Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze ilə görüşmüşdür.
Qonağı səmimiyyətlə salamlayan Ali Məclisin sədri yaxın qonşu, dost və qardaş ölkələr olan Azərbaycan və Gürcüstan arasındakı münasibətlərin uğurla inkişaf etdiyini bildirmişdir.
Dərin köklərə malik olan Azərbaycan-Gürcüstan əlaqələrinin genişlənməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin tarixi xidmətlərini qeyd edən Ali Məclisin sədri demişdir ki, müasir şəraitdə hər iki ölkə rəhbərlərinin səyləri nəticəsində münasibətlər yüksələn xətlə inkişaf edərək strateji xarakter almışdır. Hazırda bütün sahələrdə həyata keçirilən birgə layihələr iqtisadi münasibətlərin genişlənməsinə əlavə stimul verir. Xalqlarımız və dövlətlərimiz arasındakı əlaqələr təkcə çoxşaxəli iqtisadi münasibətlərlə məhdudlaşmır, regional və beynəlxalq müstəvidə də Azərbaycan Gürcüstanın, Gürcüstan da Azərbaycanın yanındadır.
Bu ilin yanvar ayında Gürcüstanın Acarıstan Muxtar Respublikasına 3 günlük işgüzar səfərini xatırladan Ali Məclisin sədri bildirmişdir ki, Acarıstan Muxtar Respublikası nümayəndə heyətinin də Naxçıvan Muxtar Respublikasına səfəri nəzərdə tutulur. Qarşılıqlı səfərlər əlaqələrin daha da dərinləşməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Səmimi görüşə görə minnətdarlıq edən Gürcüstan səfiri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vətənində - Naxçıvanda ilk dəfə olduğunu bildirmiş, muxtar respublikanın sosial-iqtisadi inkişafının məmnunluq doğurduğunu vurğulamışdır.
Teymuraz Şaraşenidze bütün sahələrdə ciddi irəliləyişlərlə müşayiət olunan Gürcüstan-Azərbaycan əlaqələrində Naxçıvan Muxtar Respublikasının da özünəməxsus yeri və rolu olduğunu bildirmiş, Ali Məclis sədrinin Acarıstan Muxtar Respublikasına səfərini münasibətlərin inkişafı istiqamətində mühüm mərhələ kimi dəyərləndirmişdir. Səfir mövcud əlaqələrin və qarşılıqlı faydalı əməkdaşlığın daha da genişlənməsi istiqamətində səylərini əsirgəməyəcəyini qeyd etmişdir.
Görüşdə əlaqələrin hazırkı vəziyyəti və gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında