Azərbaycanın BMT yanında daimi nümayəndəsi Ermənistanın növbəti provokasiyasına cavab vermişdir

Azərbaycanın BMT yanında daimi nümayəndəsi Aqşin Mehdiyev bu təşkilatın baş katibi Pan Gi Muna məktub göndərmişdir. A.Mehdiyev həmin sənəddə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərinin azərbaycanlı sakinlərinə qanlı divan tutmasının iyirminci ildönümü ilə əlaqədar onun 17 fevral 2012-ci il tarixli məktubuna Ermənistanın daimi nümayəndəsinin cavab vermək üçün göstərdiyi, "öz forma və məzmununa görə həyasız cəhd" olan məktubuna cavab vermişdir. Azərbaycanın daimi nümayəndəsinin məktubu aprelin 9-da BMT Təhlükəsizlik Şurasının və BMT Baş Məclisinin rəsmi sənədi kimi yayılmışdır. AzərTAc həmin məktubun tam mətnini təqdim edir. 
Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı yanında Daimi nümayəndəsinin Baş Katibə məktubu 23 mart 2012-ci il
Zati-aliləri,
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərinin azərbaycanlı sakinlərinə qanlı divan tutmasının iyirminci ildönümü ilə əlaqədar mənim 17 fevral 2012-ci il tarixli məktubuma (A/66/704-S/2012/105) Ermənistan Respublikasının daimi nümayəndəsinin cavab vermək üçün göstərdiyi, öz forma və məzmununa görə həyasız cəhd olan 24 fevral 2012-ci il tarixli məktubuna (A/66/708-S/2012/117) istinad etmək istərdim.
Diqqəti cəlb edən məqam odur ki, Ermənistanın daimi nümayəndəsinin sözügedən məktubuna Azərbaycan Respublikasının işğal edilmiş ərazisində Ermənistan tərəfindən qanunsuz yaradılmış oyuncaq separatçı rejim adından bəyanat əlavə edilir. Təkcə bu fakt - əslində təcavüzün və irqi ayrı-seçkiliyin nəticəsindən başqa bir şey olmayan separatçı qurumun təbliğ olunması Ermənistanın beynəlxalq hüquq üzrə öz üzərinə götürdüyü öhdəliklərə riayət etməyi və ümumtanınmış sivil davranış qaydalarına əməl etməyi inadla istəmədiyini əyani şəkildə təsdiq edir.
Aşkardır ki, həm Ermənistanın daimi nümayəndəsinin məktubu, həm də ona əlavənin məzmunu hiddətləndirici saxtalaşdırmanın növbəti nümunəsidir. Erməni tərəfi bu saxtalaşdırmanın köməyi ilə onun təcavüz zamanı sülhə və insanlığa qarşı törətdiyi cinayətlərə görə öz təqsirini və məsuliyyətini inkar etməyə çalışır. Xocalı şəhərinin dinc azərbaycanlı əhalisinin kütləvi şəkildə qırılması barədə erməni təbliğatının şərhlərinin əsasını məsələni elə qələmə vermək kimi absurd və sağlam düşüncəyə zidd olan bir cəhddir ki, guya azərbaycanlılar özləri mülki əhalinin hərbi əməliyyatlar zonasından evakuasiya edilməsinə mane olmuş və üstəlik, dinc sakinlər arasında böyük itkilərdən daxili siyasi məqsədlər naminə istifadə etmək üçün öz həmvətənlərinə atəş açmışlar. Bu cür iyrənc və məşum uydurmaları təkzib edən faktlar yetərincədir və onlar dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətinə təqdim edilmişdir.
Məsələn, "Hyuman Rayts Uotç/Helsinki" hüquq-müdafiə təşkilatının icraçı direktoru Ermənistanın xarici işlər nazirinə ünvanlanmış 24 mart 1997-ci il tarixli məktubunda erməni təbliğatının bu hüquq müdafiə təşkilatını öz saxtakarlıqlarına cəlb etmək cəhdlərinə cavab verir:
"Bizim araşdırmalar, İnsan Hüquqlarının Müdafiəsi Memorial Mərkəzinin araşdırmaları göstərir ki, Xocalıdan geri çəkilən könüllülər oradan qaçan mülki əhalinin ayrı-ayrı iri qrupları ilə birlikdə qaçmışlar. Bizim məruzədə qeyd edilirdi ki, qalan silahlı Azərbaycan könüllülərin əynində forma olmuşdur, buna görə də onlar qaçan dinc sakinləri müdafiə etmək niyyətində olsalar belə onları təhlükəyə məruz qoyan kombatantlar hesab edilə bilməzlər.
Buna baxmayaraq, biz mülki əhalinin öldürülməsinə görə birbaşa məsuliyyəti Qarabağdakı erməni qoşunlarının üzərinə qoyuruq. Üstəlik, istər bizim məruzədə, istərsə də memorial mərkəzin məruzəsində belə bir fikri təsdiqləyən hər hansı sübut yoxdur ki, guya Azərbaycan qüvvələri azərbaycanlı sakinlərin qaçmasına mane olmuş və ya onlara atəş açmışlar" (kursiv bizimdir). "Hyuman Rayts Uotç/Helsinki"nin icraçı-direktorunun məktubunun tam mətni bu hüquq-müdafiə təşkilatının veb-saytında yerləşdirilmişdir: http://www.hrw.org/en/news/1997/03/23/response-armenian-governmentletter-town-khojaly-nagorno-karabakh.
Öz doğma qardaşı, Xocalının işğal olunmasında bilavasitə iştirak etmiş məşhur beynəlxalq terrorçu Monte Melkonyanın "şanlı yol"una kitab həsr etmiş erməni müəllif Markar Melkonyan erməni əsgərlərinin bu şəhərin dinc sakinlərini necə qətlə yetirmələrini ətraflı təsvir edir. Məsələn, onun sözlərinə görə Xocalının bəzi sakinləri təqribən altı mil məsafəni piyada qət edərək demək olar ki, təhlükəsiz yerə çatdığı vaxtda "(erməni) əsgərlər onların başının üstünü almışlar". Onun sözlərinə görə, o vaxt əsgərlər "uzun müddət kəmərlərində asılıb qalmış bıçaqları çıxararaq zərbələr endirməyə başlamışlar" (Markar Melkonian, My brother's Road: An American's Fateful Journey to Armenia (London and New York: I.B.Tauris, 2005), pp. 213-214).
Qeyd etmək lazımdır ki, Ermənistanın daimi nümayəndəsi öz şərhlərində nəinki bu faciəni gözləri ilə görənlərin çoxsaylı şahid ifadələri və əcnəbi jurnalistlər, hüquq müdafiəçiləri və nüfuzlu beynəlxalq qeyri-hökumət təşkilatları tərəfindən aparılmış müstəqil təhqiqatların nəticələri, hətta Ermənistan prezidenti Serj Sarkisyanın açıq etirafı barədə də heç nə demir. Erməni diplomatların və bu vicdansız böhtan və təhqir kampaniyasının digər iştirakçılarının yaddaşını təzələmək üçün biz Ermənistan dövlətinin indiki başçısının açıq etiraflarına bir daha diqqəti cəlb etməyə məcburuq.
Belə ki, Serj Sarkisyan 15 dekabr 2000-ci ildə britaniyalı jurnalist Tomas de Vaala verdiyi müsahibəsində əsla vicdan əzabı çəkmədən etiraf etmişdir: "Xocalı hadisələrinə qədər azərbaycanlılar düşünürdülər ki, ... ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu [stereotipi] alt-üst edə bildik" (Thomas de Waal, Black Garden: Armenia and Azerbaijan through Peace and War (New York and London: New York University Press, 2003), p.172). Bu yaxınlarda, həmin müsahibədən 12 il sonra sözügedən jurnalist müsahibənin tam stenoqramını dərc etmişdir. Bu sənədin məzmunu erməni təbliğatının saxtakarlıqlarına ən təsirli cavabdır (bax: http://carnegieendownment.org/2012/02/24/president-interview-and-tragic-anniversary/9vpa). Məsələn, Serj Sarkisyanın aşağıdakı sözlərinə əlavə şərh tələb olunmur:
"Bəli, həqiqətən Xocalıda dinc əhali olmuşdur. Lakin dinc əhali ilə birlikdə əsgərlər də vardı. Mərmi uçanda o, dinc sakini əsgərdən fərqləndirmir, onun gözləri yoxdur. Əgər dinc əhali oradan getməsi üçün yaxşı imkan olduğu halda orada qalırsa, deməli, bu əhali də döyüş əməliyyatlarında iştirak edir...".
Ermənistan prezidentinin heç bir təqsiri olmayan insanların kütləvi şəkildə qətlə yetirilməsi barədə bu qədər həyasız tərzdə danışması ilə yanaşı, həm də vəzifə mövqeyinə görə öz qərarlarının və hərəkətlərinin hədlərini dəqiq təsəvvür etməyə borclu olan şəxs üçün bağışlanılmaz bir məsələ, onun savadındakı aşkar qüsurlar da diqqəti cəlb edir. Əgər Serj Sarkisyan hərbi əməliyyatlar aparılmasının ümumtanınmış qanunlarından, əsas etibarilə mülki şəxslərlə kombatantlar arasında fərq qoymağı tələb edən, habelə seçimsiz xarakterli hücumları qadağan edən qanunlardan xəbəri olsaydı, yəqin ki, yuxarıda xatırladılan açıq etiraflardan çəkinərdi. Ermənistan dövlətinin başçısı tamamilə haqlı olaraq qeyd edir ki, uçan döyüş mərmisinin gözləri yoxdur. Bununla bərabər o, belə bir fakta qarşı çətin mübahisə edər ki, hədəf seçən və həmin hədəfə mərmi ilə atəş açan adamların gözləri görür.
Ermənistan prezidenti işğalçıların Xocalının dinc əhalisi üçün guya dəhliz saxlaması barədə mifi də puç edir. Belə ki, Serj Sarkisyan jurnalistin bu barədə sualına cavab verərək açıq bildirir ki, bu hadisələr əsasən Xocalıdan sonra olmuşdur, çünki etnik təmizləmə gedən bir vaxtda başqa cür hərəkət etmək mümkün də deyil. Tomas de Vaal soruşur ki, başqa cür hərəkət etmək olardımı və Serj Sarkisyan minlərlə insanın həlak olmasına görə təəssüflənirmi? Ermənistan dövlətinin başçısı heç bir vicdan əzabı çəkmədən cavab verir ki, o, qətiyyən təəssüflənmir, çünki hətta minlərlə insan həlak olduğu vaxtda da bu cür sarsıntılar zəruridir.
Serj Sarkisyan onu da açıq etiraf edir ki, müharibəni Ermənistan başlamışdır və bu müharibənin məqsədi Azərbaycan ərazisini işğal etmək barədə çoxdan hazırlanan planı həyata keçirmək idi. Bundan əlavə, o təsdiqləyir ki, münaqişənin aktiv hərbi fazada olduğu dövrdə məhz erməni tərəfi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının sabit atəşkəsin bərqərar olması məqsədilə bütün hərbi əməliyyatların və düşmənçilik aktların dərhal dayandırılması barədə tələblərinə bilərəkdən etinasızlıq göstərmişdir. Həqiqətən qan tökülməsini dayandırmaq və minlərlə insanın həyatını xilas etmək üçün real imkan olduğu bir vaxtda Ermənistan liderləri başqa cür fikirləşirdi. Prezident Sarkisyanın aşağıdakı sözlərinin şərhə ehtiyacı yoxdur:
"Biz bir dəfə belə müharibəyə getdik və mən güman etmirəm ki, ikinci dəfə belə bir addım ata bilərdik. Bu, sadəcə olaraq mümkün deyildi. Bu, ola bilsin ki, əlli ildən və ya yüz ildən sonra mümkündür. Lakin sən əsgərə desən ki, oradan çəkil, o, bir daha oraya getməz. Heç bir ciddi təminat yox idi. Yox bir indi ərazini verək, sonrasına baxarıq. Bəs nə üçün onlar sonrasına baxmalı idilər? Nə üçün? Bunun mənası yox idi".
Erməni tərəfin çətinliklə gizlətdiyi əsəbiliyi və Xocalı hadisələri, eləcə də Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı törədilmiş digər cinayətlər barədə beynəlxalq birliyi çaşdırmaq cəhdlərində onun xüsusi canfəşanlığı çox sadə izah edilir.
Əvvələn, məlumdur ki, Ermənistanın indiki prezidenti Serj Sarkisyan və keçmiş prezident Robert Koçaryan, habelə bu dövlətin bir sıra başqa yüksək vəzifəli şəxsləri və Azərbaycanın işğal edilmiş ərazisində Ermənistan tərəfindən yaradılmış oyuncaq separatçı rejimin liderləri Azərbaycan torpaqlarının işğal olunmasında və mülki əhaliyə qanlı divan tutulmasında birbaşa iştirak etmişlər. Aşkardır ki, törədilmiş cinayətlərin miqyası və ağırlığı nəzərə alınaraq bu şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi onların mənfur əməllərinin labüd yekunudur.
İkincisi, Xocalı şəhərinin dinc sakinlərinin və onu müdafiə edənlərin bilərəkdən kütləvi şəkildə qətlə yetirilməsi yeganə və ya ayrıca bir akt deyil, Ermənistan tərəfindən həyata keçirilən geniş miqyaslı və sistemli zorakılıq siyasəti və praktikasının tərkib hissəsi idi. Bu siyasətin əsası ilhaqçılıq cəhdləri, irqi və dini dözülməzlik barədə iyrənc ideyalardır. Bu mənada Ermənistan rəhbərləri və separatçıların onlara tabe olan liderləri İkinci Dünya müharibəsi dövründə misli görünməmiş kütləvi cinayətlər törədənlərdən az fərqlənir. Xüsusi qeyd etmək lazımdır ki, Xocalı qırğını və münaqişə dövründə azərbaycanlılara qarşı törədilmiş digər ağır cinayətlər Ermənistanın əbədi qurban kimi qələmə verildiyi mifi tamamilə puç edir. Bu da aşkardır ki, bu fonda Ermənistanın öz əməllərini təyini-müqəddərat hüququnun həyata keçirilməsi kimi qələmə vermək cəhdləri tamamilə gözdən düşür.
Biz əminik ki, milli səviyyədə görülən ardıcıl tədbirlər, habelə beynəlxalq birliyi təşvişə salan ən ağır cinayətlərə görə məhkəmə təqibi və cəzalar üçün mövcud hüquqi əsas Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı törədilmiş cinayətlərə görə cəzasızlığa son qoymağa kömək edəcək.
Bu məktubun Baş Məclisin gündəliyinin 35, 39, 65, 67, 69, 83, və 84-cü bəndləri üzrə sənədi kimi, habelə Təhlükəsizlik Şurasının sənədi kimi yayılmasına görə minnətdar olaram.

{nl}

Aqşin MEHDİYEV Səfir, daimi nümayəndə

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında