Azərbaycanın "Böyük iyirmilər"in sammitinə dəvət olunması ölkəmizin yüksək beynəlxalq nüfuzunun göstəricisidir

İqtisadi, siyasi və mədəni sahələrdə qazandığımız uğurlar ölkəmizin dünya birliyindəki mövqelərini getdikcə möhkəmləndirir. Dünyanın tanınmış diplomatları da müstəqil dövlətimizin beynəlxalq aləmdə nüfuzunun artmasını və əlaqələrinin genişlənməsini yüksək dəyərləndirirlər. Azərbaycanın BMT kimi çox nüfuzlu bir qurumun Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi və bu seçkilərdə 155 dövlətdən dəstək alması diplomatiyamızın böyuk uğurudur. 
İqtisadiyyatın sürətli inkişafı ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin sırasını daha da genişləndirib. Bu inkişaf ölkəmizin hərbi gücünü də artırır. Təbii ki, bu nailiyyətlər dünya mətbuatının da diqqətindən yayınmır. Rusiyanın nüfuzlu "Moskovskiye novosti" qəzetində dərc olunmuş bir məqalədə deyilir: "Azərbaycanın hərbi gücü gündən-günə artır, onun hərbi büdcəsi Ermənistanın bütün büdcəsindən çoxdur. Azərbaycanın iqtisadi inkişafı ordunun həm maddi, həm də peşəkarlıq baxımından güclənməsinə səbəb olub".
Hazırda ölkəmiz Avropa üçün əsas strateji tərəfdaşa çevrilməkdədir. Avropa Parlamentinin sabiq sədri Yeji Buzek də ölkəmizin sürətli inkişafını yüksək qiymətləndirərək demişdir ki, Azərbaycan Avropa və Asiya arasında körpü, dünyanın əksər dövlətləri üçün Avropaya qapıdır.
Respublikamız bu gün iqtisadi cəhətdən dünyada ən sürətlə inkişaf edən dövlətlərdən biridir. Demokratiyanın inkişafı istiqamətində ölkədə həyata keçirilən islahatlar Azərbaycanın beynəlxalq qurumlardakı reytinqini getdikcə artırır. Təsadüfi deyildir ki, son illər dünyanın mötəbər qurumları bir sıra zəruri tədbirlərin məhz Azərbaycanda keçirilməsinin tərəfdarı olduğunu bildiriblər. Artıq müstəqil dövlətimiz çoxlu sayda belə tədbirlərin yüksək səviyyədə keçirilməsinə nail olub. Bütün bunlar dünya birliyinin diqqət mərkəzindədir. Məhz bu baxımdan ölkəmiz hazırda beynəlxalq arenada sayılıb - seçilən, reytinqli dövlətlərdəndir. Azərbaycanın "Böyük iyirmilər"in sammitinə dəvət alması və ölkəmizin xarici işlər naziri Elmar Məmmədyarovun xarici işlər nazirlərinin qeyri-formal görüşünün sessiyasını aparması ölkəmizin dünya birliyində artan nüfuzunun nəticəsidir.
Azərbaycanın tarixində ilk dəfə olaraq "Böyük iyirmiliyin" xarici işlər nazirlərinin Meksikada keçirilməsi nəzərdə tutulan sammitinə dəvət alması onun dünyada artan nüfuzunun göstəricisi, dinamik inkişaf edən, regionun lider ölkəsi kimi beynəlxalq proseslərdə fəallığının nəticəsidir. Təbii ki, liderlər arasında olmaq və belə bir sammitdə iştirak etmək böyük diplomatik uğurdur.
Bu foruma dəvət almağımızın əsas səbəbi barədə açıqlama verən Meksikanın xarici işlər naziri bunu ölkəmizin beynəlxalq təşkilatlarda artan rolu ilə əlaqələndirərək deyib: "Bunun başlıca səbəblərindən biri Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, YUNESKO-nun bir sıra nüfuzlu strukturlarında qabaqcıl vəzifələrə seçilməsi və Qoşulmama Hərəkatına daxil olmasıdır". Bütün bunlar ölkəmizin dünyada artan nüfuzunun, möhkəmlənən yerinin və dünya siyasətində iştirak payının göstəricisdir. Azərbaycan müstəqillik yoluna qədəm qoyan gənc dövlətlərdəndir. Dövlətçilik tarixində 20 illik müstəqillik dövrü qısa bir zaman kəsiyidir. Bu müddət ərzində həm iqtisadi, həm siyasi, həm də mədəni sahələrdə böyük nailiyyətlər qazanmaq hər ölkəyə nəsib olmur. Azərbaycan isə artıq bütün bunlara nail olub. Bu uğurlar ölkəmizi "Böyük iyirmilər"ə qoşan əsas meyardır. Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov "Böyük iyirmilər"ə üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünün ikinci sessiyasında çıxış edərkən Azərbaycanın 20 illik müstəqillik tarixində qazandığı uğurları bir daha diqqətə çatdırıb. Tədbir iştirakçılarına da məlum olub ki, Azərbaycan mürəkkəb regionda yaşayır. Ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasına və bir milyona yaxın əhalisinin qaçqın və məcburi köçkün şəraitində yaşamasına baxmayaraq, öz inkişaf tempini qoruyub saxlamış, dünyanı bürüyən qlobal maliyyə böhranından alnıaçıq, üzüağ çıxmışdır. Dünyanın inkişaf etmiş dövlətləri bu böhrandan ciddi sarsıntı keçirsələr də, Azərbaycanda həyat öz axarında davam etmiş,yeni iş yerləri yaradılmış, əmək haqları artırılmış, əhalinin həyat səviyyəsi yüksəlmişdir. Həmçinin, Azərbaycanın getdikcə artan iqtisadi qüdrəti ölkəmizin son zamanlar dünyada bütün humanitar aksiyalarda yaxından iştirak etməsinə imkan yaratmışdır. Bəzi ölkələrdə yoxsulluğun azaldılmasında, habelə baş verən zəlzələlərin və təbii fəlakətlərin törətdiyi acı fəsadların aradan qaldırılmasında Azərbaycanın yaxından iştirakı yüksək qiymətləndirilmişdir. Bu faktlar G-20 xarici işlər nazirlərinin Meksikada keçirilmiş qeyri-formal görüşündə də səsləndirilmişdir.
Cənubi Afrika Respublikasının xarici işlər naziri inkişaf etmiş ölkələri Azərbaycanın etdiyi kimi, Afrikanın yoxsul ölkələrinə yardım etməyə səsləyib.
Nazir Elmar Məmmədyarov öz çıxışında davamlı inkişaf, yoxsulluğun aradan qaldırılması məsələlərinə toxunaraq, Azərbaycanın 20 illik müstəqillik dönəmində bu sahədə müsbət nəticələr əldə etdiyini vurğulayıb. Azərbaycan torpaqlarının əhəmiyyətli bir hissəsinin hələ də işğal altında olduğunu bildirən nazir, ölkəmizin davamlı şəkildə öz müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi üzərində çalışdığını diqqətə çatdırmışdır. O, Azərbaycanda təhsil sahəsinə böyük investisiyalar yatırıldığını qeyd edərək, gələcək nəsillərin güclü iqtisadiyyata və sosial siyasətə malik olan qüdrətli ölkədə yaşayacaqlarını bəyan etmişdir.
Azərbaycanın "Böyük iyirmilər" sammitində iştirakı Ermənistanın işğalçılıq siyasətindən hələ də əl çəkməməsini yenidən gündəmə gətirəcək, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında işğalçı dövlətin qeyri-konstruktiv mövqeyi diqqətə çatdırılacaq. Xarici işlər naziri Elmar Məmmədyarov nazirlərin qeyri-rəsmi toplantısında artıq bu məsələ barəsində məlumat verib.
Təhlükəsizlik məsələlərinə toxunan E.Məmmədyarov, bu sahədə qəbul edilən qərarların tətbiq edilmə mexanizminin də olmasının vacibliyini qeyd edərək, BMT TŞ-nın Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnamə qəbul etməsinə baxmayaraq, bu qətnamələrin tətbiq mexanizminin olmamasını xatırladıb. BMT TŞ-nın öz qərarlarına hörmətlə yanaşmasının vacib olduğunu diqqətə çatdıran nazir qərarların tətbiq mexanizminin yaradılmasının zəruriliyini vurğulayıb, bunun qlobal və regional təhlükəsizliyin təmin olunması üçün əsas şərtlərdən biri olduğunu bildirmişdir.
Göründüyü kimi, artıq Azərbaycan dünyanın əhəmiyyətli ölkələrindən birinə çevrilir. Ölkəmiz bütün imkanlardan yararlanaraq dünya siyasətində öz rolunu və iştirakını genişləndirir.

{nl}

Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında