Demokratiyanın əsaslarını legitimləşdirən seçkilər

III məqalə

{nl}


ABŞ da seçki sistemi və seçkili hakimiyyətin qurulmasının müxtəlif məqamlarını açiqlayan yazımızın sonuncu-üçüncü hissəsində prezidentliyə namizədlərin irəli sürülməsi, Konqresə seçkilər, Senatla Nümayəndələr palatası arasındakı fərq, seçkilərin keçirilməsi qaydaları və sair məsələlərə diqqət yetirmişik. Məram aydındır-dünya demokratiyasının qabaqcıl nümunələrindən sayılan ABŞ demokratiyasının əsaslarını legitimləşdirən seçkilərə bu ölkədə necə böyük önəm verildiyini oxucuların diqqətinə çatdirmaq. Amma bütün bunlar da bu nəhəng ölkənin tarixi təcrübəsi, demokratiya özəllikləri haqqında hər şey deyil.

{nl}


Prezidentliyə namizədlərin irəli sürülməsi
Siyasi partiyalardan prezidentliyə namizədlərin irəli sürülməsi ABŞ Konstitusiyasında nəzərdə tutulmamışdır. Əvvəldə də qeyd etdiyimiz kimi, XVIII əsrin sonlarında gənc ölkənin Konstitutsiyası yazılıb ratifikasiya ediləndə siyasi partiyalar yox idi. Digər tərəfdən, Respublikanın əsasını qoyanları bu qisim prosedurlar o qədər maraqlandırmırdı. Elə buna görə də heç bir siyasi partiyaya üzv olmayan Corc Vaşinqton seçicilərin 100 faiz səsini qazanmış ilk və sonuncu prezident oldu.
1796-cı ildən başlayaraq, özlərini bu və ya digər siyasi partiyadan hesab edən ABŞ konqresinin üzvləri öz partiyalarından prezident və vitse-prezident postlarına irəli sürüləcək namizədlər barədə mövqelərini razılaşdırmaq üçün qeyri-formal görüş keçirdilər. Tarixə "Kral kokusu" adı ilə düşən bu cür namizəd seçmək sistemi təqribən 30 il "yaşadı". 1824-cü ildə bu sistem ABŞ-ın qərb ərazilərinin mənimsəməsi ilə siyasətdə hakimiyyətin desentralizasiyasının qurbanına çevrilərək yoxa çıxdı.
Nəticədə, "Kral kokusu"nun yerinə partiyadan olan namizədlərin təsdiq edilməsi alətinə çevrilən partiya qurultayları gəldi. 1831-ci ildə çox da böyük olmayan siyasi partiyalardan birinin-Antimasonlar Partiyasının nümayəndələri Merilend ştatının Baltimor şəhərindəki barlardan birinə toplaşdılar. Onlar namizədlə bağlı razılığa gəldilər və partiyanın seçkilərdəki platformasını müzakirə etdilər. Növbəti ildə öz namizədlərini təsdiq etmək üçün demokratlar da elə həmin bara toplaşdılar. O vaxtdan başlayaraq əsas partiyalar da, ikinci dərəcəli partiyalar da bütün ştatlardan nümayəndələrinin iştirak etdiyi ümummilli qurultaylar keçirirlər. Qurultayların məramə da dəyişməz olaraq qalır: prezidentliyə və vitse-prezidentliyə namizədlərin seçilməsi, həmçinin partiyanın platforması ilə bağlı konsensusa gəlmək.
Televiziya əsrinin başlanması
XIX əsrdə və hətta XX əsrin müəyyən dövrlərində prezidentliyə namizədlərin təsdiqi üçün müvafiq partiyaların daha qızğın tərəfdarlarının da toplaşdığı partiya qurultaylarına partiya liderləri tərəfindən nəzarət olunurdu. Bu partiya "bosları" öz mövqelərindən istifadə edərək qurultaya nümayəndələri elə seçməyə çalışırdılar ki, səsvermə "lazım olduğu kimi" keçsin.Partiya bosslarının opponentləri isə islahat tələb edir və istəyirdilər ki, qurultay nümayəndələrini sıravi üzvlər seçsinlər. Elə bu məqsədlə də ilkin seçim institutları (praymerizlər) yaradıldı. 1916-cı ildə ştatların böyük əksəriyyətində prezidentliyə namizədlərin ilkin seçkiləri keçirildi.
Təəssüflər olsun ki, bu yeniliklərin də ömrü uzun olmadı. Birinci dünya müharibəsinin sonuna yaxın partiya liderləri ilkin seçkilərin onların mövqeyini zəiflətdiyini görüb, ştatların qanunvericilik orqanlarını inandırdılar ki, bu təcrübəyə son qoysunlar, guya ilkin seçkilərin keçirilməsi çox baha başa gəlir və onlarda çox az adam iştirak edir. 1936-cı ilə prezidentliyə namizədlərin ilkin seçkiləri yalnız on iki ştatda keçirilirdi.
Ancaq İkinci Dünya müharibəsindən sonra seçki prosesinin demokratikləşdirilməsi haqqında tələblər daha böyük qüvvə ilə səslənməyə başlandı. Televiziyaların sayəsində tarixdə ilk dəfə olaraq insanlar öz mənzillərindən kənara çıxmadan siyasi kampaniyaları eşidə və görə bildilər. Prezidentliyə gələcək namizədlər televiziya vasitəsi ilə özlərinin necə populyar olduqlarını nümayiş etdirdilər. Sonrakı onilliklər, namizədləri təsdiq edən partiya qurultaylarının demokratikləşdirilməsi və geniş kütlələrin orada iştirakı ilə bağlı islahatlara yeni nəfəs verildi.
Məhz bu islahatların nəticəsidir ki, indi ştatların böyük əksəriyyətində ilkin seçkilər keçirilir. Ştatların qanunlarından asılı olaraq, seçicilər praymerizdə prezidentliyə namizədə və həmin namizədi "təmsil edən" nümayəndələrin siyahısına səs verə bilərlər. Namizədə bir şərtlə səs verə bilərlər ki, nümayəndələrin siyahısı səsvermənin nəticələrinə əsasən tərtib olunsun. Praymerizin daha bir forması partiya iclasında və ya kokusda namizədin seçilməsinə birbaşa deyil, bu və ya digər namizədi "təmsil edən" nümayəndələrə səs vermək yolu ilə aparılır. Kokuslar sistemində çox da çöyük olmayan coğrafi ərazilərdə (seçki məntəqəsi çərçivəsində) yaşayan aktivistlər toplaşır və prezidentliyə konkret namizədi dəstəkləməyə məsuliyyət daşıyan nümayəndələrə səs verirlər. Bu nümayəndələr də öz növbəsində, Koqresə namizədini irəli sürən seçki dairəsi çərçivəsində keçirilən dairə konvensiyasını təmsil edirlər. Bu son konvensiyalarda mövcud ştatı ümummilli qurultayda təmsil edəcək nümayəndələr seçilir. Bütün səviyyələrdən keçmək bir-neçə ay vaxt tələb etsə də, mahiyyətcə qalib-namizəd artıq səsvermənin birinci raundunda müəyyən edilir.
Hər ştatdan ümummilli partiya qurultayına seçiləcək nümayəndələrin real sayı hər bir partiyanın işləyib hazırladığı formula əsasında müəyyənləşdirilir. Bu zaman ştatın əhalisinin sayı, ştatda həmin partiyanın namizədlərinin dəstəklənməsi tarixi, seçkili vəzifəli şəxslərin sayı və partiya liderləri, partiya üzvlərinin ştatın hökümətində tutduğu vəzifələr kimi parametrlər nəzərə alınır. Demokratların istifadə etdikləri nümayəndə yerlərinin bölgüsü formulu ona gətirib çıxarır ki, onların ümummilli qurultaylarının nümayəndələrinin sayı respublikaçıların qurultaylarının deputatlarından iki dəfə çox olur. Bu islahatçı tendensiyanın genişlənməsi nəticəsində İkinci Dünya müharibəsindən sonra inkişafın iki mühüm istiqaməti müşahidə edilməkdədir. Birincisi, ştatların çoxu çalışırlar ki, prezidentliyə namizədlərin irəli sürülməsi üçün olan praymerizlərini və kokuslarını, namizədlərin irəli sürülməsi prosesinin həlledici mərhələsinə uyğun olaraq təqvim tarixinin daha erkən dövrünə keçirsinlər. Adətən belə tendensiyanı "frontal taktika" adlandırırlar. İlkin seçkilərin və ya kokusların erkən keçirildiyi şəraitdə ştatın seçiciləri namizədin mütləq seçilməsinə əhəmiyyətli dərəcədə təsir göstərə bilərlər. Bundan əlavə, bu, namizədlər məcbur edir ki, seçki kampaniyası başlayandan belə ştatların maraqlarına və ehtiyaclarına daha böyük diqqət yetirsinlər, bu ştatlarda öz seçki komitələrini yaratsınlar, buradakı əməkdaşların ştatlarına, KİV-dəki reklamlara, hoteldəki nömrələrə əlavə vəsait xərcləsinlər. Və bütün bunlar namizədin seçim prosesinin erkən mərhələsində öz partiyasında həlledici psixoloji qələbənin əldə olunmasına xidmət edir.
Bundan əlavə, ölkənin bir çox regionlarında ayrı-ayrı ştatlar "regional ilkin seçkilərin" təşkil olunması məqsədi ilə bir-birləri ilə əlaqəyə girir, öz seçki praymerizlərini və kokuslarını bir gündə keçirirlər ki, öz regionlarının seçkiyə təsirini imkan daxilində gücləndirsinlər.
Bu hər iki tendensiya namizədləri öz kampaniyalarını daha tez başlamağa məcbur edir ki, namizədlərin erkən irəli sürüldüyü daha çox ştatlarda güclü mövqeyi ələ almağa nail olsunlar. Namizədlər həmçinin kütləvi informasiya vasitələrinin -radionun, televiziyanın və internetin, ştatların partiya liderlərinin dəstəyinə daha çox güvənirlər. Etiraf etmək lazımdır ki, ilkin seçkilərin eyni vaxtda keçirildiyi bir neçə ştatda onlarsız seçiciləri əhatə etmək mümkün deyi.
Partiya qurultaylarının təsirinin zəifləməsi
Prezident postuna namizədlərin irəli sürülməsi prosesində gedən dəyişıliklərin nəticələrindən biri seçkiqabağı mabarizənin zirvə hadisələrindən olan, televıziyaların da geniş işıqlandırdığı prezidentliyə namizədlərin irəli sürülməsi məqsədilə keçirilən ümummilli partiya qurultaylarının əhəmiyyətinin zəifləməsi oldu. Bu gün namizədi mahiyyətcə ilkin seçkilərin erkən mərhələsində seçicilər müəyyənləşdirir. Öz növbəsində bu gələcək namizəd artıq qurultaya qədər vitse-prezidentliyə öz namizədini elan edə bilər. Yeri gəlmişkən, vitse-prezidentliyə namizəd ilkin seçkilərdə öz seçilməsi üçün müstəqil kampaniya aparmır, onun namizədliyini partiya qurultayında qalib gələn prezidentliyə namizəd təklif edir.
Beləliklə, prezidentliyə namizədin irəli sürülməsi prosesi evolyusiyaya ugramaqda davam edir. Son onillikdə bu evolyusiya seçicilərin seçkidə iştirakının artmasına kömək etmiş, elektoratın demoqrafik tərkibinə təsir göstərmiş və namizədlərlə onların sıravi tərəfdarları arasında əlaqələri möhkəmləndirmişdir. Bu proses özünün indiki formasında böyük populyarlıq qazanmış namizədlərə bir sıra üstünlüklər qazandırır. Bunun sayəsində onlar böyük vəsait toplaya bilir, daha fəal və səmərəli işləyən komanda qazanır və prezidentliyə namizədin ilkin seçkilərində elə ilk günlərdən seçicilər arasında daha böyük təşəbbüskarlıq yaratmağa nail olurlar.
İnternetdən istifadə
Namizədlər və onların tərəfdarları seçki öncəsi kampaniyaların keçirilməsində interneti olduqca tez istifadəyə götürdülər. Bu yenilik onlar üçün potensial tərəfdarlardan vəsait toplamaq, öz siyasi kurslarını və təcrübələrini təbliğ etmək üçün çox səmərəli və təsirli vasitəyə çevrildi.
2008-ci ilin seçkiqabağı kampaniyalarında elektron poçtlar və bloqlar ciddi mövqe qazanmağa başladılar. 2012-ci ilin prezident seçkilərində isə çox mühüm rol Facbook və Tvitter kimi sosial şəbəkələrə məxsusdur. Namizədləri seçkiqabağı qərargahları sosial şəbəkələrdən,smartfon və planşet kimi mobil qurğuların artan gücündən məharətlə istifadə etməy çalışırlar.
Konqresə seçkilər
ABŞ-da hakimiyyətə aparan yolun böyük maraq doğuran məqamlarından biri də konqresə seçkilərdir. ABŞ Konqresinə seçkilər çox sərt rəqabət şəraitində keçirilir və özünün əhəmiyyətinə görə prezident seçkilərindən heç də geri qalmır. Bunun əsas səbəbi qanunların işlənib hazırlanmasında əsas rolun məhz konqresə məxsus olmasıdır.
Qeyd etdiyimiz kimi, icra hakimiyyətinin parlament tərəfindən təyin olunduğu parlament quruluşundan fərqli olaraq, Amerika sistemi hakimiyyətin qanunvericilik qolunu prezident hakimiyyəti qolundan ayırır. Prezidentlər də qanunvericilər də ayrı-ayrı seçilir. Fəaliyyətdə olan prezidentin, eynən Azərbaycandakı kimi, qanun layihələrini konqresin müzakirəsinə çıxara bilməsinə baxmayaraq, hərçənd onlar prezidentin konqresdəki tərəfdarları tərəfindən hazırlansa belə, onun təsdiqinə göndərməmişdən əvvəl konqres qanun layihəsini qəbul etməlidir. Nümayəndələr Palatası və Senat nə hüquqi, nə də siyasi cəhətdən prezidentin iradəsindən asılı deyillər.
Parlament sistemlərindən fərqli olaraq Amerika konqresmenlərinin sıralarında partiya nizam-intizamına o qədər də ciddi əməl olunmur. Konqresin üzvləri siyasi məsələlərdə kifayət qədər müstəqil səs verə bilərlər, əgər bu onların yenidən seçilməsinə fayda gətirəcəksə. Nəticədə, konqresin liderləri hər hansı layihənun qəbulunda nizam-intizamlı partiya fraksiyasının avtomatik dəstəyini qazanmaq əvəzinə, bu və ya digər deputatı dilə tuta-tuta, çox böyük əziyyətlə səs çoxluğuna nail olurlar. Buna görə də konqresdə hər bir qanunverici qələbə çox böyük enerji bahasına başa gəlir.
Konqresə seçkilər ölkə üçün ona görə vacib sayılır ki, konqres böyük səlahiyyətlərə malikdir və ayrı-ayrılıqda götürülmüş hər bir konqresmen kimi, asan anlaşılan deyil.
Senatla Nümayəndələr palatası arasındakı fərq
Senat və Nümayəndələr palatası təqribən eyni səlahiyyətlərə malik olsalar da onların üzvlərinin seçkisi kəskin fərqlidir. Amerika respublikasının əsasını qoyanların düşüncəsinə görə Nümayəndələr palatası xalqa yaxın olmalı, onun arzu və istəklərini ifadə etməlidir. Məhz buna görə qurucu atalar Nümayəndələr palatasını, çoxlu sayda kiçik seçki məntəqələrinin deputatlarını birləşdirən, tərkibi tez-tez (hər iki ildən bir) keçirilən seçkilərdə dəyişən genişformatlı hakimiyyət orqanı kimi düşünmüşdülər. Əvvəllər hətta iki ildən bir yenidən seçkini də bəziləri uzun vaxt hesab edirdilər. Çünki atın yeganə hərəkət vasitəsi olduğu bir vaxtda iki il Vaşinqtonda olmaq konqresmenləri seçicilərdən çox uzaq salırdı. Bu gün isə təkcə iki ildən sonra növbəti seçkilərin başlayacağı fikri konqresmenləri, həmvətənlərinin dəstəyini itirməsinlər deyə,hər həftənin sonu öz dairəsinə yola düşməyə məcbur edir.
Konqresin aşağı palatasındakı hər bir yer coğrafi cəhətdən unikal seşki dairəsini xatırladır və yuxarıda qeyd olunduğu kim, hər bir konqresmen dairənin yeganə nümayəndəsi kimi öz seçicilərinin əksər səs çoxluğu ilə seçilir. 50 ştatın hər birinə Nümayəndələr palatasında minimum bir yer təmin olunur. Qalan yerlər isə ştatlar üzrə əhalinin sayına görə bölünür. Məsələn, Alyaskanın əhalisi o qədər də çox deyil, ona görə də Nümayəndələr palatasında ora yalnız bir yer məxsusdur. Əhalinin ən sıx yaşadığı Kaliforniya ştatının isə Nümayəndələr palatasında 53 yeri var. On ildən bir keçirilən əhalinin siyahıyaalınmasına görə hər ştata ayrılan yerlərin sayı ötən on il ərzındə baş vermiş demoqrafik dəyişiliklərə uyğun tənzimlənir. Öz növbəsində, ştatların qanunvericilik orqanları öz ştatları çərçivəsində konqresə seçkilər üzrə dairələrin sərhədlərinə yenidən baxırlar ki, ştata ayrılan yerlərin sayının dəyişdiyini və ya əhalinin miqrasiyasının nəticələrini əks etdirsinlər.
Senatın yaradıcılarının fikrinə görə, bu təsisatın üzvləri sahəsinə görə daha böyük seçki dairəsini - bütöv ştatı təmsil edirlər və əhalisinin sayından asılı olmayaraq, palatada hər bir ştatın bərabər nümayəndəliyi təmin edilir. Beləliklə kiçik ştatlar da böyüklər kimi eyni təsir gücünə malik olurlar. Respublikanın ilk illərində senatorları ştatların qanunvericilik yığıncaqları seçirdilər. Yalnız 1913-cü ildə Konstitutsiyaya 17-ci düzəliş qəbul ediləndən sonra ştatların seçiciləri senatorları birbaşa səsvermə yolu ilə seçməyə başladılar. Hər bir ştat Senatda altı il müddətinə seçilən iki senatorla təmsil olunur. Senatın tərkibinin üçdən biri iki ildən bir -sürüşkən qrafiklə yenidən seçilir. Senatorlar əksər səs çoxluğu ilə seçilir.
Partiyaların və ya şəxsiyyətlərin loyallığı
Keçmişdə konqresə seçkilər tez-tez "partiyalılıq əsasında" keçirilirdi, çünki seçicilərin əksəriyyəti bu və ya digər siyasi partiyanın uzunmüddətli tərəfdarları idilər və konqresə seçkilər zamanı qaydaya görə öz partiyalarının namizədlərinə səs verirdilər. Şəxsiyyətin xarakterik keyfiyyətləri və seçkili vəzifəli şəxslərin fəaliyyətlərinin nəticələri çox nadir hallarda elektoratın dəstəyinə təsir göstərə bilirdi. Lakin son onillik ərzində seçki siyasətində namizədin siyasi baxışları və şəxsiyyəti partiya simpatiyasını və bağlılığı ikinci plana keçirərək daha mühüm rol oynamağa başlamışdır.
Bundan əlavə, 1960-cı ildən başlayaraq ayrı-ayrı namizədlərin şəxsi keyfiyyətləri daha tez-tez ümummilli seçkilərin diqqət dairəsinə düşməyə başlamışdır. KİV-in və internetin inkişafı, xeyriyyə vəsaitlərinin toplanması üçün aqressiv metodların artan rolu, fasiləsiz içtimai rəy sorğuları və seçki kampaniyasının müasir taktikaları seçiciyə namizədlərin şəxsiyyətini daha yaxından öyrənməyə imkan vermişdir. Nəticədə, kimə səs verəcəyini qərarlaşdıranda seçici daha tez-tez konkret namizədin zəif və güclü tərəfləri ilə özünün partiya simpatiyasını müqayisə edir. XX əsrin əvvəllərində ümummilli dövlət təhsil sisteminin və İkinci Dünya müharibəsindən sonra ali təhsil sisteminin yaradılması, seçicilərə kimə səs vermək lazım gəldiyini qərarlaşdırmaq üçün partiyanın dediklərinə yox, daha çox öz müşahidələrinə və mahakimələrinə söykənməyə kömək etdi.
ABŞ-da seçkilərin keçirilməsi qaydaları
Birləşmiş Ştatlarda seçkilərin təşkil olunması və keçirilməsinə, həmçinin səslərin hesablanması və nəticələrin təsdiq olunmasına minlərlə inzibati işçilər cavabdehdirlər. Onların üzərinə vacib və böyük zəhmət tələb edən kompleks vəzifələr qoyulub: onlar seçkilərin dəqiq tarixini müəyyən edir, namizədlərin seçilmək hüququnu təsdiq edir, səsvermə hüququ olan seçiciləri qeydiyyatdan keçirir və onların siyahısını tərtib edir, səsvermə üçün avadanlıq seçir, bülleten blankı işləyib hazırlayır, seçki günündə məntəqələrdə işləmək üçün böyük sayda müvəqqəti personal toplayır, sonra isə səsləri hesablayıb seçkilərin nəticələrini təsdiq edirlər.
Amerikada seçkilərin çox nadir hallarda səslərin cüzi fərqi ilə yekunlaşmasına baxmayaraq, vaxtaşırı bu yürüşdə finişə minimal səs üstünlüyü ilə gələn qalibin nəticələrinin şikayət mövzusuna çevrildiyi də az olmayıb. Rəqiblərin qələbəyə şanslarının faktiki bərabər olduğu seçkidə qalibin müəyyənləşdirilməsi üçün mübahisələrin uzandığı 2000-ci ildə keçirilən prezident seçkilərinin nəticələri ilk dəfə olaraq amerikalılara bütöv bir sıra inzibati problemlərin mövcud olduğunu nümayiş etdirdi.
Birləşmiş Ştatlarda səsvermə iki mərhələdə keçirilir. ABŞ-da seçicilərin ümummilli səsvermə siyahısı yoxdur, ona görə də səsvermədə iştirak etmək üçün vətəndaş əvvəlcə qeydiyyatdan keşmək yolu ilə buna hüquq almalıdır. Vətəndaşlar, bizdə olduğu kimi, yaşadıqları yerdə qeydiyyatdan keçirlər. Başqa yerə köçdükləri halda təzə ünvanlarında yenidən qeydiyyatdan keçməlidirlər. Belə qeydiyyat sistemini seçməkdə məqsəd fırıldaqçılığa imkan verməməkdir. Ancaq hər bir ştatın öz qeydiyyat proseduru var. Keçmişdə müəyyən kateqoriyadan olan vətəndaşların, ilk növbədə Cənubda afroamerkanların seçkiyə buraxılmamaları üçün selektiv qeydiyyat proseduru həyata keçirilirdi.
Son vaxtlarda qeydiyyat tələblərinin sadələşdirilməsi tendensiyası müşahidə edilməkdədir. Belə ki, seçicilərin qeydiyyata alınmasının milli sistemi haqqında Qanun 1993-cü ildə vətəndaşlara öz ştatları tərəfindən verilmiş sürücülük vəsiqəsini yenidən rəsmiləşdirdikləri zaman səsvermə üçün qeydiyyatdan keçməyə imkan verdi. Lakin son illərdə bir çox ştatlar qeydiyyatı çətinləşdirən qanunlar qəbul edirlər. Məsələn, dövlət təşkilatı tərəfindən verilmiş şəxsiyyət vəsiqəsini tələb edir, seçicilərin qeydiyyata alınması üçün kütləvi tədbirləri məhdudlaşdırır və seçki günü qeydiyyatı qadağan edirlər.
Seçki komissiyasının əməkdaşlarının mühüm funksiyalarından biri - səsvermə hüququ olan hər bir vətəndaşın qeydiyyat siyahısına daxil edilməsinə və bu hüququ olmayan adamın ora düşməməsinə nəzarət etməkdir. Araşdırmalar isə göstərir ki, yerli seçki komissiyalarının əməkdaşları daha çox vətəndaşların, hətta əgər onlar son vaxtlar səsvermədə iştirak etməsələr belə, siyahıda saxlanmasına tərəfdardırlar, nəinki potensial səsvermə hüququ olan seçiciləri siyahıdan çıxarmağa. Bu gün səsvermə hüququ olan, lakin siyahıya salınmayan şəxslər məntəqəyə gələndə səs vermək üçün onlara müvəqqəti bülleten verilir. Sonra isə səsvermənin nəticələri hesablanana qədər onların səsvermə hüququ araşdırılıb dəqiqləşdirilir.
Seçkilərin təşkil olunması
Birləşmiş Ştatlarda seçkilərin təşkil olunması və keçirilməsi, hətta federal hakimiyyət orqanlarına seçkilər, bu gün də yerli hakimiyyət orqanlarını birbaşa qayğılandıran mövzulardan biri olaraq qalmaqdadır. Qeyd etdiyimiz kimi, yerli inzibatçılar, həmçinin dairə və ya şəhər məmurları qarşısında olduqca zəhmət tələb edən tapşırıqlar durur. Onlar bütün il ərzində təkcə seçicilərin qeydiyyata alınmasına və mövcud seçkilərdə iştirak etmək hüququ olan şəxsləri müəyyənləşdirməyə cavabdehlik daşımır. Onların vəzifələrinə həmçinin hər bir seçki üçün bülletenlərin formatını işləyib hazırlamaq , qeydiyyata alınmış bütün namizədlərin ora daxil edilməsini təmin etmək, bülletendə səsverməyə çıxarılmış bütün məsələlərin lazımi şəkildə aydın göstərilməsi də daxildir. İşlər tamamlandıqda onlar bülletenin məzmununu son dərəcə sadə və anlaşıqlı etməlidirlər.
Bu gün ABŞ-da seçki bülleteni formatının ümummilli standartı mövcud deyil. Seçki hüquqları haqqında Qanuna görə seçki komissiyasının əməkdaşları məntəqələrin çoxdilli bülletenlərlə təmin olunmasına cavabdehdirlər (əgər yerli əhalinin müəyyən faizi üçün ingilis dili əsas sayılmırsa). Bəzi hallarda namizədlər və partiyalar bülletendə necə gəldi göstərilir. Nəhayət, səsvermədə hansı maşınlardan istifadə olunacağını yerli seçki komissiyalarının əməkdaşları müəyyənləşdirirlər, bir şərtlə ki, bülletenlər hesablama maşınlarına uyğun gəlsin.
Elə bu məmurlar da seçkilərarası müddətdə səsvermə üçün olan maşınların mühafizəsinə və texniki xidmətinə cavabdehlik daşıyırlar. Lakin ən mürəkkəb vəzifələrdən biri uzunmüddətli bir gün üçün lazım olan çoxlu sayda müvəqqəti əməkdaşların cəlb olunması və öyrədilməsidir.
Səsvermə texnikası
Beləliklə, bütün demokratik ölkələrdə olduğu kimi ABŞ-da da ədalətli və qanuni seçkilərin peşəkar təşkili üçün müəyyən enerji və vəsait sərf etmək lazım gəlir. Qaydaya görə avadanlıq və bülletenlər, yerli məmurlar səviyyəsində alındığına görə, səsvermə üçün seçicilərin istifadə etdiyi maşınların növü və texniki vəziyyəti daha çox yaşayış məntəqəsinin sosial-iqtisadi statusundan və vergi bazasından asılıdır. Məktəblər, polislər və yanğından mühafizə xidməti, həmçinin parklar və istirahət obyektlər, yerli vergi daxilolmaları hesabına maliyyələşdirildiyindən səsvermənin texniki təminatına vəsait ayırmaq çox gec yada düşür.
Birləşmiş Ştatlarda səsvermə üçün maşınların geniş seçimi mövcuddur və bu texnologiyanın xarakteri fasiləsiz dəyişir. Bu gün ölkənin çox az-az yerlərində insanlar köhnə qayda ilə kağız bülletendə namizədin familyasının qarşısında xaç işarəsi qoyub səs verirlər. Lakin əksər kompyuterləşdirilmiş sistemlər hələ də dairələri rənglənmiş və ya xətləri birləşdirilmiş kağız bülletenləri hesablamaqda davam edirlər. Sonra bülletenlərin üzünün mexaniki köçürülməsi yolu ilə səslərin qeydiyyata alınması həyata keçirilir. Bu növ avadanlıq "optik üzköçürmə sistemi" adlanır.
Bəzi məntəqələrdə hələ də dəstəkli maşınlardan istifadə olunur. Bu maşınlarda seçici səs verəcəyi sual və ya namizədin familiyası qarşısındakı dəstəyi fırladaraq mövqeyini rəsmiləşdirir. Perfokart maşınlardan da olduqca geniş istifadə olunur. Özlüyündə perfokarta bənzəyən bülletendə namizədin familyası ilə yanaşı dəlik açılır və yaxud, kartı bülletenin surətinin olduğu qəbuledicinin üzərinə qoyur , sonra isə orada dəlik açırlar. Səsvermənin bu forması 2000-ci ildə keçirilən prezident seçkilərində səslərin hesablanması zamanı Florida ştatında ciddi uyğunsuzluğa gətirib çıxardı və bunun ardından məntəqələrin əksəriyyəti perfokart maşınlardan imtina etdilər. Elə buna görə də "Amerikaya səsvermədə kömək et" Qanununda dəstəkli və perfokart maşınları başqa növ səsvermə maşınları ilə əvəzləmək üçün yurisdiksiyalara vəsait ayrılması nəzərdə tutulur.
Hazırda, bankomatlardakı kimi sensorlu ekranla təchiz edilmiş birbaşa elektron səsvermə maşınlarından (DRE) istifadə olunması tendensiyası geniş yayılmaqdadır. Təhlükəsizlik məsələləri üzrə mütəxəssislər indi bir sıra təhlükəsizlik problemlərinin həlli məqsədi ilə bu sistemlərdə tamamlama işlərini başa çatdırmaqdadırlar.
Son illərdə səsvermə qaydalarında nəzərəçarpan yeniliklərdən biri də seçicilərə bülletenlərin qabaqcadan, seçki gününə qədər verilməsi prosedurunun tətbiqinə başlanmasıdır. Bu tendensiya qanunun seçki günü səfərdə olan və seçki məntəqələrinə gələ bilməyən seçicilərə verilən qeydiyyatdan çıxarma talonu haqqında müvafiq müddəasından sonra yayılmağa başladı. Bəzi ştatlar və yerli yurisdiksiyalar vətəndaşlara "qiyabi səsverən seçici" kimi qeydiyyatdan keçməyə və öz bülletenini poçt vasitəsi ilə evdə almağa imkan verməklə bu müddəanı tədricən liberallaşdırdılar. Oreqon ümumiyyətlə bütün seçkiləri poçt vasitəsi ilə keçirir və hazırda bu yeganə ştatdır ki, orada belə bir təcrübə mövcuddur. "Qiyabi- seçicilər" adətən doldurulmuş bülletenləri məntəqələrə poçtla göndərirlər.
Daha bir yenilik isə "vaxtından əvvəl səsvermədir". Bu məqsədlə səsvermə üçün olan maşınlar seçkiyə 3 gün qalmış ticarət mərkəzlərində və əhalinin daha sıx olduğu yerlərdə qoyulur. Ətrafda olan vətəndaşlar maşınlara yaxınlaşıb öz istəklərinə uyğun səs verirlər.
Səslərin hesablanması
Səslərin hesablanması seçki günü aparılır. İndi vaxtından əvvəl səsvermə daha çox populyarlıq qazanmağa başlasa da, vaxtından əvvəl verilmiş səslər də qalan səslərlə eyni vaxtda, seçki məntəqələri bağlandıqdan sonra başlayır. Vaxtından əvvəl səsvermənin nəticələrinə görə hansı namizədin irəlidə və ya geridə olduğu barədə heç bir rəsmi informasiya açıqlanmır, çünki vaxtından əvvəl səsvermənin nəticələri barədə məlumatlar seçkinin sonrakı mərhələlərinə təsir göstərə bilər.
İslahatlar uğrunda hərəkat
2000-ci il prezident seçkilərinin əyani dərslərindən biri də seçki komissiyasının Florida ştatında seçkilərin təşkili, səsvermə və səslərin sayılması ilə bağlı qarşılaşdığı problemlər oldu ki, onlar bu və ya digər dərəcədə Birləşmiş Ştatların yurisdiksiyasına daxil olan istənilən yerdə yarana bilərdi. Bundan dərhal sonra bir sıra elmi tədqiqatlar keçirildi, ekspertlər qrupu mütəxəssislərin hesabatlarını dinlədilər və islahatların aparılmasının zəruriliyi haqqında bəyanat verdilər.
2002-ci ildə konqres özündə bir neçə çox maraqlı elementləri ehtiva edən "Amerikaya səsvermədə kömək et"(HAVA) Qanununu qəbul etdi. Əvvəla, federal hökümət təklif etdi ki, ştatlara və yaşayış məntəqələrinə səsvermə üçün olan perfokart və dəstəkli maşınların dəyişdirilməsi məqsədi ilə vəsait ayrılsın. İkinci, qanun səsverməyə kömək etmək məqsədi ilə yerli seçki orqanlarının rəhbərlərinə texniki yardım göstərən və səsvermə maşınları üçün standartlar işləyib hazırlayan komissiya təsis etdi. Bu komissiyanın öhdəsinə, hər şeydən əvvəl, səsvermə üçün olan maşınların və bülletenlərin formatlarının öyrənilməsi üzrə tədqiqat proqramlarının, qeydiyyat metodlarının, əvvəlcədən səsvermənin və caxtalaşdırmanın qarşısının alınmasının metodlarının, məntəqə seçki komissiyalarının üzvlərinin seçilməsi və təlimatlandırılmasının, həmçinin, seçicilər üçün maarifləndirmə proqramlarının təklif olunması daxildir.
HAVA Qanunu tarixən həmişə yerli administrasiyaların səlahiyyət dairəsinə daxil olan məsələlərə federal strukturların cəlb olunmasına qoyulan məhdudiyyətlərdən qətiyyətlə geri çəkilməyi ehtiva edir. Bundan başqa, bu prosedurların islahat cəhdi amerikalılara öz seçki sistemlərinə inamlarını möhkəmləndirməkdə kömək etdi. Bu mənada ödəniləcək qiymət o qədər də böyük deyil. Çünki burada söhbət demokratiyanın əsaslarını legitimləşdirən seçkilərdən gedir.

{nl}

Arzuman MURADLI, iqtisadiyyat üzrə fəlsəfə doktoru, politoloq

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında