Beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyümüz tam şəkildə bərpa ediləcəkdir
Son zamanlar artıq təkcə ölkəmizdə deyil, eləcə də regionda və bütün dünyada haqqı, ədaləti söyləməyi üstün tutan politoloqlar cəsarətlə proqnoz verirlər: "Azərbaycanın sosial-iqtisadi inkişafı, beynəlxalq aləmdə nüfuzunun durmadan artması, ordu quruculuğunda böyük uğurlara imza atması və diplomatik nailiyyətləri Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll edilməsi üçün lazım olan şərtləri formalaşdırır". Bu qənaəti dilə gətirən ekspertlər və politoloqlar öz fikirlərini əsaslandırmaq üçün konkret faktlara və arqumentlərə istinad edirlər.
Həmin faktları və arqumentləri isə dünya siyasətçiləri və ekspertlər bilavasitə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxış və nitqlərinə istinad edirlər. Dövlət başçımız həm ölkə daxilində keçirilən tədbirlərdə, görüş və müzakirələrdə, həm də beynəlxalq forumların tribunasından çıxış edərkən günün reallıqlarına əsaslanan, dünya ictimaiyyətinin böyük məmnunluqla qəbul etdiyi Azərbaycan həqiqətlərini dönə-dönə dilə gətirir. Bir neçə gün öncə - aprelin 16-da Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında giriş və yekun nitqləri ilə çıxış edən Prezident İlham Əliyev yenə də tutarlı fakt və arqumentlərlə dünya ekspertlərinə çoxsaylı müzakirə mövzusu vermiş oldu.
Dövlət başçımızın nitqində Azərbaycanın xarici siyasəti, beynəlxalq aləmə inteqrasiyamız, dünya miqyasında qazandığımız nüfuz, gənc müstəqil dövlətimizin yeganə problemi olan Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə əhatəli şəkildə söz açılır. Bu əhatəli arqument və faktlar arasında ölkə əhalisini və bütün dünyadakı soydaşlarımızı daha çox məmnun edən məqamlardan biri mətbuatın diqqətini daha çox cəlb edib. Bu məqam Azərbaycan Prezidentinin Dağlıq Qarabağ münaqişəsi barədə danışarkən nümayiş etdirdiyi qətiyyət və nikbinlikdir: "Azərbaycanın artıq güclü ordusu vardır. Bütün Silahlı Qüvvələr bu gün istənilən vəzifəni - ölkəmizin bütün maraqlarını müdafiə etmək üçün hazırdırlar, buna qadirdirlər. Dağlıq Qarabağda və işğal edilmiş torpaqlarda Azərbaycanın suverenliyini bərpa etməyə hazırdırlar. Sadəcə olaraq biz istəyirik ki, bunu qan tökülmədən, sülh, danışıqılar you ilə edək və hər an, hər gün biz qələbəyə yaxınlaşırıq. Hər gün Ermənistan daha da böyük tənəzzülə uğrayır, Azərbaycan daha da çox güclənir. Biz hər gün qələbə gününü yaxınlaşdırırıq. Gün gələcək, Azərbaycan bayrağı Xankəndidə və Şuşada dalğalanacaqdır". Bu fikirlər dövlət başçısının inamının və qətiyyətinin nəticəsi kimi qiymətləndirilir. Bəs bu inamın özü haradan qaynaqlanır?
Həmin suala bilavasitə cənab Prezidentin adıçəkilən iclasdakı nitqindən seçilən konkret sitatlarla cavab verəcəyik. Öncə isə həmin suala beynəlxalq ictimaiyyətin bəzi nümayəndələrinin Azərbaycan həqiqətləri barədə söylədiyi fikirlər vasitəsi ilə münasibət bildirək. Məsələn, Almaniyada fəaliyyət göstərən "Elm və siyasət" fondunun aparıcı elmi əməkdaşı Uve Halbax öz hesabatlarının birində yazır ki, Azərbaycan hərbi baxımdan postsovet məkanının ən güclü dövlətlərindən biridir. Alman alimi öz dediklərini təsdiqləmək üçün konkret rəqəmlərə müraciət edir: "İlham Əliyevin prezidentliyə başlamasından ötən müddətdə Azərbaycanın hərbi xərcləri 20 dəfə artaraq 160-180 milyon dollardan 3 milyard dollara çatmışdır". Planetin hərbi imkanları daha yaxşı qiymətləndirməyi bacaran başqa bir guşəsində - Amerika Birləşmiş Ştatlarında da Azərbaycanın hərbi xərcləri barədə özünəməxsus fikirlər dilə gətirilir. "The Los Angeles Times" qəzeti yazır ki, Azərbaycan cəmi bir ildə öz hərbi büdcəsini 89 faiz artırmışdır. Beynəlxalq aləmdəki hərbi ekspertlərin hesabatlarına görə bu göstərici bütün dünyada belə qısa müddətdə ən itisürətli hərbi büdcə artımıdır. Adıçəkilən qəzetin ekspertləri izah edirlər ki, Azərbaycanın hərbi büdcəsinin gündən-günə deyil, saatdan saata artmasının əsas səbəbi Dağlıq Qarabağ münaqişəsinin hərbi fazasının yenidən başlanması təhlükəsi ilə bağlıdır. Yəni Azərbaycan hərbi əməliyyatların başlayacağı təqdirdə öz torpaqlarının birdəfəlik işğaldan azad edilməsində israrlıdır.
Kütləvi informasiya vasitələri yazırlar ki, Azərbaycan hökumətinin hesabatında son 8 ildə ölkənin hərbi xərclərinin 20 dəfə artdığı barədə xüsusi qeyd vardır. Eyni zamanda yada salınır ki, təkcə 2011-ci ildə silah istehsalı əvvəlki ilə nisbətən 1,7 dəfə artıb. Yəni bu göstərici artıq faizlə deyil, dəfələrlə ifadə olunur. Prezident İlham Əliyev Nazirlər Kabinetinin adı çəkilən iclasında həmin məqamlara növbəti dəfə aydınlıq gətirərək deyir: "Münaqişənin həlli ilə bağlı bizim prinsipial mövqeyimiz dəyişməz olaraq qalır. Azərbaycanın ərazi bütövlüyü qeyd-şərtsiz bərpa edilməli, işğalçı qüvvələr torpaqlarımızdan geri çəkilməlidir... Biz həm iqtisadi sahədə, həm beynəlxalq aləmdə güclənirik. Hərbi potensialımız da güclənir. Bu sahəyə daim böyük diqqət göstərilir və göstəriləcəkdir. Biz güclü hərbi sənaye yaradırıq, eyni zamanda, böyük həcmdə hərbi texnika, silah, sursat alırıq və alacağıq".
Dövlət başçımız bu məsələ barədə söz açarkən beynəlxalq ekspertlər üçün daha çox maraq kəsb edəcək daha iki məqamı da yada salır: "Bu sahədə bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır və imkanımız vardır". Xatırladaq ki, Prezidentin bu fikirləri işğalçı Ermənistanla təkcə hərbi sahədə deyil, bütün başqa sahələrdə də əməkdaşlıq edən ölkələrin gündən-günə azaldığı bir zamanda söylənilir. Dünya ölkələri rəsmi İrəvanla əməkdaşlıqdan imtina etdiyi günlərdə Azərbaycana silah satmaq və ya ölkəmizdən hərbi sursat almaq istəyənlərin sayı artır. Bu tendensiyadan hamı öz "payını götürsə" də, Ermənistanda hələ orta əsrlər təfəkküründən uzaqlaşa bilmirlər.
Başqa bir məqam. Azərbaycan Prezidenti deyir: "Biz bəzi başqa ölkələrdən fərqli olaraq heç nəyi müftə almırıq, pulla alırıq və bu siyasət davam edəcəkdir". Ekspertlərin fikrincə, Azərbaycan Prezidenti bu məqamı yada salarkən heç də təkcə hansısa ölkənin kiməsə silah bağışlamasını və ya kiminsə özünü forpost kimi qəbul etməsini xatırlatmır. Həm də ölkənin imkanlarından məhz dövlətin və xalqın mənafeyi üçün istifadə edilməsinin nümunəsini yada salır. Bu gün heç kəsə sirr deyil ki, Ermənistan rəhbərliyi xalqın və dövlətin əmlakını talan edib dağıdır və sonra beynəlxalq aləmdə əl açıb dilənir. Bu şəkildə idarə olunan ölkənin beynəlxalq aləmdəki nüfuzu da özünə layiqdir. Təsadüfi deyil ki, Ermənistan BMT Təhlükəsizlik Şurasına üzvlük üçün keçirilən seçkilərin elə ilk mərhələsindən öz namizədliyini geri götürmək məcburiyyətində qalmışdı. Azərbaycan isə nəinki seçilməkdə israrlı idi, hətta, dünyanın 155 ölkəsinin dəstəyini qazandı. Dünya siyasətçilərinin fikrincə təkcə bu məqam Dağlıq Qarabağ münaqişəsinin perspektivi barədə real təəssüratları formalaşdırır. Hələlik isə dünya siyasətçiləri Azərbaycan Prezidentinin aprelin 16-da söylədiyi fikirləri təqdir edirlər: "Bizim bir istəyimiz var ki, bölgədə sülh, sabitlik, əmin-amanlıq olsun". Elə dünya ictimaiyyəti də bunu istəyir və məhz ona görə də Ermənistan gündən-günə təklənir.
Sonda bir məqamı da xatırladaq. Avropa Paralamenti Azərbaycan - Avropa İttifaqı danışıqlarına dair qətnamə qəbul edib. Respublikamızın Avropa üçün enerji təminatçısı və tranzit ölkə kimi xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanan qətnamədə deyilir: "Avropa İttifaqı Azərbaycan və Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşır. Həll olunmamış münaqişə - Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ problemi Cənubi Qafqaz regionunda sabitliyi sarsıdır, inkişafa əngəl törədir". Sənəddə vurğulanır ki, işğal olunmuş ərazilərin Azərbaycana qaytarılmayacağı, qaçqın və məcburi köçkünlərin doğma yurd-yuvalarına geri dönməyəcəyi təqdirdə assosiativ saziş həyata keçirilə bilməz.
Beləliklə, Azərbaycan özünün yeganə problemi olan Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll edilməsi üçün lazım olan bütün addımları atır və istənilən nəticəyə nail olmaq üçün mühüm zəmin yaradır.
{nl}
"Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.