Şriftin ölçüsü:
07.03.2012 11:33 | Oxunma sayı: 536
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun başçılığı ilə nümayəndə heyəti Belçika Krallığında səfərdədir.
Səfər çərçivəsində Əli Həsənov Belçika Krallığı Senatının prezidenti xanım Sabin de Betün ilə görüşmüşdür.
Qonaqları salamlayan xanım Sabin de Betün ölkələrimiz arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini bildirmiş, 2007-ci ildə Belçikanın Cənubi Qafqaz ölkələri içərisində məhz Azərbaycanda səfirliyini açmasının bu ölkəyə verilən önəmə bariz nümunə olduğunu qeyd etmişdir. Belçika parlamentində nəzərdə tutulan dinləmələr də belçikalı parlamentarilərin Azərbaycan ilə əlaqələrə, həmçinin onun yaşadığı problemlərə necə önəm verdiyini göstərir.
Əli Həsənov Avropada demokratiyanın mərkəzi, söz və fikir azadlığının beşiyi olan bir şəhərdə səfərdə olmasından məmnunluq duyduğunu, ölkələrimiz arasında həm qarşılıqlı, həm də beynəlxalq təşkilatlar çərçivəsində müsbət əməkdaşlığın mövcudluğunu bildirmişdir. Bildirilmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyev iki strateji hədəf - Azərbaycanın inkişaf etmiş ölkələr sırasına daxil olmasını və ölkədə yoxsulluğa son qoyulmasını - müəyyən etmişdir. Bu hədəflərə nail olmaq üçün ölkədə sosial-iqtisadi islahatlar həyata keçirilir, regionların inkişafı, yeni iş yerlərinin açılması üçün dövlət proqramları icra olunur. Azərbaycanın siyasi, iqtisadi və mədəni sahələrdə böyük uğurlar qazandığını qeyd edən Əli Həsənov ölkənin daha güclü inkişafı yolunda ən böyük problemi - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini diqqətə çatdırmışdır.
Ə.Həsənov Belçika Parlamentinin Nümayəndələr Palatasında "İşğal olunmuş ərazilər, unudulmuş ərazilər - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hüquqi və humanitar aspektləri" mövzusunda müzakirələrin təşkil olunmasında Azərbaycan-Belçika parlamentlərarası dostluq qrupunun Azərbaycan tərəfdən sədri, deputat Elxan Süleymanova, Belçika tərəfdən isə Filip Blanşara təşəkkür etmişdir.
Belçika-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Filip Blanşar qeyd etmişdir ki, rəhbərlik etdiyi qrupla Azərbaycana etdiyi səfərlər zamanı kifayət qədər mürəkkəb geosiyasi şəraitdə olan ölkədə dini tolerantlığın, müxtəlif xalqların nümayəndələrinin dinc, birgəyaşayışının şahidi olmuşdur. Azərbaycanın böyük qaçqın və məcburi köçkün problemini yaşadığını bildirən F.Blanşar bu münaqişədən nəinki Dağlıq Qarabağ regionunda yaşayan, eləcə də Ermənistandakı əhalinin də ciddi əziyyət çəkdiyini, ermənilərin özlərini bu münaqişənin girovuna çevirdiyini demişdir. O, beynəlxalq təşkilatlar səviyyəsində münaqişənin həlli üçün ciddi uğurlar əldə olunmadığını nəzərə alaraq, Belçika deputatlarının bu məsələni öz parlamentlərində müzakirəyə çıxarmaq və əldə olunmuş qərarlar sayəsində münaqişənin dinc yolla həllinə töhfə vermək niyyətində olduqlarını diqqətə çatdırmışdır. Əli Həsənovun Qarabağdan olduğunu, özünün və ailəsinin bu münaqişədən əziyyət çəkdiyini vurğulayan F.Blanşar Belçika parlamentində təşkil olunan dinləmələrdə məhz Ə.Həsənovun məruzəçi qismində çıxış etməsinin məqsədəuyğun olduğunu bildirmişdir.
Əli Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi üçün görülmüş tədbirlər və onların ehtiyaclarını əks etdirən kitabça, həmin münaqişə və məcburi köçkünlərin sosial və mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması sahəsində görülmüş işlərə dair hazırlanmış "Vətən həsrəti: sönməyən ümidlər" sənədli filmini, Xocalı soyqırımına həsr olunmuş "Xocalı: XX əsrin soyqırımı" kitabını Belçika Senatının prezidenti xanım Sabin de Betünə hədiyyə etmişdir. Sonda xanım Sabin de Betün Azərbaycana rəsmi səfərə dəvət edilmişdir.
Azərbaycan nümayəndə heyətinin Belçikaya səfəri martın 7-dək davam edəcəkdir.
{nl}
Elgün NİFTƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Brüssel
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.