Avropa İttifaqı ölkələrinin parlamentlərindəki Azərbaycanla dostluq qruplarının məşvərət şurası yaradılacaqdır

Avropa İttifaqı ölkələrinin parlamentlərindəki Azərbaycanla dostluq qruplarının məşvərət şurası yaradılacaqdır.
Bu barədə qərar "Avropa İttifaqı ölkələri parlamentləri və Azərbaycan: parlamentlərarası əməkdaşlığın inkişafı və Aİ ölkələri parlamentlərindəki Azərbaycanla dostluq qruplarının məşvərət şurasının təşkili" mövzusunda Tallinndə keçirilmiş konfransda qəbul edilmişdir.
Tədbir Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycanın Latviyadakı səfirliyinin, Estoniya parlamenti və Azərbaycan-Estoniya parlamentlərarası işçi qrupunun, həmçinin "Aydan" Eston-Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilmişdir.
Dövlət Komitəsindən bildirmişlər ki, konfransda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının nümayəndəsi, Estoniya, Latviya, Litva parlamentlərindəki Azərbaycanla dostluq qruplarının üzvləri, Azərbaycan Milli Məclisinin deputatları, QHT-lərin, bələdiyyələrin və KİV-lərin təmsilçiləri iştirak etmişlər. Toplantıda əsasən Aİ ölkələri parlamentlərindəki Azərbaycanla dostluq qruplarının məşvərət şurasının yaradılması məsələsi müzakirə edilmişdir.
Konfransı Estoniya parlamenti sədrinin müavini Keit Pentus açmışdır.
Estoniya parlamentinin azərbaycanlı deputatı, Estoniya-Azərbaycan dostluq qrupunun rəhbəri Eldar Əfəndiyev çıxışında demişdir ki, Baltikyanı ölkələrin parlamentləri ilə Milli Məclis arasında əlaqələrin normal olmasına baxmayaraq, perspektivli əməkdaşlıq sahəsində bəzi maneələr vardır. Parlamentlərarası işçi və dostluq qruplarının üzvlərinin seçildikləri dövrdə gördüyü işlər və reallaşdırılan layihələr sona çatdırılmır. Problemləri aradan qaldırmaq üçün daimi fəaliyyət göstərən bir qurumun yaradılması məqsədəuyğun olardı. Eldar Əfəndiyevin sözlərinə görə, Azərbaycan ilə Baltikyanı ölkələrin çoxsahəli əməkdaşlığını, eləcə də Azərbaycanın Avropaya inteqrasiyasına Baltikyanı dövlətlərin daim dəstək verdiyi nəzərə alınaraq Estoniya dövlət qurumları ilə belə bir qurumun yaradılması məsələsi müzakirə edilmiş və məşvərət şurasının yaradılması təşəbbüsü irəli sürülmüşdür.
Estoniya parlamentinin xarici işlər üzrə komissiyası sədrinin müavini Enn Eesmaa isə çıxışında Avropa parlamentinin qəbul etdiyi qərara diqqət çəkərək demişdir ki, Ermənistan ordusu işğal olunmuş Dağlıq Qarabağın ərazisindən və ətraf rayonlardan çıxarılmalıdır.
Bu məsələni Baltik Assambleyasındakı Estoniya parlament qrupunun sədri Trivimi Velliste, Estoniya parlamentinin Avropa İttifaqı ilə işlər üzrə komissiyasının üzvü Mart Nutt, həmin komissiyanın sədr müavini Ester Tuikso, Estoniya Xarici İşlər Nazirliyi siyasi şöbəsinin müdiri Klayd Kull da müdafiə etmişlər.
Estoniyalı millət vəkili Vladimir Velman Baltik Assambleyasının GUAM ölkələri ilə sıx əməkdaşlığının vacibliyini qeyd etmişdir.
Milli Məclisin deputatı Rövşən Rzayev çıxışında Azərbaycanın Avropa İttifaqına inteqrasiyasının vacibliyini qeyd etmiş, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycan dövləti tərəfindən atılan addımlar barədə məlumat vermişdir. Deputatımız bu münaqişənin təkcə Azərbaycanın deyil, bütövlükdə regionun sürətli inkişafına ciddi maneə olduğunu bildirmişdir.
Konfransın ikinci hissəsində Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Ərəstun Mehdiyev ölkəmizin Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsi barədə toplantı iştirakçılarına məlumat vermişdir.
Latviyalı deputat, Azərbaycan parlamenti ilə əməkdaşlıq qrupunun sədri Oleq Denisov da Azərbaycanın Avropaya inteqrasiyası haqqında fikirlərini bölüşmüşdür.
Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Surəddin Hümbətov diaspor təşkilatlarının Azərbaycanın Avropaya inteqrasiyasına, həm də yeni yaradılan Aİ ölkələri parlamentlərindəki Azərbaycanla dostluq qruplarının məşvərət şurasının işinə verə biləcəyi töhfələrdən danışmış, bunun üçün diasporumuzun parlamentlərlə, həmçinin QHT-lərlə əməkdaşlığının vacibliyini qeyd etmişdir. Bu fikiri Azərbaycan Milli QHT Forumunun sədri Rauf Zeyni də dəstəkləmişdir.
Litva Mədəniyyət Nazirliyinin nəzdindəki Milli İcmalar Şurası sədrinin müavini İmantas Melianas, Avropa Azərbaycanlıları Konqresinin üzvləri Roman Əliyev və Niyazi Hacıyev də çıxış edərək Azərbaycanın Avropaya inteqrasiyası və məşvərət şurası ilə ölkəmiz arasında əlaqələrin inkişafına dəstək verəcəklərini bildirmişlər.
Sonda Estoniya parlamentinin vitse-spikeri Jüri Ratas konfransın əhəmiyyətini vurğulamış, yeni yaradılan məşvərət şurasına uğurlar arzulamışdır. O, məşvərət şurasının səmərəli fəaliyyət göstərəcək daimi orqan kimi parlamentlərarası əməkdaşlığa real töhfələr verəcəyinə əminliyini ifadə etmişdir.
Qeyd edək ki, Aİ ölkələri parlamentlərindəki Azərbaycanla dostluq qruplarının məşvərət şurasına ilk olaraq Azərbaycan və Baltikyanı ölkələr daxildir. Gələcəkdə digər Avropa ölkələrinin də bu quruma qatılması nəzərdə tutulmuşdur. Tədbir çərçivəsində Baltikyanı ölkələrin və Azərbaycanın QHT forumları arasında birgə əməkdaşlıq haqqında anlaşma əldə olunmuşdur. Yaxın vaxtlarda bununla bağlı memorandum imzalanacaqdır.{nl}

AzərTAc

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında