər muxtar respublika ərazisində qalan əcnəbilərə müvəqqəti yaşama vəsiqələrinin verilməsi kimi fəaliyyət növləri həyata keçiriləcəkdir.
Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov Daxili İşlər Nazirliyinin Pasport-Qeydiyyat və Miqrasiya Şöbəsinə 1 ədəd "Naz Lifan-620"markalı avtomobilin açarını təqdim etmişdir.
Binanın həyətində də abadlıq işləri aparılmış, müasir işıqlandırma sistemləri quraşdırılmış, dekorativ ağac və gül kolları əkilmişdir.
* * *
Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan şəhərinin Cəlil Məmmədquluzadə küçəsini Həsirəddin Tusi küçəsindən keçməklə Əziz Əliyev küçəsini birləşdirən 1250 metrlik yolda həyata keçirilən yenidənqurma işlərinin gedişi ilə maraqlanmışdır.
Məlumat verilmişdir ki, yenidənqurma işləri çərçivəsində yol yatağı genişləndirilərək 20 metrə çatdırılmışdır. Hazırda yolun yatağı bərkidilir, açıq avtomobil dayanacaqlarının və səkilərin yaradılması istiqamətində işlər aparılır, yolun kənarlarına bardürlər düzülür, asfalt qatının verilməsi üçün hazırlıq görülür. Yenidənqurma işlərindən sonra yolda 4 zolaqlı hərəkət təmin olunacaq, ətrafda işıqlandırma sistemləri qurulacaqdır.
Yolun inşası Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Şirkəti tərəfindən həyata keçirilir. Avtomobil Yolları Dövlət Şirkəti və Naxçıvan Muxtar Respublikası Dövlət Tikinti-Quraşdırma Şirkəti üçün alınıb gətirilmiş yeni texnikalara baxış zamanı məlumat verilmişdir ki, yüksək texniki göstəricilərə malik olan "Hidromek" markalı 2 ədəd ekskavator, 1 ədəd "CAT" markalı yükləyici, 1 ədəd "CAT" markalı ekskavator və 2 ədəd "CAT" markalı vərdənə muxtar respublikada yol infrastrukturunun yenidən qurulması və müasir yolların çəkilməsi işlərində istifadə olunacaqdır.
Texnikalara baxışdan sonra Ali Məclisin sədri yaxınlıqda tikintisi aparılan Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbinin yeni binasında inşaat işlərinin gedişi ilə də maraqlanmış, binanın may ayında təhvilə hazırlanması barədə tapşırıq vermişdir.

{nl}

"Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında