Avropa təsisatları ilə əməkdaşlıq öz müsbət nəticələrini verməkdədir

Avronest formatı vacibdir. Burada keçmiş Sovet İttifaqı ölkələri ilə Avropa İttifaqına üzv dövlətlər arasında əməkdaşlıq qurulub və onlar vahid heyət kimi işləyirlər. Burada, tədbir çərçivəsində müzakirə olunacaq məsələlər Avronest daxilində əməkdaşlıq ruhunu daha da gücləndirəcəkdir. Bu, nadir bir təşkilatdır.
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

{nl}


Ötən əsrin son onilliyindən etibarən Avropaya inteqrasiya kursunu götürən postsovet ölkələrinin hər biri ayrı-ayrılıqda müxtəlif uğurlara imza atsa da, heç bir ölkə bu sahədə Azərbaycan qədər nailiyyətlər qazana bilməmişdir. Bunun da əsas səbəbi ölkəmizin götürdüyü siyasi kursun beşiyi başında ulu öndər Heydər Əliyevin dayanması idi.
Heydər Əliyev çox yaxşı bilirdi ki, "Avropaya inteqrasiya kursu götürmüşük" - deməklə, Avropaya inteqrasiya istiqamətində əməli tədbirlərin reallaşdırılması tamamilə fərqli yanaşmalardır. Çünki Avropa dəyərləri ölkədə demokratiyanın bərqərar olunmasını, əsas insan hüquq və azadlıqlarının qorunmasını, vətəndaş cəmiyyətinin yaradılmasını, plüralizmi, tolerantlığı, söz azadlığını, mətbuat üzərindən senzuranın götürülməsini, çoxpartiyalı parlamentin formalaşdırılmasını tələb edir. Azərbaycan dövləti 1993-cü ilin iyun ayından etibarən bütün bu istiqamətlərin ölkənin reallıqlarına çevrilməsi üçün konkret və qətiyyətli tədbirlər həyata keçirir. Nəticədə, sadaladığımız istiqamətlərin hər biri üzrə əldə etdiyimiz göstəricilər 100 il, 150 il demokratiya təcrübəsi olan Avropa ölkələrinin təmsilçiləri tərəfindən də yüksək qiymətləndirilir, heyranlıqla qəbul edilir.
Təsadüfi deyil ki, Azərbaycanın Avropa Şurasına üzv seçilməsindən sonra Milli Məclisin bu təşkilatın Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin ilk sədri olmuş deputat İlham Əliyev postsovet məkanından AŞPA-nın sədr müavini və qurumun Büro üzvü seçilən ilk siyasətçi olmuşdur. Bu, Avropanın bizə olan inamının göstəricisi idi. Avropa İttifaqının deputatlarından və qurumun "Şərq tərəfdaşlığı" Proqramına üzv olan ölkələrin parlamentarilərindən formalaşdırılmış Avronest təşkilatının Parlament Assambleyasının ikinci sessiyasının Bakıda keçirilməsi isə dostlarımıza məmnunluq bəxş etməklə yanaşı, bədxahlarımızın yuxusuna haram qatdı.
Çünki Avropa İttifaqının aparıcı qurumlarından olan Avronest PA-nın ittifaqın hüdudlarından kənarda keçirilən ilk tədbiri məhz gündən-günə inkişaf edən, demokratiyanın bərqərar olunduğu Azərbaycan paytaxtında reallaşdırılırdı.
Xatırladaq ki, Avronest Parlament Assambleyasının ilk sessiyası 2011-ci il sentyabrın 14-15-də Fransanın Strasburq şəhərində keçirilmişdi. O zaman Avropanın kütləvi informasiya vasitələri yazırdılar ki, erməni deputatların ənənə şəkli almış şıltaqlığı sessiya iştirakçılarının ciddi narazılığına səbəb olmuşdu. Bədnam qonşularımız qurumun Bakı sessiyasında da eyni vəziyyəti təkrarlamağa çalışsalar da, istədiklərinə nail ola bilmədilər. Bakıya yola düşərkən "orada od püskürməyi" vəd etmiş erməni deputatlar Azərbaycan paytaxtında gördükləri və sessiyada eşitdikləri həqiqətlərin qarşısında geri çəkilməkdən başqa yol tapmadılar. Bu "geriləmə"ni malalamaq istəyən Ermənistan parlamentinin nümayəndə heyətinin rəhbəri Nairə Zöhrabyan öz ölkəsinin "Panorama.am" xəbərlər saytına verdiyi müsahibədə məhz erməni deputatına xas xislət nümayiş etdirib: "Sessiyanın bütün iştirakçıları Bakıdakı Şəhidlər Xiyabanına getsə də, biz oranı ziyarət etmədik".
Bütün bunlara baxmayaraq, Bakı sessiyasında parlamentarilər 4 hesabat və 1 qətnamənin qəbul edilməsinə nail oldular.
Beləliklə, Avropanın ədalətli və obyektiv insanlarının qərarı ilə planlaşdırılan Avronest PA-nın Bakı sessiyası bilavasitə Avropa İttifaqının istədiyi şəkildə təşkil olundu və başa çatdı. Sessiyanın açılış mərasimində nitq söyləyən Azərbaycan Prezidenti İlham Əliyev qeyd edilən tədbirin beynəlxalq əhəmiyyətini yada salaraq demişdir: "Bu sessiya birmənalı olaraq Azərbaycan ilə Avropa İttifaqı təsisatları arasınıda əməkdaşlıq ruhunu daha da gücləndirəcəkdir. Uzun illər ərzində bizim əməkdaşlığımız inkişaf etmişdir. Azərbaycan Avropa İttifaqı ilə müxtəlif sahələrdə əməkdaşlıq aparır. Biz artıq 10 ildən çoxdur ki, Avropa Şurasının üzvüyük. Fərəh hissi ilə qeyd etmək istəyirəm ki, mən Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin ilk rəhbəri olmuşam".
Dövlət başçımız ölkəmizin Avropa dəyərlərinə, xüsusən, demokratiya sahəsindəki islahatlara xüsusi önəm verdiyini, bu sahədə mükəmməl addımlar atıldığını vurğulamışdır: "Biz siyasi islahatları birgə həyata keçiririk. Azərbaycan siyasi islahatlara sadiqdir. Biz müstəqillik illərimiz ərzində bütün sahələrdə böyük irəliləyişə nail olmuşuq və sabit siyasi təsisatlar yaratmışıq. Bizim bütün təsisatlarımız vardır. Bizim çoxpartiyalı sistemimiz mövcuddur. Bizim çox partiyaların nümayəndələrindən ibarət parlamentimiz, ifadə, yığıncaq azadlıqlarımız, azad internetimiz vardır... Gələcəkdə siyasi islahatlar birmənalı şəkildə davam edəcəkdir".
Prezident İlham Əliyev bütün beynəlxalq tədbirlərdə olduğu kimi, Avronestin sessiyasında da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməmiş qalmasının region üçün təhlükəyə çevrildiyini xatırlatmışdır: "Bu gün Dağlıq Qarabağdakı insanlar və Dağlıq Qarabağdan qovulmuş şəxslər öz yerlərinə qayıtmalı, sülh, dostluq və əməkdaşlıq şəraitində yaşamalıdırlar". Prezident rəsmi Bakının mövqeyini növbəti dəfə və daha konkret şəkildə dilə gətirir: "Dağlıq Qarabağ münaqişəsinin həlli çox aydın görünür. Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyü bərpa olunmalıdır".
Ölkəmizin beynəlxalq aləmlə, xüsusən, Avropa təsisatları ilə əməkdaşlığının gündən-günə genişlənməsindən, dövlətimizin daha da qüdrətlənməsindən, sosial-iqtisadi sahədə qazandığımız nailiyyətlərin dünyanın hər yerində yüksək qiymətləndirilməsindən, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün atılan addımlardan və bütövlükdə respublikamız və regionumuz üçün xüsusi önəm kəsb edən məsələlərdən danışan Prezident İlham Əliyev Azərbaycan - Avropa İttifaqı əməkdaşlığının gələcəyindən böyük nikbinliklə söz açmışdır: "Əminəm ki, Avronest sessiyası çərçivəsində biz bir-birimizlə daha yaxından tanış olacağıq, siz Azərbaycanı daha yaxşı tanıyacaqsınız".
Avronest Parlament Assambleyasının iqtisadi inteqrasiya, hüquqi yaxınlaşma və Avropa İttifaqı siyasətləri ilə uyğunluq üzrə komitəsinin həmsədri Vetslav İonika Bakıda keçirilən sessiya barədə fikirlərini hələ Bakıdan getməmiş bu şəkildə ifadə etmişdir: "Bu sessiyanın Bakıda keçirilməsi Azərbaycanın Avropaya intqerasiyasının əsas göstəricilərindən biridir. Bakıda olduğumuz az müddətdə bu ölkənin necə sürətlə inkişaf etdiyinin şahidi olmuşuq. İnanırıq ki, bu iclasda müzakirə olunan məsələlər də qarşıya qoyulan məqsədlərə nail olmaqda işimizi xeyli asanlaşdıracaq və mövcud problemlərin həllinə təkan verəcəkdir". Assambleyanın siyasi məsələlər, insan hüquqları və demokratiya üzrə komitəsinin həmsədri Günnar Hökmark da ölkəmizin iti sürətlə inkişaf etdiyini və bu inkişafın Avropa rəsmiləri tərəfindən yüksək qiymətləndirildiyini söyləmişdir.
Beləliklə, Azərbaycan daha bir möhtəşəm beynəlxalq tədbirə ev sahibliyi etdi. Gənc müstəqil dövlətimizin reallıqlarının dünya ictimaiyyətinə olduğu kimi çatdırılması və dünya siyasətçilərinin Azərbaycan haqqında fikirlərinin növbəti dəfə eşidilməsi baxımından xüsusi əhəmiyyət kəsb edən bu tədbir müasir tariximizin əlamətdar səhifələrindən biri kimi yaddaşlara yazıldı.

{nl}

İttifaq MİRZƏBƏYLİ, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında