Edqars RİNKEVİÇS: Latviya Dağlıq Qarabağın müstəqillik iddiasını heç vaxt tanımamışdır və tanımayacaqdır

Bu il fevralın 23-dən 25-dək Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs Azərbaycanda rəsmi səfərdə olmuşdur. Latviya xarici siyasət idarəsinin başçısı müsahibəsində həmin səfərin yekunlarını şərh etmişdir. 
-Cənab nazir, fevralda Siz Azərbaycanda rəsmi səfərdə olmusunuz. Bu səfəri necə qiymətləndirirsiniz? O, hansı perspektivlər açmışdır?
-Mənim fikrimcə, istər siyasi, istər iqtisadi, istərsə də mədəniyyət və təhsil sahələrində bizim ikitərəfli münasibətlərimiz o qədər dinamik və yaxşı inkişaf edir ki, yeni perspektivlər açılması çətin olardı, mövcud perspektivləri möhkəmlətmək lazımdır. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə, xarici işlər, nəqliyyat nazirləri ilə səmərəli görüşlərimiz oldu. Mən Azərbaycan Diplomatik Akademiyasının tələbələri ilə də görüşdüm. Bütövlükdə, bu səfər səmərəli oldu.
Mən əlaqələrimizin iki aspektini vurğulamaq istərdim: birincisi, bizim iqtisadi münasibətlərimiz çox yaxşı inkişaf edir, lakin biz bu münasibətləri daha da inkişaf etdirməliyik. Məsələn, bizim iki həmvətənimizin Bakıda otel açmasını, yəni Azərbaycan bazarına latviyalı sahibkarların da cəlb edilməsini biləndə mən sözün yaxşı mənasında heyrətləndim.
İkinci aspekt Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərlə bağlıdır. Səfər çərçivəsində "Şərq tərəfdaşlığı" proqramı ilə bağlı məsələlər müzakirə edildi. Biz Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin dərinləşməsinə dair Azərbaycanın mövqeyini tamamilə dəstəkləyirik və Latviya buna hər vasitə ilə kömək edəcəkdir. Elə məsələlər vardır ki, orada tərəqqi imkanlarını görürük.
Mənim fikrimcə, biz viza rejiminin sadələşdirilməsi məsələsini inkişaf etdirməliyik. Azərbaycan və Avropa İttifaqı Cənubi Qafqaz regionunun siyasi əhəmiyyətinin artmasını nəzərə almaqla strateji dialoq aparırlar.
Qeyd etmək lazımdır ki, bizim mədəni əlaqələrimiz də inkişaf edir. Ümid edirik ki, "Eurovision" mahnı müsabiqəsində bizim ölkəni təmsil edən iştirakçılar Bakıda yaxşı çıxış edəcəklər və Bakı Latviyanın uğur qazanmasına kömək edəcəkdir. Bizi sözün yaxşı mənasında heyrətləndirən bir məsələ də bu oldu ki, Azərbaycanın Latviyadakı səfiri Elman Zeynalov "Eurovision" mahnı müsabiqəsinin milli seçim finalının münsiflər heyətinə daxil idi.
-Keçirdiyiniz görüşlər barədə danışardınız, səfər çərçivəsində hansı razılaşmalar əldə edildi?
-Bizim müqavilə hüququ bazamız kifayət qədər yaxşı inkişaf etmişdir. Bir sıra mühüm sazişlər bağlanmışdır. Bütün səviyyələrdə dialoqu davam etdirmək lazımdır. Hazırda biz Latviya Prezidentinin və Baş nazirin Azərbaycana səfərləri üzərində iş aparırıq. Bu səfərlər zamanı onları latviyalı sahibkarlar da müşayiət edəcəkdir. Ümid edirik ki, bu səfərlər iqtisadi xarakterli daha sıx əlaqələr yaranmasına xidmət edəcəkdir. Əlbəttə, Avropa İttifaqı ilə əməkdaşlıq məsələlərinə dair danışıqlar da aparılmışdır. Biz burada daha sıx siyasi əməkdaşlıq potensialı görürük və öz tərəfimizdən onu dəstəkləyəcəyik.
-Latviya ilə Azərbaycan arasında siyasi dialoq nə vəziyyətdədir?
-Mən deyərdim ki, siyasi dialoq çox yaxşı səviyyədədir. Son beş ildə bütün səviyyələrdə - həm parlament, həm də hökumət səviyyəsində qarşılıqlı səfərlər olmuşdur. 2009-cu ildə Latviya Prezidenti Bakıda səfərdə olmuş, 2011-ci ildə Azərbaycan Prezidenti Latviyaya cavab səfəri etmişdir. Mənim fikrimcə, bizim əlaqələrimiz səmərəli və sıxdır, lakin belə hesab edirəm ki, Riqa ilə Bakı arasında birbaşa aviareysin olmaması bu əlaqələrin genişləndirilməsinə mane olur. Bu, biznesin inkişafına da təsir etməyə bilməz. Ümid etmək istərdim ki, həm "Airbaltic", həm də "Azərbaycan Hava Yolları" aviaşirkətlərinin yerinə yetirdiyi birbaşa reyslər mütəmadi qaydada həyata keçiriləcəkdir.
-Sizin fikrinizcə, "Şərq tərəfdaşlığı" proqramının perspektivləri necədir?
-Avropa İttifaqının bir neçə il bundan əvvəl yaratmağa başladığı "Şərq tərəfdaşlığı" proqramı Avropa İttifaqı ilə əməkdaşlıqda marağı olan ölkələr üçün yaxşı perspektivdir. Bu proqramın üzvü olan dövlətlərin və Avropa İttifaqının tərəfdaşlığı əməkdaşlığa qarşılıqlı maraq olmasını nəzərdə tutur. Bəzi ölkələr gələcəkdə Avropa İttifaqına daxil olmaq istərdilər, elə ölkələr var ki, onların nəzərində "Şərq tərəfdaşlığı" prosesi Avropa İttifaqına daxil olmaq üçün deyil, dialoq üçün yaxşı platformadır. Elə ölkələr də var ki, onlar "Şərq tərəfdaşlığı" proqramına uyğun gəlmirlər, çünki həmin ölkələrdə dəyərlərə düzgün münasibət göstərilmir, yəni dövlətlərin bu proqrama yanaşmaları fərqlidir. Bu baxımdan, Avropa İttifaqı yeni yanaşmaları aşkar etmək məqsədilə hər bir dövlətlə daha dəqiq işləməlidir.
Azərbaycan bu proqramın iştirakçısı kimi viza rejiminin sadələşdirilməsində, strateji məsələlərə, qarşılıqlı maraq doğuran enerji siyasəti məsələlərinə dair danışıqlar aparılmasında maraqlıdır.
-Təhsil sahəsində əməkdaşlığın möhkəmləndirilməsi üçün hansı layihələr nəzərdə tutulmuşdur?
-Təhsil sahəsinə gəldikdə, biz Latviyada azərbaycanlı tələbələrin sayını artırmağa ümid edirik. Hərçənd elə bu gün də statistik məlumatlar pis deyil - hazırda Azərbaycan gənclərinin 50-yə yaxın nümayəndəsi Latviyada təhsil alır. Azərbaycan Prezidenti ilə və mənim həmkarımla görüşdə tələbə mübadiləsinə dair kvotaların artırılması məsələsi də müzakirə edilmişdir.
Biz həm də Azərbaycan Diplomatik Akademiyasında latviyalı tələbələrin təhsil alması üçün dəvət aldıq. Məsələn, Bakı Konservatoriyasında bir latviyalı tələbə qız təhsil alır. O, Bakıda latış musiqisini, burada isə Azərbaycan klassiklərini populyarlaşdırır.
-Bildiyiniz kimi, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi Azərbaycanın ən mühüm məsələsi, onun ağrılı yeridir və bizim ölkəmiz dünya birliyinə, xüsusən Avropa İttifaqına böyük ümidlər bəsləyir. Bu məsələdə Latviya nə kimi rol oynaya bilər?
-Mənim prinsipial mövqeyim təkcə regional əməkdaşlıq və təhlükəsizlik məsələləri ilə bağlı deyil, hesab edirəm ki, biz Avropa İttifaqının vahid xarici siyasətinin formalaşması üçün daha qətiyyətlə çıxış etməliyik. Biz bəzən buna yaxşı nail oluruq, axı, Avropa İttifaqının 27 üzvü var və beləliklə, yanaşmalar və fikirlər fərqlidir.
Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Ketrin Eşton xarici siyasətin daha yaxşı koordinasiya edilməsi üçün yaxşı əlaqələr qurmuşdur. Həm Dağlıq Qarabağ məsələsində, həm də SSRİ dağılandan sonra yaranmış digər mürəkkəb münaqişələrdə vahid siyasətə əməl etmək vacibdir. ATƏT-in Minsk qrupunun səyləri də bizə məlumdur. Bakıda səfərdə olarkən biz bu məsələni müzakirə etdik və vurğuladıq ki, biz ərazi bütövlüyü və münaqişənin dinc yolla tənzimlənməsi prinsiplərinə üstünlük verilməsinin tərəfdarıyıq. Danışıqlar prosesinə mütləq mənada prioritet verilməlidir.
-Erməni KİV-lərində yayılmış məlumatlara görə, bu il iyul ayında separatçı rejim Azərbaycan Respublikasının işğal altında olan ərazilərində qondarma "Dağlıq Qarabağ Respublikası"nın rəhbəri vəzifəsinə seçkilər keçirməyi planlaşdırır. Siz Ermənistanın bu cür destruktiv hərəkətlərini necə şərh edərdiniz?
-Latviya Dağlıq Qarabağın dövlətçiliyini heç vaxt tanımamışdır və heç vaxt tanımayacaqdır. Əslində heç bir ölkə belə bir dövləti tanımamışdır. Mən bu cür hərəkətləri şərh etməyə çətinlik çəkirəm. Biz Abxaziyada da, Cənubi Osetiyada da seçkiləri heç vaxt tanımayacağıq.
-Sizin fikrinizcə, Azərbaycan Avropa İttifaqına inteqrasiya məsələlərində Latviyanın təcrübəsindən necə istifadə edə bilər?
-Əgər biz sərbəst ticarət, viza rejiminin sadələşdirilməsinin mümkünlüyü barədə, hüquqi, texniki, siyasi aspektlərlə bağlı müqavilələr bağlamaqla Azərbaycan və Avropa İttifaqının üzvü olan ölkələr arasında daha sıx iqtisadi əlaqələri inkişaf etdirə bilsək, əgər təhsil sahəsində əlaqələri möhkəmlətsək, bütün regionun, o cümlədən Azərbaycanın da Avropa İttifaqına inteqrasiyasında yeni güclü irəliləyiş üçün pozitiv kütlə toplanacaqdır.
-Azərbaycan diasporunun dünyada rolu ilbəil artır. Onun fərqləndirici xüsusiyyətlərindən biri - olduğu ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməsidir. Siz Latviyada Azərbaycan diasporunun fəaliyyətini necə qiymətləndirirsiniz, ona nə arzu edərdiniz?
-Mən Azərbaycan icmasının fəaliyyətini çox müsbət qiymətləndirirəm və bunu Azərbaycan Prezidenti İlham Əliyev ilə, mənim həmkarım Elmar Məmmədyarovla görüş zamanı da demişəm. Latviya dövləti buradakı Azərbaycan icmasının fəaliyyətindən razıdır. Biz sevinirik ki, bu icma getdikcə daha fəal olur, ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayır. İcma Latviya cəmiyyətinin mütləq mənada tamdəyərli fəal üzvü olmaqla mədəniyyət və təhsil məsələlərinə xüsusi diqqət yetirir. Mən Azərbaycan icmasına öz bənzərsizliyini qoruyub saxlamasını arzu etmək, ölkənin siyasi və mədəni həyatına, millətlərarası münasibətlərə onun verdiyi töhfəyə görə təşəkkürümü bildirmək istərdim.
Azərbaycana səfər zamanı mən böyük dəyişikliklərin şahidi oldum. Son illərdə Azərbaycan kosmik sürətlə inkişaf edir. Bakı müəyyən mənada böyük bir tikinti meydançasını xatırladır, burada yeni gözəl binalar ucaldılır, tarixi abidələr bərpa edilir. Mən Qobustan Dövlət Tarixi-Bədii Qoruğunu da ziyarət etdim. Bu qoruğun rəqəmsal dizaynını latviyalı mütəxəssislər təmin etmişlər. Ölkənin tarixi dəyərlərinə bu cür qayğıkeş münasibəti görmək xoşdur. Mən çox ümid edirəm ki, Azərbaycana bir daha səfər edəcəyəm.

{nl}

Nigar HÜSEYNOVA AzərTAc-ın xüsusi müxbiri 
Riqa


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında