Azərbaycan Ombudsmanı Xocalı soyqırımı ilə bağlı beynəlxalq təşkilatlara bəyanat ünvanlamışdır

Fevralın 22-də Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili aparatında Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir. 
Ombudsman Aparatından AzərTAc-a bildirmişlər ki, əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə ombudsman Elmira Süleymanova Ermənistanın Azərbaycana qarşı işğalçılıq və soyqırımı siyasətinin tərkib hissəsi olan, beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kütləvi şəkildə, kobudcasına pozulması ilə nəticələnən Xocalı soyqırımından 20 il ötdüyünü bildirmişdir.
Anma mərasimində ombudsmanın Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar bəyanatı səsləndirilmişdir. Bəyanatda vurğulanır ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun Xankəndidəki 366-cı motoatıcı alayı ilə birgə törətdiyi cinayət istər Dağlıq Qarabağ müharibəsi, istərsə də dünya müharibələri tarixində dəhşətli nəticələrinə görə bənzəri olmayan hadisələrdəndir. Şəxsi heyətində erməni zabitlərinin də olduğu bu alayın çoxsaylı ağır texnikası üç istiqamətdə şəhərə yeridilmiş, yaşayış evləri və şəhərin sosial infrastrukturu tamamilə dağıdılmış və yandırılmışdır. Dinc əhaliyə şəhərdən çıxmaq üçün dəhliz belə verməyən cinayətkarlar vahimə içərisində şəhəri tərk etmək məcburiyyətində qalan insanları amansızcasına qətlə yetirmişlər.
Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri Xocalı soyqırımı zamanı bir neçə saatda adları bəlli olan 613 nəfərin, o cümlədən 106 qadının, 63 azyaşlı uşağın, 70 qocanın həyatına son qoyulmuş, 487 dinc sakin ağır yaralanaraq şikəst olmuş, 1275 nəfər əsir və girov götürülmüşdür. İtkin düşmüş 150 nəfərin taleyi indiyədək məlum deyildir. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailə bütünlüklə məhv edilmiş, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edilmiş, mülki əhali görünməmiş vəhşiliklə qətlə yetirilmiş, əsir və girov götürülənlərə amansız işgəncələr verilmişdir. Qadınlar, qocalar, əlillər, uşaqlar misli görünməmiş qəddarlıqla öldürülmüş, soyqırımı törədənlər Xocalı sakinlərini diri-diri yandırmış, başlarının dərisini soymuş, gözlərini çıxarmışlar. Bu zaman soydaşlarımızın əsas insan hüquqları, ən başlıcası isə təməl hüquq olan yaşamaq hüququ kütləvi şəkildə, kobudcasına pozulmuşdur.
Bəyanatda qeyd olunur ki, Xocalı soyqırımı zamanı yol verilmiş cinayət əməllərinin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi beynəlxalq, həmçinin dövlətdaxili hüquqa əsasən məhz genosiddir və həmin vəhşilik, vandalizm aktı insanlığa qarşı törədilən qatı cinayət kimi öz layiqli qiymətini almalıdır. Lakin Xocalı soyqırımına hələ də beynəlxalq miqyasda hüquqi qiymət verilməməsi, terrorçu əməllərə qarşı qəti tədbirlər görülməməsi hiddət və təəssüf hissi doğurur.
Ombudsmanın bəyanatında bildirilir ki, bu günlərdə Fransa Senatının uydurma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanunun qəbulu ilə bağlı atdığı addım beynəlxalq hüquq normalarının pozulması ilə yanaşı, insan hüquqlarına tamamilə zidd bir hərəkətdir. Bunu dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları da etiraf edir və bu sənədə qarşı çıxırlar. Hər kəsin fərqli düşünmək və danışmaq hüququnu tanıyan Fransa Senatının bu qərarı fundamental insan hüquq və azadlıqları ilə kəskin ziddiyyət təşkil edir.
Müvəkkil qeyd etmişdir ki, Ermənistanın yürütdüyü soyqırımı siyasəti uzun illərdir ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Halbuki beynəlxalq hüququn ümumtanınmış normalarına görə, dövlətlərin sərhədlərinin toxunulmazlığına hörmət edilməlidir, ərazi bütövlüyünün və suverenliyin pozulması yolverilməzdir. Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya və digər müvafiq beynəlxalq hüquqi aktlar Xocalı faciəsinin soyqırımı kimi tanınmasına hüquqi əsas verir.
Bu bəyanat BMT-nin baş katibi, BMT-nin Təhlükəsizlik Şurası, BMT-nin insan hüquqları üzrə ali komissarı, Avropa Komissiyası, Avropa Şurası, ATƏT, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutları, Asiya Ombudsmanlar Assosiasiyası, Beynəlxalq Sülh Bürosu, Universal Sülh Federasiyası, müxtəlif ölkələrin ombudsmanları, Azərbaycan Respublikasının xarici ölkələrdəki, xarici ölkələrin respublikamızdakı səfirlikləri və Azərbaycanın diaspor təşkilatlarına ünvanlanmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında