Güclü Azərbaycan istər bölgədə, istərsə də dünyada ABŞ-ın mühüm tərəfdaşıdır

Aprelin 5-də Azərbaycan Respublikası ilə ABŞ arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümü münasibətilə tədbir keçirilmişdir.
Əvvəlcə diplomatik əlaqələrinin 20 illiyinə həsr olunmuş videoçarx nümayiş olunmuşdur.
ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Stirlinq ABŞ ilə Azərbaycan arasında 20 il əvvəl qurulmuş diplomatik münasibətlərdən danışmışdır. Bildirilmişdir ki, Bakının dəyişən siması Azərbaycanın müstəqilliyinin bərpasından sonrakı 20 ildə əldə etdiyi möhtəşəm tərəqqinin rəmzidir. ABŞ Azərbaycanın sülhsevər, çiçəklənən və müstəqil demokratik dövlət kimi sürətli inkişafının davam etdirməsində onu dəstəkləmiş və bundan sonra da bu istiqamətdə əlindən gələni edəcəkdir. Qeyd olunmuşdur ki, ABŞ ilə Azərbaycan ötən 20 ildə birgə çalışaraq ölkələrimiz arasında dərin, önəmli və davamlı əlaqələr qurmuşdur. Bu əlaqələr təhlükəsizlik, enerji, eləcə də demokratik və iqtisadi islahatlar sahəsində ortaq maraqlara əsaslanır.
ABŞ və Azərbaycanın uzunmüddətli əməkdaşlığa malik olduğunu qeyd edən diplomat Bakı-Tbilisi-Ceyhan neft kəmərinin keçən 20 il ərzində ölkələrimiz arasında güclü əməkdaşlığın sübutu olduğunu demişdir.
Güclü Azərbaycanın istər bu önəmli bölgədə, istərsə də dünyada ABŞ-ın mühüm tərəfdaşı olduğunu vurğulayan Adam Stirlinq ölkəmizdə dini tolerantlıq, müasirlik ənənələrinin qorunub saxlandığını xüsusilə qeyd etmişdir.
Diplomat bildirmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli nizamlanmasında ortaq sadiqliyimiz çox önəmlidir. ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi, münaqişənin danışıqlar yolu ilə həlli üçün tərəflərlə sıx əməkdaşlığı davam etdirir.
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, Diplomatik Akademiyanın rektoru Hafiz Paşayev tədbirdə çıxış edərək ötən 20 ildə Azərbaycan ilə ABŞ arasındakı diplomatik münasibətlərdən bəhs etmişdir. Azərbaycanın ABŞ-da ilk səfiri kimi fəaliyyət göstərdiyini qeyd edən H.Paşayev vurğulamışdır ki, keçən dövr ərzində ikitərəfli əlaqələrimiz inkişaf etmiş, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Bu tərəfdaşlığın təməli 1994-cü ildə ümummilli lider Heydər Əliyev və ABŞ-ın sabiq prezident Bill Klinton tərəfindən qoyulmuşdur. Bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. ABŞ-ın dəstəyi olmadan Azərbaycanda enerji layihələrinin həyata keçirilməsi, Azərbaycanın dəstəyi olmadan isə ABŞ-ın rəhbərlik etdiyi qlobal terrorizm və radikalizm əleyhinə mübarizə mümkün olmazdı.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan H.Paşayev bildirmişdir ki, 1992-ci ildə cəmiyyətimiz ABŞ-ın bu münaqişədə düzgün, bitərəf vasitəçilik roluna böyük inam bəsləyirdi. Biz ABŞ-ın bu problemin nizamlanmasında daha fəal iştirak etməsini istərdik.
İkitərəfli əlaqələrimizin gələcəyinə nikbinliklə baxdığını vurğulayan xarici işlər nazirinin müavini qeyd etmişdir ki, 20 il ərzində qarşılıqlı anlaşma istiqamətində bir sıra önəmli addımlar atılmışdır. Biz səylərimizi birləşdirməli, əlaqələrimizin dərinləşməsi üçün bütün qüvvəmizi səfərbər etməliyik.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında