Şriftin ölçüsü:
03.04.2012 10:25 | Oxunma sayı: 477
Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Azərbaycan öz siyasi, demokratik inkişafına görə də digər dövlətlərdən fərqlənir. Avropa İttifaqı bu fərqi görür və yüksək qiymətləndirir.
Bu sözləri Azərbaycanda səfərdə olan Avronest Parlament Assambleyasının (PA) həmsədri Kristian Vigenin aprelin 2-də Milli Məclisin sədri Oqtay Əsədovla görüşdə söyləmişdir.
Oqtay Əsədov demişdir ki, Avratlantik məkana inteqrasiya Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir. Yeni yaranmış Avronest PA-nın ikinci sessiyasının Bakıda keçirilməsi buna əyani sübutdur. Əminik ki, tədbirin iştirakçıları təşkilatçılıqdan razı qalacaq və müzakirə edəcəyimiz məsələlər, qəbul olunacaq qərarlar əlaqələrin inkişafına çox müsbət təsir göstərəcəkdir.
Milli Məclisin sədri demişdir ki, Azərbaycanın Avropa İttifaqı (Aİ), eləcə də onun ayrı-ayrı strukturları ilə əlaqələri inkişaf edir və möhkəmlənir. İnanırıq ki, Avronest də bu istiqamətdə qarşıya qoyulmuş əsas məqsədlərə nail olmaq üçün imkanlar yaradacaqdır.
O.Əsədov bildirmişdir ki, Azərbaycan Cənubi Qafqazda Avropa İttifaqının ən etibarlı tərəfdaşıdır. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Amma təəssüflər olsun ki, Avronestə üzv olan 6 ölkənin dördündə regional münaqişələr mövcuddur. Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal olunmuşdur, bir milyondan çox azərbaycanlı erməni təcavüzü nəticəsində öz torpaqlarından didərgin düşmüşdür. Münaqişə ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının, Avropa Şurasının, Avropa İttifaqının və digər nüfuzlu beynəlxalq təşkilatların qərar və qətnamələri vardır. Azərbaycan bu münaqişəni başqa yolla həll etmək iqtidarındadır. Amma hesab edirik ki, başqa yollar Avropanın özü üçün də təhlükəli və arzuolunmazdır. Ona görə də dövlətimizin başçısı, Milli Məclis və xalqımız bu problemin sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri əsasında, dövlətlərin ərazi bütövlüyü prinsipi çərçivəsində həllinə tərəfdardır. İnanırıq ki, Avronest də münaqişənin sülh yolu ilə həllində öz dəstəyini əsirgəməyəcəkdir.
Avronest PA-nın həmsədri Kristian Vigenin Assambleyanın sessiyasının Bakıda yüksək səviyyədə təşkilinə görə, Avropa Parlamentinin rəhbərliyi və nümayəndə heyəti adından Azərbaycan dövlətinə və parlamentinə minnətdarlığını bildirmişdir. O demişdir ki, yaranmasından bir ildən az müddət keçməsinə baxmayaraq, Avronestdə 4 hesabat hazırlanmışdır. Bu sənədlər Assambleyanın və onun strukturlarının fəaliyyətinin əsas prinsip və istiqamətlərini müəyyən edəcəkdir.
K.Vigenin bu hesabatların hazırlanmasında Azərbaycan nümayəndə heyətinin rolunu xüsusi qeyd etmişdir. O demişdir ki, Avropa İttifaqı, Avropa Parlamenti və digər qurumlar "Şərq Tərəfdaşlığı" Proqramına qoşulan ölkələrin inkişafını diqqətlə izləyir. Azərbaycan təkcə iqtisadi cəhətdən deyil, siyasət, demokratiya və digər sahələrdə də sürətlə inkişaf edir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamaqla yanaşı, sürətlə Avropa ittifaqına yaxınlaşır. Biz bütün bunları yüksək qiymətləndiririk. Əminliklə deyirik ki, Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşıdır.
Avronest regional münaqişələrin həllində güclü təsir mexanizminə malik deyildir. Lakin buna baxmayaraq biz, bütün problemlərin, eləcə də, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdarıq. Ümid edirik ki, birgə səylərimiz nəticəsində buna nail olacağıq.
Avronest PA-nın digər həmsədri Boris Tarasyuk Assambleyanın sessiyasının yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirmiş, Azərbaycanın qurum daxilindəki fəaliyyətini yüksək qiymətləndirmişdir.
Sonra görüşdə Avronest PA-nın fəaliyyətinin əsas istiqamətləri, Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" Proqramının genişləndirilməsi, ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.