Böyük Britaniya ilə Azərbaycan arasındakı diplomatik münasibətlərin yaradılmasının 20 illiyinə həsr edilmiş tədbir keçirilmişdir

Azərbaycanın Böyük Britaniyadakı səfirliyində bu ölkə ilə diplomatik münasibətlərin yaradılmasının 20 illiyinə həsr edilmiş tədbir keçirilmişdir.  
Səfirlikdən bildirmişlər ki, tədbirdə Böyük Britaniyanın ölkəmizdəki keçmiş səfiri Endryu Taker, İngiltərə-Azərbaycan Cəmiyyətinin sədri, parlamentin üzvü Lord Freyzer və üzvləri, Londonda akkreditə olunmuş səfirlər və diplomatlar, bu ölkədə fəaliyyət göstərən Avropa-Azərbaycan Cəmiyyəti (AAC), "Azərbaycan Hava Yolları", Azərbaycan Beynəlxalq Bankının London nümayəndəliklərinin əməkdaşları və KİV təmsilçiləri iştirak etmişlər.
Səfir Fəxrəddin Qurbanov iki ölkə arasındakı münasibətlərin tarixi və hazırkı vəziyyəti barədə iştirakçılara məlumat vermişdir. F.Qurbanov ötən 20 il ərzində Azərbaycan-Böyük Britaniya əməkdaşlığının durmadan genişləndiyini, enerji siyasətinin həyata keçirilməsində bu ölkənin şirkətlərinin qabaqcıl rol oynadığını diqqətə çatdırmışdır. Hazırda ölkəmizdə 170-ə yaxın Britaniya şirkətinin fəaliyyət göstərdiyi, 5000 britaniyalının işlədiyi kimi faktlar isə iki ölkə arasındakı əlaqələrin yüksək səviyyəsini nümayiş etdirdiyi qeyd edilmişdir. Səfir qeyri-neft sektoruna son zamanlar Britaniya şirkətlərinin maraq göstərdiyini və bu istiqamətdə irəliləyiş olduğunu vurğulamış, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti sahəsində əlaqələrin genişləndiyini diqqətə çatdırmışdır. Həmçinin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyət göstərən Azərbaycanın növbəti iki il ərzində beynəlxalq miqyasda Britaniya ilə əməkdaşlıq edəcəyini vurğulamışdır.
Ölkələrimiz arasında təhsil və mədəni mübadilə sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğu da vurğulanmışdır. Britaniya universitetlərində təhsil alan azərbaycanlıların sayının artdığı, hazırda təkcə Dövlət Təqaüd Proqramı çərçivəsində bu ölkənin müxtəlif universitetlərində 156 tələbənin təhsil aldığı qeyd edilmişdir. Səfir həmçinin Britaniyada da Azərbaycan təşkilatlarının fəal olduqlarını, İngiltərə-Azərbaycan, Avropa-Azərbaycan Cəmiyyətlərinin, Azərbaycan Evi kimi qurumların ölkələrimiz arasındakı münasibətlərə və mədəniyyətimizin bu ölkədə tanıdılmasına töhfə verdiklərini qeyd etmişdir. Diplomat bu sıx tərəfdaşlığın gələcəkdə bütün istiqamətlərdə davam etdiriləcəyini və yeni əməkdaşlıq sahələrini əhatə edəcəyini bildirmişdir.
Tədbirdə çıxış edən İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri, parlamentin Lordlar Palatasının üzvü Lord Freyzer ölkələrimiz arasında ikitərəfli münasibətlərin səviyyəsindən məmnunluq ifadə etmişdir. Lord müstəqilliyin ilk illərindən etibarən bu əməkdaşlığın sağlam təməllər üzərində qurularaq genişləndiyini bildirmişdir. İkitərəfli əməkdaşlığın ilk illərdə əsasən neft və qaz sahələrini əhatə etdiyi, hazırda isə bir sıra sahələrdə də uğurlu əlaqələrin olduğu diqqətə çatdırılmışdır. Ötən 20 il ərzində Azərbaycanın qazandığı uğurlardan bəhs edən Lord Freyzer "Eurovision" mahnı müsabiqəsinin ölkəmizdə keçirilməsini mühüm hadisə adlandırmış və Azərbaycana uğurlar arzulamışdır.
Tədbir iştirakçılarına Azərbaycan mətbəxinin nümunələri təqdim edilmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında