BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Laçın və Ağdam rayonlarından olan məcburi köçkünlərlə görüşmüşdür

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Daq Siqurdson aprelin 16-da Ağcabədi və Ağdam rayonlarında məskunlaşmış məcburi köçkünlərlə görüşmüşdür.
Qonaq əvvəlcə Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində Laçın Rayon İcra Hakimiyyətində olmuşdur.
Rayon icra hakimiyyətinin başçısı Ramiz Cəbrayılov məlumat vermişdir ki, 1992-ci ildə rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı 300 nəfərdən çox sakin şəhid olmuş, yüzlərlə insan əlil və şikəst edilmiş, onlarla uşaq bir və ya iki valideynini itirmişdir. Rayonun bütün yaşayış məntəqələri ermənilər tərəfindən yandırılaraq məhv edilmiş, qədim tarix və mədəniyyət abidələri vandalizmə məruz qalmışdır. İşğal nəticəsində rayona 7 milyard ABŞ dolları məbləğində ziyan vurulmuşdur. Bildirilmişdir ki, doğma yurdlarından didərgin salınmış laçınlılar hazırda respublikanın 58 rayonunda məskunlaşmışlar. Daim ölkə rəhbərliyinin diqqət və qayğısı ilə əhatə olunan laçınlılar üçün ölkənin müxtəlif ərazilərində yaşayış evləri tikilərək istifadəyə verilmişdir. Belə yaşayış massivlərindən biri də ötən il Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan, bütün infrastruktura malik 552 ailəlik Taxtakörpü qəsəbəsidir.
BMT rəsmisi sonra yeni istifadəyə verilmiş məcburi köçkün qəsəbəsinə gələrək uşaq bağçaları, məktəb, poliklinikanın fəaliyyəti ilə tanış olmuş, məcburi köçkünlərlə görüşmüşdür.
Daq Siqurdson Vağazin obasında və Ağcabədi şəhərindəki texniki peşə məktəbinin yataqxanasında məskunlaşmış laçınlı məcburi köçkünlərlə də görüşmüş, onların yaşayış şəraiti ilə yaxından maraqlanmışdır. Keçirilmiş görüşlər zamanı məcburi köçkünlər dövlət səviyyəsində onlara göstərilən qayğıdan razılıqlarını bildirsələr də, heç zaman ata-baba yurdlarını unutmadıqlarını, Laçına qayıdacaqları günü səbirsizliklə gözlədiklərini bildirmişlər.
Daq Siqurdson sonra Ağdam rayonuna gəlmişdir. Rayon icra hakimiyyətinin başçısı Nizami Sadıqov qonağa Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş insanların problemləri barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü ildə Ağdam rayonunun 73 yaşayış məntəqəsi işğal edilərək talan edilmiş və dağıdılmışdır. Rayonun 180 min əhalisindən 140 mini məcburi köçkündür.
Qeyd olunmuşdur ki, Azərbaycan dövləti öz imkanları hesabına qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirmişdir. Təkcə Ağdamda məcburi köçkünlər üçün 17 qəsəbə salınmışdır. Hazırda rayon ərazisində 90 min əhali yaşayır ki, onun 50 mindən çoxu məcburi köçkünlərdir.
Daq Siqurdson səmimi görüşə və ətraflı məlumata görə təşəkkürünü bildirmişdir.
Qonaq sonra Quzanlı heyvandarlıq fermasında və Dördyol ərazisində məskunlaşan məcburi köçkünlərlə görüşərək, onların həyat şəraiti ilə tanış olmuşdur.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Daq Siqurdson jurnalistlərə müsahibəsində demişdir ki, səfərin məqsədi məcburi köçkünlərin həyat şəraiti ilə yaxından tanış olmaqdır. "Mən səfər zamanı Azərbaycan hökuməti tərəfindən məcburi köçkünlərin həyat şəraitinin və maddi təminatının yaxşılaşdırılması ilə bağlı nailiyyətlərin əldə edildiyinin şahidi oldum. Ümid edirəm ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Azərbaycan hökumətinə qaçqın və məcburi köçkünlərin həyat şəraitlərinin daha da yaxşılaşdırılmasında dəstək olacaq və əməkdaşlığını genişləndirəcəkdir".

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında