Ştefan FÜLE: "Avropa İttifaqı Azərbaycanda müsbət irəliləyişləri alqışlayır"

Avropa İttifaqı (Aİ) Azərbaycan ilə bir sıra layihələrə başlamışdır. Bu barədə məlumat verən Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle təmsil etdiyi qurum ilə Azərbaycan arasında münasibətlərdə müsbət irəliləyişlərin olduğunu demişdir.
Avronest Parlament Assambleyasının sessiyası çərçivəsində bir sıra görüşlər keçirən Avropa İttifaqının komissarı Ştefan Füle aprelin 3-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşmüşdür. Görüşdə beynəlxalq və regional, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə olunmuşdur.
Görüşdən sonra tərəflər müzakirə edilən məsələlər ilə bağlı mətbuat konfransı keçirmişlər.
Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin sabit qaydada inkişaf etdiyini vurğulayan E.Məmmədyarov qeyd etmişdir ki, qarşılıqlı əməkdaşlıq davam edir. Görüşdə bu əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunmuşdur.
Azərbaycanın Avropa İttifaqının "Şərq tərəfdaşlığı" təşəbbüsünü dəstəklədiyini və bu proqramda yaxından iştirak etdiyini deyən nazir görüşdə regional, təhlükəsizlik, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlər haqqında fikir mübadiləsinin aparıldığını qeyd etmişdir.
Azərbaycanlı nazir ilə apardığı müzakirələrin nəticələrindən razı qaldığını deyən Ş.Füle vurğulamışdır ki, ölkəmizdə bütün sahələrdə böyük dəyişikliklər baş vermişdir. Avropa İttifaqı Azərbaycanda müsbət irəliləyişləri alqışlayır.
Ölkəmizin Avropa İttifaqı üçün əhəmiyyətli dövlət olduğunu qeyd edən komissar demişdir ki, Azərbaycan ilə Aİ arasında enerji sahəsində səmərəli əməkdaşlıq vardır. Aİ bu əməkdaşlığı daha da genişləndirmək niyyətindədir. Keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin inkişafı çox intensiv şəkildə davam etdirilmişdir. Əvvəllər heç vaxt Azərbaycan ilə Avropa İttifaqı arasında bu qədər yüksək səviyyəli qarşılıqlı səfərlər həyata keçirilməmişdir. Yüksək səviyyəli səfərlərin sayının artması münasibətlərin möhkəmlənməsində əksini tapmışdır. İl ərzində biz siyasi səviyyədə assosiativ saziş ilə bağlı danışıqlarda tərəqqi əldə etmişik. Ümumilikdə, biz bu günədək əldə olunan tərəqqidən razıyıq.
Viza rejiminin sadələşdirilməsinə dair danışıqlara başlandığını da deyən komissar bildirmişdir ki, bu, Aİ-nin üzvü olan ölkələrə səfər etmək istəyən Azərbaycan vətəndaşlarının qısamüddətli Şengen vizası alınmasını asanlaşdıracaqdır.
Sonda jurnalistlərin sualları cavablandırılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında