Şriftin ölçüsü:
08.04.2012 12:36 | Oxunma sayı: 531
Azərbaycan ilə Rusiya arasında diplomatik münasibətlər yaradılmasının 20-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyində təntənəli qəbul təşkil edilmişdir. Tədbirin əvvəlində Azərbaycan Respublikasının və Rusiya Federasiyasının dövlət himnləri səslənmişdir.
Azərbaycanın RF-dəki səfiri Polad Bülbüloğlu qonaqları salamlayaraq iki ölkə arasında münasibətlərin inkişafı tarixi barədə qısa məlumat verərək qeyd etmişdir ki, bu gün bizim səmimi dostluq münasibətlərimiz geniş normativ-hüquqi bazaya, əməkdaşlıq sahəsində zəngin təcrübəyə və çoxəsrlik ənənələrə əsaslanır. O, xüsusi vurğulamışdır ki, Azərbaycan-Rusiya əlaqələri mürəkkəb bir dövr yaşamış, lakin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hakimiyyətə gələndən sonra bu münasibətlər yeni xarakter kəsb etmişdir. Heydər Əliyevin bir böyük xidməti də ondan ibarətdir ki, 1997-ci ildə iki ölkə arasında sülh, dostluq və əməkdaşlıq haqqında baza xarakterli müqavilə imzalanmışdır.
2001-ci ildə Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana rəsmi səfərinin iki ölkənin qarşılıqlı münasibətləri tarixində dönüş anı olmasını vurğulayan diplomat demişdir: "Rusiya-Azərbaycan münasibətlərinin intensiv və dinamik inkişafı həmin səfərin və Bakı Bəyannaməsinin imzalanmasının məntiqi nəticəsidir. Biz bunu xatırlayırıq və fürsətdən istifadə edib Vladimir Putini RF Prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edirik".
Polad Bülbüloğlu Prezident Dmitri Medvedevin Azərbaycan-Rusiya əlaqələrində müsbət rolunu xüsusi vurğulamışdır. İki ölkənin dövlət başçıları arasında səmimi dostluq və tərəfdaşlıq münasibətləri yaranmışdır.
Azərbaycan səfirinin sözlərinə görə, D.Medvedev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinə dair danışıqlar prosesinin irəliləməsində çox fəal iştirak etmiş, Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin iştirakı ilə 10 üçtərəfli görüş təşkil etmişdir. Məhz bu dövrdə Azərbaycan ilə Ermənistan arasında humanitar missiyanın fəaliyyətə başlamasını vurğulayan səfir münaqişənin tezliklə tənzimlənəcəyinə ümidvar olduğunu bildirmişdir.
P.Bülbüloğlu bu il aprelin 3-4-də Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana rəsmi səfərini xatırlatmış, Rusiya XİN-ə təşəkkürünü bildirmiş, XİN ilə səfirlik arasında sıx və səmərəli əməkdaşlıq yarandığını qeyd etmişdir. Səfir ticari-iqtisadi və humanitar sahələrdə uğurlu əməkdaşlıq məsələlərinə də toxunaraq qeyd etmişdir ki, bu əməkdaşlığın zirvəsi Azərbaycan və Rusiya prezidentlərinin himayəsi ilə keçirilən Bakı Beynəlxalq Humanitar Forumu olmuşdur.
Polad Bülbüloğlu demişdir: "Fəxrlə deyə bilərik ki, Azərbaycan 155 səs toplayaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir və bu, Azərbaycanın bu gün qazandığı çox yüksək nailiyyətdir. Fürsətdən istifadə edib ölkəmizin bu quruma seçilməsində onu hərtərəfli dəstəklədiyinə görə Rusiya Federasiyasına təşəkkürümü bildirmək istəyirəm. "Eurovision-2011" mahnı müsabiqəsində bizə birinci olaraq 12 bal qiymət verən Rusiya olmuş və bu, Azərbaycanın həmin nüfuzlu mahnı müsabiqəsində qələbə qazanmasına kömək etmişdir".
RF xarici işlər nazirinin müavini Aleksandr Qruşko Azərbaycan-Rusiya münasibətlərinin hazırkı səviyyəsini yüksək qiymətləndirən nazir Sergey Lavrovun səmimi təbriklərini çatdırmışdır. A.Qruşko demişdir: "Biz Azərbaycan səfirinin həm strateji əməkdaşlığın vacibliyi, həm də 20 il ərzində bizim münasibətlərimizin inkişaf yolu barədə söylədiyi bütün fikirlərə, onun verdiyi qiymətə şərik olduğumuzu bildiririk. Bu gün ticarətin inkişaf etdirilməsi üçün iqtisadi baza yaradılmaqla bərabər yaxşı perspektivlər də vardır. Biz artıq 150 sənəd, qarşılıqlı sazişlər hazırlamışıq, çox fəal siyasi dialoq tənzimlənmişdir, iqtisadi komissiyalar uğurla işləyirlər. Biz sərhədi nizamlamağa və bir sıra çox mürəkkəb problemləri aradan qaldırmağa nail olmuşuq. Münasibətlərimiz düzgün yoldadır və bundan sonra da uğurla inkişaf edəcəkdir". Nazir müavini daha sonra demişdir ki, Rusiya Azərbaycan Respublikasında qısa tarixi müddət ərzində görülmüş işlərə lazımınca qiymət verir.
RF Federal Məclisinin Dövlət Dumasının sədri Sergey Narışkin öz çıxışında qeyd etmişdir ki, Azərbaycan ilə Rusiya arasında diplomatik münasibətlər yaradılmasının 20 illiyi strateji tərəfdaşlar olan ölkələrimizin həyatında mühüm hadisədir. Onun sözlərinə görə, xalqlarımızın və ölkələrimizin çoxəsrlik dostluğu bizim ümumi tariximizlə, qələbələrdə də, uğursuzluq anlarında da bir-birimizin yanında olmağımızla təsdiqlənmişdir. Sergey Narışkin demişdir: "Bizim dostluğumuz möhkəmdir və biz onu çox yüksək qiymətləndiririk. Gəlin bu gün hamımızı bu böyük və əlamətdar hadisə münasibətilə təbrik edək".
Tədbirdə RF Prezidenti Administrasiyasının nümayəndəsi Aleksandr Beqlov, M.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçi, Rusiya XİN-in Dördüncü MDB departamentinin nümayəndələri, İTAR-TASS-ın baş direktoru Vitali İqnatenko, "Rusiya-Azərbaycan" Dostluq Cəmiyyətinin üzvləri, deputatlar, ali məktəblərin rektorları, ictimai xadimlər və incəsənət xadimləri iştirak edirdi.
{nl}
Asya HACIZADƏ AzərTAc-ın xüsusi müxbiri
Moskva
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.