Roland KOBİA: "Viza rejiminin sadələşdirilməsinə dair danışıqlarda Azərbaycan tam hazırlıq və konstruktiv mövqe nümayiş etdirdi"

Avropa Birliyinin (AB) Azərbaycandakı nümayəndəliyi viza danışıqlarına başlanması ilə bağlı məlumat yaymışdır. Nümayəndəlikdən APA-ya daxil olan məlumatda bildirilir ki, martın 1-2-də AB və Azərbaycanla viza rejiminin sadələşdirilməsi və readmissiya sazişləri ilə bağlı danışıqların birinci raundu keçirilmişdir. 
Viza rejiminin sadələşdirilməsi və readmissiya ilə bağlı danışıqlar 2009-cu ilin may ayında Praqa Şərq Tərəfdaşlığı sammitində siyasi öhdəliyin götürülməsindən sonra başlamışdır:
"Bu Avropa Birliyi-Azərbaycan əməkdaşlığında mühüm hadisədir, biz Azərbaycanla viza rejiminin sadələşdirilməsi və readmissiya sazişləri ilə bağlı konkret danışıqlara start vermişik. Biz iki gün ərzində çox məhsuldar danışıqlar aparmışıq, Azərbaycan tam hazırlıq və konstruktiv mövqe nümayiş etdirdi. Viza rejiminin sadələşdirilməsi və readmissiya sazişləri bir medalın iki tərəfidir, hər iki tərəfdaş buna ölkənin siyasi iradəsindən asılı olaraq öz tempi ilə çatacaq. Biz bilirik ki, Azərbaycan xalqı bunun arzusundadır", - deyə AB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia bildirmişdir.
Viza rejiminin sadələşdirilməsi və readmissiya sazişləri ilə bağlı danışıqlar xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayevin iştirakı ilə aparılmışdır. AB missiyasına beynəlxalq əlaqələr şöbəsinin direktor müavini Rob Rozenburq və Viza Siyasəti Bölməsinin direktor müavini Diederik Paalman həmsədrlik etmişlər.
Müzakirə olunan sazişlər bütün vətəndaşlar üçün viza rüsumunun azaldılmasını, AB ölkələrinin ərazisində 180 gün ərzində 90 günədək qalmaq üçün viza verilməsini, müəyyən kateqoriyadan olan insanların viza rüsumunu ödəməkdən azad olunmasını, zəruri sənədlərə 10 təqvim günü ərzində baxılmasını, xüsusi kateqoriyadan olan insanlara çoxdəfəlik giriş vizalarının verilməsini, təhlükəsiz və yaxşı idarə olunan mühitdə mobilliyin artırılmasını nəzərdə tutur.
Readmissiya sazişi AB və ya Azərbaycanın ərazisində icazəsi olmadan yaşayan vətəndaşların qayıdışı üçün mexanizmləri nəzərdə tutur.
Hər iki saziş bir-biri ilə sıx bağlıdır və yalnız eyni zamanda imzalanıb qüvvəyə minə bilər.
Hər iki saziş Şərq Tərəfdaşlığının kontekstində daha geniş nəzərdən keçirilməlidir. AB ölkələrinə səfər edən tərəfdaş ölkələrin vətəndaşları üçün viza rejiminin aradan qaldırılması Şərq Tərəfdaşlığının əsas uzunmüddətli hədəflərindən biridir. Yaxın perspektivdə isə Şərq Tərəfdaşlığı viza rejiminin sadələşdirilməsi və readmissiya sazişlərinin imzalanmasını nəzərdə tutur (bu sazişlər artıq Ukrayna, Moldova və Gürcüstanla imzalanıb). Mobillik əsas hədəflərdən biri olaraq qalır, tərəfdaş ölkələrə gələcəkdə AB ilə vizasız rejim vəd olunur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında