Bu fikir Milli Məclisin Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş xüsusi iclasında səslənmişdir
{nl}
Fevralın 24-də Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Milli Məclisin xüsusi iclası keçirilmişdir.
Xocalı soyqırımının 20 illiyi ilə əlaqədar parlament binasının foyesində sərgi təşkil olunmuşdur.
Milli Məclisin sədri Oqtay Əsədov, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva, deputatlar və iclasa dəvət olunmuş qonaqlar sərgidə Xocalı soyqırımının dünyada tanıdılması, bu faciəyə hüquqi-siyasi qiymətin verilməsi ilə bağlı Azərbaycan Prezidentinin imzaladığı sərəncamlar, Milli Məclisin qəbul etdiyi qərar və bəyanatlar, Baş Prokurorluğun məlumatları, fotomateriallar, eləcə də kitab, jurnal və broşürlərlə tanış olmuşlar.
Sərgidə nümayiş etdirilən Azərbaycan Prezidenti Administrasiyası ilə AzərTAc-ın birgə layihəsi əsasında hazırlanmış, Azərbaycan dili ilə yanaşı, 5 dilə (ingilis, rus, fransız, alman və ərəb dilləri) tərcümə olunmuş "Xocalı. XX əsrin soyqırımı" kitabı da maraqla qarşılanmışdır.
Sonra iclas öz işinə başlamışdır.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Milli Məclisin sədri Oqtay Əsədov çıxış edərək Xocalı faciəsinin XX əsrdə insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu qeyd etmişdir.
Bildirilmişdir ki, Xocalı faciəsi Cənubi Qafqazda və Şərqi Anadoluda həyata keçirilən qəsbkarlıq, soyqırımı və etnik təmizləmə siyasətinin yeni qanlı səhifəsi olmuşdur. Bu siyasətin 100 ildən artıq tarixi vardır. Onun təşkilatçıları bölgədə öz maraqlarını həyata keçirməyə çalışan bəzi kənar qüvvələr, icraçıları isə erməni millətçiləridir.
Təəssüf ki, müəyyən dövrə qədər erməni millətçiləri havadarlarının dəstəyindən istifadə edərək, öz niyyətlərinə nail ola bilmişlər. Ötən əsrdə 2 milyona yaxın günahsız azərbaycanlı və türk qətlə yetirilmişdir. Qədim Azərbaycan torpaqlarında erməni dövlətinin qurulması üçün əraziləri boşaltmaq məqsədilə 1920-ci ilədək yarım milyona qədər azərbaycanlı bugünkü Ermənistan ərazisindəki doğma yurdlarından qovulmuşdur. Etnik təmizləmə sonrakı dövrlərdə də davam etmişdir. 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlı Ermənistandan deportasiya edilmişdir. 1988-1993-cü illərdə isə 1 milyon azərbaycanlı Ermənistandan və Dağlıq Qarabağdan qovulub didərgin salınmışdır.
Azərbaycan ərazisinin 20 faizi, yəni Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı yeddi rayon - Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları 20 ilə yaxındır ki, işğal altındadır. İşğalçılıq müharibəsinin gedişində azərbaycanlılara qarşı bir neçə soyqırımı cinayəti törədilmişdir.
Xocalı soyqırımından əvvəl Dağlıq Qarabağda azərbaycanlıların yaşadıqları bir sıra kəndlərdə əhalinin böyük bir hissəsi xüsusi amansızlıqla qətlə yetirilmişdir. Xocalı soyqırımı öz miqyasına görə bu cinayətlərin ən dəhşətlisidir. Bu, insanlığa qarşı cinayətdir.
Müstəqil Azərbaycan dövləti ulu öndər Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra Xocalı faciəsinə siyasi-hüquqi qiymət vermişdir. Milli Məclisin müvafiq qərarına əsasən 26 fevral Xocalı soyqırımı günü elan edilmiş və bu barədə beynəlxalq təşkilatlara məlumat verilmişdir. Bununla yanaşı, XX əsrdə erməni millətçilərinin vəhşiliyinin qurbanı olmuş günahsız insanların xatirəsinə ehtiram əlaməti olaraq Prezidentin fərmanı ilə 31 mart azərbaycanlıların soyqırımı günü elan edilmişdir.
Biz əminik ki, dövlətimizin ərazi bütövlüyü təmin ediləcək, Xocalı soyqırımının da, digər cinayətlərin də bütün iştirakçıları layiqli cəzalarını alacaqlar. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz dinamik inkişaf edir və onun hərbi qüdrəti gündən-günə artır. Bu gün Azərbaycan bölgənin lider dövlətidir. Ermənistan heç bir sahədə özünü Azərbaycanla müqayisə edə bilməz. Eyni zamanda, işğalçı dövlətə göstərilən təzyiq də güclənməkdədir. Beynəlxalq təşkilatlar, dünya dövlətləri Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bütün bunlar sülh danışıqlarında Azərbaycanın mövqelərini daha da möhkəmləndirir.
Parlamentin sədri demişdir ki, Azərbaycan problemin sülh yolu ilə həll edilməsinə çalışır. Amma Prezident İlham Əliyevin söylədiyi kimi, sülh danışıqları nəticə verməsə, Azərbaycan dövləti başqa vasitələrə əl atmalı olacaqdır. Bax, o zaman Ermənistan bu gün ona təklif edilən şərtlərə razı olmadığı üçün çox böyük peşmançılıq keçirəcəkdir. İlk növbədə, bu vəziyyəti Ermənistan özü başa düşməlidir.
Sonra iclasda Milli Məclisin mətbuat xidmətinin Xocalı soyqırımı ilə bağlı hazırladığı qısametrajlı "Xocalı" sənədli filmi nümayiş olunmuşdur.
Daha sonra Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov məruzə ilə çıxış etmişdir.
Bildirilmişdir ki, Azərbaycanın müasir tarixinin ən kədərli və faciəli səhifələrindən biri kimi 26 fevral gününü hər il xalqımız dərin hüznlə qeyd edir. Faciənin üstündən 20 il keçsə də, onun vurduğu yaralar bu gün də sızlayır və heç zaman unudulmayacaqdır.
Dinc əhalinin vəhşicəsinə kütləvi qırğını insanlığa qarşı ən ağır cinayətlərdən biri olmaqla, XX əsrin Xatın, Liditse, Babi Yar kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Xocalı soyqırımı Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini zəbt etmək məqsədilə Ermənistanın apardığı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir.
Dağlıq Qarabağda Şuşadan sonra azərbaycanlıların yaşadıqları ikinci böyük şəhər olan Xocalı Ermənistan hərbi birləşmələrinin növbəti hədəfi idi. Şəhərdə 7 min nəfərədək adam yaşayırdı. Ermənistandakı ata-baba torpaqlarından zorla qovulmuş azərbaycanlıların bir hissəsi və 1989-cu ildə Fərqanədən didərgin salınmış məhsəti türklərinin 54 ailəsi də burada məskunlaşmışdı.
Xocalı şəhərinin yer üzündən silinməsi və əhalisinin kütləvi surətdə qətlə yetirilməsi planı qabaqcadan hazırlanmışdı. Ermənistan hərbi birləşmələri, Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının iştirak ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıya hücum etmişlər.
Heç bir hərbi zərurət olmadan şəhər bir neçə saatın içərisində yerlə yeksan edilmiş, Xocalı sakini olan 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın işgəncə ilə öldürülmüşdür. 8 ailə bütünlüklə məhv edilmiş, 487 nəfər şikəst olmuş, 1275 sakin - qocalar, uşaqlar, qadınlar girov götürülərək ağlasığmaz təhqirlərə, zülmə və həqarətə məruz qalmışlar. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyildir.
Mühasirədən çıxıb xilas olmağa çalışan dinc sakinləri yollarda, meşələrdə pusqu quran erməni hərbçiləri xüsusi amansızlıqla qətlə yetirmişlər. Azğınlaşmış cəlladlar insanların başlarının dərisini soymuş, müxtəlif əzalarını kəsmiş, körpə uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarınlarını yarmış, adamları diri-diri torpağa basdırmış və ya yandırmış, cəsədlərin bir qismini minalamışlar.
Xocalı şəhərinə hücum əməliyyatına 366-cı alayın ikinci taqımının komandiri Seyran Ohanyan, üçüncü taqımının komandiri Yevgeni Nabokix, birinci taborun qərargah rəisi Valeri Çitçyan rəhbərlik etmişlər. Əməliyyata alayın 90-dan çox tankı, piyada döyüş maşını və digər hərbi texnikası cəlb edilmişdir. Dinc əhaliyə qarşı soyqırımı cinayətlərində alayın hərbi qulluqçularından Slavik Arutyunyan, Andrey İşxanyan, Sergey Beqlaryan, Movses Akopyan, Qriqori Kisebekyan, Vaçik Mirzoyan, Vaçaqan Ayriyan, Aleksandr Ayrapetyan və başqaları, erməni silahlı birləşmələrinin üzvlərindən Karo Petrosyan, Vitali Balasanyan, Seyran Tumasyan, Valerik Qriqoryan və digərləri fəal iştirak etmişlər. Dinc əhaliyə qəddarcasına divan tutanlar arasında Xankəndi şəhər daxili işlər şöbəsinin rəisi işləmiş Armo Abramyanın, Əsgəran rayon daxili işlər şöbəsinin rəisi işləmiş Mavrik Qukasyanın, onun müavini Şagen Barseqyanın, Dağlıq Qarabağda erməni xalq cəbhəsinin sədri olmuş Vitali Balasanyanın, Xankəndi şəhər həbsxanasının rəisi işləmiş Serjik Koçaryanın və başqa şəxslərin də olduğu müəyyən edilmişdir. Bu gün cinayətkarlardan 30 nəfərinin adı Azərbaycanın istintaq orqanlarına məlumdur.
Xocalı şəhərində hərbi əməliyyatdan sonra 366-cı alayın cinayətdə iştirakının izlərini itirmək üçün alay tələm-tələsik Dağlıq Qarabağdan çıxarılıb Gürcüstana aparılmış, bu zaman hərbi texnikanın böyük bir hissəsi - 9 tank, 4 zirehli transportyor, 70 piyada döyüş maşını, 4 "Strela-10" raket qurğusu, 8 top, 57 minaatan və digər silah-sursat erməni birləşmələrinə təhvil verilmiş və azərbaycanlı əhaliyə qarşı sonrakı cinayət əməllərində istifadə edilmişdir.
Bununla yanaşı, bəzi xarici dövlətlərdən böyük miqdarda hərbi yardım alan Ermənistan Xocalı faciəsindən sonra tezliklə özünə gələ bilməyən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğalını qısa müddətdə başa çatdırmış və ətraf rayonların zəbt edilməsi planlarının icrasına başlamışdır. Xocalı şəhərində törədilmiş müdhiş cinayətlərin xarakteri və miqyası bu soyqırımı aktının BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyada ifadə olunmuş tərifə tam uyğun gəldiyini sübut edir. Qabaqcadan planlaşdırılmış bu kütləvi və amansız qırğın aktı həmin ərazidə yaşayan insanları məhz azərbaycanlı olduqlarına görə tamamilə məhv etmək niyyəti ilə törədilmişdir. Yanan şəhərdən qaçıb xilas olmaq istəyən insanlara aman verilməmiş, uşaqlar və qadınlar, xüsusən hamilə qadınlar vəhşicəsinə qətlə yetirilmişlər.
Xocalı faciəsi erməni millətçilərinin son yüz ildən artıq dövrdə türklərə və azərbaycanlılara, digər qonşu xalqlara qarşı həyata keçirdikləri soyqırımı və etnik təmizləmə siyasətinin yeni mərhələsini təşkil etmişdir. Bütövlükdə XX əsrin əvvəllərindən etibarən "böyük Ermənistan" xülyasını həyata keçirmək üçün erməni millətçiləri azərbaycanlılar yaşayan on minlərlə kvadrat-kilometrlik ərazini zorla boşaltmış, həmin ərazidən 1,5 milyondan çox azərbaycanlını qovmuşlar. Bu zaman dinc əhaliyə qarşı kütləvi terror aktları və qırğınlar törədilmişdir.
Erməni millətçilərinin azərbaycanlılara qarşı soyqırımı cinayətlərinin cəzasız qalması, bu cinayətlərə heç bir siyasi-hüquqi qiymət verilməməsi sovet hakimiyyəti dövründə də xalqımıza qarşı düşmənçilik siyasəti yeridilməsinə gətirib çıxarmışdır.
Rəsmi Moskvanın dəstəyinə arxalanan erməni millətçiləri Azərbaycana qarşı əsassız ərazi iddialarını davam etdirsələr də, 1970-ci illərdə və 1980-ci illərin əvvəllərində Azərbaycan rəhbərliyinin qətiyyətli mövqeyi bu cür cəhdlərin qarşısını almağa imkan vermişdir. 1987-ci ildə Heydər Əliyev SSRİ rəhbərliyində yüksək vəzifələrdən uzaqlaşdırıldıqdan sonra erməni millətçiləri Azərbaycana qarşı düşmənçilik siyasətini açıq şəkildə davam etdirmək üçün fürsət tapmışlar.
1988-ci ildə keçmiş SSRİ mərkəzi hökumətinin, şəxsən Mixail Qorbaçovun ermənipərəst siyasətindən istifadə edən erməni millətçiləri Ermənistan ərazisində etnik təmizləmə aparmaq niyyəti ilə azərbaycanlıların elliklə yaşadıqları rayon və kəndlərə silahlı basqınlar etməyə, azərbaycanlıları ata-baba yurdlarından qovmağa başlamışlar. Qısa müddət ərzində Ermənistandan 250 minə yaxın azərbaycanlı kriminal ünsürlərlə əlbir olan hakimiyyət orqanlarının nümayəndələri və silahlı quldurlar tərəfindən qovulub qaçqın salınmışdır. Bu zaman yüzlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilmişdir.
Ermənistan ərazisinin azərbaycanlılardan təmizlənməsini başa çatdırdıqdan sonra Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağı Ermənistana ilhaq etmək üçün fəal döyüş əməliyyatlarına başlanmışdır. Nəticədə Azərbaycan Respublikası ərazisinin 20 faizi, yəni Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı daha yeddi rayon işğal olunmuş, 18 mindən çox azərbaycanlı qətlə yetirilmiş, 20 mindən çox dinc sakin yaralanmış, 50 mindən çox adam əlil olmuş, 4 mindən çox adam əsir və itkin düşmüş, girov götürülmüşdür. 877 şəhər, kənd və qəsəbə qarət edilmiş, dağıdılmış və yandırılmışdır. Ermənistan ərazisindən və Azərbaycanın işğal edilmiş bölgəsindən qovulub didərgin salınmış azərbaycanlıların sayı 1 milyondan çoxdur.
Təəssüf ki, ayrı-ayrı dövlətlərin parlamentləri Xocalı faciəsi kimi real soyqırımını görməməzliyə qoyaraq, yalançı erməni təbliğatının təsiri altında, yaxud siyasi konyunktura mülahizələri ilə "erməni soyqırımı" əfsanəsini müzakirə mövzusuna çevirir, hətta bu barədə əsassız və ədalətsiz aktlar qəbul edirlər.
Davakar erməni millətçiliyinə qarşı dövlət səviyyəsində mütəşəkkil müqavimət Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra qurulmuşdur. "Azərbaycanlıların soyqırımı haqqında" ulu öndərin 1998-ci il 26 mart tarixli Fərmanı tarixi həqiqətlərin üzə çıxmasına və öz yerini tutmasına təkan vermişdir. Bu mühüm sənəddə tariximizdə ilk dəfə olaraq azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınların - soyqırımlarının rəsmən adı çəkilmiş, xalqımıza qarşı aparılmış etnik düşmənçilik siyasətinin kökləri açılmışdır.
"Böyük Ermənistan" xülyasını həyata keçirməyin əsas yolunu tarix boyu bu ərazilərin yerli sakinləri olmuş xalqların, o cümlədən azərbaycanlıların məhv edilməsində, köçürülməsində, onların tarix və mədəniyyət abidələrinin dağıdılmasında, yer adlarının dəyişdirilməsində görmüş davakar erməni millətçilərinin mənfur fəaliyyətinə siyasi qiymət verilmişdir. Fərmana əsasən 31 mart günü son yüz ildən artıq dövrdə davakar erməni millətçilərinin xalqımıza qarşı törətdikləri vəhşiliklərin qurbanı olmuş günahsız insanların xatirəsinə ehtiram əlaməti olaraq azərbaycanlıların soyqırımı günü elan edilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev azərbaycanlıların soyqırımı ilə əlaqədar dəfələrlə xalqa müraciət etmiş, Xocalı faciəsini insanlığa qarşı ən qəddar və amansız kütləvi terror hadisələrindən biri kimi qiymətləndirmişdir. Dövlətimizin başçısının sərəncamı ilə bu il Xocalı soyqırımının 20-ci ildönümü qeyd edilir.
Azərbaycan Respublikasının Milli Məclisi bu məsələ ilə əlaqədar xüsusi bəyanatlar və müraciətlər qəbul etmiş, beynəlxalq təşkilatlardan, dünya ölkələrinin parlamentlərindən və hökumətlərindən XIX-XX əsrlərdə erməni millətçiliyinin və onun havadarlarının azərbaycanlılara qarşı törətdikləri soyqırımı cinayətlərini tanımağı, gələcəkdə bu cür cinayətlərin cəzasız qalmasının qarşısını almaqdan ötrü təsirli beynəlxalq hüquq mexanizmlərinin yaradılması işini tezliklə başa çatdırmağı, azərbaycanlılara qarşı yeni soyqırımı cinayətlərinə yol verilməməsi üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla ədalətli həllinə kömək göstərməyi xahiş etmişdir. Milli Məclisin müvafiq qərarına əsasən 26 fevral Xocalı soyqırımı günü elan edilmiş və bu barədə beynəlxalq təşkilatlara məlumat verilmişdir.
Xocalı soyqırımının dünya miqyasında tanıdılması üçün görülən işlərin artıq ilkin nəticələri vardır. İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika və Pakistan parlamentlərinin müvafiq qərarlarında Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilmişdir.
Xocalı şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün dövlət tərəfindən bir sıra tədbirlər görülmüşdür. Bakı şəhərində, ölkəmizin digər şəhər və rayonlarında Xocalı qurbanlarına abidələr ucaldılmış, Xocalı faciəsi haqqında məlumatlar orta məktəb proqramlarına daxil edilmişdir.
Azərbaycan Respublikasının gündən-günə inkişaf edib möhkəmlənməsi və hərbi qüdrətini artırması Xocalı soyqırımı kimi faciələrin bir daha baş verməməsi üçün ən etibarlı təminatdır. Bu gün Azərbaycanın hərbi sahəyə ayırdığı xərclər Ermənistanın bütün dövlət büdcəsinə bərabərdir. Ermənistan nə hərbi sahədə, nə də digər sahələrdə Azərbaycanla müqayisə edilə bilməz. Ölkəmizin ərazi bütövlüyünü təmin etmək, davakar erməni millətçiliyi təhlükəsinə birdəfəlik son qoymaq üçün dövlətimizin bütün imkanları vardır. Lakin biz bu problemin sülh yolu ilə nizama salınmasına çalışırıq. İnanırıq ki, sülh danışıqlarının potensialı hələ tükənməmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi məqsədi ilə beynəlxalq səylər barədə məlumat verən natiq bildirmişdir ki, 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Dağlıq Qarabağ münaqişəsinə dair qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrdə Azərbaycan Respublikasının suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını birmənalı şəkildə təsdiqləmiş və Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etmişdir. Bu qətnamələr münaqişənin nizama salınmasının hüquqi bazasının ayrılmaz hissəsini təşkil etmişdir.
2005-ci il yanvarın 25-də Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının iclasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair məruzə dinlənilmiş və AŞPA-nın münaqişəyə dair mövqeyini əks etdirən qətnamə və problemin həlli istiqamətində təşkilatın həyata keçirə biləcəyi tədbirlərə dair Avropa Şurasının Nazirlər Komitəsinə ünvanlanmış tövsiyə qəbul edilmişdir.
2010-cu il mayın 20-də Avropa Parlamenti "Cənubi Qafqaz üzrə Avropa İttifaqı strategiyasına ehtiyac" adlı qətnamə qəbul etmişdir. Həmin il aprelin 7-də qəbul edilmiş "Avropa Qonşuluq Siyasəti - Şərq ölçüsünün icmalı" adlı qətnamədə isə Avropa Parlamenti qaçqın və köçkünlərin bütün hüquqlarının, o cümlədən öz torpaqlarına qayıtmaq hüququnun qeyd-şərtsiz şəkildə təmin edilməsinin vacibliyini vurğulamışdır.
Bir fikir xüsusi vurğulanmışdır ki, Azərbaycan öz ərazisinin bir hissəsində suverenliyinin qəsb edilməsinə, əzəli torpaqlarının quldurcasına zəbt edilməsinə və qoparılmasına heç zaman razı olmayacaq və mövcud imkanların hamısından istifadə edərək ərazi bütövlüyünün bərpasına nail olacaqdır. Ermənistan da gec-tez bunu anlayacaq, tarix boyu heç zaman ona məxsus olmamış Azərbaycan torpaqlarını xoşluqla, ya da zor gücünə geri qaytaracaqdır. Şəhidlərimizin qanı yerdə qalamayacaq, Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı cinayətlərinin ideoloqları, təşkilatçıları və icraçıları öz cəzalarına çatacaqlar.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur. Deputatlardan Əli Əhmədov, Siyavuş Novruzov, Fəzail İbrahimli, Tahir Rzayev, Elmira Axundova, Məlahət İbrahimqızı, Aydın Mirzəzadə, Mübariz Qurbanlı, Vahid Əhmədov, Gülər Əhmədova, Sahibə Qafarova, Kamilə Əliyeva, Azay Quliyev, Novruzəli Aslanov, Əhliman Əmiraslanov, Leyla Abdullayeva, Xanhüseyn Kazımlı və başqaları çıxış edərək XX əsrin ən dəhşətli faciəsi - Xocalı soyqırımının dünyada tanıdılması, bu soyqırımını törədənlərin ədalət mühakiməsi qarşısında oturdulması və layiqli cəzalarını almaları üçün birgə səylərin artırılması, eləcə də qondarma "erməni soyqırımı"nı tanıyan və bununla əlaqədar xüsusi qanun və qərar qəbul edən dövlətlərə layiqli cavab verilməsi ilə bağlı fikirlərini bölüşmüş, rəy və təkliflər irəli sürmüşlər.
Çıxışlarda qeyd olunmuşdur ki, Xocalı soyqırımının səbəbkarları ilə bağlı Azərbaycan məhkəmələri konkret adlar çəkərək onlar barəsində qərar qəbul etməlidirlər. Bununla bağlı beynəlxalq ictimaiyyət məlumatlandırılmalı və hüquqi presedent yaradılmalıdır. Bildirilmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ədalətli mövqe tutduğunu nümayiş etdirmək üçün ATƏT-in Minsk qrupu da Xocalı soyqırımına qiymət verməlidir. Həmçinin, Beynəlxalq Xocalı Fondunun yaradılması, eləcə də Xocalı soyqırımının dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında Azərbaycan yazıçıları ilə yanaşı, xarici müəlliflərin də yazılarının sayının artırılmasının əhəmiyyəti çıxışlarda xüsusi vurğulanmışdır.
Çıxışlarda Xocalı soyqırımı ilə bağlı çap olunmuş kitab, açıqca, bröşür və digər məlumatların əhəmiyyətindən də danışılmışdır. Bildirilmişdir ki, bu cür nəşrlər Xocalı soyqırımının dünyada tanıdılmasında, beynəlxalq ictimaiyyətin məlumatlandırılmasında və təbliğat işlərində çox mühüm əhəmiyyət kəsb edir.
Müzakirələrdə ümumilikdə 40-dan çox deputat çıxış etmişdir.
Sonda Xocalı soyqırımının 20 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin qərarı qəbul olunmuşdur
{nl}
AzərTAc
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.