Şriftin ölçüsü:
03.04.2012 02:33 | Oxunma sayı: 504
Aprelin 2-də Bakıda Azərbaycan Respublikası hökuməti və Litva Respublikası arasında ikitərəfli əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 2-ci iclası keçirilmişdir.
Komissiyanın həmsədrləri hər iki ölkənin qarşılıqlı əlaqələrinin inkişafında və ölkələrarası dostluq münasibətlərinin daha da dərinləşdirilməsində maraqlı olduqlarını, əlaqələrin inkişaf etdirilməsi üçün səy göstərildiyini, komissiyanın fəaliyyətinin qarşılıqlı faydalı əməkdaşlıqda vacib rol oynadığını qeyd etmişlər.
Tərəflər iki ölkə arasında siyasi, iqtisadi və humanitar əməkdaşlıq sahələrində ciddi irəliləyişlərə nail olunduğunu, yüksək səviyyəli qarşılıqlı səfərlərin reallaşdığını və əlaqələrin inkişaf etdirilməsi üçün geniş hüquqi baza yaradıldığını bildirmişlər. Qeyd olunmuşdur ki, indiyədək təkcə iqtisadi sahədə 10-dan çox saziş imzalanmışdır. Tərəflər gələcək əməkdaşlıq sahələrini daha da genişləndirmək məqsədilə ticarət gəmiçiliyi, hava əlaqəsi, beynəlxalq avtomobil daşımaları, kənd təsərrüfarı, ətraf mühitin mühafizəsi, standartlaşdırma və meterologiya, elm, təhsil və texnologiya sahələrində əməkdaşlıq haqqında sənəd layihələrinin baxılması prosesinin sürətləndirilməsi barədə razılığa gəlmişlər.
İclasda iki ölkə arasında bütün sahələr üzrə münasibətlərin inkişaf etdirilməsi və daha da dərinləşdirilməsi məsələləri müzakirə olunmuşdur. Hər iki tərəfin müvafiq strukturlarını təmsil edən nümayəndələr investisiya mühiti, turizm potensialı, informasiya texnologiyaları və səhiyyə sahəsində aparılan islahatlarla bağlı təqdimatlarla çıxış etmişlər.
Azərbaycan və Litva arasında sənayenin müxtəlif sahələri üzrə müştərək istehsal müəssisələrinin yaradılması istiqamətində əməkdaşlığın əhəmiyyəti vurğulanmışdır. Xüsusilə, maşınqayırma, elektrotexnika, informasiya texnologiyaları və digər sahələrdə ikitərəfli əməkdaşlıq əlaqələrinin yaradılmasına dəstək verilməsi, qeyri-neft sənayesinin müxtəlif sahələrinə investisiya yatırılmasına kömək göstərilməsi, adları çəkilən respublikalar arasında enerji sektorunda əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanmışdır.
İnvestisiya yatırılmasına köməklik göstərilməsi, Azərbaycan və Litva arasında enerji sektorunda əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanmışdır.
İclasda nəqliyyat sahəsində əlaqələrin inkişafı və bu sahədə hökumətlərarası sazişlərin imzalanması ilə bağlı məsələlər ön plana çəkilmişdir. Azərbaycan yüklərinin Litvanın Klaypeda dövlət dəniz limanı vasitəsilə daşınması, GUAM-a üzv-ölkələrinin tranzit potensialının həcminin artırılması məqsədilə TRACECA dəhlizinin uzadılması imkanları müzakirə edilmişdir.
Tərəflər rabitə və informasiya texnologiyaları sahəsində ikitərəfli əməkdaşlığın inkişafında maraqlarını ifadə etmiş, elektron hökumət və elektron imza sahəsində təcrübə mübadiləsinin aparılması üzrə razılıq əldə etmişlər.
İclasda Azərbaycan və Litva arsında kənd təsərrüfatı, mədəniyyət və turizm, səhiyyə, gənclər və idman sahəsində səmərəli əməkdaşlığın inkişaf etdirilməsi məsələləri də müzakirə edilmişdir.
Sonra Azərbaycan tərəfindən İkitərəfli Əməkdaşlıq üzrə Azərbaycan-Litva Hökumətlərarsı Komissiyasının rəsmi saytının təqdimatı olmuşdur. Bir neçə dildə fəaliyyət göstərən sayt iki ölkənin sahibkarlıq subyektlərinin məlumatlandırılması, eləcə də ölkələrin investisiya imkanları barədə informasiyaların verilməsi işində maraqlı tərəflərə və sərmayəçilərə kömək məqsədilə yaradılmışdır.
İclasda hökumətlərarsı komissiyanın Azərbaycan tərəfindən həmsədri, vergilər naziri Fazil Məmmədov çıxış edərək bildirmişdir ki, komissiyanın 2010-cu ildə Vilnüsdə keçirilən ilk iclasından sonra intensiv və məhsuldar iş aparılmış, əməkdaşlığın konkret istiqamətləri müəyyən edilmişdir. Fazil Məmmədov ölkələrimiz arasında ticarət dövriyyəsinin dinamikasının ölkələrimizin potensial imkanlarından az olmasını və onun gələcəkdə daha da artırılması və diversifikasiyası üçün əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd etmişdir.
Fazil Məmmədov Azərbaycan və Litva arasında beynəlxalq və regional təşkilatlar çərçivəsində sıx əlaqələr qurulduğunu vurğulayaraq, Avropa Qonşuluq Siyasəti, Avropa Birliyi Şərq Tərəfdaşlığı Təşəbbüsü çərçivəsində əməkdaşlığın uğurla həyat keçirildiyini də diqqətə çatdırmışdır.
Litva Respublikasının xarici işlər naziri, hökumətlərarsı komissiyanın Litva tərəfindən həmsədri Audronyus Ajubalis Azərbaycanın Avropanın enerji təhlükəsizliyi prosesinin fəal iştirakçısı olduğunu, ölkələrinin bu sahəyə, habelə qarşılıqlı investisiyalara maraq göstərdiyini bildirmişdir. Audronyus Ajubalis iki ölkənin sahibkarları arasında intensiv əlaqələr qurulduğunu, 2011-ci ilin fevral ayında Litva sahibkarlarından ibarət nümayəndə heyətinin ölkəmizə, 2012-ci ilin mart ayında isə Azərbaycan iş adamlarından ibarət nümayəndə heyətinin Litvaya səfərlərinin, bu səfər zamanı Litvanın sənaye parklarının, eləcə də Kaunas və Klaypedada yerləşən iqtisadi zonaların fəaliyyəti ilə bağlı təcrübə mübadiləsi aparılmasının bu prosesə təkan verəcəyinə ümid etdiyini söyləmişdir.
Audronyus Ajubalis ötən müddətdə hər iki ölkənin şirkət və iş adamlarının müxtəlif sahələr üzrə təşkil olunan sərgilərdə iştirakının vacibliyini və əhəmiyyətini də vurğulamışdır.
Hökumətlərası komissiyanın iclasının nəticələri ilə bağlı tərəflər arsında protokol imzalanmışdır. İclas başa çatdıqdan sonra həmsədrlər mətbuat nümayəndələrinin suallarını cavablandırmışlar.
Xatırladaq ki, İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarsı Komissiyanın ilk iclası 2010-cu ildə Vilnüsdə keçirilmişdir.
{nl}
Vaqif BAYRAMOV, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.