Ermənistan müxalifəti xəbərdarlıq edir: Hakimiyyət dəyişikliyi olmasa, ölkə fəlakətə yuvarlanacaq

İqtisadi böhran içərisində boğulan Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca daxili vəziyyət getdikcə gərginləşir. Ölkə müxalifəti qətiyyətlə bildirir ki, cinayətkar Serj Sarkisyan komandası hakimiyyəti demokratik və sivil yollarla tərk etməsə ölkə fəlakətə sürüklənəcək, siyasi, sosial-iqtisadi vəziyyət daha da pisləşəcəkdir. Etirazların təkcə müxalifət düşərgəsini deyil, daha geniş xalq kütlələrini, ermənilərin qibtə ilə yanaşdığı ziyalıları, erməni lobbisinin aparıcı simalarını da əhatə etməsi Ermənistan hakimiyyətini çıxılmaz vəziyyətə salıb.
Hələ ötən ilin sonlarında Ermənistan hakimiyyətinin ən yaxın dəstəkçisi, ölkənin İsveçrədəki səfiri, dünyaca məşhur şanson ifaçısı Şarl Aznavur Moskvada verəcəyi konsert ərəfəsində "Life Showbiz" informasiya portalına verdiyi açıqlamalarda Serj Sarkisyanın və onun komandasının əleyhinə çox sərt ifadələr işlədərək demişdi: "İndi mənim ölkəmdə daxili soyqırım baş verir. Bu, siyasi baxımdan yolverilməzdir. Ermənistan hökuməti ölkənin nəfəs almasına imkan vermir, ölkəni gənclərdən məhrum edir. Gənclər Ermənistanı tərk edir. Odur ki, artıq söhbət siyasi yox, ümumbəşəri problemdən gedir. O, təcili olaraq həll olunmalıdır!"
Şübhə yoxdur ki, Şarl Aznavur "təcili olaraq həll olunmalıdır", - dedikdə Ermənistanda hakimiyyət dəyişikliyini nəzərdə tutur. Çünki nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən təsdiqini tapmış məlumatlara əsasən, sosial-iqtisadi vəziyyətin ağır olması səbəbindən 1990-cı ilin əvvəllərindən bugünədək Ermənistanı ən azı 1 milyon 300 min erməni tərk edib. Son dövrlər isə ölkədən kütləvi şəkildə qaçma halları daha da artıb. 2009-cu illə müqayisədə Ermənistandan əcnəbi ölkələrə pənah aparanların sayı azı üç dəfə artıb. Vəziyyətin gündən-günə ağırlaşması insanların gələcəyə ümidinin itməsi ilə nəticələnib.
Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyan və digər müxalifət nümayəndələri bütün bunlara görə hakimiyyəti ittiham edirlər. Onlar iddia edirlər ki, Ermənistanda "dövlət iqtisadiyyatı" anlayışı yox səviyyəsindədir. Ölkədə bütün iqtisadi fəaliyyətləri cinayətkarlar istiqamətləndirir. Ermənistanın iki büdcəsi var. Biri şişirdilmiş rəsmi rəqəmlərlə xalqa açıqlanır, ikincisi isə hakimiyyət səlahiyyətlilərinin cibindədir. Müxalifət belə hesab edir ki, ikinci birincidən daha da böyükdür və iqtidar həm prezident, həm də parlament seçkilərində hakimiyyəti əldən verməmək üçün məhz ikinci "büdcədən" gen-bol istifadə edir. Ermənistanlı politoloq Akop Badalyan "Erkramas" internet qəzetində dərc etdirdiyi məqalədə də bu məsələlərə geniş yer verərək yazıb ki, parlament seçkilərində hakim Ermənistan Respublikası Partiyası və digər iqtidaryönümlü partiyalar istər proporsional, istətsə də majoritar sistem üzrə namizədliyi irəli sürülmüş nümayəndələrinin qələbəsi üçün rüşvət şəklində pullar paylayacaqlar. Politoloq birmənalı şəkildə bildirib ki, cəmiyyəti aldadan hakim siyasi qüvvələr seçkiqabağı kampaniyalarını qeyri-şəffaf mənbələrdən maliyyələşdirir və özlərinə sərfəli namizədləri satın alırlar. Belə namizədlər isə hər an satılmağa hazırdırlar. Burada söhbət, həm də seçki komissiyalarının üzvlərinin və müşahidəçilərin pulla ələ alınmasından gedir. Onun fikrincə, Ermənistanın kriminal-oliqarx sinfinin nümayəndələri parlamentdə daha çox yerə sahib olmaq üçün bütün çirkin vasitələrdən istifadə edəcəklər. Ermənistanın kriminal-oliqarxları dövlətin adından istifadə edərək külli miqdarda kreditlər alır, enerji, sosial və tikinti proqramlarını həyata keçirmək adı ilə mənimsəyirlər. Həmin pullar indi xalqın ehtiyacları üçün deyil, parlamentdə çoxluğu təmin etmək üçün xərclənəcəkdir. Məhz bu faktlar Ermənistanın bir dövlət kimi, məhv olmasını şərtləndirir.
Erməni müxalifət liderləri və politoloqlarının yekdil rəyi budur ki, ölkədəki cinayətkar rejim qarşısıalınmaz korrupsiyanı həm də mürəkkəb mexanizmlərlə həyata keçirir. Onların fikrincə, aşağıdakı məqamlar bu mexanizmin təşkilində iştirak edir. Bunlar xarici cinayətkarlar və mafiya qrupları ilə əməkdaşlıq, gündəlik tələbat mallarının qiymətlərinin süni şəkildə artırılması, şübhəli fondların müxtəlifliyinin yaranması və əlavə büdcə hesablarının açılması, iqtisadiyyatın demək olar ki, tam inhisarlaşması, dövlət mülkiyyətinin satış qiymətlərinin bazar qiymətlərindən aşağı olması, saxta aksion və tenderlərin keçirilməsi, milli valyutanın süni şəkildə revalvasiyası, pul vahidinin stabilliyini saxlamaq üçün milli ehtiyatların xərclənməsi, statistik məlumatların manipulyasiyaları, iri kapitalı vergidən kənarda saxlamaq üçün kiçik və orta sahibkarlığın üzərinə əlavə vergi yükünün qoyulması və s-dən ibarətdir.
İqtisadiyyatda yaranmış dözülməz vəziyyətə toxunan Ermənistanın sabiq baş naziri Qrant Baqratyan bildirib ki, Ermənistanda sürətlə bahalaşma nəticəsində əhalinin gəlirləri və xərcləri arasında ciddi uçurum yaranıb: "Ermənistanda ərzağın qiyməti Avropa ilə müqayisədə 70 faiz bahadır, işləyənlərin əmək haqqı və müavinətlərin həcmi isə 6 dəfə azdır. Hakimiyyət deyir ki, son 4 ildə büdcədəki artım 13 faiz təşkil edib. Amma inflyasiya artımının 25 faiz təşkil etməsi barədə susur". Baqramyan da digər həmkarları kimi, hakimiyyəti cinayətkarlarla və mafiya qrupları ilə əməkdaşlıqda ittiham edib. Keçən il ABŞ Dövlət Departamentinə göndərilən bəzi teleqramların internet saytlarında yayılması da bu reallığı ortaya çıxardı. ABŞ-ın Ermənistandakı səfiri Mari Yovanoviç tərəfindən Dövlət Departamentinə göndərilmiş teleqramda konkret faktlar əsasında qeyd edilir ki, bu ölkədə baş vermiş çoxsaylı kriminal insidentlər hakimiyyət nümayəndələri, onların yaxınları tərəfindən törədilir və ölkədə kriminal dövlətin mövcud olduğu rəyi formalaşıb. Ermənistanda hakimiyyətə yaxın olan mütəşəkkil cinayətkar qruplaşmalar sərbəst fəaliyyət göstərirlər. Sənəddə prezident S.Sarkisyanın qardaşı Saşik Sarkisyanın və onun mühafizəçilərinin dəfələrlə silahlı insidentlərdə iştirak etdiyi, lakin heç bir halda istintaqa cəlb olunmadıqları göstərilir. ABŞ-ın Ermənistanda keçmiş səfiri Con Evans Dövlət Departamentinə hesabatında bildirib: "Ermənistanda işsizliyin fəlakət dərəcəsinə çatması saysız-hesabsız qadınları fahişəlik etmək məcburiyyətilə üz-üzə qoyub. Ölkəni yaxşı tanıyan ermənilər və əcnəbilər iki Ermənistandan danışır: İrəvan və ölkənin qalan hissəsi". Digər tərəfdən, ABŞ-ın Ermənistanda müvəqqəti işlər vəkili Cozef Penninqton Dövlət Departamentinə hesabatında bildirib ki, Ermənistanda ağır iqtisadi vəziyyət, siyasi qeyri-sabitlik ölkəni tərk edən insanların sayını çoxaldıb. Hətta orta təbəqənin nümayəndələri Ermənistandan köçmək istəyir. Ölkəni tərk etmək istəyənlər sırasında rəsmi şəxslər də var. Müstəqillik əldə etməsindən sonra əhalinin üçdə biri Ermənistanı tərk edib. Bu məsələdə yenilik odur ki, indi orta sinfin nümayəndələri də Ermənistandan xaricə axın etməyə başlayıblar.
"Çiçəklənən Ermənistan" partiyasının VI qurultayında çıxışı zamanı Ermənistanın sabiq xarici işlər naziri, adıçəkilən partiyanın üzvü Vardan Oskanyan da bu məsələyə toxunaraq deyib: "Əgər ölkədə hökm sürən sosial-iqtisadi vəziyyət və mənəvi psixoloji mühit yaxın vaxtlarda dəyişməzsə, mühacirət davam edəcək. İnsanlar niyə gedirlər? Onlar gələcəyə ümidlərini itirdiklərinə, ədalətsizlikdən yorulduqlarına, inamlarını itirdiklərinə görə gedirlər". Qarşıdan gələn seçkilərə toxunan Oskanyan vurğulayıb: "Mayda keçiriləcək parlament seçkiləri Ermənistan üçün taleyüklü olacaq. Belə ki, ölkə qarşısında dayanan iki problemi - iqtisadi vəziyyət və Dağlıq Qarabağ münaqişəsini həll etmək lazımdır". Keçmiş xarici işlər naziri bu iki məsələyə toxunmaqla, əslində, Ermənistan iqtidarının səriştəsizliyinə və bu hakimiyyətdən xilas olmağın əhəmiyyətinə işarə vurur. Çünki ölkəni iqtisadi fəlakətə məhz bu hakimiyyət sürükləyib və Dağlıq Qarabağ məsələsində Ermənistanın manevr imkanları tükənməkdədir. Bu, həm Azərbaycanın beynəlxalq aləmdə gündən-günə artan nüfuzu ilə bağlıdır, həm də ölkəmizin iqtisadi və hərbi gücünün hər gün daha da artması ilə əlaqədardır. Bu gün Azərbaycan BMT Təhlükəsizlik Şurası kimi mötəbər qurumun qeyri-daimi üzvüdür, paytaxtımız Bakı şəhəri isə əhəmiyyətli beynəlxalq tədbirlərin məkanına çevrilib. Həyata keçirilən düzgün siyasət nəticəsində ölkəmizin iqtisadiyyatı ötən 8 il ərzində 3, dövlət büdcəsi isə 20 dəfəyədək artaraq, 21 milyard dollara çatmışdır. Bütün bunlara paralel olaraq, Azərbaycanın hərbi potensialının güclənməsi, son 8 ildə hərbi xərclərin həcminin 25 dəfəyədək artması və büdcədən hərbi sahəyə ayrılan vəsaitin Ermənistanın ümumi büdcəsini 1,5 dəfə geridə qoyması düşmən ölkədə və dünyadakı ermənipərəst qüvvələrdə təşviş yaratmışdır. Məlumdur ki, 2011-ci ildə hərbi məsələlərə 3 milyard 413 milyon dollar xərclənmiş, 2012-ci ildə isə 3 milyard 474 milyon dollar ayrılmışdır. Biz bölgədə ən güclü orduya malikik, maddi-texniki təchizat yüksək səviyyədədir, ən müasir silahlar, texnika alınır və bizimlə hərbi sahədə əməkdaşlıq edən ölkələrin coğrafiyası genişlənir. Azərbaycanda 600-ə yaxın çeşiddə hərbi məhsul istehsal edilir. Hər il və hər ay bizi qələbəyə yaxınlaşdırır, Azərbaycan daha da güclü, Ermənistan isə gücsüz olur. Ermənistan hakimiyyəti ölkənin daxilində yaranmış vəziyyətə görə də zəif və çarəsiz duruma düşməkdədir. Ona görə də Serj Sarkisyan komandası bu ilin may ayında keçiriləcək parlament seçkilərində nə qədər saxtakarlığa yol versə də, pis aqibətdən xilas ola bilməyəcək.

{nl}

Rauf KƏNCƏRLİ, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında