Parisdə komitə iclasında erməni vəhşiliyindən bəhs edilmişdir

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Mədəniyyət, Elm, Təhsil və Mətbuat üzrə komitəsinin martın 6-da bu qurumun Paris qərargahında keçirilən iclasında Avropada mədəni həyatın, mətbuat və idmanın bir sıra aktual problemləri ətrafında ciddi müzakirələr getmişdir.
Əsas diqqət isə gündəlikdəki "Yəhudi məzarlıqları" adlı məruzə ətrafında cəmləşmiş, Belçikadan olan deputat Piet De Bruynun hazırladığı hesabatla bağlı komitədə təşkil olunan müzakirələrdə dəvətli qonaqlar da iştirak etmişlər. Komitə üzvləri ilə yanaşı, bu problemlə bağlı toplantıya məxsusi olaraq ekspert qismində qatılan Belçikadakı Katolik Universitetinin professoru Lui Leon Kristian, UNESCO-nun Dünya Mədəni İrsi Mərkəzinin təmsilçisi xanım Petya Totçarova, Strasburqdan olan ravvin Mendel Samama da dinləmələrdə çıxış etmişlər.
Komitə üzvü Rafael Hüseynov da araşdırılan mövzu ilə bağlı fikirlərini söyləmiş, məruzənin daha mükəmməl alınması ilə əlaqədar mətnə bir sıra əlavələrin edilməsi təklifini irəli sürmüşdür. Dünyanın müxtəlif ölkələrindəki tarixi yəhudi qəbiristanlıqlarından bəhs edilsə də, məruzədə Azərbaycandakı yəhudi məzarlıqlarının xatırlanmamasını nöqsan kimi qeyd edən R.Hüseynov vurğulamışdır ki, tarixin bütün dövrlərində Azərbaycan yəhudilər üçün ən rahat, ən təhlükəsiz həyat sürdükləri məkan olmuşdur. Həmin vəziyyət bu gün də davam etməkdədir.
Bununla belə azərbaycanlı deputat Avropa Şurası üzvlərinin diqqətini keçmişin unudulmamalı acı səhifələrinə də yönəldərək demişdir: "Azərbaycanda məzarlara, qəbiristanlıqlara həmişə xüsusi qayğı və həssaslıqla yanaşılmışdır. Bu ehtiramlı münasibət insanlarımızın nəsildən-nəslə ötürülən düşüncə tərzi olaraq yenə də yaşamaqdadır. Azərbaycanda sırf müsəlman qəbiristanlıqları olduğu kimi, ayrıca xristian, yəhudi məzarlıqları da vardır və qarışıq qəbiristanlıqlar da mövcuddur. Lakin təəssüflər olsun ki, 1980-ci illərin sonlarında 300 mindən artıq azərbaycanlı Ermənistan ərazisində əsrlərcə yaşadıqları torpaqlardan deportasiya edildikdən sonra bu insanların yüzillərin yadigarı olan qəbiristanlıqları da tədricən yerlə-yeksan edilmişdir.
İndi alınan məlumatlara görə, həmin qəbiristanlıqlardan əsər- əlamət belə qalmamışdır. Ümumi sayı 300-dən çox olan o qəbiristanlıqlar təsadüfən məhv edilməmişdir. İş ondadır ki, hər qəbir daşı həm də bir abidədir, daşlar üzərindəki yazılar tarix deməkdir, ermənilərin məqsədi isə bu ərazilərdə azərbaycanlıların uzaq orta əsrlərdən bu yana aşkar olan əyani izlərini yaddaşdan silməkdir. Eyni hadisələr hazırda işğal altında olan Dağlıq Qarabağda, həmçinin Dağlıq Qarabağdan kənardakı zəbt olunmuş digər 7 Azərbaycan rayonundakı qəbiristanlıqlardan da yan ötməmişdir.
Doğrudur, Ermənistan ərazisində olan yüzlərlə Azərbaycan qəbiristanlığından fərqli olaraq, bu məzarlıqlar tamamilə yox edilməmişdir, lakin onların da əksəriyyəti vandal qəsblərə məruz qalmışdır. Tarixi əhəmiyyəti olan qəbirlər dağıdılmış, bir çox məzarların isə daşları, hasarları işğalçı tərəfindən oğurlanmışdır. Bunlar son 20-22 ilin kədərli hadisələridir. Amma ermənilərin qəbiristanlıq aqressiyasının daha əvvəlki tarixlərə gedən faciəli nişanələri də qalmaqdadır. Bu qəbildən olan dəhşətlərin ən irimiqyaslılarından biri yalnız son illərdə aşkarlanmışdır. 2007-ci il iyulun 12-də Azərbaycanın Quba rayonunda, Qudyalçay ərazisində insanların kütləvi şəkildə gömüldükləri qardaş məzarlarından ibarət qəbiristanlıqlar müəyyən edilmişdir.
Həmin məzarlıqların tarixini araşdıran alimlər dəqiq faktlar və sənədlər əsasında üzə çıxarmışlar ki, bu məzarlıqlar 1918-ci ilin yadigarıdır. Həmin il Azərbaycanın müxtəlif guşələrində ermənilər və bolşeviklər azərbaycanlılara qarşı kütləvi qırğınlar törətmişlər, bu soyqırımının nəticəsində yaranmış şəhid qəbirləri Azərbaycanın bir çox rayonlarında qalmaqdadır. Qubada həmin hadisələr daha müdhiş bir şəkildə icra edilmişdir. Orada azərbaycanlılarla dağ yəhudiləri tarixən birgə yaşamışlar və həmin vəziyyət bu gün də davam etməkdədir. Qubadakı qırğınlar zamanı ermənilər seçim etmədən əhalini ucdantutma qırmışlar. Qətlə yetirilənlərin miqdarı o qədər çox olmuşdur ki, yerli əhali sonradan bu qədər insanın hamısını ayrı-ayrı qəbirlərdə dəfn etməyi çatdırmamış, beləcə kədərli ortaq məzarlar yaranmışdır.
O zaman araşdırmalara görə Quba qəzasında 40 minə yaxın insan qətlə yetirilmişdir. Məhv edilmiş yəhudilərin sayı 3 min nəfərdən çox olmuşdur. Bunların böyük hissəsi uşaqlar, qadınlar, yaşlı insanlar olmuşlar. Ermənilərin törətdiyi soyqırımının qurbanı olan azərbaycanlıların və yəhudilərin bu məzarlıqları XX əsrin ağır faciələrinin şahidi kimi yaddan çıxarılmamalı, diqqətlə araşdırılmalıdır".
R.Hüseynovun verdiyi məlumatlar komitə üzvləri tərəfindən maraq və həyəcanla qarşılanmışdır. "Yəhudi qəbiristanlıqları" mövzusu haqda məruzəni hazırlayan deputat P.Bruyn və problem üzrə ekspert Mendel Samama bu məsələni diqqətlə araşdıracaqlarını, R.Hüseynovun tövsiyəsinə əsasən həmin kütləvi məzarlığı şəxsən görüb ziyarət etmək üçün mütləq Azərbaycana səfər edəcəklərini bildirmişlər.

{nl}

Əsgər ƏLİYEV, AzərTAc-ın xüsusi müxbiri
Paris


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında