Avropa İttifaqı Şərqi Avropa və keçmiş Sovet İttifaqında tikilmiş 66 sovet reaktoru arasında Metsamor reaktorunu "ən köhnəlmiş və ən etibarsız" hesab etmişdir. Hesabatda Metsamor "bütöv region üçün təhlükə" adlandırılır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Seul Nüvə Təhlükəsizliyi Sammitindəki nitqindən
{nl}
Azərbaycan Prezidenti İlham Əliyev sammitdə regionda mövcud olan nüvə təhlükəsindən söz açdı
Dünya siyasətçiləri planetin gələcəyini qorumaq, Yer kürəsinin təhlükəsizliyinə müəyyən töhfələr vermək üçün dövri olaraq toplaşır, real təhlükə mənbəyinə çevrilmiş məsələlərin birgə müzakirəsinə çalışırlar. Son zamanlar bu qəbildən olan ən ağrılı problem dünyanın nüvə təhlükəsizliyi məsələsidir. Bu bir faktdır ki, planetdə baş vermiş ən dəhşətli təbii kataklizmlərin belə fəsadlarının müəyyən müddətdən sonra aradan qaldırılması mümkündür.
Ancaq insan əli ilə yaradılmış nüvə energetikasının törətdiyi fəsadlar planet üçün uzunmüddətli yaraya çevrilir. Bunu bəşər övladı İkinci Dünya müharibəsinin sonunda Yaponiyada baş vermiş faciələr zamanı da gördü, 1986-cı ilin aprelində Çernoblda da, ötən il Yaponiyanın Fukusimo şəhərində də. Ona görə də nüvə təhlükəsizliyi ilə bağlı beynəlxalq tədbirlərə bütün siyasətçilər maraqla və səmimiyyətlə qatılırlar. Azərbaycan dövlətinin bu məsələyə daha böyük həssaslıqla yanaşmasının isə bir neçə səbəbi vardır ki, onların da birincisi sovet hökumətinin 36 il əvvəl qonşu Ermənistanda inşa etdiyi Metsamor Atom Elektrik Stansiyasının həm mənəvi, həm də maddi cəhətdən köhnəlməsi, hər an nüvə sızmasına səbəb olacaq təhlükələrin gözlənilməsidir. Bu məsələ barədə Cənubi Koreyanın paytaxtı Seulda keçirilmiş növbəti nüvə sammitinin tribunasından da danışılmışdır.
Yeri gəlmişkən, XXI Nüvə Təhlükəsizliyi Sammitinin Seulda keçirilməsi də təsadüfi deyildi. Çünki beynəlxalq aləmdə hamı yaxşı bilir Seulda olan istənilən şəxs Şimali Koreyadakı qapalı nüvə tədqiqatlarının təhlükəsini daha "yaxşı" hiss edəcək. Seulun şimalındakı dağların arxasında Pxenyan, orada isə təkcə Cənubi Koreyaya deyil, bütün mütərəqqi bəşəriyyətə düşmən kimi baxan insanların əlində çoxlu nüvə imkanları vardır. Hər halda dünya siyasətçiləri bu təhlükəli zonada toplaşaraq heç olmasza 2013-cü ildə nüvə təhlükəsizliyi ilə bağlı müəyyən ortaq məxrəcə gəlmək yollarını aradılar.
Dünyanın kütləvi informasiya vasitələrinin verdiyi xəbərlərə görə sammit iştirakçılarının qəbul etdiyi qətnamədə aydın şəkildə ifadə olunur ki, dünyanın nüvə təhlükəsizliyinin təmin edilməsi üçün ən vacib məsələ nüvə materiallarının çoxluğu deyil, onların fiziki cəhətdən lazımi şəraitdə qorunub saxlanılmasıdır. Deməli, beynəlxalq ictimaiyyəti ən çox narahat edən məsələ nüvə tədqiqatlarının miqyasının artması deyil, nüvə sızmalarının qarşısının alınmasıdır. Məhz bu məsələ rəsmi Bakını gündən-günə daha çox narahat edir və Metsamor Atom Elektrik Stansiyasının yaratdığı nüvə təhlükəsi barədə dönə-dönə bəyanatlar səsləndiririk.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Seul Sammitindəki çıxışı zamanı bildirmişdir ki, nüvə təhlükəsizliyi məsələsi Azərbaycan üçün mühüm məsələdir. Ona görə də respublikamız dünyada nüvə təhlükəsizliyi məsələsi ilə bağlı qəbul edilən bütün qərar və qətnamələrə hörmətlə yanaşır. Azərbaycan bu istiqamətdə atılan addımları dəstəkləməklə kifayətlənmir, eyni zamanda öz üzərinə düşən vəzifələrin hamısını peşəkarlıq və ardıcıllıqla yerinə yetirir. Ancaq buna baxmayaraq respublikamız və regionumuz daim nüvə təhlükəsi ilə üz-üzədir. Belə ki, 1976-cı ildə Ermənistanda inşa edilmiş Atom Elektrik Stansiyası köhnəlib, müasir standartlara cavab vermir və üstəlik, seysmik zonada yerləşir. Bütün bunlar Ermənistandakı Atom Elektrik Stansiyasını region üçün təhlükə mənbəyinə çevirmişdir.
Yeri gəlmişkən, bu gün dünyanı təhdid edən təhlükələrdən biri də terrorçuluqdur. Ən dəhşətli məqam ondan ibarətdir ki, nüvə materiallarının güclü dövlətlərlə yanaşı bəzi səbatsız siyasətçilərin əlinə keçməsi, oradan isə terrorçu və separatçı qruplaşamaların məkrli məqsədlərlə oğurlanması halları da günün reallıqları sırasındadır. Ona görə də Seul sammitində nüvə terrorizmi təhlükəsinin qarşısının alınması üçün daha ciddi tədbirlərin görülməsi və yeni öhdəliklərin götürülməsi məsələsi gündəliyə gətirilmişdi. Dünyanın 50-dən çox ölkəsinin dövlət və hökumət başçılarının bir masa ətrafında oturaraq apardıqları müzakirələrin bəşəriyyətin daha sakit sabahına olan inamı artırırdı. Ancaq atom energetikası obyektlərində terror təhlükəsinin qarşısının alınması, yüksək zənginləşdirilmiş uran və plutonium kimi xammalın istifadəsinin minimuma endirilməsi bir sammitin qəbul etdiyi qərar və ya qətnamə ilə həll olunacaq məsələlər deyil. Ona görə də sammit iştirakçıları belə bir razılığa gəldilər ki, XXII nüvə sammiti iki ildən sonra Niderlandda keçirilsin.
Hər halda bu qlobal xarakerli təhlükənin qarşısının alınması üçün dünya ölkələrinin uzunmüddətli və səmərəli beynəlxalq əməkdaşlığı daha sıx şəkildə davam etdirilməlidir. Daha maraqlı olan məqamlardan biri də odur ki, əksər natiqlərin çıxışında belə bir təklif səsləndirildi: əldə olunmuş təcrübənin bölüşdürülməsi və götürülən öhdəliklərin reallaşdırılmasına kömək göstərilməsini təmin etmək məqsədiylə daha mükəmməl bir qurumun yaradılması vacibdir.
Seul Nüvə Təhlükəsizliyi Sammiti bütövlükdə dünya ölkələri üçün olduğu kimi ayrılıqda bizim region və xüsusən, Azərbaycan üçün kifayət qədər əhəmiyyətli tədbir idi. Çünki sammit çərçivəsində Minsk qrupunun həmsədri olan ABŞ və Rusiya prezidentlərinin görüşərək müəyyən müzakirələr aparması, eləcə də ABŞ Prezidenti Barak Obama ilə Türkiyə Cümhuriyyətinin Baş naziri Rəcəb Tayyib Ərdoğanın görüşündə Dağlıq Qarabağ münaqişəsinin də gündəliyə gətirilməsi Azərbaycanın maraqlarına cavab verən məqamlar idi. Bu məsələ - ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi zərurəti Prezident İlham Əliyevin nitqində də əhatəli şəkildə öz əksini tapırdı.
Sonda bir məsələni də yada salmaq zərurəti yaranır. Belə ki, ötən ilin dekabrında Azərbaycan Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının üzvü seçilmiş, bu ilin əvvəlində ölkəmiz dünyanın bəzi regionlarının iqtisadi problemlərinin həlli üçün çağırılan Böyük İyirmilərin sammitinə dəvət olunmuş və nəhayət, dövlət başçımız indi haqqında söz açdığımız Nüvə Təhlükəsizliyi Sammitində iştirak edən 54 dövlət və hökumət başçısından biri kimi planetimizin təhlükəsizliyinin təmin edilməsi üçün aparılan müzakirələrin fəal təmsilçilərindən biri olmuşdur. Bütün bunlar Azərbaycanın beynəlxalq aləmə sürətli inteqrasiyasının, dünya dövlətlərinin ölkəmizə olan inam və etimadının artmasının, ən başlıcası isə Prezident İlham Əliyevin dünya miqyasında söz sahibi olan siyasətçiyə çevrilməsinin nəticəsidir. Beynəlxalq aləmdə hamı görür ki, Azərbaycan sivil, dünyəvi, demokratik və hüquqi dövlət quruculuğu kursu ilə inamla irəliləyir.
{nl}
İttifaq MİRZƏBƏYLİ, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.