Şriftin ölçüsü:
31.03.2012 10:30 | Oxunma sayı: 493
Azərbaycana rəsmi səfəri çərçivəsində Qırğızıstan Prezidenti Almazbek Atambayev martın 30-da Milli Məclisdə olmuşdur.
Parlamentin binası önündə ali qonağı Milli Məclisin sədri Oqtay Əsədov və digər rəsmi şəxslər qarşılamışlar.
Qırğız Respublikasının başçısı Milli Məclisin iclas zalına baxmış, deputatlar üçün yaradılmış şəraiti yüksək qiymətləndirmişdir.
Ali qonaq Milli Məclisdəki Heydər Əliyev Xatirə zalı ilə tanış olmuşdur. Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini, xarici ölkələrə səfərlərini, keçirdiyi görüşləri əks etdirən fotomateriallar qonaqda dərin təəssüratlar yaratmışdır.
Sonra Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev Milli Məclisin sədri Oqtay Əsədovla görüşmüşdür.
Oqtay Əsədov dərin tarixi kökləri olan ölkələrimizin mövcud əlaqələrindən danışaraq bildirdi ki, dövlət başçılarının səyləri nəticəsində münasibətlərimiz getdikcə daha da möhkəmlənir. Əməkdaşlığın inkişafı üçün yaradılmış möhkəm hüquqi baza genişləndirilir.
İnanırıq ki, Qırğızıstan dövlətinin başçısının bu rəsmi səfəri ölkələrimiz üçün böyük dividendlər gətirəcəkdir.
O.Əsədov dövlətlərimiz arasında əlaqələrin inkişafında parlamentlərin rolunu, deputatlarımızın beynəlxalq təşkilatlardakı birgə fəaliyyətini xüsusi qeyd etmişdir.
Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) növbəti sessiyasının Bişkekdə keçiriləcəyini və bu cür tədbirlərin təkcə Azərbaycan və Qırğız respublikaları arasında deyil, bütün türkdilli ölkələr arasında əlaqələrin inkişafına töhfə verəcəyini bildirmişdir.
Prezident Almazbek Atambayev Azərbaycana səfərindən məmnunluğunu ifadə etmiş, göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirmişdir.
Ali qonaq Bakıda keçirdiyi rəsmi görüşlərin, imzalanan sənədlərin ikitərəfli əlaqələrimizin daha da möhkəmlənməsinə yaxşı töhfə verəcəyini xüsusi qeyd etmişdir. O, sonuncu dəfə 21 il bundan əvvəl Azərbaycanda olduğunu və ötən müddətdə ölkəmizin sürətli inkişaf yolu keçdiyini söyləmişdir. Bildirmişdir ki, Azərbaycanın bölgədə həyata keçirdiyi layihələr, qonşu respublikalara qoyduğu iri həcmdə sərmayələr ölkənin böyük potensiala sahib olduğunu bir daha təsdiqləyir. Azərbaycan beynəlxalq aləmdə yüksək nüfuzu və böyük gələcəyi olan ölkədir.
Dövlətlərimizin ərazi bütövlüyünün təmin olunmasının zəruriliyindən söz açan Prezident bildirdi ki, biz bu məsələdə eyni mövqedəyik və Azərbaycanın haqlı mövqeyini dəstəkləyirik.
Görüşdən sonra Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev Milli Məclisin iclas zalına gəlmiş, deputatlar qarşısında çıxış etmişdir.
Prezident Almazbek Atambayev dərin tarixi kökləri olan ölkələrimizin yaxın keçmişinə nəzər salmışdır. Bildirmişdir ki, ötən əsrin 30-cu illərində repressiyaya məruz qalan 10 minə yaxın azərbaycanlı Qırğızıstana köçürülmüşdür. Qırğızıstanı özlərinə yeni vətən seçən bu insanlar hər şeyə sinə gərərək böyük uğurlar əldə etmişlər. İndi Qırğızıstanda 3 professor, 3 elmlər doktoru, 20 elmlər namizədi dərəcəsi olan azərbaycanlı yaşayır. Elmin, sənayenin müxtəlif sahələrində çalışan bu azərbaycanlılar ölkə həyatında yaxından iştirak edir, töhfələrini verirlər. Dövlət başçısı demişdir:
- Əziz dostlar, qırğızların və azərbaycanlıların dövlətçilik yolu çox çətin və kəşməkəşli olmuşdur. Atalarımız və babalarımız çox cəsur və azadlığı sevən insanlar olmuşlar. Onlar əsrlər boyu türk ruhunu özlərində qoruyaraq tariximizi, adətlərimizi bu günə qədər yaşadıblar. Biz atalarımızın və babalarımızın dediklərinə əməl etməliyik. "Ataların sözü, xalqın gözü" deyimi vardır. Bunun əsl mənası bizim möhtəşəm "Manas" və "Dədə Qorqud" dastanlarında vardır. Çox hörmətli Heydər Əliyevin dediyi kimi, "Dədə Qorqud" və "Manas" qədim köklərimizi, bizim xalqlarımızın birgə tarixini və mədəniyyətini sübut edir.
Qırğız Respublikasının Prezidenti bildirmişdir ki, müstəqilliyimizi daha da möhkəmləndirmək istiqamətində vahid mövqeyimiz, ümumi yanaşmamız vardır. Biz separatizmə qarşı çıxırıq, ölkələrimizin ərazi bütövlüyünün, sərhədlərimizin toxunulmazlığının tərəfdarıyıq. Qarşılıqlı əməkdaşlığımız regional təşkilatlarda, o cümlədən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında bir-birimizi dəstəkləməyimizlə seçilir. Bu yaxınlarda Bişkekdə Türkdilli Ölkələrin Parlament Assambleyasının növbəti sessiyası, ardınca isə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sammiti keçiriləcəkdir. Bu sammitin keçirilməsi türkdilli dövlətlərin əlaqələrinin daha da yaxınlaşması baxımından mühüm hadisədir. Prezident demişdir:
- Əziz dostlar, çox hörmətli Heydər Əliyev 1995-ci ildə "Manas" dastanının 1000 illiyinin qeyd olunduğu zaman demişdi: "Bizim qırğızlarla dilimiz bir, dinimiz birdir. Tarix bizə türk dövlətlərinin birliyini qurmaq üçün daha bir şans verir".
Qırğız Respublikasının Prezidenti ölkələrimizin müstəqilliyi uğrunda şəhid olanları da xatırlayaraq xalqımıza xoşbəxt gələcək arzulayaraq bildirmişdir:
- Qardaş Azərbaycan xalqına xoşbəxtlik və rifah arzu edirəm.
Yaşasın Azərbaycan və Qırğızıstan dostluğu!
Yaşasın Azərbaycan!
Təşəkkür edirəm.
{nl}
AzərTAc
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.