Şriftin ölçüsü:
10.04.2012 09:58 | Oxunma sayı: 542
Azərbaycanda rəsmi səfərdə olan Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko aprelin 9-da Milli Məclisə gəlmişdir.
Parlamentin binası önündə qonağı Milli Məclisin sədri Oqtay Əsədov və digər rəsmi şəxslər qarşılamışlar.
Valentina Matviyenko Milli Məclisin iclas zalına baxmış, deputatlar üçün yaradılmış şəraiti yüksək qiymətləndirmişdir.
Federasiya Şurasının sədri Milli Məclisdəki Heydər Əliyev Xatirə zalı ilə tanış olmuşdur. Ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin həyat və fəaliyyətini, xarici ölkələrə səfərlərini, keçirdiyi görüşləri əks etdirən fotomateriallar qonaqda dərin təəssürat yaratmışdır.
V.Matviyenko xatirə kitabına ürək sözlərini yazmışdır.
Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə Milli Məclisin sədri Oqtay Əsədov arasında əvvəlcə təkbətək görüş olmuşdur.
Sonra görüş geniş tərkibdə davam etmişdir.
Oqtay Əsədov Azərbaycan ilə Rusiya arasındakı dostluq əlaqələrinin qədim kökləri olduğunu vurğulamış, V.Matviyenkonun bu səfərinin münasibətlərimizin inkişafına yeni təkan verəcəyinə əminliyini ifadə etmişdir.
Milli Məclisin sədri V.Matviyenko ilə görüşlərini xatırlatmış, qarşılıqlı səfərlərin və bu cür görüşlərin əməkdaşlığımıza geniş imkanlar açdığını qeyd etmişdir. O.Əsədov demişdir ki, bu gün Azərbaycan ilə Rusiya strateji müttəfiqdirlər və əlaqələrimizin belə yüksək səviyyəyə çatmasında dövlətlərimizin başçılarının xüsusi rolu vardır.
Bildirilmişdir ki, bu günə qədər Azərbaycan ilə Rusiya arasında 160-dan çox dövlətlərarası və hökumətlərarası sənəd imzalanmışdır. Bu sənədlər münasibətlərimizin inkişafı üçün möhkəm hüquqi baza yaratmışdır. Siyasi, mədəni, humanitar sahələrdə olduğu kimi iqtisadi sahədə də əlaqələrimiz genişlənmiş, ticarət dövriyyəmiz son illərdə 2 milyard 800 milyon ABŞ dollarını ötmüşdür.
Dövlətlərimiz arasında əlaqələrin inkişafında parlamentlərin rolu böyükdür. Biz təkcə ikitərəfli müstəvidə deyil, MDB PA və digər beynəlxalq təşkilatlarda da səmərəli əməkdaşlıq edirik.
Azərbaycanın sosial-iqtisadi inkişafı barədə ətraflı məlumat verən Milli Məclisin sədri Dağlıq Qarabağ münaqişəsindən də danışmış, bu problemin ölkəmizin inkişafına və regionda sülhün tam bərqərar olmasına ciddi maneə yaratdığını qeyd etmişdir. ATƏT-in Minsk qrupunun həmsədri kimi, Rusiyanın bu münaqişənin həllində səylərini daha da artıracağına ümidvar olduğunu bildirmişdir.
Xanım Valentina Matviyenko onlara göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirmiş və demişdir ki, həqiqətən də qarşılıqlı səfərlər münasibətlərimizin hərtərəfli inkişafında mühüm rol oynayır. Biz əlaqələrimizin genişlənməsinə böyük önəm veririk və düşünürük ki, dövlətlərimizin başçıları arasındakı möhkəm dostluq münasibətləri bizə əməkdaşlığımızı daha da inkişaf etdirmək üçün geniş imkanlar açır.
Federasiya Şurasının sədri Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra sürətlə inkişaf etdiyini vurğulamışdır. O demişdir ki, tarix baxımından çox qısa vaxt keçməsinə baxmayaraq, Azərbaycan 20 il ərzində beynəlxalq aləmdə də çox böyük nüfuz qazanmışdır. Azərbaycanın bir çox beynəlxalq tədbirlərə, o cümlədən "Eurovision - 2012" mahnı müsabiqəsinə ev sahibliyi etməsi, 2020-ci il olimpiya oyunlarını keçirmək niyyəti bunun bariz nümunəsidir.
V.Matviyenko dövlətlərarası əlaqələrin inkişafında parlamentlərin rolunu xüsusi qeyd etmiş və demişdir ki, qanunverici orqanlardakı dostluq qrupları, eləcə də parlamentlərarası komissiya bu işdə əhəmiyyətli rol oynayırlar.
Qonaq ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı üçün regionlar arasında münasibətlərin genişlənməsinin, qanunvericilik bazasının möhkəmləndirilməsinin vacibliyini qeyd etmişdir. Bildirilmişdir ki, sərmayələrin qarşılıqlı qorunması üçün yeni saziş layihəsi hazırlanır. Bu sənədin təsdiqi qarşılıqlı sərmayə qoyuluşunda, iqtisadi-ticarət dövriyyəsinin daha da artmasında mühüm əhəmiyyət kəsb edəcəkdir.
V.Matviyenko Dağlıq Qarabağ münaqişəsi ilə bağlı demişdir ki, Rusiya ATƏT-in Minsk qrupu çərçivəsində bu problemin həllinə çalışır. Rusiya münaqişənin BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr, beynəlxalq hüququn norma və prinsipləri, dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır. Rusiyanın yeni seçilmiş prezidenti Vladimir Putin də bu məsələnin incəliklərini bilir və səlahiyyətlərinin icrasına başladıqdan sonra problemin sülh yolu ilə həllində səylərini artıracaqdır.
Sonra görüşdə Azərbaycanın və Rusiyanın regionları arasında əlaqələrin inkişafı, ekoloji sahədə, xüsusən də transsərhəd suların və Xəzər dənizinin ekoloji problemlərinin həllində birgə əməkdaşlıq və s. məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
{nl}
AzərTAc
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.