Azərbaycan səfiri BMT Təhlükəsizlik Şurasında Yaxın Şərqdəki vəziyyətlə bağlı ölkəmizin rəsmi mövqeyini təqdim etmişdir

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi səfir Aqşin Mehdiyev ölkəmizin "Yaxın Şərq bölgəsində çətinliklər və imkanlar"a dair rəsmi mövqeyini BMT Təhlükəsizlik Şurasındakı eyni adlı müzakirələrdə təqdim etmişdir. 
Nyu-Yorkda çıxış edərkən azərbaycanlı diplomat bildirmişdir ki, ötən ildən indiyədək Yaxın Şərqi bürüyən dəyişikliklər dalğası bölgədəki bir çox cəmiyyətlərin təhlükəsizlik, siyasi və sosial statusunu dəyişdirmişdir. Bu, insanların öz azadlıq istəklərinə əsaslanaraq qanunun aliliyi və insan hüquqlarına hörmət edən demokratik dövlətlər çərçivəsində öz gələcəklərini yazmaq cəhdidir. Bunlar qiymətləndirilməli və dəstəklənməlidir.
Demokratik keçidin gətirdiyi vədlərlə yanaşı, eyni zamanda, unutmaq lazım deyildir ki, bu, Yaxın Şərq tarixində olduqca məsuliyyətli bir mərhələdir. Demokratiyaya siyasi məqsədlərə çatmaq üçün zorakılıqdan istifadə etmə, silah və ya xaricdən təsir vasitəsi ilə nail oluna bilməz. Bu proses sağlam hüquqi baza, iqtisadi və demokratik inkişaf üzərində qurulmalıdır.
Yaxın Şərq münaqişəsinə toxunarkən, Aqşin Mehdiyev burada irəliləyişin olmamasından təəssüfünü ifadə etmiş, işğal edilən Fələstin ərazilərində qeyri-qanuni məskunlaşma ilə bağlı fəaliyyətdən narahatlığını bildirmişdir. Onun fikrincə, belə qeyri-qanuni fəaliyyət fələstinlilərin gündəlik həyatına, hüquq və azadlıqlarına mənfi təsir göstərməklə yanaşı, sülh prosesinə də ciddi ziyan vurur, Fələstin dövlətinin əmələ gəlməsinə təhdid yaradır. Diplomat bildirmişdir ki, əsassız və qanunsuz ərazi iddialarını daxil edən və uydurma səbəblərlə etnik azlıqların qorunmasını iddia edən bir sıra münaqişələrdən fərqli olaraq, Fələstin xalqının öz müqəddəratını təyin etmə və dövlətçilik hüququ geniş tanınmışdır. Azərbaycan məsələyə müvafiq beynəlxalq hüquq normalarından yanaşmanın, hərbi işğal və onun nəticələrini dəstəkləyən fəaliyyətə son qoyulmasının və gələcəkdə bu cür fəaliyyətə imkan verilməməsinin tərəfdarıdır.
Aqşin Mehdiyev qeyd etmişdir ki, BMT Təhlükəsizlik Şurası beynəlxalq humanitar və insan haqlarının pozulmasına laqeyd qalmamalı, beynəlxalq sülh və sabitliyin qorunması üzrə məsuliyyətini yerinə yetirməli, qanunsuz fəaliyyət və siyasətə son qoyulmasını, insan haqları və fundamental azadlıqların qorunmasını təmin etməlidir. Bu mənada, bölgədəki mədəni müxtəliflikdən istifadə edərək icmalararası dialoq və barışın qurulmasını dəstəkləmək, etnik və dini qeyri-tolerantlığın qəbul edilməməsi mühitini yaratmaq vacibdir.
Azərbaycan səfiri Suriyada da baş verənlərə toxunaraq qeyd etmişdir ki, burada zorakılıq və insan haqlarının pozulması nəticəsində mülki vətəndaşlar arasında artan itkilər həyəcan doğurur. Bizim mövqeyimiz bundan ibarətdir ki, Suriyadakı böhranın həlli yalnız siyasi səhnənin bütün maraqlı tərəflərini əhatə edən və suriyalıların özləri tərəfindən aparılan dinc prosesdən keçir. Aqşin Mehdiyev Suriyada bütün tərəfləri BMT-nin və Ərəb Liqasının birgə xüsusi müşaviri Kofi Annanla əməkdaşlıq qurmağa çağıraraq, beynəlxalq missiyanın zorakılığa son qoyulması və sülh yolunun tapılmasına töhfə verəcəyinə ümidvar olduğunu bildirmişdir.
Sonda Azərbaycan nümayəndəsi diqqətə çatdırmışdır ki, repressiya sabitlik, sülh və təhlükəsizlik gətirmir. Ərazilərin davamlı işğalı və kütləvi köçkün əhalisinin mövcudluğundan əziyyət çəkən ölkə kimi Azərbaycan inanır ki, dövlətlərarası münasibətlərdə də başqa dövlətin ərazisinin zorakılıqla alınması, günahsız mülki əhaliyə hücum edən və etnik təmizləmə aparan heç bir hakimiyyətə qarşı tolerantlıq nümayiş etdirilməməlidir. Dünya icması bütün hallarda beynəlxalq hüququn bərqərar olması və beynəlxalq münasibətlərin demokratikləşməsi prosesini dəstəkləməlidir.

{nl}

Şəfəq AKİFQIZI, AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında