Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilmişdir

Mayın 31-də Daxili İşlər Nazirliyində (DİN) şəxsi əmlak oğurluqlarının qarşısının alınması və açılması sahəsində görülən işlərin vəziyyətinə və icraatı dayandırılmış cinayət işlərinin inventarlaşdırılmasının nəticələrinə həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir.
DİN-in mətbuat xidmətindən bildirmişlər ki, respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov müzakirəyə çıxarılan hər iki məsələnin aktual olduğunu, daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı mühüm sahələri əhatə etdiyini bildirmişdir. Nazir qeyd etmişdir ki, cinayətkarlığa qarşı mübarizədə həyata keçirilən tədbirlər çərçivəsində şəxsi əmlak oğurluqlarının açılması üzrə əməliyyat-xidməti fəaliyyətin, orqan və xidmətlər arasında qarşılıqlı əlaqələrin daha da təkmilləşdirilməsi mühüm əhəmiyyət kəsb etdiyindən ölkənin qanunvericilik aktlarından, Azərbaycan Prezidentinin fərman və sərəncamlarından irəli gələn vəzifələr, bütövlükdə, müvafiq sahədə fəaliyyət gündəlik nəzarətində olmuş, kollegiya iclaslarının və əməliyyat müşavirələrinin müzakirəsinə çıxarılaraq bir sıra zəruri qərarlar qəbul edilmişdir.
Cinayətkarlığın dinamikasının və kriminogen durumun təhlilində, onun düzgün qiymətləndirilməsində, müvafiq idarəçilik qərarlarının qəbul edilməsində cinayət işlərinin uçotunun və qeydiyyatının tamlığını əsas şərtlərdən biri kimi dəyərləndirən Ramil Usubov hər iki məsələ üzrə şəxsi heyət tərəfindən bir sıra müsbət işlərin görüldüyünü diqqətə çatdırmış, bununla yanaşı, istər şəxsi əmlak oğurluqlarının qarşısının alınması və açılması, istərsə də daxili işlər orqanlarının istintaq qurumlarında icraatı dayandırılmış cinayət işlərinin inventarlaşdırılması işinin təşkilində müəyyən nöqsan və çatışmazlıqların mövcudluğunu da qeyd etmişdir.
Gündəlikdəki birinci məsələ barədə Baş Cinayət-Axtarış İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski çıxış etmişdir. O demişdir ki, keçmiş illərdən bağlı qalmış mülkiyyət əleyhinə olan cinayətlərin açılması işinin səmərəsinin artırılması məqsədi ilə Bakı şəhərində vətəndaşların cibindən və əl çantalarından onlara məxsus əmlakın gizli talanması üzrə başlanmış əksər cinayət işlərinin çoxepizodlu olması nəzərə alınaraq, cari ilin aprel ayında xüsusi istintaq-əməliyyat qrupu yaradılmışdır.
Qeyd olunmuşdur ki, bu növ hüquqazidd əməllərin cinayətkarlığın dinamikasına təsirinin daha böyük olması baxımından, 2009-cu ildə və cari ilin ötən dövründə bağlı qalmış şəxsi əmlak oğurluqları üzrə 1500-ə yaxın əməliyyat-axtarış işi öyrənilərək lazımi təhlillər aparılmış, ərazi orqanlarına əməli köməklik göstərilmişdir. Görülən tədbirlərin məntiqi nəticəsi olaraq 2783 şəxsi əmlak oğurluğunun, o cümlədən 863 mənzillərdən edilən, 228 mal-qara oğurluğunun və 102 cibgirlik faktının açılması təmin olunmuşdur. Həmin cinayətlərə görə 1717 nəfər müəyyən edilmiş, axtarışda olan 295 təqsirləndirilən şəxs tutulmuş, keçmiş illərdən bağlı qalmış 119 cinayət açılmışdır. Ötən ilin eyni dövrü ilə müqayisədə 2010-cu ilin 4 ayında şəxsi əmlak oğurluqlarının, o cümlədən mənzillərdən edilən oğurluqların, mal-qara oğurluqlarının, cibgirliklərin açılması xeyli yaxşılaşmışdır.
İcraatı dayandırılmış cinayət işlərinin inventarlaşdırılmasının nəticələri haqqında məruzə ilə çıxış edən Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin rəisi, polis general-mayoru Elşən Kazımov bildirmişdir ki, uçot-qeydiyyat intizamının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən mühüm tədbirlərdən biri də icraatı dayandırılmış cinayət işlərinin vaxtaşırı inventarlaşdırılmasının aparılmasıdır. Bu işin təşkilində məqsəd DİN-in mərkəzləşdirilmiş informasiya bazasına daxil edilmiş məlumatların yerlərdə olan cinayət işlərinin və qəbul edilmiş prosessual qərarlarla üzləşdirilərək dəqiqləşdirilməsi, uçotunun tamlığının və dürüstlüyünün təminindən ibarət olmuşdur.
Hər iki məruzə üzrə görülmüş işlər, qarşıda duran vəzifələr, mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması yolları ilə bağlı ətraflı müzakirələr aparılmışdır.
İclasa yekun vuran daxili işlər naziri, general-polkovnik Ramil Usubov son illər ölkə həyatının bütün sahələrində qazanılmış uğurların, respublikada sabit və dayanıqlı hüquqi-siyasi sistemin, güclü iqtisadi potensialın yaranmasının, xalqımızın rifah halının yüksəlməsinin, elm və mədəniyyətin tərəqqisinin əsasında ulu öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin və ideallarının dayandığını vurğulamışdır.
Həmçinin, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müvəffəqiyyətlə davam etdirilən quruculuq proseslərində daxili işlər orqanlarının da yaxından iştirak etdiyi, cinayətkarlıqla uğurlu mübarizədə, insan hüquq və azadlıqlarının, ictimai asayişin, əmin-amanlığın etibarlı şəkildə qorunmasında şəxsi heyətin Vətənə, dövlətə, anda fədakar və sədaqətli xidmətinin dövlətimizin başçısı tərəfindən dəfələrlə yüksək qiymətləndirildiyi xüsusi qeyd olunmaqla, ölkəmizin ilbəil artan iqtisadi potensialının başlıca şərti olan dayanıqlı sabitliyin və əmin-amanlığın bundan sonra da nümunəvi təmin edilməsi sahəsində daxili işlər orqanlarının üzərinə daha məsul vəzifələrin düşdüyü bildirilmişdir.
Nazir gündəlikdəki hər iki məsələ üzrə görülən işlərin bütövlükdə qənaətbəxş olduğunu, fəaliyyətin səmərəsinin artırılması ilə bağlı lazımi tədbirlərin görüldüyünü, eyni zamanda, ayrı-ayrı ərazi orqanlarında bu işlərin günün tələbləri səviyyəsində qurulmadığını bildirərək, müvafiq istiqamətlərdə qısa müddətdə əsaslı dönüş yaradılmasını tələb etmiş, konkret tapşırıq və tövsiyələrini vermişdir.
Şəxsi heyətin Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə əhatə olunduğunu, istər maddi-texniki təminatın, istərsə də sosial rifah halının, iş şəraitinin daha da yaxşılaşdırılması yönümündə böyük işlərin görüldüyünü qeyd edən Ramil Usubov dövlətimizin başçısını əmin etmişdir ki, daxili işlər orqanlarının şəxsi heyəti qanunla müəyyən edilmiş funksiyaları, zati-alilərinin qarşıya qoyduğu vəzifələri və tapşırıqları bundan sonra da əzmlə yerinə yetirərək, Azərbaycan Respublikasına ləyaqətlə xidmət edəcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında